Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:51

-

Hər il olduğu kimi, bu il də müxtəlif ölkələrdən 30-a yaxın rəssam rənglərini, fırçalarını götürüb Qız Qalasının qarşısındakı meydana yığışıb. Bundan əvvəlki festivallarda rəssamlar yaradıcılıqlarını ancaq Qız Qalası maketlərinin üzərində canlandırırdı. Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı bu dəfə meydana Ceyran və Nar maketləri də düzülmüşdü. Oyunların maskotları da rənglərin arasında al-əlvan olmuşdu.

FRANSIZ RƏSSAM ÜÇÜN QARA RƏNG HƏM DƏ NEFTİ ƏKS ETDİRİR

Fransadan olan rəssam Amalia Ramanan Qız Qalası maketində işləyir. O, öz Qız Qalasında qara rəngdən daha çox istifadə edir. Rəssam deyir ki, qara rəng neftin, bu şəhərin rəmzi olduğu üçün bundan istifadə edir:

«Bakıda olmaq çox maraqlıdır. Adamlar yaxınlaşır, çəkdiklərimlə maraqlanır, soruşur. Mən də onlardan öyrənirəm, onlar da məndən».

Rəssam deyir, qara boya ilə işləmək, göstərmək elə də asan deyil. Ona görə də fırçanı əlinə alanda yüz ölçüb, bir biçir.

Builki Qız Qalası festivalında gənclərə də meydan verilib. Rəssamlıq Akademiyasının birinci kurs tələbəsi Mənsumə Ələkbərova nar maketinin üzərində dünyanın tanınmış binalarını canlandırır:

«Qız qalası» incəsənət festivalı

«Qız qalası» incəsənət festivalı

«Biz tələbələr üçün burda iştirak etmək, peşəkarlarla ünsiyyətdə olmaq böyük şeydir. Burda mən Qız Qalasını, Romadakı tarixi binaları, Sidneyə aid bir başqa binanı çəkirəm. Dünyanın Azərbaycanla, dünya şəhərlərinin Bakı ilə əlaqələrini göstərməyə çalışmışam».

«ƏCNƏBİ RƏSSAMLARIN YARADICILIĞINDA TOLERANTLIQ ÜST QATDADIR»

Öz yaradıcılığını sərgiləmək imkanı qazanmış Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Fidan Novruzova isə deyir ki, burda həm də əcnəbi rəssamlarla ünsiyyətdə olurlar. Bu da tələbə rəssam üçün böyük qazancdır:

«Rəssamlar o qədər mehriban olur ki, ona görə çox tez dost oluruq. Bizə kömək edirlər, öyrədirlər, məsləhətlərini verirlər. Mən burda bayrağı çəkirəm. Həm də əcnəbi rəssamlara öz mədəniyyətimizi tanıdırıq. Məncə tanıya bilirlər, xoşlarına gəlirlər. Onların yaradıcılığında tolerantlıq daha yüksəkdir, üst qatdadır. Bu haradasa bizə də təsir edir. Bizdəki incəsənətdə tolerantlıq realizmdir. Biz daha çox klassika, modernizmə üstünlük veririk. Onlar üçün isə əsas yenilikdir. Yeniliyi öyrənmək özü müsbətdir».

«Qız qalası» incəsənət festivalı

«Qız qalası» incəsənət festivalı

Heykəltəraş-rəssam Zamiq Rzayev deyir ki, bu festival gənc rəssamların yaradıcılığını inkişaf etdirməyə yardımçı olur, onları ruhlandırır:

«Bu, gənc rəssamlara stimul verir. Dünyagörüşümüzü çərçivədən çıxarır. Bizdə rəssamlar çərçivə olduğu üçün özlərini göstərə bilmirlər. Avropada yaradıcı insanların neçə il əvvəl etdiklərini biz indi-indi görürük. Bütün bunlar, ünsiyyət, əməkdaşlıq çox yaxşıdır. Mən özüm heykəltəraş-rəssam kimi sifarişlərlə qalereyada işləyirəm. Bu sərgilər isə bizi daha da ruhlandırır».

Artıq 6 ildir Bakıda keçirilən Qız Qalası festivalının məqsədi həm də Bakının rəmzi sayılan Qız Qalasının dünyada tanıtmaqdır. Rənglənən maketlər əvvəlcə Bakıda, daha sonra müxtəlif şəhərlərdə sərgilənəcək.

Ötən illər ərzində festivalda yerli rəssamlarla yanaşı, dünyanın müxtəlif ölkələrindən 100-dən çox rəssam iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG