Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Dünya işığı qədər qayğıya ehtiyacı olanlar...


Azərbaycanda gözdən əlillərin sayı 10-30 min nəfər arasındadır
Azərbaycanda gözdən əlillərin sayı 10-30 min nəfər arasındadır
Dekabrın sonundan başlayaraq Azərbaycandakı gözdən əlillər internetdən sərbəst istifadə etmək imkanı qazanacaqlar. Səsli proqramların köməyilə onlar kompyuterdəki, internetdəki bütün məlumatları oxuya biləcəklər. Amma Azərbaycan milli proqramı olmadığından gözdən əlillər bu məlumatları bir müddət rus və ingilis dilində oxumalı olacaqlar. İngiltərənin «OXFAM» humanitar təşkilatı və «Heydər Əliyev» Fondunun birgə həyata keçirdiyi layihə çərçivəsində hələlik belə bir mərkəz Respublika Korlar və Zəif Görənlərin İnternat Məktəbində yaradılıb. Həmin məktəbin tarix müəllimi Rasim Surxayoğlu deyir ki, artıq bütün avadanlıqlar alınıb, sadəcə, bu işə dekabrın sonunda məktəbin 70 illik yubileyinin qeyd olunacağı gün start veriləcək.

Amma əlillərin bəziləri həmin proqramdan artıq istifadə edirlər. Bakı Dövlət Universitetinin müəllimi, gözdən əlil olan Mehdi Məmmədov deyir ki, iki il olar ki, gözdən əlillər üçün nəzərdə tutulan səsli internet proqramından istifadə edir. Bu baxımdan da o, yeni açılan mərkəzin gözdən əlillərin yazılı informasiya almaq problemlərini az da olsa aradan qaldıracağına ümidlidir.



«Bu gün getdiyin yerdə sabah bir quyu qazılır, daş qoyulur, gözdən əlil insanlar nəzərə alınmır»
Amma bu işi sürətləndirmək, gözdən əlillərin kompyuterə marağını artırmaq üçün cənab Məmmədov təlim kurslarının açılmasını vacib sayır: «Ümumiyyətlə, elektron proqramların görməyən adamlarla görən adamlar arasındakı müəyyən fərqləri aradan qaldırmaq üçün çox böyük köməyi var».

Bu kimi yeniliklərin yavaş-yavaş Azərbaycanda da tətbiq olunacağına ümid edən Mehdi Məmmədova görə, elektron proqramlardan başqa, gözdən əlillər üçün məişət işlərini yüngülləşdirəcək bəzi avadanlıqlara da ehtiyacları var.


O, əlavə edir ki, üzləşdikləri problemlərdən biri də şəhərin əksər yerlərindəki səliqəsiz qazıntı və tikinti işləriylə bağlıdır. Belə hallar onlara xeyli problemlər yaradır, həmin işlər görüləndə gözdən əlillər nəzərə alınmır: «Bu gün getdiyin yerdə sabah bir quyu qazılır, daş qoyulur, gözdən əlil insanlar nəzərə alınmır».


Yolları keçərkən tez-tez problemlə üzləşdiyini deyən Rasim Surxayoğlu isə işıqforlara piyadaların keçə biləcəyini bildirən səsli proqramların quraşdırılmasını təklif edir: «Məsələn, Avropa ölkələrində işıq yanmaqla yanaşı, hansı işiğın yandığı səslə də deyilir».


Bundan başqa, cənab Surxayoğlu hesab edir ki, sərnişindaşıyan marşrutlarda da yaxşı olar ki, dayanacaqlar elan olunsun.


Həm Rasim Surxayoğlunun, həm Mehdi Məmmədovun və söhbətləşdiyim digər gözdən əlillərin hökumətdən və cəmiyyətdən istədikləri elə bu sadaladıqları məsələlərdən və həmişə ehtiyac duyduqları qayğıdan ibarətdir.


Azərbaycanda gözdən əlillərin sayıla bağlı müxtəlif məlumatlar var. Rəsmi məlumatla ictimai təşkilatların rəqəmləri arasında fərq 10 minlə 30 min nəfər arasında dəyişir.


XS
SM
MD
LG