Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

-

"Aqressiv rəyləri oxuduqca öz yaradıcılığıma və şəxsimə hörmətim daha da artırdı"

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Könül Həsənqulu ilə müsahibə

-- Könül, deyəsən ikinci ildir ki, “Ədəbi Azadlığa” qatılırsan. Nə gözləyirsən müsabiqədən?

- Bundan əvvəl müsabiqəyə bir dəfə, 2013-cü ildə “Dəmir fincanda süd və Moskva” və “Göyərçin və qurşun kölgələri” adlı şeirlərimlə qatılmışdım.

O vaxt 3-cü yeri qazandım, məmnun qaldım, çünki 1-ci və 2-yeri qazananlar yaşca və poetik təcrübəcə məndən qat-qat irəlidə idilər. Bir də bu il müsabiqəyə qatılmağı qərara aldım. “Ədəbi Azadlıq” bu vaxtacan qatıldığım yeganə müsabiqədir.

Qeyd edim ki, “Oxu zalı” mənim kimi bir çox indi tanınan şairlərin təqdimatında böyük rol oynayıb, bunu unutmamalıyıq. Gözləntilərimin qarşılığını artıq 2013-cü ildə aldığımı düşünürəm.

​O vaxt mən 3-cü yeri qazananda dəfələrlə müsabiqəyə əsərlərini göndərib 50-liyə də düşməyənlərin aqressiv rəylərini oxuduqca öz yaradıcılığıma və şəxsimə hörmətim daha da artırdı.

Bu üzdən düşünürəm ki, gözləntilərimiz nə qədər çox olsa da, müsabiqənin yekunu rəğbətlə qarşılanmalıdır. Bu, ali xarakter və daxili rahatlıq göstəricilərindən biridir.

- İndi şeir yazmaqdan başqa nə işlə məşğulsan? Azərbaycanda şairlər necə dolanır?

- Hazırda mümkün qədər qısa müddətdə doktoranturanı bitirmək üçün elmi işim üzərində çalışıram.

Bədii fəaliyyətə gəlincə, yeni və köhnə şeirlərimin rus və Azərbaycan dillərində çıxacaq kitab nəşrinə hazırlaşıram. İki eyni cilddə, eyni adda kitablar olacaq. Ad seçimində çətinlik çəkirəm.

Digər suala gəlincə, şairlik ixtisas deyil axı. Şairlərin ayrı-ayrılıqda bir ali ixtisası və ya orta təhsillidirsə, heç deyilsə, ara-sıra bir peşəsi olur.

Buna görə ümumən şairlərin dolanışığı haqda bir söz deyə bilmərəm.

Yalnız özümə dair cavab verə bilərəm ki, aldığım ixtisas (tərcüməçi) üzrə bədii tərcümələr edir və universiteti bitirdiyim ildən etibarən müxtəlif ali təhsil müəssisələrində (Azərbaycan Dillər Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində) müəllim (ingilis dili) işləmişəm. Şairliyə peşə kimi baxmıram mən.

- Səncə, şeirimiz üzünü hansı tərəfə tutub: şərqə yoxsa qərbə? Deyim ki, sənin şeirlərində qərb şeiri stili dərhal sezilir.

- Şeirlərimiz lap istəyir üzünü Şimala və ya Cənuba tutsun, əsas odur ki, gözəl şeirlər olsun.

Qərb üslubuna gəlincə, bunu mənə dəfələrlə deyiblər, hətta yaradıcılığıma tənqidi yanaşmalar da olub məhz buna görə. Gərək heç deyilsə tənqidçilər məni qınamasınlar və bunu başqaları kimi qəsdən etdiyimi zənn etməsinlər.

Məktəbi bitirəndən Qərb dilləri və Qərb mədəniyyəti tədris olunub mənə universitetdə, elmi mövzularım da eləcə o səmtdə idi.

Bu sahəni özüm seçmişəm, uşaqlıqdan Qərbə - onun dillərinə, mədəniyyətinə, o cümlədən ədəbiyyatına böyük sevgim olub.

Bu o demək deyil ki, onlara oxşamaq istəyirəm. Xeyr.

Bir anlıq da olsa heç düşünən olubmu ki, mən özümü daha çox Qərbdə tapdığım üçündür bu istiqamət? Bu, loru dildə desək, yol qovşağına bənzəyir.

Şərqdə qərblilər kimi düşünənlərin olduğu kimi, o düşüncələri poetik yaradıcılığa gətirənlərin də olması olduqca adi bir haldır.

- Mən, məsəlçün, poeziyamızdan duyğu istismarçılığını çıxarıb əvəzində, dilimizdə intellektual şeir nümunələri yaradardım. Bəs sən poeziyamızda hansı, əgər belə demək mümkünsə, ixtisarları edərdin?

​- Tamamilə razıyam! Məhz bunu!

- “ƏdəbiAzadlığın” bu ilki şeir onluğunu necə gördün?

Səncə, birinciliyə ən çox iddialı şairlər kimlərdir?

- Bədii istedad çərçivəsində yeni mövzunun, yeni fikrin qalıb gəlməsini istəyirəm.

Hər bir mövzu yeniliyi ilə müəllifin orijinal düşüncə tərzini təsdiqləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG