Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:41

«Vətən uğrunda can verilməlidir, biz də onu vermişik»


Etimad Əsədov: «İnanmıram ki, əsl Qarabağ döyüşçüsü kiməsə əl açsın»
Etimad Əsədov: «İnanmıram ki, əsl Qarabağ döyüşçüsü kiməsə əl açsın»
Etimad Əsədov… O, müharibə veteranıdır. Amma, onu Azərbaycan cəmiyyətinə müharibə yox, ondan sonrakı hadisələr tanıdıb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq bir ayağını itirib. Ordudan ayrılandan sonra nə vaxtsa Azərbaycan cəmiyyətində kifayət qədər səs-küyə səbəb olub, sonradan ləğv ediləcək Qarabağ Əlillər Cəmiyyətini yaradıb. 2001-ci ildə Qarabağ Əlillər Cəmiyyəti ləğv edildikdən bir müddət sonra Qarabağ Qaziləri İctimai Birliyini təsis edib. Ali təhsillidir. Leninqrad Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunu bitirib.

-Sizin yaratdığınız Qarabağ Əlillər Cəmiyyətinin üzvlərinin keçirdiyi uzun müddətli aclıq aksiyasından sonra təşkilatın qərargahı əlinizdən alındı, bir sıra təzyiqlər oldu. Siz bir keçmiş döyüşçü olaraq onda nə hiss edirdiniz?


-Açığını deyim ki, həmin proseslərin baş verməsində özümü qismən günahkar bilirəm. Bu mənada qismən günahkar bilirəm ki, Azərbaycan reallığına uyğun hərəkət etmək lazım idi. Yəni, respublikada tədricən inkişafın baş verməsinin Qarabağ əlillərinin sosial şəraitinin yaxşılaşmasına təsiri ola bilərdi. Ancaq, bizim müharibə insanları olmağımız, ağır-acılar içərisində yaşamağımız, əlini-ayağını itirmiş döyüşçü yoldaşlarımızın həyatdan köçməsi bizi radikal addımlar atmağa məcbur edirdi. 2001-ci ilə qədər 70-ə yaxın Qarabağ əlili müalicəsizlikdən dünyasını dəyişmişdi. Elə indi də Qarabağ qazilərinin maddi təminatı normal səviyyədə deyil. Azərbaycanın iqtisadi inkişafını nəzərə alsaq düşünürəm ki, müharibə iştirakçılarına göstərilən qayğı bundan xeyli dərəcədə yüksək olmalıdır.


-Səhv etmirəmsə, siz Ağdamda Şirin Mirzəyevin batalyonuda olmusunuz?


-1991-ci ildə könüllü olaraq yerli özünümüdafiə batalyonuna üzv yazılmışam. 1992-ci ildə hərbi hissə formalaşdırıldı və Milli Qəhrəman Şirin Mirzəyev həmin batalyona rəhbərlik edirdi. Mən onun başçılığı ilə Ağdərə, Canyataq, Gülyataq istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Döyüşlərin birində isə heyətində mənim də olduğum hərbi texnika minaya düşdü, bir dostumuz şəhid getdi, mən və digər dostum isə əlil olduq.


-Etimad bəy, yaralandınız, ayağınızı itirdiniz… nə düşündünüz?


-İnsanın bədənin hansısa üzvünü itirdikdən sonra yeni şəraitə alışması çətin olur. Ancaq, insan elədir ki, reallıqla barışmaq məcburiyyətində qalır. Amma, hospitalda əlini-ayağını itirmiş döyüşçü yoldaşlarımızla söhbətləşdik, təsəlli tapdıq. Düşündük ki, vətən uğrunda can verilməlidir, biz də onu vermişik. Təəssüflənməyə dəyməz. Mən də heç nəyə təəssüflənirəm. Buna alın yazısı kimi baxıram.


-Etimad bəy, tutaq ki, küçədə gedirsiniz, qarşınıza Qarabağ müharibəsində iştirak etmiş bir əlil adam çıxır, əl açır, sədəqə istəyir…


-Qarabağ Əlilləri Cəmiyyətinin fəaliyyəti ərzində belə bir hala rast gəlməmişəm ki, müharibə iştirakçısı haradasa əl açsın. Tək ayağını yox, elələri var ki, görmə qabiliyyətinin itirib, əlləri yoxdur. Amma, bütün çətinliklərə baxmayaraq onlar döyüşçü qürurunu qoruyub saxlayırlar. Ola bilsin başqa kateqoriyadan olan əlillər var ki, özlərini Qarabağ döyüşçüsü kimi təqdim edib dillənirlər. Mən inanmıram ki, əsl Qarabağ döyüşçüsü kiməsə əl açsın. Əgər belə bir hal varsa, bu bizim üçün başaşağılayacı bir hal olar.



ETİMAD ƏSƏDOVLA SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG