Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:24

Bir milyard dollarlıq orta təhsilin 60-70 faizlik «zay məhsulları»


Qazaxda məktəb.

Qazaxda məktəb.

-

11-ci sinif şagirdlərinin göstəricilərinin 9-cu sinif şagirdləri ilə müqayisədə yüksək olmasının səbəbi heç də yuxarı siniflərdə təhsilin keyfiyyətinin yaxşı olması ilə deyil, şagirdlərin orta məktəbin son iki sinfində fərdi hazırlıq üçün müəllim yanına getmələri ilə izah oluna bilər.

Bunu «Meydan TV» iqtisadçı Qubad İbadoğluna istinadən yazır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı son məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 min 827 nəfər 9-cu sinif şagirdinin 6 min 664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7 min 913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə «2» qiyməti alıb. 11-ci siniflər arasında da «2» alanların sayı çoxdur.

Qubad İbadoğlu bildirir ki, 9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənlər üzrə buraxılış imtahanından aldıqları «2» və «3» qiymətləri ciddi narahatlıq yaradır: «Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi «zay məhsul»dur. Bu isə o deməkdir ki, iqtisadiyyatın və idarəetmənin kadr potensialının yeniləşməsi əmsalı getdikcə aşağı düşəcək. Eyni zamanda hər il on minlərlə yeni iş axtaranlar orta savadları ilə əmək bazarına daxil olacaqlar. Beləliklə də, iqtisadiyyatda həm kadr hazırlığında və həm də məşğulluq sahəsində çətinliklər artacaq».

AŞ PA-DAN ŞOK QƏRAR: HAKİMLƏRİMİZ GERİ GÖNDƏRİLDİ

«Avropa Məhkəməsinə Azərbaycandan hakimliyə irəli sürülən üç namizəd «kifayət qədər yaxşı təcrübəyə malik olmadığından» qəbul edilməyib».

Avropa Məhkəməsi

Avropa Məhkəməsi

Bunu «Yeni Müsavat» qəzeti 17 iyun tarixli sayında yazır. Qəzet bildirir ki, irəli sürülən namizədlər - Avropa Məhkəməsində Azərbaycan hökumətinin nümayəndəsi Çingiz Əsgərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayeva və 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışova Avropa Şurası İnsan Haqları Məhkəməsi üçün uyğun namizəd hesab olunmayıblar. Məhkəmə-Hüquq Şurası Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi üçün namizədlərin irəli sürülməsinə sentyabrın 26-da start verib. Oktyabrın 15-də namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Hazırda Məhkəmə-Hüquq Şurası namizədlərin sayını və kimliyini dəqiqləşdirir».

1973-cü il təvəllüdlü Çingiz Əsgərov Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri və 2003-cü ildən Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsində daimi nümayəndəsidir.

Azərbaycanın Avropa Məhkəməsindəki hazırkı hakimi Xanlar Hacıyevin səlahiyyət müddəti 2015-ci ilin oktyabrın 31-da başa çatır.

Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi vəzifəsində 2003-cü ildən çalışır. 2008-ci ildə o, yenidən bu vəzifəyə seçilib.

«BƏLƏDİYYƏNİN BÜDCƏSİ BİR AİLƏNİN AYLIQ QAZANCI QƏDƏRDİR»

«Bələdiyyə barədə söhbət düşəndə əhalidə ilk reaksiya belə olur ki, bu qurum lazımsızdır və onları ləğv etmək lazımdır», - «Bizim yol» 17 iyun tarixli sayında yazır. «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, faktiki olaraq bələdiyyələr lazımsız qurum səviyyəsinə endirilib və cəmiyyətdə düşünülmüş şəkildə onlar barədə neqativ fikir formalaşdırılıb:

Qubada bələdiyyə binası - 2013

Qubada bələdiyyə binası - 2013

«Bunda bələdiyyələrin də xidməti az deyil. Onlar arasında qanunsuz hərəkətlər edənlər də var. Ancaq əsas səbəb bu deyil. Əsas səbəb odur ki, bələdiyyələrin nə zəruri səlahiyyəti var, nə də lazımi maliyyəsi. Heç statusu da bəlli deyil. Prezidentin də dediyi kimi, onlar icra hakimiyyəti orqanlarının filialı funksiyasını daşıyır. Axı bələdiyyələrin bu vəziyyətə düşməsində mərkəzi hakimiyyətin də payı var».

Onun fikrincə, bələdiyyələrin kiçik büdcəsi də onların inkişafına mane olur: «Təsəvvür edin ki, bir bələdiyyənin orta illik büdcəsi 29 min manatdır. Tək-tük bələdiyyə var ki, illik büdcəsi 100 minlərlə ölçülür. Ölkə bələdiyyələrinin təxminən 85 faizini təmsil edən kənd bələdiyyələrində illik büdcə gəlirləri 5-6 min manatdan çox deyil. Yəni, aylıq büdcə 450-500 manata bərabər. Kənd bələdiyyələrinin orta aylıq büdcəsi ölkə üzrə orta aylıq əməkhaqqı həddindədir və ya bir ailənin aylıq qazancı qədərdir. Bu vəsaitlə bələdiyyə hansı öhdəliyi yerinə yetirə bilər?».

SİYAVUŞ NOVRUZOV: «AVROPA OYUNLARINDA İQTİDARLA MÜXALİFƏT BİR OLDU»

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, 1993-cü ildə qurtuluş olmasaydı, o zaman indi ilk Avropa Oyunları Azərbaycanda keçirilə bilməzdi:

«Avropa Oyunlarının Azərbaycanda keçirilməsi 15 iyun qurtuluş gününün bəhrəsidir», - bunu «Yeni Azərbaycan» qəzeti «Avropa Oyunlarında iqtidarla müxalifət bir oldu» adlı məqaləsində yazır.

S.Novruzov «Bakı 2015» I Avropa Oyunlarında müxalifət partiyaları funksionerlərinin də iştirakına münasibət bildirib:

Siyavuş Novruzov

Siyavuş Novruzov

«İlk Avropa Oyunlarında iki müxalifət partiyasından və onların mediasından savayı, bütün siyasi partiyalar və kütləvi informasiya vasitələri iştirak edir, bu oyunları yaxından dəstəkləyir və Azərbaycanın bu uğuruna sevinirlər. Avropa Oyunlarının açılışına sevinməyən bir neçə dövlət və təşkilat var idi ki, bunların arasında ən birinci Ermənistanın adını çəkmək olar. Təsəvvür edin ki, ilk Avropa Oyunlarına xaricdən Ermənistan və erməni lobbisi, daxildən isə iki partiya sevinmirdi».

YAP-çı deputat bildirib ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən dairələr və təşkilatlar artıq məyus olublar:

«Avropa Parlamenti, Almaniya Bundestaqı, ABŞ-ın bir sıra təşkilatları və digər qərəzli kampaniyalar aparan institutların hamısını Azərbaycan güclü iradəsi ilə məyus edib. Onlar gözləmirdi ki, Azərbaycan qısa müddət ərzində bu qədər böyük işlərin öhdəsindən uğurla gələ bilər. Xaricə Azərbaycanla bağlı donoslar verən və əvəzində külli miqdarda pullar alan qüvvələr düşünürdülər ki, onlar Ermənistana müxtəlif məlumatlar ötürən və buna görə məsuliyyətə cəlb olunan şəxsləri törətdikləri cinayətlərdən xilas edə biləcəklər. Bütün bunların alınmadığını görəndən sonra həmin qüvvələr artıq məyus olublar. Onlar görürlər ki, Azərbaycanda kimliyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabər hüquqa malikdir. Ona görə də Azərbaycanla bu cür təzyiq metodu ilə danışmaq olmaz».

Günün bütün mövzuları

XS
SM
MD
LG