Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

-

“Tbilisi zooparkının direktoru mənə zəng edib deyir ki, eşitmişik, pinqvin siz tərəfə üzüb, tutmusunuz?

Deyirəm, vallah-billah, görməmişik, elə siz gəlmişkən, müraciət edirəm ki, kim pinqivini görübsə, bizə xəbər versin”.

Bakı zooparkının direktoru Azər Hüseynov belə deyir və əlavə edir ki, Tbilisidəki həmkarı pinqvinin Qırmızı Körpüyə - Gürcüstanın Azərbaycanla sərhədinədək üzdüyünü eşidincə dayanmayıb, sərhədə gəlib... Ancaq hər yeri ələk-vələk eləsələr də, onu tapmayıblar.

Tbilisidəki daşqınlardan sonra Bakı zooparkı orayla əlaqə saxlayıb: “Hadisədən xəbər tutan kimi, zəng elədim Tbilisi zooparkının rəhbərliyinə, amma heç kim telefona cavab vermədi. Yalnız ertəsi gün danışa bildim. Dedim ki, bilirəm, indi zooparkda vəziyyət yaxşı deyil... Qəfəsləriniz dağılıb, heyvanxananı müvəqqəti bizim zooparka köçürə bilərsiniz”.

Azər Hüseynovun sözlərinə görə, o, dəvətini Gürcüstana çatdırıb, di gəl, bunun reallaşması ondan asılı deyil. Axı hər iki zoopark dövlətə məxsusdur və bircə heyvanın da yerini özbaşına dəyişdirmək mümkün deyil.

“8-10 ballıq zəlzələ olsa neyləyərik, bilmirəm”

Deyirlər şər deməsən, xeyir gəlməz. İşdir-şayət, Tbilisi daşqınları kimi bir təbii fəlakət baş versə, Bakı zooparkının hansı ehtiyat planı var?

Azər Hüseynov

Azər Hüseynov

Azər Hüseynov deyir, Bakı zooparkının daşqınla üzləşmək təhlükəsi yoxdur, çünki zoopark dəniz səviyyəsindən də yüksəkdə yerləşir: “Biz qəfəsləri düzəldəndə tikinti şərtlərinə, qəfəsin möhkəmliyi ilə bağlı qaydalara əməl edirik. Yəni zooparkdan heyvanın qaçması mümkün deyil. Amma allah eləməsin, bir zəlzələ olsa, neyləyərik? - bax onu bilmirəm. 8-10 ballıq zəlzələyə binalar davam gətirməz. Tbilisiyə gəlincə, orada zooparkın yanından çay keçir, yırtıcı heyvanlar da aşağıda - dərədə olduqlarından su basıb onları. Yalnız dağdakı heyvanlar salamat qalıb”.

Direktoru iş başında yaxalamışdıq: pələngə qəfəs düzəldirdilər. Əvvəlkiylə müqayisədə yenisi lap "villa"ya bənzəyirdi. Amma pələngi yolun o tayından bəri gətirməliydilər, axı. “Onu buraya necə gətirəcəksiniz?” – deyə soruşanda Azər Hüseynov zarafatından qalmır: “Qulağından tutub çəkəcəyik bu qəfəsə”. Düzdür, o dəqiqə də ciddiləşir və əlavə edir və: “Yırtıcı heyvanlar zarafatı sevmir. Uyğun qurğular var,” -deyir.

Tbilisi zooparkından qaçan heyvanları sadalayanda, sayları da diqqət çəkmişdi: 6 pələng, 6 şir, 13 canavar, 7 ayı, üstəlik, begemot və pinqvin.

Begomot və pinqvinsiz Bakı zooparkı

Azər Hüseynov deyir, Tbilisi zooparkı 12, Bakıdakı heyvanxana 2 hektar ərazidə yerlşir. Sahə 6 dəfə az olsa da, bu 2 hektar ərazidəki yırtıcıların sayı az deyil - 5 aslan, 5 ayı, pələng, yaquar, bəbir, bir Nil timsahı Bakı zooparkının bəzəyidir: “Uşaqlara oyun guşəsi hazirlayırıq. Bir aya istifadəyə veriləcək. İstəyirik uşaqlar balaca yaşlarından canlı aləmi yaxşı öyrənsinlər, dovşanla, keçi balalarıyla ünsiyyətləri olsun və xətasız-bəlasız, heyvanlarla oynasınlar”.

Begemotu, pinqvini olmasa da, adı “Qırmızı kitab”a düşən Orta Asiya tısbağaları Bakı zooparkında saylarını artırıb. Elə tülkü və porsuq da: “Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik ki, artırdığımız heyvanları təbiətə buraxaq. Indi bunun yerləri müəyyənləşdirirlər”.

Tbilisi zooparkından Bakıya yaquar gətirilib. Həmin heyvan yuvasından çıxmasa da, onu seyr edə bildik. Üstəlik, oynaqlaşan ayılara, özünü günə verən aslanlara da doyunca baxdıq. Bir tülkü balası da, ağzındakı ət tikəsi, öz balaca qəfəsində fır-fır fırlanır, oynamaqdan yorulmurdu. Elə bil, “bacarırsansa, gəl bu tikəni əlimdən al!”- deyirdi...

Yeri gəlmişkən, bakılı kenqurularımız da var. Xaricdən gətirilən kenqurular balalayıb.

Zooparkdakı pis qoxunun səbəbi

Bir şey adamın qanını qaraldır - zooparkdakı qəfəslərin yanından keçəndə adam pis qoxudan diksinir. Direktor deyir, meymunu gündə 5 dəfə də çimizdirsən də, ondan meymun iyi gələcək. Əlbəttə, heyvandan özünəməxsus iy gəlməsi təbiidir, ancaq sən demə, başqa səbəb də varmış - Azər Hüseynovun sözlərinə görə, yer darlığından qəfəsləri yaxın yerləşdirməyə məcbur qalırlar. Bu isə ətrafa yayılan pis qoxunu kəskinləşdirir...

Zooparka nəvəsini gəzdirməyə gətirən Fəxrəddin Quliyev heyvanların təbii şəraitdə saxlanmasını istəyir: “Mən başqa ölkələrin də zooparklarında olmuşam. Bakı zooparkına kasıb deməzdim, amma yeri geniş olsaydı, heyvanlar təbii şəraitdə yaşayar, heç qəfəsdə saxlandıqlarını da hiss etməzdilər”.

Zooparkın daha geniş əraziyə köçürülməsi vaxtaşırı medianın da gündəminə gəlir. Direktor bu barədə heç nə bilmədiyini söyləyir: “Bu söhbətlərlə əlimizi-qolumuzu işdən soyuda bilmərik, hələ çox yenilik edəcəyik!”. Deyir və yenilikləri gözləməyimizi istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG