Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

Bakının sonuncu faytonu satılır


Bakıda sonuncu fayton
Bakıda sonuncu fayton

-

«Gəlin, faytonla şəhəri gəzin. Bundan sonra olmayacaq, fayton satılır»…

Bakının sonuncu faytonçusu Zamir Allahyarov indi müştərilərini belə çağırır. Faytonunun üstünə də «satılır» elanı vurub.

Gözlə
Embed

No media source currently available

0:00 1:00:00 0:00

Zamir və qardaşı Aqşin 15 ildir Bakıda faytonçuluq edir. Onlar indi Bakıdakı yeganə faytonun sahibləridir. 2005-ci ilə qədər isə şəhərdə 10-dan çox faytonçu vardı. Sonradan onların hamısı yoxa çıxdı. Daha doğrusu, Bakı Bulvar İdarəsi atların Milli Parkı bulaşdırdığını əsas gətirib onları bulvardan çıxartdı. Sonra faytonçular da hərə bir yerə səpələndi. Şəhərdə qalan bu iki qardaşın faytonu oldu. İndi qardaşlar da faytonçuluğun daşını atmaq istəyir.

«BUNU SATANDAN SONRA BAKIDA FAYTON OLMAYACAQ»

Zamir Allahyarov deyir ki, faytonu saxlamaq, ata baxmaq indiki qazancları ilə üst-üstə düşmür:

Zamir Allahyarov
Zamir Allahyarov

«Fayton saxlamağın xərci, əziyyəti çoxdur. At yonca, arpa yeyir, bayramdan-bayrama qənd, kök də veririk. İstidə onları çox yormuruq. Həftədə 4-5 gün, əsas axşamüstü saat 6-dan axşam 11-ə qədər işləyirik. Bu günlər şəhərdə turist çox olduğu üçün bir az tez çıxmışıq. İndi ancaq yolda işləyirik. Yol polisləri bizə heç vaxt mane olmurlar. Əslində fayton bulvarda olmalıdır, ancaq qoymurlar».

Aqşin deyir ki, faytonu satmaq onlar üçün də çətindir. Ancaq başqa çarələri qalmayıb:

«Biz də bunu satandan sonra Bakıda fayton olmayacaq. Ona görə satırıq ki, qazancımız yoxdur. Şərait yaratsalar, qazanc olar. Əməlli-başlı işləmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət də etmişdik. Alınmadı, baxmadılar. İcazə vermədilər. Biz indi 5-10 manata görə işləyirik. Bizə iş stajı yazılsaydı, aylıq maaş verilsəydi, biletlə olsaydı, biz də canla-başla işləyərdik. Bizi bulvardan çıxardanda demişdilər ki, «bulvarın təmirindən sonra sizə ayrı yol ayıracağıq». Ancaq təmirdən sonra bir də ora qayıtmağa qoymadılar. Ata gündəlik təxminən 10 manat xərcləmək lazımdır. Faytonun da hansısa bir hissəsi qırıldısa, təmir olunmalıdır. İndiki qazancla bunları çatdırmaq olmur».

Ata da, sahiblərinə də təsəlli verirdilər.
Ata da, sahiblərinə də təsəlli verirdilər.

«FAYTONÇULARA GƏRƏK HACIBALA MÜƏLLİM ŞƏRAİT YARATSIN»

Faytonun başına yığışanlar biləndə ki, sonuncu fayton da şəhərin küçələrindən yığışacaq, kədərlənirdilər. Qızlar isə başını aşağı dikmiş atın başını sığallayıb ona da, sahiblərinə də təsəlli verirdilər:

- «İstəyərdik ki, qalsın. Maraqlıdır, həm də tariximizi yaşadır. Əksinə, bu sahəni inkişaf etdirmək lazımdır».

- «Belə başa düşdüm ki, oğlanlar faytonu qazancları olmadığına görə satmaq istəyir. Ona görə də şəhər icra hakimiyyəti onlara şərait yaradılmalıdır. Təəssüf ki, Hacıbala müəllim həmin şəraiti yaratmır».

Bakı şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentindən bildirdilər ki, faytonçuların problemləri haqqında onlarda ətraflı məlumat yoxdur. Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov dedi ki, məsələni bir neçə günə araşdırandan sonra bu haqda danışa bilər. Bir neçə günə isə sonuncu fayton da şəhərdən yoxa çıxa bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG