Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:55

“Kubunka”ya sığınan bir ailə hələ də gözləməkdədir


Arxiv fotosu
Arxiv fotosu

-

“Evin dağıldı,ya da ki, həyatın… Heç fərqi yoxdur. 5 ildir ki, pərən-pərən düşmüşük. 9 nəfərdən ibarət ailəmizin bir hissəsi Bakının “Kubinka” kimi tanınan məhəlləsində bir daxmaya yığışıb. 4 nəfərsə Sabirabadda qohum-qonşu qoltuğunda qalır”.

Sabirabadın Ulucalı kənd sakini Əlibala Şükürov onu və ailəsini Bakıya gətirən səbəblərdən danışır. Deyir, 5 il əvvəl çay daşqını nəticəsində rayonun bir neçə kəndi kimi onların da kəndinə sel gəlib. Bir çox evləri yuyub aparıb, bir çox evlərə ciddi zərər vurub. Zərər dəyən evlərdən biri də Şükürovların olub.

AİLƏ PƏRƏN-PƏRƏN DÜŞÜB

O gün -bu gün, Şükürovlara rahat həyat yoxdur. 9 nəfər üzvü olan ailə küçələrdədir. Bir neçə ailə üzvü rayondakı qohum evinə sığınıb, bir neçəsi Bakıda kirayə tutduqları evdə qalır.​

"Evimə baxış keçirdib 6 min manat pul verdilər. O məbləğlə dağılmış evi əvvəlki vəziyyətə gətirmək mümkün deyildi. Pul da 5 ildə kirayələrə getdi. Hələ də "Kubinka"da kirayədə qalıram".

Şükürov deyir, 5 ildə dəfələrlə məmur qəbullarında olub. Amma:

"Axırda bir general da qəbul eləyib dinlədi məni. Zəng vurub tapşırdı ki, bu kişinin evini düzəldin. Ondan sonra gəldim Sabirabadın icra hakimiyyətinə. Həmin vaxt Zaqatalada təbii fəlakət oldu, mənim problemim yenə kənarda qaldı".

Sabirabad rayon İcra Hakimiyyətindən bildiriblər ki, Şükürovlara kompensasiya ödənilib. Əgər ailə kompensasiyanı təyinatı üzrə xərcləməyibsə, bu, qurumun günahı deyil.

NƏ ETMƏLİ?...

Əlibala Şükürov da icra hakimiyyətindən eyni məzmunda cavab aldğını deyir.

"Bəs indi biz neyləyək? Ev şəraitsiz, təmirsiz vəziyyətdədir. Divarlar partlayıb. Bütün evlər düzəldilib, bircə bizim evimizdən başqa".

Ailə başçısının istəyi ailəsini ətrafına toplayıb qayğısız həyatını geri qaytarmaqdır.

2010-cu ildə daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. 2012-ci ildə prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.

XS
SM
MD
LG