Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:13

-

Nərmin Kamal

HƏYATIN BELƏ İŞLƏRİ

"Nə qədər xoşbəxt adamsan, Nərmin,

üç qurtum içən kimi beynin dumanlanır.

Biz indi sərxoş olmaq üçün

gərək nə qədər içək.”

S.B.

Bəzi hadisələr, şeirlər, şəkillər də insanı içki kimi sərxoş edə bilir, məcazi mənada yox, elə doğrudan.

Beynin eynilə şərab, pivə içəndə dumanlandığı kimi dumanlanır, başın yüngülcə fırlanır, xəfif, xoş, qüssəli.

Belə hadisələrdən biri gəldi bu yaxınlarda başıma. Əvvəlcə sakitlik idi.

Mən adətim üzrə evdən çıxıb dar, yanları hasarlı yola təzə addım atmışdım. İrəlidə iki qadınla bir uşaq gedirdi.

Onları görməyimlə türk dilində gedən bu söhbəti eşitməyim bir oldu.

“Bizde hovuz yok!” - qadının səsi hasarlı yolda top zərbəsi kimi səs çıxardı, “Yok bizde hovuz!”

- Ama ben sizde yüzdüm! Sizin evde hovuz vardı. Ben hovuzda yüzdüm! – 5-6, bəlkə də 7 yaşlarındakı uşağı yalnız arxadan görürdüm.

- Anlatsana ya! – bayaqdan susan qadın, deyəsən, uşağın anasıydı, o biri qadını daha ötkəm danışmağa çağırırdı.

- Yavrum, bizde hovuz yok ki! Hiç olmadı.

Bu qədər. Hasarlı yolu tamamladılar, maşın yoluna çıxan kimi sağa buruldular.

Bu söhbət həmin gün lap çox, amma sonrakı günlərdə də xeyli dumanlandırdı beynimi, spirtli içkilərin kefləndirə bildiyi qədər sərxoş edə bildi.

Sənin uşaqlıq xatirən elə uşaq ikən yalan çıxa! False memory! Xəyalın uydurubsa belə, bir gör nə uydura. Bu qadın balaca, birhamamlı evdə yaşayır. Amma sən onun evində üzmüsən!

***

İncəsənətin kefləndirmə gücü hamıya təsir edir. Mən sadəcə öz sevimli “içkilərim”dən danışıram burda. Onlardan biri bu gördüyünüz möhtəşəm rəsm əsəridir.

Rəsmin adı belədir: “Gündüz heç vaxt gecənin ayağına verilməz. Amma bir ürək sınıb!” Bəlkə siz daha yaxşı tərcümə edərdiniz: "Never morning wore to evening. But some heart did break" (davamı aşağıda)

Bunu Birmingham İncəsənət Muzeyində gəzəndə görmüşdüm. Ac idim, yorğun idim, ayaqqabım ayağımı vururdu, 19-cu əsrin bir-birinə bənzəyən rəsmlərinə ötəri göz atıb keçirdim.

Görən kimi yerə mıxlandım. Həmin o hal təkrarlandı. Beynim eyni cür xumarlandı. İçmədən içmiş kimi oldum. Rəssam Walter Lanqley yazılmışdı altındakı lövhədə.

Muzeyin dükanından dərhal o rəsmin surəti açıqcasını almağımsa restoranda bəyəndiyin şərabdan bir az da bağlatdırmaq, takeaway etdirmək kimi idi.

Bu gənc qadın nə üçün ağlayır? Bu qoca qadın onun bilmədiyi nəyi bilir? Qoca nə desin ki, gənc qadın ovunsun? Ağlama, o mənim də saçımı yolmuşdu. Bu gənc qadın nə üçün ağlayır? Ağlına hansı səbəbin gəlməsi sənin nə dərəcədə korlandığını göstərə bilər.

Nə ehtiyac var spirtə, bilmirəm. Həyatın belə işləri var ikən.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG