Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:39

Yeqzar Cəfərli. Hekayələr


Yeqzar Cəfərli
Yeqzar Cəfərli

-

Yeqzar Cəfərli

Hekayələr

XƏYANƏTİN SONU

Uşaqlıqdan arzum yazıçı olmaq idi.Qorxurdum ailəmizdə bu istəyimə qarşı çıxarlar.

Amma belə olmadı. Artıq bir neçə il olardı ki, yazıb-pozurdum. Əlim yazmağa elə öyrəşmişdi ki, elə bil qələm əsil mənim barmaqlarım üçün biçilmişdi. Qələmi əlimə alan kimi başlayırdım yazmağa, yaratmağa.

Yaddaşım da ki, maşallah elə bil bilgisayar idi.Nə eşidirdim, nə oxuyurdum komputer kimi yaddaşıma köçürürdüm.Beynimdə meqabaytın, gegabaytın ölçüsü vardı sanki.Hər gördüyümü, eşitdiyimi yeni yazmaq istədiyim hekayələrə bacarıqla tətbiq edirdim.Gənc olmağına baxmayaraq bu işdə əməlli başlı ustalaşmışdım.“Məşədi İbad” demiş “bir nov adətkərdə” olmuşdum.

Hekayələr yazmaq mənim üçün tək vərdiş deyildi, başqa hobbilərim də vardı.Məsələn, tez-tez şəhərə çıxıb, gözəl yerlər dolaşmaq, fotoaparatla şəkil çəkmək, kitabxanada bir neçə saat vaxt keçirmək, dəniz kənarına getmək mənim sevimli əyləncələrimdən idi.Çox zaman da şəhərin gur yerlərindəki parklardan birində, yaşıl yarpaqları ilə göz oxşayan bir ağacın altında təzə biçilmiş yaşıl otların üzərində bardaş qurub oturur, çevrəmi seyr edirdim.Tərbiyəli bir ailədə böyümüşdüm.Bəziləri kimi nəinki pis vərdişlərə aludəydim, heç bu vərdişlərin mahiyyətini belə bilmirdim.Bir sözlə zəmanə uşağı deyildim.Adətən müasir uşaqlar üçün deyirlər ki, öz valideynlərindən çox zəmanayə oxşayırlar.Amma mən əksinə, zəmanədən çox öz valideynlərinə bənzəyirdim.Bəlkə də elə buna görə çox dostum yox idi.Çox zaman tək gəzir, bəzən isə uşaqlıq dostlarım Kamran və Hüseynlə vaxt keçirirdim.Kamran maşın ustası, elektrik idi.Necə deyərlər, maşınları əməli başlı söküb-yığırdı. Bu sevimli iş artıq onun taleyi, gələcək həyat yolu idi. Çünki, Kamran öz işindən başqa bir işlə məşğul olmur, sevimli peşəsindən heç vəchlə ayrılmaq istəmirdi.Digər dostum Hüseyn isə həkim idi. Keçən il Tibb Universitetini bitirib məhəlləmizdəki poliklinikaya işə düzəlmişdi. Bu iki dostumun özləri, xasiyyətləri bir-birinə bənzədiyi kimi peşələri də bir-birinə bənzəyirdi.Kamran maşınları söküb yığırdı.Hüseyn isə insanları sökürdü, amma daha yığmırdı.Necə var, olduğu kimi saxlayırdı.Sadəcə müalicə edirdi.Hüseynin həkimlikdən başqa daha bir məharəti vardı, əməlli-başlı aktyor idi.Məhəllə sakinlərini yaşından asılı olmayaraq ustalıqla parodiya edirdi.Hüseynin parodiyalarına hər dəfə qulaq asdıqca doyunca gülür, unudulmaz anlar yaşayırdım.

Yenə də adətim üzrə bağda iri gövdəli bir ağacın altında oturub fikrə dalmışdım.Qoca nənələrin dili ilə desək, dilsiz ağızsız heyvancığaz pişiklərin parkda o baş bu başa gəzib qızıl hərisi kimi nəisə axtarması mənim diqqətini nə qədər cəlb edirdisə, əl-ələ tutub gəzişən cütlüklərin gələcək həyat yoluna dikilən cəsarətli baxışları məni daha çox cəlb edirdi.Bəzək-düzəksiz, sadə geyinən bu gənclərə baxdıqca məndə həyat eşqi, yazıb-yaratmaq eşqi daha da alovlanırdı, çoxdandır ürəyimdə gizlədiyim bir arzunu, ideyanı gerçəkləşdirmək üçün cəsarət, güc verirdi.Bəzən daxilimdəki hansı bir qüvvə məni düşüncələrimdən ayırıb tamamilə tanımadığım uzaq bir aləmə aparır, istək və arzularımı nəzərə almadan məni xəyanət mövzusundan yazmaqdan çəkindirmək istəyirdi.Bircə cəsarətli olmaq yetərli idi bu işin öhdəsindən gəlim.Axı bu heç də uşaq oyuncağı deyildi.Mən bunu etmək üçün ən azı özümü bu predmetə uyğunlaşdırmalı, hazırlamalı idim.Yadımdadır, bir dəfə uşaq vaxtı məhəllə itləri məni əhatəyə almışdılar.Lakin mən onları heç vecimə belə almamışdım.Onda öz cəsarətimə özüm də heyran qalmışdım.Bu cəsarət məndə hardandı?Yadıma düşdü.Babam mənə demişdi ki, insanın mədəsinin altında kiçik bir ət parçası var, insan itlə rastlaşarkən qorxursa bu ət parçası qoxu verir və it dərhal hədəfə doğru cumurdu.Odur ki, gərək it görəndə qorxmayasan.Mən də babam deyən kimi etdim və itlərdən xilas oldum. Bəs mən niyə bu qoxunu hiss eləmədim? deyə sonralar tez-tez özümə sual verirdim. “Yəqin insanların iybilmə instikti heyvanlarınkı qədər inkişaf etməyib” düşünürdüm.Birdəki nəyin düz, nəyin səhv olduğu əsas deyildi bu məqamda əsas o idi ki, mən parça-parça olmaqdan qurtulmuşdum.

Uşaqlığımdan artıq xeyli keçib.İndiki qorxum uşaqlıqdakı qorxudan çox fərqlidir.Bu, qorxudan daha çox məsuliyyətdir.Neçə aydır ki, xəyanət mövzusunda bir roman yazmaq istəyirdim.Mən isə xəyanətin nə olduğunu bilmirdim.Axı, nədənsə, kimdənsə yazmaq üçün ona aid hissləri yaşamalısan.Əsərin süjet xətti demək olar ki, hazır idi.Bircə xəyanət hissəsi qalmışdı ki, maraqlı bir roman alınsın.Elə hey istəyirdim ki, yarımçıq cızmaqaramı tamamlayım, bacarmırdım ki, bacarmırdım.Elə bil Ələt-Xələc yolu idi, uzandıqca uzanırdı.Yazarlar bunu ilham pərisinin olmaması ilə bağlaya bilərdi, amma mən türklər demiş o açıdan varlı idim.İki ilə yaxın idi ki bir qıza vurulmuşdum.Şair olmasam da ara-sıra Moşu demiş sevdiyim qıza bir-iki məhəbbət şeiri guppuldadırdım.Tez-tez onunla gəzməyə çıxır, gələcək həyatımızdan danışırdıq.

Axır vaxtlar lap başımı itirmişdim.Qalmışdım iki yol ayrıcında, necə deyərlər cənnətlə cəhənnəmin arasında.Bəlkə əsərin yarımçıq əlyazmasını bir kənara tullayıb bu mövzudan imtina edim?Bəs mənim əziyyətim?Bəs aylardan bəri beynimi yoran düşüncələrim. Yazım yazmayım bax bu məni əməlli-başlı çaş-baş salmış, az qala ətrafımda hər şeyi mənə unutdurmuşdu. Bir gün dövlət kitabxanasında əlimə keçən qədim bir kitab mənə əməlli-başlı yardımçı oldu.Bu kitabda adını unutduğum bir filosof-alim yazırdı ki, əgər müəyyən bir şəxs, obyekt hər hansı bir obyektin predmetinə çevrilmək istəyirsə gərək həmin predmetin tərkib hissələrindən biri olsun, müvəqqəti də olsa. Yoxsa nə qədər çalışsa da istəyinə nail ola bilməyəcək. Deməli mən də romanının xəyanət hissəsini yazmaq üçün gərək kiməsə xəyanət etməliydim. Xəyanət edəcəyim, edə biləcəyim (əgər bacarsaydım) yeganə adam var idisə o da sevdiyim qız idi.

Tez-tez xəlvətə çəkilir, düşüncələrimlə baş-başa dayanırdım.Xəyanət haqqında eşitdiklərimi, oxuduqlarımı xatırlamağa çalışırdım. Xəyalım məni bir neçə il uzaqlara apardı. Onda mənim 10 yaşım vardı.Biz şəhərin 8-ci km adlanan ərazisində yeddimərtəbəli bir binada yaşayırdıq. Mənzilimizin qapısı ilə üzbəüz Səlim adlı bir kişi yaşayırdı.( Səlimə “kişi” dediyim üçün oxuculardan üzr istəyirəm və söz verirəm ki, bu cümləni bitirən kimi ağzımı ilıq su ilə yaxalayacağam). Səlimin arvadının adı Marina idi.Amma Səlim ona russayağı Marina Nikolayevna deyil, azərbaycansayağı ay Marina Nikolay qızı deyə müraciət edirdi.Atamın Səlimdən qətiyyən xoşu gəlməzdi.Fikir verirdim, atam işə gedərkən qapını ehtiyatla açar, ətrafına boylanar sonra liftə minərdi.Səlimlə rastlaşmaq istəməzdi. Bizə gəlmək istədikdə isə atam “deyin evdə yoxdur”-deyərdi. Əxlaqı pozulmuş bu insanın söhbətləri atam üçün ləzzət etmirdi. Bununla yanaşı bir az baməzəliyi də vardı. Vay o gündən ki, birini bir işin dalınca göndərəydi və həmin şəxs bu işi yarıtmayaydı. Səlim hirslənər:

-Nə oldu, dənizdə su yox idi?-deyərdi.
Peşmandın soruşaydın ki, ay Səlim, hardan gəlirsən? (bunu heç soruşmasaydın da özü deyərdi).
-Heç bilirsən hardan gəlirəm?
Və başlardı danışmağa ki,
-“ay bu gün bir qadınla dəniz qırağında, digəri ilə isə İnturistdə kef edirdim, pul xərcləyirdim”.
Xülasə müasir terminlə desəm ölürdü lovğalıq etmək üçün.

Bir gün məhəllə camaatının xəyalına belə gətirə bilməyəcəyi bir hadisə baş verdi. Səlim əxlaqsız qadınlarla növbəti “kef”dən qayıdarkən həyat yoldaşı Marinanı öz evində, öz yatağında ovlayıb yoldan çıxardığı həmin əxlaqsız qadınlardan birinin əri ilə “kef” zamanı tutdu. Bizim hamımızın namuslu qadın kimi tanıdığımız Marina ona xəyanət etmişdi.Səlim bu həyatda etdikləri əməllərin cavabını elə bu həyatdaca aldı.Ailələri dağıldı.Marina qızını də götürüb Rusiyaya köçdü.Səlim isə oğlu birlikdə qaldı.Bu hadisə mənim uşaqlıq hafizəmdə dərin iz buraxdı.Sonralar biz şəhərdəki evimizi satıb kəndə köçdük və mən bir də Səlimdən xəbər tutmadım.İndi yəqin ki tək yaşayır və atam demiş “kolbasa yeməkdən ağzı yara olub”. Səlimdən yaddaşımda qalan bir də odur ki, həmişə yağdan söhbət düşəndə deyirdi: “Teksun yeyəndən arvadla bacı-qardaş olmuşam”.

Axır ki tək qaldığım uzun gecələrin birində yekun bir qərar qəbul etdim.Nə olursa olsun sevdiyim qıza xəyanət etməli idim, yoxsa neçə aydan bəri beynimdə toplayıb saxladığım fikirləri hasilə gətirə bilməyəcəkdim.Bu halım cəhənnəmə düşmüş günahkar bir insanının özünü təmizə çıxarması üçün çabalayaq o tərəf bu tərəfə dolaşmasına bənzəyirdi.Lakin qəribə burası idi ki, yenə də hansısa bir qüvvə məni sevdiyim qıza xəyanət etmək fikrindən tez-tez daşındırırdı.Hər dəfə onunla qarşılaşanda qara gözlərini mənim gözlərimə dikir, özü haqqında bütün pis fikirlərimi alt-üst edirdi. O, sevgi dolu baxışlarını gözlərimə dikən kimi hər şeyi-xəyanəti də, romanı da unudurdum. Ondan ayrılan kimi isə yenə xəyanət fikri günahlarım kimi məni qarabaqara izləyirdi.Tez-tez fikrimdən dönməyim mənə sərbəst qərar qəbul etməyə imkan vermirdi.

Uzun qış gecələrinin birində yerdə oturub çiynimi zəif yanan sobaya söykəyib dərin bir fikrə getmişdim.Bu dərin xəyallarımdan məni atamın öskürək səsi oyatdı.Atam adəti üzrə həmişə evə daxil olmamışdan boğazını yüngülcə arıtlayırdı ki, o otağa daxil olana qədər biz özümüzü yığışdıra bilək.
- Nə yaman fikrə getmisən, yenə nə yazıb yaratmaq istəyirsən?-dedi.
Mənim dərin fikrə qərq olmağım onun iti nəzərlərindən qaçmamışdı.
-Xəyanət mövzusunda bir roman başlamaq istəyirəm. Amma romanın süjetinə görə mən sevdiklərimə xəyanət etməliyəm.
-Gəl otur sənə babandan eşitdiyim bir olan əhvalatı danışım. 1942-ci il Böyük Vətən müharibəsinin ən dəhşətli günləri idi. Gün olmurdu ki, kəndimizə ən azı bir meyit gəlməsin.Kəndin əli silah tuta bilən bütün başıpapaqlıları davaya getmişdi.Kəndə əmək qabiliyyətini itirmiş əlilər qalmışdı.Təsərrüfatın bütün ağır işlərini qadınlar-qızlar görürdü.Kolxoz sədri bilmirəm hansı vasitə iləsə özünü davadan saxlatdıran Balakişi adlı birisi idi.Hamıya özünü namuslu və çalışqan kimi göstərən Balakişi əslində namussuzun təki idi. Bir gün bu namussuz atası davada həlak olan, qardaşından isə iki il müddətində heç bir xəbər-ətər olmayan Gülçöhrə adlı bir qızın namusuna təcavüz etdi. Yazıq qızcığaz köməksiz olduğundan, işin üstü açılarsa rüsvay olub kənddən qovulacağından qorxub səsini çıxarmadı. Bu işdən bir il ötdü. Gülçöhrənin qardaşı Səfər cəbhədə minaya düşüb üç barmağını itirdi və arxa cəbhəyə köçürüldü.Bütün kənd Səfər gilə yığışıb Gülçöhrəyə gözaydınlığı verirdi.Gecə yarı hamı Səfərlə vidalaşıb evlərinə dağılışdı.Səfərin sinif yoldaşı Əhəd isə getmək istəmir, baxışlarını gah Səfərin üzünə, gah da yerə dikirdi.Bu Səfərin nəzərindən qaçmadı.

-Sözlü adama oxşayırsan, Əhəd.
-Həyətə düşək, səninlə vacib işim var.
Əhəd Gülçöhrənin məsələsini danışdıqca Səfərin hirslənib özündən çıxacağını, gecə ilə baltanı qapıb Balakişini doğrayacağından qorxub onu necə sakitləşdirəcəyini düşünürdü. Lakin, heç də belə olmadı.Səfər, heç nə olmayıbmış kimi onu sakit-sakit dinləyirdi.
-Çox sağ ol, dostum. Mən səndən razıyam.Amma xahiş edirəm ki, bunu məndən başqa heç kimə soyləmə.
Bu hadisədən cəmi üç gün keçdi.Kəndə xəbər yayıldı ki, Səfər Balakişinin qızı Sonanı sevir. Buna heç kim təəccüblənmədi. Çünki, Balakişinin Gülçöhrənin namusuna toxunmasını qız kənddə yalnız Əhədə danışmışdı.Günlərin bir günü Səfər Sonanı, onu alıb özünə arvad edəcəyi bəhanəsi ilə aldadıb bütün kənd içində bədnam etdi. O, kəndə gəzərək heç nədən çəkinmədən, “adamın namusuna bax belə toxunarlar” deyirdi. Bu əlbəttə yaxşı iş deyildi. Buna görə əksər kənd camaatı ondan üz döndərdi Amma Səfər bu işdə özünü tamamilə haqlı sayırdı.Gülçöhrə isə qonşu kənddə arvadı vərəm xəstəliyindən ölmüş bir dul kişiyə verib özü demiş “namussuzluq ləkəsini öz üstündən təmizlədi”.

Atam məndən ayrılıb yatmağa getdi.Mən isə indicə eşitdiyim xəyanət haqqında hekayənin təsirindən bir müddət ayıla bilmədim.Əlimi mobil telefonuma uzadıb sevdiyim qızı yığdım.Allah, bu nədir. Onunla tanış olduğum gündən ilk dəfə idi ki, telefonuna zəng çatmırdı. Hər getdiyi yeri, hər gördüyü işi mənimlə qabaqcadan razılaşdırırdı.Lap karıxırdım.Gözüm yazı masamın üstündəki şəklə sataşdı.Mən gah sevdiyim qızın rəsminə, gah da yarımçıq romanın əlyazmasına baxır, bunlardan birini sobaya atıb yandırmaq istəyirdim.Bəsdir iki düşüncə arasında çapaladım-deyə düşündüm.Bəlkə aylardan bəri mənə bir anlıq rahatlıq verməyən bu gərginlikdən qurtulum, qəlbim sərinlik tapsın.Bir əlimə əlyazmanı, digər əlimə isə şəkli alıb uzun müddət tərəddüd etdim.
-Əlyazmanı yandırımmı?Bəs mənim aylardan bəri çəkdiyim əziyyətlər.Bəlkə sevdiyim qızın rəsmini yandırıb, onunla bağlı hər şeyə son qoyum?Yox, yox mən ona xəyanət edə bilmərəm.
Daha bir neçə dəqiqə tərəddüd etdim.Romanın yarımçıq əlyazmasını tutduğum sol əlim özümdən asılı olmayaraq sobaya uzandı.Bir müddətdən sonra romanın əlyazması qəfil ruhlar kimi gözdən itdi.Külək də sürətini atımışdı.Amerika tornadosu yalan olmuşdu. Bunun bir mənası ola bilər-deyə düşündüm Bəlkə də külək də məni qınayır, etdiyim hərəkətə etiraz edirdi. Amma nə edim, mən bu cür ikili həyat yaşaya bilməzdim, mütləq birini seçməli idim.
Bütün gecəni çarpayımda çapaladım, yata bilmədim.Səhər açılan kimi, ağzıma bir tikə çörək atıb yollandım şəhərə, son günlər keçirdiyim stresləri içimdən atmağa.Yol aldım sevimli məkanıma-parka.Sevdiyim qız da artıq gecədən telefonu açmırdı.Bir ağacın altındakı skamyada oturub qəzet vərəqləyirdim.Məlum səbəblərdən heç nə oxuya da bilmirdim.Qəzeti büküm əlimdə saxladım yenə başladım ətrafa göz gəzdirməyə.Uzaqdan gördüyüm mənzərə məni əməlli-başlı şaşırtdı.Ağzım açılı vəziyyətdə donub qaldım.Gördüm ki sevdiyim qız heç nə olmayıbmış kimi, başqa biriylə qol-qola girib gülə-gülə parkda gəzişir.Gəlib hətta mənim yanımdan da keçdi, bəlli ki, özünü görməməzliyə vuraraq.
Gördüyüm bu hadisədən sonra uzun müddət stresslər burulğanında çapaladım...

Günəş

Saat 06:00 olardı... Hər gün bu vaxtı oyanıb günəşi ayaq üstə qarşılamaq adətimdi. Bir azdan günəş çıxıb şüalarını ətrafa səpəcəkdi.
Hər gün olduğu kimi durub bir az həyətdə gəzişdim. Həyətin bir küncündə özümə turnik qurmuşdum. Turnik də nə turnik. Torbadan sallanan kimi başlayırdı dəyirman kimi fırlanmağa. Yıxılmaqdan özümü zorla saxlayırdım. Amma həmişə də bəxtim gətirirdi. Bu elə-belə deyildi e. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, müqəddəslərin himayəsində idim. Bunu tez-tez aşkarda və yuxularımda görürdüm. Müsəlmanları qırdırmaq üçün xristianları Səlib yürüşünə çağırdığı üçün möhkəm zəhləm getmiş Roma papası İkinci Urban mənə “Cənnət qəbzi” hədiyyə etmişdi. Onun məni çox istədiyini ondan bildim ki, (indi istəməsin) o, bu məktubu mənimçün elə-belə deyil, özəl olaraq bir uçan xalça ilə göndərmişdi. Vahiməli görünüşü olan qəribə geyimli bir rahib bükülü məktubu mənə təqdim edəndə donub qaldım, az qaldı ürəyim getsin, amma qoymadım getsin, tez onu tutub saxladım.

Rahib özünü təqdim etdi:

-Mən İkinci Urbanın elçisiyəm. Papa sənə salam göndərdi və bu məktubu ciddi şəkildə qoruyub saxlamağını dönə-dönə tapşırdı. Çünki, bu məktub səni bu dünyada himayə etməklə yanaşı həm də gələcəyin üçün sığortadır, cənnət qəbzidir. Bu kağızı Misir ehramlarını qoruyan əjdahanın ağzından alıb gətirmişəm. Mən də özüməməxsus bir səmimiyyətlə, ədəb-ərkanla məktubu aldım və onu qoruyacağıma and içdim. Həqiqətən də bu qəbz məni həyatda hər bir bəladan hifz edirdi. Sağkən cənnəti qazanmaq böyük uğur idi. Hələ-hələ mənim kimi heç nə bacarmayan, avara biri üçün...

Bəlkə də bu çoxlarına gülünc görünə bilər, amma bəxtim həmişə gətirirdi. Bir-iki dəfə əlim turnikin turbasından sürüşmüşdü, nəyi var üzü üstə yerə sərilmişdim. Ancaq, Tanrı üzümə baxmışdı ki, yer qumluq idi, beton olsaydı sifətim ütünün altı kimi dümdüz olacaqdı.
Hər dəfə şəstlə turnikə yaxınlaşanda qıraqdan baxan deyərdi ki, yəqin bu oğlan aşağısı 20-30 dəfə çəkinəcək. Əllərimi qoltuğuma qarpız verilmiş kimi aralamışdım, az qalırdı dirsəklərim çiynimlə bərabərləşsin. Özündən başqa heç kimi bəyənməyən, özü isə bir qəpiyə dəyməyən adamlar kimi başımı yuxarı qaldırmışdım. Turnikə çıxan kimi 5-6 dəfədən çox dartına bilmirdim. Etiraf edim ki, qabaqlar heç bunu da bacarmırdım. Amma polisə işə düzəlmək istədiyimdən ən azı 10 dəfə dartınmağım lazım olduğuna görə mən bir-iki ay məşq etmişdim. Gün olmurdu ki, mən bu andıra qalmış turnikdən sürüşməyim. Yaxşı ki, əzilmirdim. Hər yıxılanda əzilsəydim məndə can qalmazdı ki. Onda məni heç bir xəstəxana qəbul etməzdi. Deyərdilər ki, gecikmisiz, bizlik deyil. Axırda polis olmaq arzumu ürəyimin dərinliklərində basdırdım.
Amma yaxşı deyiblər “təzə bir arzu doğdu, köhnə arzunu boğdu”. Bir arzuma çatırdım başqası peyda olurdu. Səhər idmanından sonra bilgisayarın arxasına keçir, siyasət xəbərlərilə tanış olur, şəkillərə, videolara baxırdım. Bilgisayar bir az köhnəlmiş olsa da, köhnə kişilər demiş canavar kimi işləyirdi. Lakin bununla işim keçmirdi. Çünki onu özümlə dartıb şəhərə apara bilmirdim. Çoxdandı özümə noutbuk almaq istəyirdim. Fikirləşirdim ki, noutbuk alsam arzularım tükənər. Bir müddət sonra bu arzuma çatdım. Amma faydası olmadı, yenə də arzular məni rahat buraxmadı. Sən demə arzu noutbuk arzusu deyilmiş...
Həmişə həmsöhbət olmağı xoşladığım köhnə kişilərdən eşitmişdim ki, insan günəşi ayaq üstə qarşılar. Bu müdrük məsləhəti öz həyatımın normasına çevirmişdim. Bir gün yenə də tezdən durub adətim üzrə günəşin doğmasını gözləyirdim. Günəş öz şəfəqini üstümə saçanda gümrahlaşırdım, (təbabətdə buna günəş vannası da deyirlər) elə bil arzularım çin olurdu. Arzularım yalnız qonşumuz Səfailin yanında olanda məni müvəqqəti tərk edirdi, elə bil Səfaildən qorxurdular arzular. Onun yanında hər şeyi unudurdum. Bu Səfailin baməzəliyi ilə bağlı idi. Çünki Səfail o qədər şirin, maraqlı danışırdı ki, ağzı açılı halda onu dinləməkdən doymurdum. 25 yaşı vardı. Texnika üzrə ali təhsil almışdı. Danışırdı ki, universitetə qəbul olmazdan qabaq üç ilə yaxın maşın ustasının yanında rəngsazlıq öyrənib. Bizim onunla maraqlı ünsiyyət qurmağımız bir də ədəbiyyatla bağlı idi. Mən ixtisasca filoloq idim. Bədii kitab oxumağı çox sevirdim. O da mənim kimi ədəbiyyat dəlisi idi. Bəzən hər ikimiz eyni əsəri oxuyur, bitirəndən sonra müzakirə edirdik. Mən həmişə bir kitabı ondan tez oxuyub başa çıxırdım. Onun işi çox idi, çatdıra bilmirdi. Mənim dostum bir az Rablenin Pantakruelinə oxşayırdı. Onun kimi iricüssəli və çox ağıllı idi. Hadisələrdən məntiqli nəticə çıxarmağı bacarırdı. O isə məni Robinzon Kruzoya bənzədirdi və deyirdi:
-Sən heç nəyi vecinə almırsan. Elə bil ki, Robinzon kimi tənha bir adaya düşmüsən. Maraqlısı odur ki, Robinzon heç orda da darıxmır. Özünə maraqlı fəaliyyət sahələri tapıb başını qatır. Sən də bir növ onun kimisən.
Bu dəfə oxuyacağımız əsər arzular haqda idi. Bu dəfə fikirləşdik ki, yenilik edək. Hər birimiz bir əsər seçdik, oxuyub bitirdikdən sonra onları müqayisə edəcək və arzular haqda ortaq nəticəyə gələcəkdik. Dostumu evimizə dəvət etdim. Çay içə-içə müzakirəyə başladıq. Bizim müakirəmiz həmişə sual-cavabla keçirdi. Hər hansı bir əsəri oxuyub bitirəndən sonra qızğın mübahisə edirdik.

Bu dəfə birinci mən başladım:
-Səfail, bilirsən, arzular xoş olsa da məni sıxır, incidir, rahat yaşamağa qoymur. Birinə çatıram, o biri arzu doğur. Elə bir kölgəm kimi məni qarabaqara izləyirlər.
-Bilirsən, məncə sən bu arzular haqda çox fikirləşirsən ona görə də hər gün səninçün yeni-yeni arzular doğur.
- Axı, bu məndən asılı deyil.
-Nə bilim vallah. Mənim heç bir arzum yoxdur. Mən qismətə inanan adamam. Qismətimdə nə varsa çıxacaq qabağıma mənim istəməyimlə, arzulamaqla deyil ki!
-Yox, mən elə fikirləşmirəm. Məncə bir şeyi istədin gərək çalışasan, dirəşəsən. Qarşına məqsəd qoymasan, o məqsədə çatmaq üçün çalışmasan onda yaşamağın nə anlamı olar ki! Yoxsa evdə otur, qapını da üzünə bağla, gözlə ki, qismətində nə varsa gəlib çıxacaq qapıya. Qismət mənim dostum idi. İndi Moskvada ticarətlə məşğul olur. Mən də qismətə inanıram, o da ki, ancaq və ancaq təsadüfllər nəticəsində yaranan qismətlərə.
-Necə düşünürsən arzu insana nə verir?
-Səfailin bu sualına bir az qısa cavab vermək istədim.
-Arzu gözəl şeydir. Amma bəlli ki, reallaşsa. Çox arzunun olmağı da insanı yorur.
Bu gün həmişəki adətimi pozmalı oldum. Gecəni gec yatdığımdan səhər yuxudan tez ayıla bilmədim. Bir az yerimdə o tərəfə bu tərəf fırlandım, axır ki “öz aləmimdə” yuxunu məğlub edib ayıldım. Heç idman etməyə, həyətdə gəzişməyə halım yox idi. Yuxuda günəşi görmüşdüm. Elə parlaq işıq saçırdı ki, heç ona baxmadan belə adamın gözlərini qamaşdırırdı. Yuxumun çin çıxmasını gözləyiridm. Odur ki, üzümü gündoğana çevirdim. Günəş isə doğmaq istəmirdi. Daha bir az gözlədim. Həyəcanlandım, çoxdandı ki, belə bir hiss yaşamamışdım. Qocalardan eşitmişdim ki, yuxuda gördüyün hər bir hadisə həyatda əksinə olur.
Düşündüm, yəqin saat dayanıb. Evə yüyürüb saata baxdım. Hər şey qaydasında idi. Həyəcanım pik nöqtəyə çatdı. Tez həyətə düşdüm, telefonun səsi də ara vermirdi. Arayan sinif yoldaşım Ayxan idi. Məni kəndin içinə, parka, çay evinə dəvət etdi. Həyəcandan televizoru da yanılı qoymuşdum. Onu söndürmək üçün içəri otağa daxil olanda eşitdiyim şok xəbər məni yaxşıca sarsıtdı. Aparıcı xüsusi həyəcanla, dili topuq vura-vura danışırdı:
-“Dəyərli izləyicilər, bu gün dünya tarixində maraqlı bir təbiət hadisəsi baş vermişdir. İlk dəfə olaraq günəş yer üzünə doğmamışdır. Bütün bilim adamları, insanlar şokdadı...”. Televizoru bağlayıb kənd içinə yollandım. Tələsirdim, bu xəbəri tez sinif yoldaşıma da çatdırım. Sən demə o məndən də qabaq xəbər tutmuşdu. İnternetdən telefonuna mesaj gəlmişdi. O da mənim kimi öncə inanmamışdı.
Çay içib, oxuduğumuz məktəbdə yollandıq. Deyəsən bu gün təsadüf günü idi. Məktəbə çatar-çatmaq bizimlə üzbəüz bir dəstə qızla rastlaşdıq. Daşı qurtaran saat kimi yerimdə saymağa başladım. Elə bil günəşin doğmamasının səbəbkarı bu qızların arasında gizlənirdi. Ürəyimdən gələn qəribə bir səs elə hey bu fikri mənə ötürürdü. Onlardan biri öz baxışları ilə məni valeh etdi, ürəyimi aldı apardı sanki. Sanki onun gözlərindən mənim gözlərimə görünməyən körpü çəkildi. Bu dəfə ürəyimi tutub saxlaya bilmədim.
Dostuma dərdimi danışdım, sevindiyindən məni qucaqlayıb öpdü. O da elə himə bənd idi...
Gözəlliyi ilə məni valeh edən gözəl ağlımdan çıxmırdı. Yaxınlaşıb salam verdim.“Nə var, nə istəyirsiniz” - deyə məni ədəbi dildə acıladı. Qətiyyən incimədim.
Günəşin doğmaması hadisəsini artıq unutmuşdum, elə bil ki, bu hadisə uzun illər öncə baş vermişdi. Artıq yavaş-yavaş bunun səbəbini anlayırdım.
Çünki bu gün həyatıma tamamilə başqa bir Günəş doğmuşdu...

ONUN ÜRƏYİ

Tibb bacısı mənə yaxınlaşan kimi xəstənin vəziyyəti ilə maraqlandım.Onu maşınla vurub qaçan əclafın insanlıq damarı azca da olsa oyanmamışdı, heç maraqlanmamışdı da xəstəylə.

Mən isə yoldan keçən biri olmağıma rəğmən, bir insanın qan içində çabalamasına biganə qala bilməmişdim.İnsanlıq damarım şişib başım boyda olmuşdu.

Aydın adlı bir dükançı da sağ olsun, məni tək qoymadı, birtəhər yazığı qaldırdıq, 103 xidmətinə zəng vurub kömək çağırdıq, nəhayət bir-iki saatdan sonra təcili yardım maşını gəlib çıxdı. Onu xəstəxanaya apardıq.

Baş həkimin dediyinə görə, halı o qədər də ürəkaçan deyilmiş.Guya ki, yaşamağına ümid yoxuymuş. Bir az pis oldum. Desəm ki, bu ovqata tez-tez düşürəm, yalan olar.Çünki heç nəyi vecimə almamağa öyrəşmişdim.

Əsas məsələ bu bəd xəbəri onun ailəsinə çatdırmaq idi.Düşündüm ki, bu mənlik deyil, heç vaxt loxəbər olmağı xoşlamamışam.Dadıma Aydın əmi çata bilərdi.Onu qabağa verməyi düşündüm.Oturub onunla bu barədə ətraflı danışdım.

Oğlanın anasını tanıyırdım.Adını bilməsəm də, arada gəzən rəsmi və qeyri-rəsmi söhbətlərə görə, namuslu, başıağağı qadın imiş.Əri cavan vaxtı onu atıb gedibmiş.Özü də nəyin, nəyin... narkotikin, içkinin ucbatından. Qonşuluqdakı Məsmə xala danışırdı ki, kişi hər gün yazıq arvadı o ki var döyürmüş, hətta bir-iki dəfə araq butulkası ilə onun başını da yarıbmış. Ana isə azyaşlı oğlu Ayazın xatirinə buna dözürmüş.

Uşaq vaxtı hərəmiz bir şeylə oynamağı sevmişik.Məsələn, mən elektriklə oynayırdım.Bir-iki dəfə Allah üzümə baxmış, azca cərəyan vurmaqla canımı qurtara bilmişdim.Sonra Ayazın məşğuliyyəti haqda eşidəndə özümə şükür etdim.Ayaz da atasının sevimli əşyaları ilə oynayırmış.Araq butulkaları, narkotik avadanlıqları ilə vaxtını keçirirdi. Bir-iki dəfə anası bunları onun əlindən almağa cəhd etmişdisə də, atası ağzından vurmuşdu:

- Dəymə oğluma. Qoy nə istəyir etsin, bir də onun işinə qarışsan, səni doğrayaram, ətindən də dönər düzəldib küçədəki itlərə yedirərəm.

Yazıq arvad başını aşağı salır, heç nə demirdi. Kişi isə bunun sakit dayanmağından istifadə edib bir az da qızışırdı:

-Sən bilirsən o kimin oğludur. Mənim babam bəy olub, mülkləri olub, bağları olub...

Arvad isə aşkarda olmasa da, ürəyində mızıldanırdı:

-Nə olsun ki, baban bəy olub. Özün ki bir qəpiklik zibil deyilsən.

Kişi hiss edirdi ki arvad nəsə demək istəyir, amma demir, o saat hürkmüş at kimi kişnəməyə başlayırdı.

-Arvad, nə deyirsən aşkar de. Kişi sözü üzə deyər.Elə arvad da.

Uşağın əcaib oyuncaqları ananı narahat etsə də, bir tədbir görə bilmirdi.Elə hey o tükürpədən əşyaların, öz diliylə desək, zibillərin evdən rədd edilməsini istəyirdi.Amma qadın olduğu üçün zəif idi və bunu bacarmırdı.Bacara da bilməzdi. Kişisə az qalmışdı ki, arvadının alt paltarını da satıb narkotikə versin.

Artıq bu hadisələrdən 10 ilə yaxın bir zaman keçirdi.Ayaz böyük oğlan olmuşdu.Atası isə yatalaq xəstəliyi tapıb qalmışdı arvadının ümidinə.Ata-anasını söydüyü, başında butulka sındırdığı arvadı onu tək buraxmamışdı, necə lazımdısa baxırdı.Atanın xəstələnib yatağa düşməsilə heç də onun krallığının sona çatdığını zənn etməyin.Çünki yeni kral, yeni padşah peyda olmuşdu.Onun da adı bəlli ki, Ayaz idi.Necə deyərlər, atası gəzən ağacları balası budaq-budaq gəzər.Yeni kral atasından da dəli idi.Bütün günü içir, çəkir, qızlarla əylənirdi.Yazıq anasının cehizləri artıq yoxa çıxmışdı.Bir azdan heç yeməyə bir tikə çörək də tapa bilməyəcəkdi.

Anasının özü də bərk xəstələnmişdi.Öskürəndə boğazından qan gəlirdi. Bir-iki dəfə qardaş-bacıdan borc pul tapıb həkimə getmişdi, həkimsə dolayısı ilə ona ömrünün sonuna az qaldığını anlatmışdı.

Ananın da başqa analar kimi arzuları var idi. O da öz oğlunun səadətini, toyunu, düyününü görmək istəyirdi. Əslindəsə oğlu çoxdan evlənmişdi.Arvadı içki şüşələri, uşaqlarısa uyuşdurucu idi.Deyirlər, bədbəxtlik gələndə sellə gəlir.Doğrudan beləymiş.Mən bunu bu ailənin misalında daha aydın gördüm.

Ayazın bütün pis tərəflərindən danışdım.Adamın üstündə Allah var, gərək doğrusunu deyəsən. Ayaz sevgiyə, romantikaya dəhşət bağlı adam idi. Eynilə mənim kimi.Sevdiyi qız da var idi.Nə biləydim ki, filin qulaqları çoxdan yorğan olub üstümə ötrülüb.Bir müddət keçmiş eşitdim ki, Ayaz başqa birini sevir.Donub qaldım. Onun sevgiyə qiymət verən adam olduğunu düşünürdüm. Hər gün bir xəbər eşidirdim.Gah deyirdilər, onu sevir, gah deyirdilər bunu sevir.İki qızın ətrafında dövrə vururdu.Niyə məhz bu iki qız?

Qonşular soruşanda anası maraqlı cavablar verirdi:

-Ayazım hər gün oturub ağlayır. Hey fəryad qoparır, gah Sevinc deyir, gah Gülay deyir. Başa düşə bilmirəm, bu uşaq nə edir?!

Bütün bu söhbətlərdən sonra Ayaz tamam gözümdən düşdü.Əvvəl yenə cəhənnəmə, kipriklərimin üstündə dayanmışdı.Ona olan 5-10 qramlıq hörmətim də arada yox oldu.Özümü suçlamağa başlamışdım.Uyuşdurucu istifadə edən, içki içən bir adamdan bundan artıq nə gözləmək olardı?!Axı başqa bir deyim də var idi.Sevgi heç nəyə baxmır.Odur ki, Ayaz iki qız arasında qaldığı kimi mən də iki fikrin arasında qalmışdım.

Ayazı maşın vurmazdan bir həftə öncə anası vəfat edibmiş, Ayaz da bir az avara həyat sürəndən sonra axır ki, bir maşına tuş gəlib və maşın onu da anasının yanına göndərib. Atasının da taleyi naməlum qalıb.

Həkimlər heç bir ümidin qalmadığını qara zurna kimi dəqiqə başı qulağıma üfürürdülər.

Aydın əmiylə xəstəxanaya bir-iki gün də gedib gəldik. Sonda həkimlər dedi ki, daha əziyyət çəkib gəlməyinizə ehtiyac qalmadı. Dünyasını dəyişib. Açığı çox pis oldum. Bir az ümidim qalmışdı. “Bu ailəni bədbəxtlik nə pis yaxaladı” - deyə mızıldanırdım.

Onların heç kimləri olmadığı üçün Aydın əmi, sağ olsun, yasın bütün ağırlığını öz çiyinlərinə götürdü.

Ayazın yeddisinə bir-iki gün qalmışdı ki, telefonuma xəstəxanadan zəng gəldi. Arayan baş həkim idi, məni təcili xəstəxanaya çağırırdı. Tez əynimi geyinib xəstəxanaya yollandım. Bütün xəstəxana Ayazın meyitinin ətrafına toplaşmışdı.

Həkim bütün olanları ətraflı danışmağa başladı:

-Ayaz ölüm ayağında idi, artıq xilasına ümid yox idi. Elə bu vaxt bizə əkiz uşaqlar gətirdilər. Uşaqların ikisinin də təcili ürək köçürülməsinə ehtiyacı var idi. Ayazın qanını yoxladıq və onun ürəyini uşaqlardan birinə köçürməyə qərar verdik. “Bəs o biri uşaq?”-deyə soruşanda həkim cavab verdi ki, onun da ürəyini Ayazın ürəyiylə əvəzləyiblər.

Xəstəxananın darıxdırıcı həyətində dəli kimi dolaşa-dolaşa qalmışdım, baş həkimin “Ayazın iki ürəyi var imiş” sözləri çəkic kimi başıma döyülürdü.

Qəhvəyi pencəkli oğlan

Əksər uşaqlar kimi mən də kənddə böyümüşəm. Kəndimiz dağ kəndi olmasa da palıd ağacları ilə çevrəli idi və bu ağaclar kəndimizə xüsusi yaraşıq verərdi. Əsl meşə və dağ isə kəndimizdən çox da aralı deyildi. Biz qonşu kəndin qırağından keçən kəsmə dar cığırla istədiyimiz zaman dağa qalxar, meşəni gəzər, qayıdanda isə özümüzlə götürdüyümüz qablarla gücümüz çatan qədər bulaq suyu gətirərdik. Dağın döşündəki meşəni el arasında “Ağcameşə” adlandıdrdılar. Doğrudur, mən bu sözün anlamını bilmirdim, ancaq yaşlı adamlar, bu sözə fərqli anlamlar verirdilər. Kimi ağ meşə deyir, kimisə Ağa adlı birinin adı ilə bağlayırdı. Mən bu fikirlərdən hansının doğru olduğunu bilmirdim.

Biz heç nəyin fərqinə varmadan atılıb düşür, oynayır, xoşbəxt həyat sürürdük. İndi nə xatırlamağa çalışdığım insanların üzünü aydın görə bilirəm, nə də o gözəlliyi təsvir edə bilirəm. Artıq o gözəllikdən əsər-əlamət qalmayıb. Meşələr qırılıb, dağın ətəyi isə kənd camaatına pay torpaq kimi paylanıb.

Amma yaşıdlarımla bağlı çox şeyləri xatırlayıram. Babam yekə qarğılardan mənim üçün tilov düzəldərdi. Onunla çaya balıq ovuna gedirdim. Lakin bu hər dəfə uğurla nəticələnmirdi. Tez-tez yolda qonşu məhəllənin uşaqları ilə savaşar və babamın düzəltdiyi çubuqları qırardım. Ara-sıra bir-iki balıq tutsaq da bizdən yaşda böyük oğlanlar bu balıqları əlimizdən alırdı.

Bir dəfə atam məni dükana çəkic almağa göndərmişdi. Qayıdanda Hüseyn adlı bir oğlan qarşımı kəsdi. Ondan xoşluqla qurtulmağa nə qədər cəhd etsəm də mümkün olmadı. Əlimdəki çəkici bir neçə dəfə təsbeh kimi fırladaraq onun gözünü nişan alaraq tulladım. Amma xoşbəxtlikdən çəkic onun gözündən yan keçib alnına dəydi. Mən qanı görüncə bərk qorxdum. Ağlaya-ağlaya evə qaçdım. Atam bostanda çalışırdı. Onun arxasında gizləndim:

-Ata, qoyma məni döysünlər.

Atam mənim bərk qorxduğumu nəfəsimin təngiməyindən hiss etdi.

-Səni kim qovur, de görüm, nə olub?

Mənim hıçqıra-hıçqıra ağlamağımı görüncə dedi:

-Heç kimdən qorxma, mən sənin yanındayam!

Özüm yaşda olan bütün uşaqlar kimi mən də öz atamı böyük qaya parçalarını belə qoparıb ata bilən bir pəhləvan hesab edirdim. Atamın sözlərindən hədsiz qürurlandım, arxayınlaşdım, məndə bir əminlik yarandı və az sonra lovğanaraq gəzməyə başladım.

Uşaqlıq həyatımdan yaddaşımda qalan əsas hadisələr dostum Yalçın, Əli və onların ailələri ilə bağlıdır. Yalçıngilin evləri bizimlə üzbəüz idi. Bizi onlardan balaca bir taxta hasar ayırırdı. Tez-tez pəncərədən bir-birimizlə söhbətləşirdik. Onların mehriban ailələri var idi. Atası universitetin tarix fakültəsini bitirmişdi. Anası da müəllimə idi. Günün çox hissəsini onlarda keçirirdim. Heç olmazdı ki, Yalçının anası Nisə xala ləzzətli xörək bişirsin, mənim payımı saxlamasın. Yalçının atası İsmayıl əmi çox söhbətcil və baməzə kişi idi. Həmişə oxumaqdan, təhsildən söhbət düşəndə deyərdi:

-Eh, ay bala, indi oxumağa nə var ki!

Və mənə çətin tələbəlik həyatından danışardı:

Bizim evdə oxumağa həvəs göstərən yox idi. Atam əlimdə kitab görəndə deyərdi:

-Bu oğlan deyəsən oxuyub Süleyman Rüstəm olcaq. Mən isə bu sözlərdən inciməz, səylə dərslərimi oxuyurdum. Universitetə təzə daxil olmuşdum Bir gün atam yanıma Bakıya gəldi. Biz universitetin yataqxanasında üç tələbə yoldaşımla bir otaqda qalırdıq. Yoldaşlarımı atamla tanış etdim:

Tələbə dostlarımdır, bir universitetdə oxuyuruq. Atam məni başdan ayağa süzüb:

-Məgər sən universitetdə oxuyursan?

Deməzdim ki, atam hər şeyə biganə idi. Xeyr, o, əsl fədakar ata idi. Özünü balaları üçün oda atmağa hazır idi. Amma, gəl ki, nə özü oxumağa, nə də bizi oxutdurmağa həvəsli deyildi.

Amma mənim ali məktəbə girdiyimi eşidib, əməlli başlı kövrəldi, kişinin gözləri yaşardı. Əlbəttə, bu sevinc yaşları idi. Sevincək olub, cibində bir qızıl onluq çıxardıb mənə uzatdı.

Atam “Böyük Vətən Müharibəsi” əlili idi, yaşı yetmişi haqlamışdı. Mən onu Bakıda çox saxlayıb yormaq istəmirdim. Kişini rayona yola salmaq üçün avtovağzala gətirdim. Hiss etdim ki, rayona qayıtmaq istəmir. Bunun səbəbini isə soruşanda cavab vermədi. Çoxlu təkiddən sonra anladım ki, demə kişinin qayıtmağa pulu yox imiş.

“Üstümdə cəmi on manat idi, onu də sənə verdim”-dedi.

Mən də kövrəldim.

Mənim uşaqlıq yaddaşımda qalan unudulmaz xatirələrdən biri də bu idi ki, atam bizi dolandırmaq üçün gecə-gündüz çalışırdı. Xırda ticarətlə məşğul idi. Gah İrana, gah da Rusiyaya gedər, çox az hallarda evdə tapılardı. Yadımdadı, məni məktəbə qoymaq üçün o, bütün işlərini buraxıb qayıdıb gəlmiş, mənim üçün qəhvəyi rəngdə bir pencək almışdı. Bu pencəyi çox istəyirdim. Və hər dəfə dərsdən evə qayıdanda ilk gördüyüm iş bu pencəyi səliqə ilə dolabdan asmaq idi. Həmişə səfərdən qayıdanda atam mənim üçün bolluca yemək gətirərdi. Mən də onun qabağına yüyürərdüm. Amma etiraf edim ki, atamdan çox onun gətirdikləri maraqlandırırdı məni...

İkinci dostum Əli idi. Aralarında müəyyən yaş həddi olmasına baxmayaraq atam da Əlinin atası Muxtarla yaxın dost idi. Muxtarın arvadı Valya rus qızı idi. Muxtar əmi Moskvada əsgərliyini başa vurub qayıdanda Valyanı da özü ilə gətirmişdi. Hamı Muxtarı Valyanın dili ilə Muxa çağırardı. Mən də ona Muxa əmi deyə müraciət edərdim. Muxa əminin yanında az müddət qalmaq dünyanın ən komik aktyorunun yanında qalmağa bərabər idi. Amma Valya xalaya zülm edirdi. Əlbəttə, oxucular elə bilməsin ki, o, bunu qəsdən edirdi. Xeyr, sadəcə Muxa əminin qulluğunda durmaq, onunla dil tapıb dolanmaq Valya xala üçün həqiqətən də işgəncə idi. Amma o dözürdü. Zatən başqa çarəsi də yox idi. Qonşular soruşanda ki, ay Valya, bu Muxanın əlində necə dözürsən? Cavab verərdi:

-Nə edim? (bilsəniz Valya xala azərbaycan dilində neçə şirin ləhcə ilə danışırdı) hara gedim?. Rusiyada heç kimim yoxdur.

Məhz bu mərdliyinə görə də kənddə onu hamı sevirdi. Bir də görürdün kəndin o başından biri bazarlığa gedir. Səhər tezdən Valyanı çağırıb deyirdi:

Bazara gedirəm, bir şey lazım deyil?

Yaxın qonşuları evlərində nə bişirirdilərsə mütləq Valya xalanın payını göndərirdi.

Heç yadımdan çıxmaz. Bir dəfə Valya xala hardansaüç donuz çoşqası almışdı. “Saxlayıb böyüdüb satacağam”-deyirdi. Kəndin hacıları, mollaları onu nə qədər dilə tutub “bu donuzları rədd elə, əvəzində sənə üç qoyun alarıq”-deyə xahiş-minnət etdilər, xeyri olmadı.

Valya iki ayağını bir başmaqa dirəyib razı olmurdu. Bu çoşqalar az müddətdə həqiqətən də böyüyüb kökəldilər. Kəndimizdə bu donuzlar haqqında hətta zərb məsəl də yaranmışdı. Biri digərini bir balaca kökələn görəndə deyirdi:

-Sən lap Valyanın donquzuna dönmüsən. (Hamı Valyanın dili ilə donuzlara donquz deyirdi).

Muxa əmi də bu çoşqaları kəsib, özü üçün yeyib içmək məqamı gözləyirdi. Bir gün Valya xala qonşu kəndə gəlin köçən qızına baş çəkməyə getdi və gecəni də orda qaldı. Bundan istifadə edən Muxa əmi donuzların üçünün də başına, necə deyərlər, daş saldı. Bilsəniz Valya xala qayıdandan sonra nə tufan qopardı. Bunu təsvir etməyə qələm acizdir. Muxa əmi isə eyvanda durub əlini qarnına sürtür, Valyanın deyinməyindən ləzzət alırdı. Muxa əmi çox içirdi. Ona görə də qara ciyərindən həmişə dad qılardı. Yaponlar nahaq yerə deməyiblər, ”Stəkanda boğulan dənizdə boğulandan çoxdur”. Onun sərxoş olmayan vaxtını görmək deyəsən hələ heç kimə nəsib olmamışdı. Lakin o özü demiş, “dəm” olanda heç kimə zərər vermir, əksinə, daha da mehriban olurdu. Evin qabağındakı artırmada durub yoldan keçənlərə baxırdı. Kimi münasib bilirdisə çağırıdı:

-Get, dükandan mənim üçün bir məzdək al. (Muxa əmi arağa məzdək deyirdi).

Bu iki ər-arvad həqiqətən bir aləm idi. Valya xala Muxa əmidən küsən kimi öz yatacağını yığışdırar, ondaniki otaq aralı olan balaca bir otağa köçərdi. Atam Muxa əmidən soruşardı:

-Muxa, belə hallarda Valya sənə lazım olanda onu necə çağırırsan?

-Svistok çalıram, gəlir.

-Yaxşı, bəs sən Valyaya lazım olanda o nə edir?

-O da bir bəhanə ilə yanıma gəlib deyir:

-Muxa, tı menya ne svistila?.

Doyunca gülərdilər. Nə Muxa əmi, nə də Valya xala kin saxlayan deyildi. Həmişə olduğu kimi tez də barışırdılar. Bir də ki, “ər-arvad savaşı, yaz yağışı“-demişlər.

Yaddaşımda Muxa əmi ilə bağlı çox xatirələr var. Örnək verim, Muxan əminin qonşusu Zivər xaladan zəndeyi-zəhləsi gedirdi. Hər dəfə onu görəndə deyərdi:

-Lap mətəəl qalmışam. Necə olub ki, Cavad səni bəyənib, alıb. Oxşayır səni ona göstərəndə ya sərxoş olub ya da gecə olub ki, sənin üzünü yaxşı görə bilməyib. Yoxsa ağlı başında olan heç kim sənə yaxın durmaz. Zivər xala da onu tərs-tərs süzər:

-Zəhləm getmiş- deyib, ötüb keçərdi.

Mən isə hər şeyi öyrənməyə həvəsli olduğundan bunun da səbəbini öyrənəsi oldum. Sən demə, Zivar xala subay bir qız olanda bir gecə Allaha niyyət edir ki, “Ya rəbbim, yatım yuxuda görüm ki, istədiyim oğlanla “Volqa”da gəzirəm. (o zaman “Volqa” maşınını Muxa demiş, “handa bir kişi sürərdi”). Tərslikdən Zivər xala həmin gecə yuxada görür ki, Muxa ilə “Volqa”da gəzir. Səhər kənd içində Muxanın başına bir qapaz çəkib deyir:

-Sən kimsən ki, yuxuma girib mənimlə “Volqa”da gəzirisən?

Möhkəm dalaşmışdılar. Elə o vaxtdan da Muxa əmi Zivərlə yola getmirdi...

Muxa əmi bütün varlığı ilə keçmişə bağlı adam idi. Deyək, radioda hava haqqında məlumatı eşidəndə hirslənirdi-“bunlar hardan bilirlər sabah nələr olacaq, oxşayır Allahdan çox bilirlər”. Və yaxud deyəndə ki, “bayramın mübarək” kişi lap hövsələdən çıxardı.

-Bayram mənim atamın əmisi oğlu idi. 5 il bundan qabaq rəhmətə gedib.

Kaş siz Muxa əmini bazarlıq edəndə görəydiz. Bu həqiqətən də bir komedik səhnə idi. O, ən yaxşı kartofa yaxınlaşar, satıcıdan soruşardı:

-Bu çürük kartoflar neçəyədir?

Və beləliklə də qiyməti qabaqcadan sındırardı.

Muxa əmi o işi iş hesab edirdi ki, orda maaşdan savayı “beş-on manat bığyağı” da olsun (o, əlavə qazanca “bığyağı” deyirdi). And içəndə isə “Rəhmanın goruna and olsun, Fətullahın ölmüşü”-deyərdi. Heç kim, o cümlədən mən də indiyə kimi nə Rəhmanın, nə də Fətullahın kim olduğunu bilmədik. Mənim məktəb yaşım çatdı, ailəmiz şəhərə köçdü və mən kənddən uzun müddət aralı düşdüm. Ara-sıra qonşumuz İsmayıl kişidən xəbər tutsam da, başım təhsilə qarışdı və mən nə Muxa əmidən, nə də Valya xaladan uzun zaman xəbər tuta bilmədim. İndi hər ikisi torpaq altda uyuyur. Bəli, bax Muxa əmi belə Muxa əmi idi. Oğlu Oleq (Əlinin ehtiyat (ikinci) adı Oleq idi) isə eşitdim ki, Moskvada qohumlarından kimi isə tapıb və onun yanında yaşayıb işləyir.

Bir gənc olaraq bir elə keçmişim olmasa da hər an xoş anlara qayıtmaq istərdim. Bu mahnı ona görə çox sevirəm ki, mənim istəklərimlə həmahəng səslənir:

Köçür durna qatarı,

O, baharda dönəcək.

Ötən günlər dönəydi,

Durna qatarları tək.

Mənim üçün məktəb sirli-sehrli bir aləm idi. Elə bilirdim ki, məktəbdə şuluqluq etsəm, yaxşı oxumasam məni divlər yeyəcək. Ona görə də mən bu sirli aləmə qədəm qoymaq istəmirdim. Atam mənim üçün rəngbərəng karandaşlar aldı mən də bu karandaşın eşqi ilə məktəbə getməyə razılaşdım. Elə ilk gündən qonşumuz Amidlə dostlaşdım. Mənimlə bir partada otururdu. Hər gün məktəbə Amidlə birgə gedib-gəlirdik. Hələ birinci sinifdə oxumağımıza baxmayaq öz aramızda kiçik zarafatlar da edirdik. Bir-birimizə müxtəlif adlar qoyurduq. Amidin saçları yumşaq və nisbətən uzun olduğundan mən ona “hörüklü qız”, “uzunsaç”, o isə mənə “qəhvəyi pencəkli oğlan”-deyərdi.

Bir dəfə Amidlə başımıza ilginc bir olay gəldi. Biz birinci növbədə oxuyurduq. Dərsimiz bitmişdi. Evə yollanırdıq. Elə məktəbin qapısına çıxmışdıq ki, birdən məktəbimizin direktoru Məmməd müəllim qarşımızı kəsdi:

-Hara gedirsiniz, qayıdın geri, sizə kim ixtiyar verib, dərsədn qaçasınız?

Dərsdən gec getdiyimiz üçün direktor bizi ikinci növbənin şagirdi zənn etmişdi.

Analarımız hər gün bizi avtobus dayanacağında qarşılar, evə aparardı. Bu dəfə bizi vaxtında orda görməyəndə, anam demiş “bağrı-ödü yarılmışdı”. Gəlib bizi məktəbdə tapanda, anam:

-Hardasınız, ay bala. Gedib o dünyanı görüb qayıtdıq ki!?-dedi.

Mən doğma kəndimizə bir də iki ildən sonra qayıtdım. Onda maddi durumumuz olduqca pis idi. Atam xəstələnmişdi, onun müalicəsi üçün pul lazım idi. Əmim bizə çoxlu pul borclu idi. Atam məni dayıma qoşub rayona göndərdi. Atam dayıma tapşırmışdı ki, çətin durumumuzu əmimə bildirsin və güman ki, o sizi əliboş qaytarmaz. Əmimdən qabaq onun arvadı dilləndi:

-Gözümüz aydın, neynək pulları yoxdur?..

Və məni nifrətlə süzüb dedi:

-Sən bir bunun pencəyinə bax!..

Mən özümə təzə pencək ala bilmədiyimdən qəhvəyi pencək əynimə balacalaşmışdı və qolları az qala dirsəyimə çatırdı. Əmim arvadının mənim sevimli pencəyimi ələ salmağı mənə hər şeydən çox təsir etdi. Həyasızlığın dərəcəsinə fikir verirsizmi? Görünür yer üzünün boş qalmaması üçün belə adamların da yaşaması lazımmış. Rayondan əliboş qayıtdıq. Atam özünü topladı, ayağa durub işlədi. Və biz bu çətin durumdan xilas olduq.

QAR

Uşaq idim, hardasa 9-10 yaşım olardı. Yanılmıramsa noyabr-dekabr ayları idi, qar hələ yağmasa da, təbiətdə hər şey tezliklə qarın hər yeri ağ örpəyə bürüyəcəyindən xəbər verirdi.

Yeni eranın başlamasına sayılı vaxt qalırdı. Ağlım bir o qədər kəsməsə də uşaq ağlımın süzgəcindən müəyyən nəsnələri keçirə bilirdim.

O vaxtlar şəhərdə IX mərtəbəli bir binada yaşayırdıq. Bizim mənzil dördüncü mərtəbədə idi. Yaşadığımız binanın lifti tez-tez sıradan çıxırdı. Hətta bəzən liftin içində saatlarla qalan vaxtlarımız da olurdu. Heç yadımdan çıxmaz, bir dəfə lift yeddinci mərtəbədə ilişmişdi, yaşlı bir qadın da içində. Qapıbir qonşumuz olan və məndən 4-5 yaş böyük olan Sahiblə köməkləşib böyük çətinliklə liftin qapısını açaraq qadını xilas etdik. Qadın qorxu və həyəcandan huşunu itirib bayılmışdı. Çox güman, binanın hansısa mənzilinə qonaq gedirmiş. Yoxsa buranın daimi sakinlərindən olsaydı bu işlərə, Məşədi İbad demiş bir növ adətkərdə olardı, heç bir qorxu hissi də keçirməzdi.

Binada yaşayan daimi sakinlər arasında hər dəfə lift sıradan çıxanda onu növbə ilə düzəltmək gələnək halını almışdı. Bu dəfə növbə bizim idi. O da xatirimdədir ki, hər dəfə Evlər İdarəsinə ustanın dalınca gedib çağırmaqdan binamızın bütün sakinləri cana doymuşdu. Üzbəüz binanın 6-cı mərtəbəsində yaşayan Valeri adlı bir rus balasını (deyəsən o da hansısa başqa bir Evlər İdarəsinin lift ustası idi) köməyə çağırdıq, onun zəhmət haqqını isə binamızın hər dəfə bir sakini ödəyirdi.

Bizdən bir mərtəbə aşağıda-üçünücü mərtəbədə Səxavət adlı yaşlı bir kişi yaşayırdı. Səxavət baba yalnız yaşayırdı. Həyat yoldaşı uzun illər öncə xərçəng xəstəliyindən dünyasını dəyişmişdi. Tək yaşayırdı deyəndə, oxucular elə bilməsin ki, onun heç kimi yox idi. Səxavət babanın bir oğlu və bir qızı var idi. Qızını köçürmüşdü, artıq bir nəvəsi də olmuşdu, oğlu Həmid isə Moskvada ticarətlə məşğul idi. Çox vəfalı oğlan idi. Tez-tez atası ilə zəngləşir, onun problemləri ilə ilgilənir, hal-əhval tuturdu. Ayda, iki ayda bir atasına baş çəkməyi yaddan çıxarmazdı. Səxavət baba da həmişə oğlundan ağız dolusu danışar, onunla fəxr edərdi. Həmidin atası ilə söhbətlərindən o yadımda qalıb ki, Moskvada işi heç də yaxşı deyildmiş, polislər onlara imkan vermir, rus millətçiləri tez-tez bazarı dağıdır və b.

-Bakıda özümə bir münasib iş tapa bilsəydim, bir daha Moskvaya qayıtmazdım-deyirdi.

Səxavət baba xətrimi çox istərdi. Həmişə mənə ”nəvəm” deyə müraciət edirdi. Atamdan yaşca böyük olmasına baxmayaraq bir-birilərinə qırılmaz dostluq telləri ilə bağlanmışdılar. Necə deyərlər, dostluq yaşa baxmır.

Məni axtaran hər kəs bu duzlu, məzəli söhbətləri ilə adamı valeh edib sirli, sehrli bir aləmə aparan Səxavət babanın yanında tapardı. Öz evimizdən çox onun yanında olar, bəzən dərslərimə də orada hazırlaşardım. Valideynlərim isə bundan qətiyyən narahat olmurdular. Atam buna görə məni arada tənbeh etmək istəsə də, anam buna imkan vermirdi:

-Uşağa dəymə, yəqin yenə Səxavət babanın söhbətlərinin sehrinə düşüb. (Anam da mənim dilimlə onu Səxavət baba deyə çağırırdı).

Bir dəfə, gecə saat 12-də Səxavət babadan ayrılıb evə gələndə atam məni dəhlizdə qarşıladı.Yorğunluqdan həmişə erkən yatmağa adət edən atam bu dəfə yatmamışdı, deyəsən məni gözləyirdi.

-Ay oğul! Niyə tez-tez gedib qocanı narahat edirsən? Yaşlı adamdı, istirahətini pozma.

Mən isə atamı and-amanla inandırırdım ki, məni Səxavət baba özü çağırır. Babanın ağzı ilə deyirdim:

-Ürəyim çox sıxılır. Özümü lap yalnız hiss edirəm. Vaxt tapan kimi babanı ziyarət elə. Baba-nəvə dərdləşək.

Atam susdu, məni başdan ayağa süzüb, dedi:

-Yaxşı, get yat.

O mənə yeniyetməlik, gənclik xatirələrindən, mən isə ona uşaq macəraları ilə dolu şirin məktəb həyatından danışardım. Tez-tez mənə məsləhətlər verər, sözü məndən ala bildinmi?-deyərdi.

Bu nəsihətlərin bir neçəsi uşaqlıq yaddaşıma necə həkk olubsa heç zaman yadımdan çıxmır. Örnəyi, Səxavət baba qabaqcadan danışmağı sevməzdi. Kimsə sabah harasa gedəcəyindən, hansı işi görəcəyindən danışırdısa və bu zaman “Allah qoysa” demirdisə həmişə sakit görünən qoca özündən çıxardı.

Mənə isə tez-tez nəsihətlər edər, deyərdi:

-Mən bu sözləri sənə deməyim heç də o demək deyil ki, səni yorum. İstəyirəm, mənim həyatda etdiyim yanlışları sən təkrarlamayasan, dediklərimdən bir nəticə çıxarasan.

Günlər bir-birini əvəz edib, 2000-ci ili yaxınlaşdırdıqca insanlar arasında vahimə doğuran söhbətlər də artırdı. Danışırdılar ki, yeni il olmayacaq; bilgisayarlar öz aralarında savaş aparıb, dünyanı dağıdacaqlar; dünyanın sonu artıq çatmışdır və b. Bütün bu söhbətlər məni çox qorxudurdu. Axı mənim hətta uşaqlıq yaşıma sığmayan arzularım vardı. Böyüyəndə coğrafiyaçı olmaq istəyirdim. Qorxurdum, arzularım ürəyimdə qalar. Məni ən çox qorxudan isə yaxınlarımı itirmək təhlükəsi idi. Bəzən xəlvətə çəkilib ağlayırdım da.

Nədənsə son zamanlar Səxavət babanın da bu mövzuda söhbətləri çoxalmışdı. Heç yadımdan çıxmaz, bir gecə işıqlar sönmüşdü. Bu məni əməlli-başlı qorxutdu.

Öz-özümə dedim:

-Deyəsən hər şey bitdi, bu artıq sondur. Eşitmişdim ki, bəlalar çox zaman gecələr nazil olur. Aradan bir-iki dəqiqə keçdi. Bu müddətdə ölülər aləmindən tutmuş, deyilənə görə, zəhəri səkkiz batman olan ilanlar-əqrəblər aləminə qədər səyahət etdim. Nəhayət Səxavət baba bir şam tapıb gətirdi. Ürəyim yerinə gəldi. Özümü lap macəra filmlərinin iştirakçısı kimi hiss edirdim.

Çox vaxt o danışa-danışa məni yuxu tuturdu. Hətta bir neçə dəfə atam yatmış vəziyyətdə məni evə qucağında aparmışdı.

Səxavət baba dindar idi. Özü demişkən namazını, orucunu heç vaxt “bada verməmişdi”. Dinə qarşı çox həssas idi. Bütün işlərini din qanunları ilə tənzimləyərdi. Bir sözlə din onun həyatı idi. Tez-tez mənə peyğəmbər əfəndimizin hədislərindən danışardı.

Yaxşı yadımdadır, bir dəfə Səxavət baba mədəsindən əməliyyat olunmuşdu. Ramazan ayına isə bir-iki gün qalırdı. Həkimlər ona oruc tutmağı yasaq etmişdilər. Həkimlərin bu qərarından o çox üzgün görünürdü. Bir yandan da Həmiddən nigaran idi. Görünür, Moskvada yenə də işləri düz gətirmir, deyə öz-özünə düşüncələrə dalırdı. Yoxsa, Həmid məni bir an da olsa yaddan çıxarmaz-deyə fikirləşirdi. Amma qızı hər gün işdən sonra atasına baş çəkər, həkimin icazə verdiyi xörəklərdən gətirərdi. Ona elə aludə olmuşdum ki, bir gün Səxavət babanı görməyəndə darıxırdım, hətta kövrəlirdim.

Bir dəfə ədəbiyyat müəllimimizin atası rəhmətə getdiyindən dərsdən evə tez qayıtmışdım. Yeməyimi yeyib onun yanına qalxdım. Səxavət baba televizorda maraqlı bir verilişə baxırdı. Onun bu marağını qapını gec açmağından anladım. Bir tanınmış rus kanalında dünyanın sonu ilə bağlı çox maraqlı veriliş yayımlanırdı. Qonaqlar isə tanınmış parapsixoloqlar, öngörücülər və bir neçə digər sahənin alimləri idi. Qızğın fikir dartışması gedirdi. Səxavət baba da Sovet dövrünün digər adamları kimi rus dilini yaxşı başa düşür və ara-sıra mənimçün də tərcümə edirdi. Baxışlarından əsəbi olduğunu aydın sezmək olurdu. Onu özündən çıxaran, verilişə dəvət olunan alimlərin izləyiciləri qorxutması idi. Həmin gün evə həmişə olduğundan da gec qayıtdım. Tənbeh də ki, öz yerində.

Bir gün Səxavət baba mənə öz başına gələn maraqlı bir hadisə danışdı. Baba deyirdi:

-Bir dəfə işdə tapşırığımı vaxtından öncə yerinə yetirib, evə tez gəldim. Evdə sıxılacağımı düşündüm, çünki həmişə evə eyni vaxtda gəlməyə alışmışdım. Bir az parkda gəzib, necə deyərlər, vaxtımı öldürməyi qərara aldım. “Yorğun iş qrafikindən sonra bir az dincəlmək pis olmaz”-deyə düşündüm. İş yerimizin lap yaxınlığında yerləşən bu park kiçik olsa da çox gözəldi və məhz buna görə də günün əksər vaxtlarında insanlarla dolub-daşırdı, xoşbəxt cütlüklər, körpə uşaqlar, yaşlı adamlar, bir sözlə, məmə yeyəndən pəpə deyəndən qədər hər kəs bu bağa gələrdi.

Nə başını ağrıdım, keçib bir oturacaqda əyləşdim. Əlimdəki “Bakı” qəzeti vasitəsilə günün xəbər mənzərəsi ilə tanış olurdum. Bu zaman bir qızla oğlanın mənə tərəf yaxınlaşdığını gördüm. Onların yanımdakı boş yerlərdə oturub dincəlmək istədiklərini zənn etdim. Amma tez də fikrimdən daşındım. Axı, mənə gəlib çatınca hələ iki boş oturacaq da vardı. Onlar isə mənim əyləşdiyim oturacağı nişana almış kimi düz üstümə yeriyirdilər. Gənclər mənə çatınca ürəyimdə min fikir dolaşdı. Bəlkə pul istəyəcəklər, ya da hansısa ünvanı soruşacaqlar. Hər halda düz mənə sarı gəlmələri heç də səbəbsiz deyildi.

Yaşı 25-30 arası olan bu gənclərin biri keçib sağımda, biri isə solumda əyləşdi. Qız hicablı idi, əlində də müqəddəs bir kitab tutmuşdu. (Kitabın müqəddəsliyini onun qiymətli, zərli bir parçaya səliqə ilə büküldüyündən anladım). Salam verdilər.

-Əleyküm salam.

-10 dəqiqəlik vaxtınızı ala bilərikmi?

-Buyurun, o nə sözdür?!

-Yaxşısı budur, uzatmadan keçək mətləbə. Uzaqdan gələ-gələ sizin xoş simanız bizi özünə cəlb etdi və sizi xəbərdar etməyi özümüzə borc bildik.

Yerimdə donuxub qaldım. Bunlar məni nədən, kimdən xəbərdar etmək istəyirlər, axı mən nə etmişəm..? Öz-özümə səbirli olmaq, işin axırını gözləməyi tövsiyə etdim.

-Yəqin ki, siz 2000-ci ilin olmayacağı barədə eşitmisiniz. Dünyanın sonuna bir neçə gün qalıb. Mömin insana bənzəyirsiniz, biz sizin kimi insanların tələf olmasına razı deyilik. İstəsəniz biz sizi ölümdən xilas edə bilərik.

-Axı bu necə mümkün olacaq, heç də inandırıcı görsənmir?

-Biz Nuhun gəmisinə bənzər bir gəmi düzəltmişik. Siz bu gəminin sakinlərindən biri olmalısınız. Bu sizin üçün yeganə nicat yoludur. Bütün dünya suya qərq olanda, ətraf nəhəng okeanı xarıtladanda siz və sizin kimi digər əməlisaleh insanlar bu gəminin içində əmində olacaqsınız.

Onlar növbə ilə, dayanmadan danışır, tez-tez “Müqəddəs kitab” dedikləri kitabı açır, mənə tarixi örnəklər göstərirdilər. Öncə bu kitabı ya “İncil”, ya da “Tövrat” zənn etdim. Kitabı onlardan alıb baxmağa bir neçə dəfə cəhd etsəm də, onlar kitabı verməkdən imtina etdilər. Soruşdum:

-Sizin Allahın İslam peyğəmbərinə qiyamət haqqında buyurduqlarından xəbəriniz varmı?

-Necə bəyəm?

Allah “Qurani-kərim”də öz peyğəmbərinə buyurub ki, qiyamətin vaxtını məndən başqa heç kəs bilmir.

Onlar mənim suallarımdan məharətlə yayınırdılar.

Qısası, məndən istədikləri 10 dəqiqə artıq 40 dəqiqəni ötmüşdü. Baş örpəyinin altından sarı saçları aydın görünən və Azərbaycan türkcəsində oğlandan daha yaxşı danışan qız:

-Bizə sizinlə əlaqə yaratmaq üçün telefon nömrənizi verə bilərsiniz? Gəmi yola düşəndə sizi xəbərdar edək.

Bir anlıq telefon nömrəmi onlara vermək istədim. Düşündüm ki, onlarla daha yaxın olub işlərini öyrənsəm pis olmaz. Tez də fikrimdən daşındım. Hardaydı məndə o vaxt ki, onların dalınca düşüb işlərini öyrənim. Çox tərəddüddən sonra dedim:

-Bağışlayın. Mən telefon işlətmirəm.

-Siz rusca bilirsinizmi?-oğlan soruşdu.

Mən rusca yaxşı bilirdim. Uzun illər Rusiyada yaşamışdım.

Qız çantasından rus dilində nəşr olunmuş qəzet və dərgilər çıxarır, gözünü ağzıma dikib cavab gözləyirdi. Mən onların məni bu qəzet-jurnallarla daha bir neçə dəqiqə yubadacaqlarını duyub, cavab verdim.

-Bağışlayın, mən rusca danışa bilmirəm.

Bu yolla özümü üzücü, mənimçün heç də maraqlı olmayan söhbətdən xilas etdim. Anadolular demişkən: “Ucuz qurtulduq”.

Səxavət baba şirin-şirin danışır, mən isə onun söhbətlərindən doymurdum. Söhbət o qədər maraqlı idi ki, heç vaxtın fərqində belə deyildik. Otağın nəfəsliyi açıq idi. Bayırda narın-narın qar yağır, külək isə ara-sıra qar dənələrini açıq nəfəslikdən üstümüzə atırdı. Səxavət baba söhbətinə ara verən kimi mən qonşu otağa keçib saata baxdım. Saat gecə ikini ötmüşdü. Evə tələsmək lazım idi. Bu dəfə daha möhkəm danlanacağımı, hətta kötəklənəcəyimi belə yəqin etmişdim. Onunla sağollaşıb evə getdim.

Bu duzlu, məzəli qoca ilə sonuncu görüşümdən 11 ildən çox vaxt keçir. Hər dəfə qar yağanda Səxavət babanın maraqlı söhbətlərini xatırlayıram. O artıq bu dünyada yoxdur. Eşitdim ki, ürək çatışmazlığından vəfat edib. Özü demiş, “nahaq dünyadan haqq dünyasına” köçüb. Mən isə artıq balaca deyiləm, 20 yaşım var, universitet tələbəsiyəm.

Səxavət babanı mənə xatırladan bir səbəb də dünyanın bu il dağılması xəbəridir. 2012-ci il yaxınlaşır. 12-il öncə olduğu kimi yenə falçıların, öngörücülərin fikirləri cəmiyyət arasında dolaşmaqdadır. Bu isə məni yaman qorxudur. O vaxtdan çoxlu arzularıma yetişsəm də, hələ də cavabsız qalan suallarım çoxdur. Çiynimi mətbəxin pəncərəsinə söykəyib bayıra baxıram. Hava çox şaxtalıdır. Şaxta adamın iliyinə qədər işləyir. Heç dərsə də vaxtı-vaxtında gedib-gələ bilmirəm. Qar yağır, demək, göylər dünyanın ağaracağına, saflaşacağına inamını hələ də itirməyib...

METRO

Son günlər çox yorğun idim. O qədər problemlərim vardı ki, gərginlikdən başımı qaşımağa vaxtım yox idı. Gecələr saat 12-də evə gələr, səhər 8-də isə III mikrorayon dairəsində olar, tələbə dostlarımla birləşib dərsə yollanardıq. Bu gün də həmişəki kimi tez oyanmalı, yüngülcə qəlyanaltı etməli idim (səhərlər qəlyanaltı etmədən evdən çıxmağa adət etməmişəm – daha doğrusu evdəkilər buna müsaidə etmirlər). Əbdürrəhman Caminin bu fikrinə bütün ömrüm boyu əməl etmək fikrində idim – “Səhər ağzına bir şey qoymamış evdən çıxma, çünki toxluq səbr və təmkinlik nişanəsi, aclıq əsəbilik və qanıqaralıq əlamətidir”. Atamla anam rayona-yaxın qohumlarımzdan birinin qırxına getdiyindən bu dəfə paltarlarımı da özüm ütüləməli idim.

Səhərlər yuxudan ayılmağa zorluq çəkirəm. İndi də saatın zəngi məni 7:00-da oyatsa da yatağımda uzanıb fikirləşir, özümə gələ bilmirdim. Nə başınızı ağrıdım, zorla yataqdan qalxıb paltarlarımı ütüləməyə başladım, amma nə qədər axtardımsa sevimli qara qalstukumu tapa bilmədim ki, bilmədim. Zalım oğlunun malı elə bil yağlı əppək olub göyə çəkilmişdi. Doğrudur, mən əlamətlərə çox az inanıram, ancaq şəhərə tələsməyimlə qalstukun itməsinin arasında bir oxşarlıq vardı, sanki. Nə isə, çox axtarışdan sonra nəhayət ki, paltarların arasında qalıb əzik-üzük olmuş qalstuku tapa bildim. Onu ütüləmək isə mənim əməlli-başlı vaxtımı apardı.

Bu günkü iş qrafikim həmişəkindən də ağır idi. Kiçik dayımın qızının ad gününə çağrılmışdım. Fürsət varkən nənəmə dəyməli idim. Üç ay olardı ki, nənəmə baş çəkə bilmirdim. Yaşı 80-i ötmüş nənəmin məzəli-duzlu söhbətlərindən doymaq olmur.

Evdən çıxanda Allah-Allah edirdim ki, heç olmasa yolda Mahmud kişi ilə rastlaşmayım, yoxsa şəhərə heç axşama da gedib çata bilmərəm. Mahmud kişi bizim qapıbir qonşumuzdur. Zalım oğlunu elə bir işi-gücü yoxdur. Küçə qapısının ağzında qoyduğu bir daşın üzərində oturub yoldan keçənləri seyr edir. Kimi gördüsə çənəsinin altına salır. Sonra oğul istəyirəm ki, onun əlindən, bağışlayın, çənəsindən qurtulsun. Örnək verim, danışır ki, bu ətraf bağların hamısı mənim babamın olub. Sovetləşmə zamanı əlimizdən alıblar. Əgər mən istəsəm camaatı bu bağlardan köçürərəm, sadəcə özüm istəmirəm. Özü də “sadəcə” demir ha, mən belə yazıram – o, bir dostumun sözü ilə desəm “rus türkcəsi”ndə deyir – “prosto”... Hə, onu deyirdim axı – Mahmud kişi, atam demiş, başlayır “erkək keçiləri sağmağa”. Ağsaqqal heç yerdə işləmir, nə ilə dolandığını isə bir Allah bilir. Beləliklə, küçə qapısından çıxan kimi “yaxalandım”.

- Bura gəl görüm, sən axı ədəbiyyatçısan. İndi səni yoxlaram. De görüm “Leyli və Məcnun”u kim yazıb?

- Necə yəni kim yazıb? Nizami, Füzuli.

- Gördün, bilmədin. Onu öncə Nizami yazıb, amma yarımçıq qoyub, sonra Füzuli tamamlayıb.

Məni qeyri-ixtiyari gülmək tutdu. Hiss etdim ki, əsəbləşdi.

- Gülmə, böyüklə danışanda gülməzlər. Ən tanınmış akademiklərlə belə bu barədə “spora” girərəm.

Allah üzümə baxdı ki, qonşumuz Cəmil gəlib yetişdi. Mahmud kişi mənimlə söhbətinə ara verən kimi tez aradan çıxdım.

Onu da deyim ki, bizim küçədə Mahmud kişi kimi Əbdürrəhim bəy Haqvediyevin “Marallarım” dediklərinə bənzər daha bir neçə tip var və bunların hər birinin özünəməxsus məziyyətləri var.

Mahmud kişidən ayrılıb bir neçə metr getmişdim ki, qonşumuz, ləqəbi “qoca” olan Salman kişinin “əlinə keçdim”. İnəklərini sağıb qurtaran Salman kişi ara-sıra yola baxır, söhbət üçün adam axtarırdı. Söhbətlərinin də əsas mözusu bundan ibarətdi ki, mən ata-anama yaxşı baxırdım, indiki cavanlar ata-analarına pis baxırlar. Və yaxud indiki cavanlar arvaddan qorxurlar. Arvadın günahı oldu-olmadı gərək ayda heç olmasa bir dəfə onu möhkəm döyəsən və s. Soruşurdum:

- Ay ağsaqqal, arvadın günahı yoxsa onu necə döyəsən?

Məni tərs-tərs süzdü:

- Deyəsən sən də arvaddan qorxan olacaqsan. Nə var bəhanə tapmağa. Başından bir tük dart at xörəyə, de ki, xörəkdən tük çıxdı.

Heç yadımdan çıxmaz, bir dəfə Salman kişi hərbi xidmətdə olan oğluna baş çəkməyə getdi.Yükü ağır olduğundan məni də özü ilə köməkçi götürdü. Əsgərlərlə görüş saat 15-də başlanmalı idi. Bir bəstəboy zabit görüşə gələnlər üçün nitq söyləyirdi. Guya əgər gəldiyiniz yelərdən burda başqa əsgərlər xidmət edirsə, onlara evlərində baş verən hadisələrdən danışmayın. Yoxsa ki, qonşu qonşu ilə dalaşdı, kimin atası arvadını döydü və s. Əsgərlər belə şeyləri eşidir, fikirləri qalır evdə və yaxşı xidmət edə bilmirlər.

Bu zaman Sabirabaddan gəlmiş bir valideyn (onun Sabirabaddan olduğunu görüş yerində Qocanın onunla mübahisəsi zamanı bildim. Çünki, qoca oğlunu yaddan çıxardıb onunla möhkəm mübahisə edirdi) komandirə səsləndi:

- Cənab komandir! Yəni indi elə bir kişi var ki, arvadını döyə bilsin?

Pah atonnan, elə bil Qocaya od qoydular. Tez yanındakı bir kötüyün üstünə qalxdı, ucadan qışqırdı:

- Mənəm o kişi!

Camaatdan bir gülüş qopdu ki, gəl görəsən. Yanımdakı qadınlardan biri qocanı tərs-tərs süzüb soruşdu:

- Mənə bax, ey, nə taqsırı var arvadın, yazığı döyürsən?

Qoca cavab verdi:

- Təqsiri oldu-olmadı, arvad gərək ayda bir-iki dəfə döyülsün.

Qadın Qocanı bir müddət nifrətlə süzüb astadan dilləndi:

- Bu köpək oğlu, lap manyak imiş ki...

Yaxşı ki, Salman kişi bu sözləri eşitmədi. Onun başı bu mövzuda digər bir qadınla bərk mübahisəyə qarışmışdı. Yoxsa əməlli-başlı tufan qopardı.

Salman kişinin bir məziyyəti də vardı ki, kişilərin toyda oynamasının qəti əleyhinə idi. “Kişi oynamaz” deyərdi. Hansı gününüzə oynayırsınız, ətin kilosu 8 manatdır. Belə deyə-deyə o, hər dəfə ətin qiymətini qaldırardı və qəssablar da elə bil onun sözünə bənd idilər –elə bil ki, qoca bu sözü deyər-deməz qəssablar eşidər, səhəri əti bahalaşdırardılar. Amma öz aramızdır, ara-sıra mənə yaxşı nəsihətlər də edərdi Salman dayı. Örnək verim – deyərdi ki, çalış, həmişə özündən yaşda böyük olanlarla otur-dur, tez müdrikləşərsən.

Onu da qeyd edim ki, Mahmud kişiyə nisbətən Qocanın əlindən qurtulmaq nisbətən asan idi. Elə ki, uzun bir söhbət başlayacağını hiss edirdim, deyirdin:

- Qoca! Məni bağışla, vacib işim var, getməliyəm. Qoca da əlacsız razı olar, deyərdi:

- Eh, sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Qocadan ayrılıb avtobus dayanacağına təzəcə yetişmişdim ki, dükandan çörək alıb qayıdan digər bir “maral”la rastlaşdım. Adı Nəriman olan bu qonşumuz Mahmud kişidən də, Qocadan da fərqlənir. Onun çox danışmaqla arası yoxdur. Amma elə ki, səhər-səhər onun üzünə çıxdın həmin gün bir molla tap ki, bəri başdan sənin həmin günki işinə bir “fatiha” versin. Adamı görən kimi soruşur:

- Hara gedirsən, nə üçün gedirsən, əlində nə aparırsan?

Günün hansı vaxtında getsən görərsən dayanacaqda durub “müştəri” gözləyir. Adamla söhbətin şirin yerində bir də görürsən deyir:

- Əşi, sən də mənə bir “obed” (- bu da “rus türkcəsi” olsun...) vermək istəyirsən səhərdən min dəfə demisən. Həmin adam da xəcalət çəkərək:

- Ay Nəriman! “obed” istəyirsən verim də. Mən haçan dedim ki!?.

Nəriman kişiyə də elə bu lazım idi. Dərhal:

- Mən içkisiz “obed” eləmirəm, a.

Peşman idin ki, onun yanında asqırasan. O saat:

- Beş manat səndə.

- Niyə, ay Nəriman kişi.

- Necə yəni, niyə, asqırıb məni diksindirdin, çıldağ pulu ver.

Qısası, Nəriman kişi nələrdən pul çıxarmırdı, bax onu bir Allah bilir.

Nəriman kişini görən kimi avtobus dayanacağının arxasına əkildim. Fikirləşdim ki, ötüb keçəndən sonra evə qayıdım. Bu gün heç bir işimin alınmayacağına qəti əmin idim. – Birinci dəfə deyildi ki, dəfələrlə sınaqdan çıxarmışdım. Amma dayım qızının ad gününə gedəcəyimi düşünüb evə qayıtmaq fikrindən daşındım.

Nəriman kişinin bədliyini elə dayanaqdaca hiss etdim. Avtobus yarım saat geçikdi. – Bu gün başıma bir bəla gəlməsə yaxşıdır – düşündüm.

Qonşuların bədniyabət adlandırdıqları Nəriman kişinin sifətindən böyük çətinliklə qurtulub saat 12:30-da metronun “20 Yanvar” stansiyasına yetişdim. Çünki, gecikdiyimdən şəhərdəki işlərimi təxirə salıb, bir başa ad gününə yollanmağı qərara aldım. Dayımgilin kəndinə isə avtobus “20 yanvar” stansiyasından gedirdi. Bu gənclik yaşımda bir şeyi dəqiq qət etmişəm. Həyatda xoş anlar dalbadal gəldiyi kimi bəd anlar da ard-arda gəlir. Tərslikdən burda da avtobusa gecikdim. Sonrakı maşınlardan biri camaatı yarı yolda düşürüb qaraja getmiş, digəri isə kənd camaatını ziyarətə aparmaq bəhanəsi ilə aradan çıxmışdı. Burada bir saatdan yuxarı yubandım. Vaxt da ki, maşallah şəlalə kimi sürətlə özünü uçurumdan aşağı tullayırdı.

Ayaqlarım da taqətdən düşmüşdü. Bir anlıq dincimi amaq istəsəm də fikrimdən daşındım. Oturacaqlar yaş idi. Yağış yağırdı. Bu azmış kimi səhərdən mülayim əsən Bakı xəzrisi artıq yavaş-yavaş bərkiyir, yağış dənələrini zərblə üzümə çırpırdı. Kəndə yolların palçıqlı olmasını təsəvvürümə gətirdikcə məni vahimə basırdı. Öz-özümə “Ay Allah, bu gün necə gün idi mən düşdüm” - dedim. Sonra da deyirlər ki, əlamətlərə inanma. İndi bir sehrli xalçanın arzusunda idim ki, ayaqlarım yerə dəymədən məni kəndə çatdıraydı.

Bir müddətdən sonra avtobus gəlib çatdı. Elə təzə yola düşmüşdüm ki, əl telefonum zəng çaldı. Yaxın dostlarımdan biri idi. Saat 4-də məni kitabının təqdimatına dəvət edirdi. Neyləyim, qayıdımmı? Bəs ad günü. Axı, dayımgilin ailəsi məndən inciyəcək. Dayımqızı nənəmin adını daşıyırdı. Onu hamımız çox istəyirdik. Elə bu düşüncələrlə də kəndə nə vaxt gəlib yetişdiyimi əsla hiss etmədim. Abşeronun şəhərə yaxın kəndlərindən sayılan bu kənd yaşılıqlarla bir o qədər əhatə olunmasa da dörd tərəfdən dağlarla çevrələnməsi özəlliklə də yaz aylarında kəndə xüsusi yaraşıq verir. Bir çatışmayan cəhəti vardı ki, hər yağışdan sonra yollar palçıq olardı. Kənd camaatı buna öyrəşsə də bu məni əməlli-başlı hövsələdən çıxarırdı.

Ad günündə çox qala bilmədim. Yaxın qohumlarımı gördüm, nənəmə baş çəkdim, dayım arvadının ləzzətindən doya bilmədiyim şirniyyatlarından daddım.

Tez-tez saatı gözdən keçirirdim. Vaxt elə bil təyyarə idi. Qanad açıb uçurdu.

Üst-başım palçıq olmuşdu. Palçığı da yaş təmizləyəndə bir az da yayılırdı. Qurumasını gözləmək lazım idi. Mənimsə vaxtım çox az idi. Artıq tədbirin də vaxtına az qalırdı. Bir müddətdən sonra qohumlarla vidalaşıb oranı tərk etdim.

Təsəvvürəgəlməz çətinliklərlə kəndi tərk etdim. Yolda başıma gələnləri oxuculara danışıb onları yormaq istəmədiyimdən (onsu da yormuşam) onları nəql etməkdən daşınıram. Artıq 16-ya 15 dəqiqə qalmışdı, mənə isə tədbirə hətta yarım saat tez gəlməyi tapşırmışdılar.

- Bəlkə, taksi ilə gedim – deyə düşündüm.

“20 yanvar” stansiyasının yaxınlığı da ki, maşallah, adama “bazar”ı xatırladırdı. Bağırtı, çığırtı və bir də ki maşınların siqnal səsləri adama danışmağa imkan vermirdi. Onlar durduqları yerin fərqinə varmadan qışqırırdılar:

-“Müşfiq”ə bir nəfər, “Hökməli kuruqu”na iki nəfər...

Taksi sürücülərinin müştəri çağırışı beynimə işləyirdi. Adam onlardan bir söz soruşmağına peşman olur. Mən bu olayın qabaqlar da tanığı olmuşdum.

Bir dəfə tanınmış idmançılardan biri ilə müsahibə götürmək üçün Sumqayıta gedirdim. Daha öncə telefonda şərtləşmişdik ki, saat 11-də Sumqayıtın “Göyərçin” parkında görüşək. Onda da avtobusa gecikdiyimdən taksi ilə getmək qərarına gəldim. İki manata danışıb maşına oturdum. Sürücüyə isə daha bir nəfər müştəri lazım idı. Az sonra yaşlı bir qadın bizə yaxınlaşdı. Cəmi bircə manat pulu olduğunu bildirdi. Sürücü biz onu tələsdirdiyimizdən əlacsız razı oldu. Taksi yerindən tərpənmək istəyirdi ki, cavan bir oğlan maşına yaxınlaşdı. Sürücü bir manat ödəmiş qoca qadını maşından düşürdü.

- Xala, biz Sumqayıta gedəsi olmadıq, arxadakı maşınlara yanaş - dedi.

Bilirsiniz bu, məndə necə ikrah oyatdı, amma hirsimi boğdum, danışmadım. İndi də belə hadisə ilə qarşılaşacağımdan və əsəblərimin tarıma çəkiləcəyindən qorxub taksi ilə getmək fikrindən daşındım. Tədbirə getmək fikrindən də əl çəkdim. Onsuz da çata bilməyəcəkdim. Üstəlik də üst-başım palçıq idi, bu kökdə ora necə gedə bilərdim. Metroya düşüb evə qayıtmağı qərara aldım.

Yolum “20 Yanvar” şəhidlərinin abidəsinin qarşısından keçirdi. Bir anlıq duruxdum və bu əzəmətli abidənin qarşısında dərin xəyala daldım. Axı bu gün yanvarın 18-i idi. Böyük faciənin ildönümünə sayılı günlər qalırdı. Bəlkə də bu gün başıma gələnlərin hamısı elə bunun üçün imiş. Bəs niyə mən bu abidənin qabağına bir təsadüf nəticəsində gəlməli idim?

Adətim üzrə “Fatiha” surəsini oxuyub, salavat çevirdim və yerin altına – metro stansiyasının içinə doğru irəlilədim.

İndi də metronu gözləyirdim. Bir neçə üzücü dəqiqədən sonra nəhayət qatarın gur projektoru uzaqdan tuneli işıqlandırdı.

Bu günkü uğursuz günümün və bir də abidənin qarşısında dayanarkən keçirdiyim hisslərin təsiri altında qatara daxil oldum.

Kəndə gedərkən metroda eşitdiyim sözləri xatırladım. “Qapılar bağlanır, növbəti stansiya “20 Yanvar”... Anadolular demiş, iştə, 20 yanvar...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG