Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

-

"Ölkədə bir xeyli adam təhqir olunub. Ən pisi də odur ki, onlar təhqir olunduqlarının fərqindədirlər. Öz nifrətlərini lazımı yerə yönəldə bilmirlər. Nəticədə..."

Seymur Baycan

Adamlar və varlıqlar

Bilmirəm ya bekarçılıqdandır, ya da təbiətləri diktə edir (səbəblər müxtəlif ola bilər), ölkəmizdə bir xeyli varlıqlar var.

Bir balaca diri, hər hansı sahədə fəalliyyət göstərən adam gördükdə qıcıqlanırlar. Nəyin davası gedir? Niyə bu varlıqlar rahat ola bilmirlər? Bortkonun “İt ürəyi” filminə baxanlar varlıq sözünün nə məna daşıdığını, hansı məqamlarda işlədildiyini bilirlər.

Nə istəyirlər bu varlıqlar? İstəyirlər ki, sənə gördüyün işin mənasızlığını başa salsınlar. İstəyirlər ki, sənə heç kim olduğunu sübut etsinlər. İstəyirlər ki, səndə ruh düşkünlüyü yaratsınlar.

Mənasızlıqdan, özünü ifadə edə bilməməkdən əzab çəkən bu varlıqlar mahiyyətlərinə nə qədər başqa adlar qoymağa çalışsalar da, alınmır. Ürəklərindəkilər sifətlərində görünür.

Onlara baş qoşmağa dəyərmi? Hərdən dəyər. Hərdən dəyməz. Baxır vəziyyətə. Bəzi hallarda onlara əsla baş qoşmağa dəyməz. Bəzən onların mahiyyətindən xəbərdar olduğunu vurğulamalısan. Öz paylarını götürsünlər.

Çünki özləri özlərini yaxşı tanıyırlar. Bir incə məsələ də var. Onların mahiyyəti haqqında elə-belə boş-boşuna yazmamalısan. Buna görə mütləq qonorar da almalısan.

Maraqlıdı, necə yaşayırlar bu varlıqlar? Bu, bir araşdırma mövzusudu. Bu qədər narahatlıqla necə yaşamaq olar? Əlbəttə, narahatçılıq olmalıdır. Sadəcə narahatçılığın da növləri var. Narahatçılıq bir olmur. Müxtəlif cürə olur.

Bir az böyük narahatçılıq var. Bəşəri narahtçılıqlar var. Yaşadığın ölkənin gələcəyinə görə narahatçılıq keçirə bilərsən. Meşələrin qırılmasına, heyvanların məhv edilməsinə görə də narahatçılıq keçirənlər, acından ölən adamlara görə də rahat yata bilməyən adamlar var.

Bütün bunlar aşağı-yuxarı insani narahatçılıqlardı. Bir də var varlıqların narahatçılıqları. Bu narahatçılıq ondan ibarətdir ki, sadəcə bir başqasının bir balaca diri görünməsi varlığın həyatını zəhərə döndərir.

Yediyi-içdiyi burnundan gəlir. Öz həyatı yaddan çıxır. Hər şey onun üçün əzaba çevrilir. Mənasız bir əzaba. Adamın onlara yazığı gəlir. O qədər yazıq görünürlər ki, adam heç onlara nifrət də edə bilmir.

Varlıqlar da müxtəlif cürə olur. Boşluqun yaratdığı varlıqlar, ozünü ifadə edə bilməməyin yaratdığı varlıqlar var. Məsələn, ölkədə bir xeyli adam təhqir olunub. Ən pisi də odur ki, onlar təhqir olunduqlarının fərqindədirlər.

Onlar öz nifrətlərini lazımı yerə yönəldə bilmirlər. Nəticədə başlayırlar varlığa çevrilməyə. Amma hər şeyin xeyirli tərəfi olduğu kimi, varlıqların da xeyri var. Bəs varlıqların xeyri nədi? Varlıqların xeyri varlıq olmaqlarındadır.

"Reytinq" qəzeti

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG