Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

-

Sevinc Elsevər

Ən böyük arzusu odur ki, evi olsun

Bu gün Binəqədidə baş verən yanğında həyatını itirən dörd körpənin ölümündən bir ay ötür. Tiflisdə baş verən sel fəlakətindənsə cəmi beş gün....

Binəqədidə baş verən yanğın zamanı Tanrı Tiflisə yağdırdığı yağışın yarısının yarısını Bakıya göndərsəydi, o binada başlayan yanğın sönəcəkdi. O çocuqlar ölməyəcəkdi.

FHN-nin vertolyotlarına gərək olmayacaqdı. Yanan binanın üzərinə tökməkdənsə, suyu kənarda dayanıb təşvişlə gözləyən, ciyəri alışıb yanan camaatın üstünə boşaldan pilotu da qınamayacaqdıq. Tanrının şəhərimizi sevdiyinə inanacaqdıq.

Amma yanğınlar küləklə dostdu, yağışla yox. Yanğınlar çıxanda köməyə külək gəlir, yağış yox... Elə ATV kanalının teleaparıcısı da təsadüfən bu yanğını küləkdi, gəldi keçdi deyə, şərh eləməmişdi. Dediklərində bir az da həqiqət payı varmış o xanımın. Biz faciələri də, sevincləri də film kimi izləyirik.

Olimpiya oyunlarının açılış günü Günel adlı Feysbuk istifadəçisinin yazdığı bir status məni ağlatdı. Həmin status belə idi:

"Açılışı canli izlədim. Her şey möhtəşəmdi. Nizami Gəncəvi temasindan tutmuş Qobustan qaya rəsmləri və hətta Leydi Qaqanin məharətli cıxışı... Bircə himn oxunanda 19 may günü yanğında həlak olmuş 2 yaşlı Ayxanın gitarada ifa edə-edə "Aderbayqan” dediyi video bunların bizə necə baha başa gəldiyini yadıma saldı”.

Məhərrəmov Fərəh Elnur qızı (3 yaş)

Kərimova Ayan Anar qızı (5 yaş)

Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq)

Hüseynov Ayxan Şahin oğlu (2 yaş)

Bu siyahıda gənc yazıçı Mövlud Mövludla jurnalist Sevinc Fədainin 40 günlük körpəsi Ucal da ola bilərdi. Əgər Sevinc yanğın başlayan andan ta xilas edilincəyə qədər mətanətini qoruyub saxlamasaydı, Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsinin qəhrəmanı olan ana kimi fədakarcasına balasını qorumaq üçün əlindən gələni eləməsəydi.

Hər iki tərəfdən yanan, qara tüstünün hücum çəkdiyi dar bir otağa sıxışıb qalaraq, yaş əskiylə və suyla qorunmuşdular. Sevinc Fədai adını özünə görəsən niyə təxəllüs seçmişdi? Adların üzərimizdə əlbəttə, böyük təsiri var. Adlarımızın enerjisi bizi idarə edir.

Diqqətimi çəkən başqa məqamsa Sevincin yanğın hadisəsindən cəmi 10 gün qabaq Nazim Hikmətin bu şeirini öz profilində paylaşması idi:

Qapıları döyən mənəm

Axşam-səhər, axşam-səhər

Gözünüzə görünmərəm,

Gözə görünməz ölülər.

Xerosimoda öldüm mən,

O zamandan keçir on il.

Yeddi yaşlı bir qız idim,

Ölülər böyüyən deyil.

Əvvəl saçım alovlandı

Gözlərim yandı, qovurldu.

Döndüm bircə ovuc külə

Külüm havaya sovruldu.

Özüm üçün sizdən əsla

Bir təmənnam olmayacaq

Şirni belə yeyə bilməz

Kağız kimi yanan uşaq

Qapınızı döyürəm mən

Xala, əmi, bir imza ver.

Uşaqlar öldürülməsin,

Şəkər də yeyə bilsinlər.

Mövludla Sevincin qələm dostları Feysbukda bir kampaniya başlatmışdı. Tələbləri o idi ki, Sevincin fədakarlığı mükafatlandırılsın.

Körpəsi ilə kirayələrdə yaşayan bir gənc ananın ən böyük arzusu odur ki, evi olsun. Ucal bala heç kimə ölüm arzulamır. Yanğında həyatını itirən o dörd körpə də yuxarıdakı şeirin qəhrəmanı yeddi yaşlı qız kimi heç kimin ölməsini istəmirlər.

Ucalın ən böyük arzusu içində şar-xürrəm böyüyəcəyi, divarlarına günəş, ay çəkəcəyi, “Ev sahibəsi gələr, dalaşar, etmə, eləmə” sözünü eşitməyəcəyi, əşyalarına, divarlarına qorxmadan toxuna biləcəyi bir evdə yaşamaqdı. Bir də Ucalın arzusu odur ki, bütün uşaqlar xoşbəxt evlərdə xoşbəxt yaşasınlar. Şəkər də yeyə bilsinlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG