Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:15

-

31 yanvar - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin doğum günüdür

«Rəsulzadə mənim üçün bir sevdadır, bu sevda bitməz-tükənməzdir». Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına Rəsulzadələr haqqında 3 əsərin, o cümlədən yenicə çapdan çıxmış «Uzaqdakı yaxınlar» kitabının müəllifi yazıçı-jurnalist Nəcibə Bağırzadə söylədi.

DAŞLANMA DÖVRÜ...

Onun sözlərinə görə, Rəsulzadə bütün həyatı və yaradıcılığı ilə bunu təsdiqləyib: «Rəsulzadəni sevmək üçün onun əsərlərini, sadəcə, oxumaq yetər. Rəsulzadəni tanıyan adam onu sevəcək. Birinci kitabı yazanda, mən də hamı kimi, Rəsulzadəni sevirdim. Radioda çalışdığım müddətdə Rəsulzadələr haqqında verilişlər hazırlayırdım. Aradan neçə illər keçdi. Haqqında daha çox öyrəndikcə, anladım ki, yox, bu, başlanğıcda yazdığım Rəsulzadə deyil. Rəsulzadə bir dəryadır. Yaxınlaşdıqca, orda qərq olursan... Məhəmməd Əmin Rəsulzadə aşiqdir. Onun ən böyük sevdası Azərbaycan olub. Bu sevdadan ötrü nələrdən keçməyib?!. Düşünürəm ki, Rəsulzadə seçilmişlərdən - Allahın Azərbaycana bir xilaskar kimi göndərdiyi insan idi. Bütün xilaskarların, peyğəmbərlərin taleyində bir daşlanma dövrü olur. Təəssüf ki, Rəsulzadənin taleyində bu daşlanma dövrü çox uzun çəkdi və bu daşlar onun özüylə bərabər, bütün doğmalarını yaraladı...».

«AXTARDIM VƏ...TAPDIM»

Nəcibə Bağırzadə son kitabında daşlananların hər birinin taleyini yazdığını deyir: «Birinci kitabda da doğmaların taleyindən yazmışdım. İndi daha mükəmməl yazdım. Arxivlərdə çalışdım. Bu vaxtadək mənə danışılan hər sözün, hər məlumatın arxivlərdə təsdiqini axtardım və tapdım».

«NOVXANI TÜRK YURDUDUR»

Nəcibə xanım arxivdə Rəsulzadələr haqqında olan ilk bilgilərdən danışdı: «Bilirsiniz ki, Rəsulzadələr köklü-köməcli Novxanıdandırlar. Novxanı 7 arxa dönəniylə türk yurdudur. Onu Siyan kəndinin yerində salıblar. Təmiz türkdürlər. Onlar haqqında ilk məlumat Hacı Məmmədrəsul kişiylə başlayır. Hacı Məmmədrəsulun 3 övladı olub: Ələkbər, Əbdüləziz və Dostuxanım. Ələkbər Məhəmməd Əmin bəyin atasıdır. Əbdüləziz tanınmış rəssam Oqtay Sadıqzadənin babasıdır. Dostuxanım isə çox gənc yaşlarında dünyasını dəyişdiyindən, onun haqqında yalnız bircə yerdə məlumat verilib».

«NOVXANI MƏSCİDİ DAĞILIR»

Kitabin müəllifi tez-tez Novxanıya baş çəkdiyini bildirdi: «Bilirsiniz ki, Məhəmməd Əmin bəyin atası Novxanı məscidinin axundu olub. Hər dəfə gedəndə, o məscidin get-gedə daha çox dağıldığını görürəm... Ora tarixi bir yerdir. Çox arzu edirəm ki, Mədəniyyət Nazirliyi oranı xüsusi qeydiyyata götürüb bərpa etsin».

Nəcibə Bağırzadə

Nəcibə Bağırzadə

TARİXƏ TOXUNUŞ...

Nəcibə xanım arxivdə tapdığı sənədlərdən də söz açdı: «1897-ci ildə Bakı quberniyası şiə məscidinin verdiyi sənədə əsasən, Axund Hacı Ələkbər Hacı Pirverdi məscidinin axundu təyin edilib. Sən demə, Axund Pirverdi məscidi Novxanı məscidi deyilmiş, bu məscid Bakıda yerləşirmiş... Bakıda axtarıb o məscidi də tapdım. Ora indi başqa adla fəaliyyətdədir, amma tarixi sənədlərdə Hacı Pirverdi məscidi kimi tanıdılır. Mən arxivdən Axund Hacı Ələkbərin ovaxtdanqalma əlyazmalarını tapdım. Bu, məndən ötrü çox maraqlı bir məqam - sanki tarixə toxunmaq idi. Bu sənədləri araşdırarkən, Axund Hacı Ələkbərin qardaşı Molla Əbdüləzizin imzasına da rast gəldim (Molla Əbdüləziz Məhəmməd Əli Rəsulzadənin atası olub. Məhəmməd Əli bəy Əmin bəylə birlikdə siyasi fəaliyyət göstərib və o da Türkiyəyəmühacirət edib - S.İ.). 1915-ci ildə Məhəmməd Əli Rəsulzadəni siyasi fəaliyyətinə görə polis həbs edir və atası - Molla Əbdüləziz gedib bir izahat yazır ki, hadisə baş verən vaxt oğlu evdə olub... Və bir də, arxivdə Axund Hacı Ələkbərin qızı Şəhrəbanu xanımla bağlı qeydə rast gəldim. Yazılıb ki, Axund Zal qızı Ziynətlə evlidir və iki övladı var. Qızı Şəhrəbanu xanım 1880-ci il avqustun 9-da anadan olub, oğlu Məhəmməd Əmin 1884-cü il yanvarın 31-də...».

RƏSUL RƏSULZADƏ...

Nəcibə xanım Məhəmməd Əmin bəyin oğlu Rəsulla bağlı da maraqlı məqamlara toxundu: «Bilirsiniz ki, onu 19 yaşında güllələyiblər və ondan heç bir şey qalmayıb. Amma içimdə bir inam vardı ki, onunla bağlı nə isə tapacağam. Doğrudan da tapdım... Rəsulun Səyyarəyə yazdığı bir məktubu tapdım. Səyyarə Seyid Hüseynin bacısı qızı idi (Seyid Hüseyn güllələnəndən və həyat yoldaşı şairə Umgülsüm - Əmin bəyin əmisi qızı - sürgünə göndəriləndən sonra onların uşaqlarına Səyyarə xanım baxıb - S.İ.). Səyyarənin bir şeir dəftəri olub və onu oxumağa Rəsula verib. Necə olubsa, Azər, Xalidə bu şeir dəftərini cırıblar. Rəsul bundan çox təsirlənib və Səyyarəyə bir üzrxahlıq məktubu yazıb – ağrılı-sancılı bir məktub. Fikirləşirsən ki, nə qədər gözəl tərbiyə almış bir cavandır. Bu məktub Rəsulun kimliyini ortaya qoyur».

RƏSULUN SEVGİSİ... RƏSUL&KÜBRA

Nəcibə Bağırzadə Rəsuldan yadigar qalan ikinci ağrılı məqama da toxundu: «Sən demə, Rəsul Şəhrəbanu xanımın qızı Kübranı sevirmiş... Mən Kübra xanımın qızıyla görüşəndə bir məqam məni çox ağrıtdı və təsirləndirdi. O qızın qarşıma tökdüyü sənədlərin arasından bir saralmış kağız çıxdı. Dedim, bu nədir? Dedi, anam kitabxanada işləyirdi, yəqin kitablarla bağlı xatırlatmadır. Dedim yox, bu, başqa bir şeydir. Bu, şeirdir. Kağızın küncündə «Qəlbimin yadigarı» yazılmışdı. Kübra xanımın qızı çox heyrətləndi. İkimiz bir yerdə o qədər təsirləndik ki, göz yaşlarımızı saxlaya bilmədik...

Əhvalat belə olub: Rəsulun ölümündən sonra Kübra ailə qurub və uzun bir ömür yaşayıb. Ölümündən az əvvəl övladlarını, nəvələrini, gəlinlərini yanına toplayaraq, Rəsulun ona yazdığı şeiri əzbərdən söyləyib. Bu qadın bütün həyatı boyunca Rəsulu sevib. İnsan ölüm ayağında ancaq ona doğma-əziz olanları xatırlayar. Kübrada Rəsulu xatırlayıb. O bu şeiri elə-belə saxlaya bilməzdi. Qorxub ki, günlərin birində yaddaşından silinər, şeirdəki hər misranın ilk hərfini yazıb saxlayıb... Şeirlə hərfləri tutuşdurduq, eyni çıxdı...».

RƏSUL VƏ MÜŞFİQ

Nəcibə xanım Rəsulun Kübraya danışdığı bir epizodu da xatırlatdı: «Kübraya deyirmiş ki, mənim bir dostum var, şairdir, gözəl şeirlər yazır, bir qızı sevirdi, onunla evlənib. Mən düşünürəm ki, o adam Mikayıl Müşfiqmiş. Deyilənə görə, Rəsul Müşfiqi çox sevirmiş. Təəssüf ki, hər ikisinin taleyi faciəli oldu. Amma Rəsul sevdiyinə heç qovuşmadı...».

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Nəcibə Bağırzadə

M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə və Nəcibə Bağırzadə

OQTAY SADIQZADƏ - SOYUQ QIŞDA UZAQ YAY XATİRƏLƏRİ

Nəcibə Bağırzadə ötən ilin dekabrında 94 yaşında dünyadan köçmüş tanınmış rəssam Oqtay Sadıqzadə ilə son görüşündən də danışdı: «Əvvəlki kitabları yazanda da, Oqtay müəllimlə görüşürdüm. Sonuncu dəfə ölümündən bir az əvvəl getdim yanına. Qalxa bilmirdi. Onda dedi ki, tez-tez atamı (Seyid Hüseyni - S.İ.), anamı (Umgülsümü - S.İ.) yuxuda görürəm... Qəribədir ki, Rəsulu da xatırladı. Yaddaşı zəifləmişdi, amma Rəsulu xatırladı. Özü də, sanki 3 il, 5 il əvvəlki kimi... Dedi, onu atamla bir gündə apardılar. Biz dəniz sahilindəydik. İki nəfər gəldi Rəsula dedi ki, anan çağırır. Onu maşına mindirib apardılar. Biz qayıtdıq Mərdəkandakı bağımıza - Rəsulun aparıldığını xəbər verməyə. Gəldik ki, atamı da aparıblar. İkisini də güllələdilər».

SEYİD HÜSEYN HEÇ KƏSİ SATMAYIB

Oqtay Sadıqzadə atasının bir neçə güllələnmə tarixi olduğunu bildirib: «Onu güllələyib, sonradansənədləşdiriblər. Dövlət Təhlükəsizlik Komitəsində bəraət kağızını Oqtay müəllimə verəndə, deyiblər ki, Seyid Hüseyn heç kəsi satmadı, heç kəsin üzünə durmadı və heç nəyə qol çəkmədi. Bax, belə ailə olub onlar. Düşünürəm ki, onlardan yazmağa dəyər».

NOVXANIDAKI BAĞÇA HACI MƏMMƏD RƏSULUN OLUB

Verilişin bələdçisi indi Novxanıda bağça olan məkanın Məhəmməd Əmin bəyin babasının olduğunu bildirdi: «Bunu arxiv sənədlərinə əsaslanıb deyirəm. Bir də, «Nizami» metrosunun yerində onun mülkü olub - keçmiş Spasski,155 ünvanında. Bütün ailə orada yaşayırmış. Oqtay müəllim deyirdi ki, çarhovuzlu, armud ağaclı həyəti vardı. Əmin bəyin analığı Maral xanımı da xatırlayırdı. Bilirsiniz ki, Rəsulzadənin anası Zal qızı Ziynət gənc yaşlarında dünyasını dəyişib və Axund Hacı Ələkbər Maral xanımla evlənib. Oqtay müəllim deyirdi ki, mən uzun illər onun analıq olduğunu bilməmişəm. Çünki uşaqlar ona çox oxşayırdı. Maral xanım oxumuş qadınmış. Deyir, xalçalarla döşənmiş ayrıca otağı və orada çoxlu kitabları vardı. Maral xanım gözəl, bahalı libaslar geyərmiş - uzun, başı örtüklü... Kərbəla səfərindən bizə papaqlar gətirmişdi. Deyir, Maral xanımın bütün ərzağı Novxanıdan gələrdi. O, Bakıdan heç nə alıb yeməzmiş. Təsəvvür edin ki, belə bir qadın sürgündə acından öldü... Kitabda həmin sənədi də tapıb vermişəm».

ƏMİN BƏYİN ƏMİSİ «FÜZULİ» OLUBMUŞ

Nəcibə xanım bir maraqlı fakta da toxundu: «Oqtay müəllim danışırdı ki, o vaxtlar Azərbaycanda bir türk rəssam vardı. Füzulinin rəsmini çəkmək istəyirdi. Oqtay müəllimin babası Molla Əbdüləzizin nurani görkəmi onun çox xoşuna gəlib və onun Füzuli obrazında rəsmini çəkib. Oqtay müəllim deyir, həmin rəsmin açıqcaları da buraxılmışdı. Həmin açıqcalardan bizim evdə də vardı».

ƏMİN BƏYİN QIZLARI VƏ NƏVƏLƏRİ

Nəcibə Bağırzadə o dövrün acı gerçəklərini belə dilə gətirdi: «Bilirsiniz ki, Lətifə xanımın (Məhəmməd Əmin bəyin qızı - S.İ) yeganə sağ qalan qızı Füruzə də dünyasını dəyişdi. Mən onların yaşadığı evi də tapdım. Bəraət kağızında ünvanları yazılmışdı. Onların taleyi də kədərli olub. Lətifə xanımın ərini güllələyiblər. Sürgünə gedərkən, kiçik qızı Sona xəstə olduğu üçün burda qalıb. O, uşaq evlərindən birinə verilib və sonralar ondan heç bir xəbər çıxmayıb. O biri qızı İşvə özüylə bərabər sürgündə donub ölüb. Təkcə Füruzə xanım sağ qalıb. Meyitlərə bir həftə yaxın duran olmayıb. Dəhşətə baxın, sürgündəkilər belə onları dəfn eləməyə qorxublar. Füruzə xanım danışırdı ki, Rəsulzadəyə görə sürgün olunduğumuzdan, bizdən qorxur, heç salam vermək istəmirdilər. Məhəmməd Əli Rəsulzadənin nəvəsi Mürəstə xanım mənə deyirdi ki, sürgündən qayıdandan sonra da, bizi adam yerinə qoymaz, qonşular salam verib-almazdılar. Stalinin ölümündən sonra kimsə salamımızı alanda, biz çox sevinirdik. Sevinirdik ki, bizi adam yerinə qoyurlar. Görün, insanları nə qədər sındırıblarmış. Bu da elə sürgün idi - Azərbaycanda da onlar sürgündəki kimi yaşayıblar...».

VƏ ÇIĞATAYIN ANONSA ÇIXARDIĞIMIZ MƏKTUBU...

Nəcibə xanım Oqtay müəllimin kiçik qardaşı Çığatayın sürgündə olan anası Ümbülbanuya yazdığı məktubdan da danışdı: «Anasına məktub yazır. Bakı ləhcəsiylə.

«Əziz Memə!

Bu gün səni yuxuda gördüm. Gördüm ki, qayıtmısan. Bəs nə vaxt gəlib çıxacaqsan?

Biz sənin azad olunmağın üçün neçə ərizə yazmışıq. Amma dəqiq cavab yoxdur. Hamımız yolunu gözləyirik. Sənin üçün bəzi şeylər də almışıq. Kəlağayı, paltarlıq parça, yenə də alacağıq...

Çığatay».

Bax, bu kitab yalnız yuxularda bir-birini görən, yuxularda qucaqlaşan, yuxularda qovuşanların həyat hekayəsidir. Arxiv sənədlərini araşdırdıqca o qədər təsirlənirdim ki!.. Neçə dəfə heç yazmamağı ağlımdan keçirdim. Düşünürdüm ki, əgər o adamlara biz heç nəyi qaytara bilməyəcəyiksə, bütün bunları yazmağa nə gərək var? Amma sonra vaz keçdim o düşüncələrdən».

YUXULARDA QOVUŞANLAR GERÇƏKLİKDƏ QOVUŞDULAR...

Nəcibə Bağırzadə kitabın təqdimatından da danışdı: «Mən indi Yazıçılar Birliyində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində işləyirəm. Kitabın ilk təqdimatı da orda oldu. Bir haşiyə çıxım: 1935-ci ildə Səyyarənin xatirə dəftərinə Azər bir yazı yazıb və şəkil çəkib. Şəkildə dəniz sahilində gözəl bir ev təsvir olunub. Bu şəkli çəkəndə Azərin 15 yaşı vardı. Hələ 37-ci il qabaqda, ancaq atası Məmməd Əmin bəy mühacirətdədir. Və mən o şəkli görəndə düşündüm ki, o nəsildən olan hər kəsin yaddaşında, ürəyində belə bir ev varmış. Günlərin birində doğmaların yığışacaqları bir ev. Təəssüf ki, bu evdə yaşamaq onlara qismət olmadı. Amma Anar müəllim kitaba ön söz yazdı və üstəlik, Natəvan klubunda yox, öz otağında bir təqdimat keçirdi. Sürgündə dünyasını dəyişmiş, güllələnmiş insanların sağ qalan nəvələrini bir yerə topladı. Mənə elə gəldi ki, həmin gün Anar müəllimin otağı Azərin rəsmindəki dəniz qırağındakı güllü-çiçəkli ev idi. Rəsulzadələr həmin gün orda qovuşdular...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG