Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

Qurban Məmmədov: «Həbsxana nazəndə qızlar klubu deyil»


Qurban Məmmədov
Qurban Məmmədov

-

AzadlıqRadiosu keçmiş siyasi məhbuslarla söhbətlər silsiləsindən növbəti müsahibəni təqdim edir. Bu dəfə suallara hüquqşünas, Milli Şuranın üzvü Qurban Məmmədov cavab verir.

- Qurban bəy, siz əksər məsələlərdən, o cümlədən həbsxanadan da pozitiv danışan birisiniz. Bu xarakterinizdən irəli gəlir, yoxsa problemlərə üstün gəlməyin bir yoludur?

Qurban Məmmədov kimdir

Qurban Məmmədov kimdir

1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsində təhsil alıb. Hüquq müdafiəçisi, siyasi fəaliyyətlə də məşğul olan, Milli Şuranın üzvü Qurban Məmmədov 2013-cü ildə Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham olunub, 3 il azadlıqdan məhrum edilib. 2014-cu ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxıb.

- Bu, əslində, məşğul olduğun işə şüurlu münasibətin nəticəsidir. Siyasət millət, dövlət üçün ən faydalı və həm xeyir, həm də ziyan verə bilən bir fəaliyyət növüdür. Bu fəaliyyətlə məşğul olan hər bir adam özünü psixoloji baxımdan hazırlamalıdır. Yəni bilməlisən ki, bu yolda həbs, döyülmək, söyülmək var, arvadın ərsiz, uşağın atasız qalma ehtimalı, rahat həyatdan məhrum olma, ürəyin istədiyin yerə getməmək, istədiyini yeyə bilməmək ehtimalı var. Ona görə də, bu məsələyə şüurlu yanaşmaq lazımdır. Bu baxımdan mən həbsxanaya siyasi həyatımın tərkib hissəsi kimi baxıram, ona görə də heç bir narahatçılığım yoxdur.

- Necə bir yerdir həbsxana?

- Mənim kimi insanlar üçün əslində həbsxana istirahət yeridir. Mən azadlığa çıxandan sonra, elə ondan əvvəl də öz şəxsi həyatımı yaşamamışam. Hansı vətəndaşın problemi, hansı qohum-qardaşın dərdi olubsa, gəlib tutub yaxamdan, mən də o işləri görmüşəm. Özümə baxa bilməmişəm, nə sağlamlığıma, nə istirahətimə, nə də elmi-nəzəri biliklərimi artırmağa imkan olub. Həbsxana isə dediyim bu sahələrlə məşğul olmaq üçün çox yaxşı imkan yaradıb. Orada 200-ə yaxın siyasi və elmi məqalə, hekayə yazmışam, həyatıma yenidən baxmışam, zərərli vərdişlərimdən azad olmuşam, sistemli yaşamağı öyrənmişəm, idman etmişəm, sağlamlığıma fikir vermişəm. Ona görə də, həbsxana həyatımın bir hissəsidir.

- Bəs ittihamlar sizdə hər hansı iz qoydumu, yoxsa onları da boş verdiniz getdi?

- Yox, bu ittihamlara da fəlsəfi yanaşmaq lazım deyil. Biz əvvəlcədən görürük ki, hakimiyyət onun cinayətkar fəaliyyətinə, korrupsiya, monopoliyaya qarşı mübarizə aparan istənilən adamı zərərsizləşdirmək proqramı tutub. Xatırlayırsınızsa, İlham Əliyev deyirdi ki, Azərbaycanda müxalifət olmayacaq. Hamı düşünürdü ki, necə ola bilər ki, olmasın. 15 il göstərdi ki, İlham Əliyevin rəhbərliyi altında olan bu rejim müxalifətə qarşı hansı formada mübarizə aparır ki, həqiqətən də onu məhv etsin. Bu formalardan biri də adamları şərləyib həbsxanalara doldurmaqdır. Mən əvvəldən bilirdim ki, rejim məni şərləyəcək. Ona görə də, onların ittihamından nə narahatam, nə də ciddi müdafiə olunmaq istəyim var. Qoy o sübut etsin ki, mən cinayətkaram. O sübut edəndən sonra mən öz əks arqumentlərimi qoymalıyam. O adam ortaya sübut qoya bilmir axı. Təsəvvür edin, məhkəməmdə prokuror quzu kimi ağzına su alıb oturmuşdu, hakim daha çox fəallıq göstərirdi, sanki məni o, ittiham edir. Azərbaycan məhkəmələrinin hamısı belədir. Hamısı başa düşür ki, burada söhbət sübutdan, məhkəmə araşdırmasından, ittiham və müdafiə tərəfindən getmir. Ortada bir siyasi sifariş var ki, filankəs həbs olunmalıdır. Bu baxımdan da nə istintaq, nə də məhkəmə sübutların araşdırılması ilə məşğul olur. Hamı oyunu və onun qaydalarını bilir.

- Bəs ətrafınızda Qurban Məmmədov əslində nəyə görə tutulub deyə bilməyən, sizi qınayan, ittiham edən oldumu?

- Jurnalistlərin hesabına bu işlə maraqlanan hər kəs bilir ki, siyasi məhbusların işində heç bir cinayət əməli yoxdur. Açığı, mənim elə xüsusi qayğım da yoxdur ki, kimisə günahkar olmadığıma inandırım. Çünki kimliyim, siyasi fəaliyyətim bəllidir.

- Azadlığa çıxandan sonra sizin həbsinizə səbəb olan, maşınla ona xəsarət yetirdiyiniz iddia olunan həmin sadə vətəndaşla görüşdünüzmü, buna cəhd etdinizmi?

-Yox, qətiyyən maraqlanmadım. Hakim, prokuror hamının gözü qarşısında qadını necə əsassız şərləyib həbs edə bilər, əxlaqlı adam necə başqasına böhtan ata bilər, tərbiyəli adam necə yalan danışa bilər? Ona görə də mən onları nə axtararam, nə də taparam. Onlar mənim heç yadıma da düşmür.

- Qurban bəy, bəs bu gün haradasınız, hansı mövqedəsinız, hansı istiqamətdə fəaliyyət göstərirsinız?

- Mən bu gün elə əvvəlki mövqeyimdəyəm. Sadəcə, hakimiyyət bizi çörəklə imtahana çəkir, işləməyə imkan vermir, iqtisadi baxımdan bizi blokadaya alıblar. Buna baxmayaraq, bu gün mən bir insan, vətəndaş, müsəlman kimi ətrafımda baş verən haqsızlıqlara qarşı mübarizə aparıram. Mənim yerim burdadır. Düşünürəm ki, Allah bu funksiyanı mənim cibimə qoyub. Sizə açığını deyim ki, mənim heç bir şəxsi, maddi problemim yoxdur, yəni mənim bu hakimiyyətlə problemim şəxsi problem deyil. Beş uşağım var, hamı da ailəli, evli-eşikli, maşınlı. Amma mən qonşuluğumda bir Fatmanisə xalanın 120-130 manat təqaüd alıb acından ölməsinə göz yuma bilmərəm. Hərdən güzgüyə baxıb ondan da soruşuram ki, «bu, sənin nəyinə lazımdır?». Oradan da mənə cavab gəlir ki, «bunu sənə etdirən ilahi varlıqdır, sənin vəzifən budur». Allah mənə nə tale yazıbsa, ölənədək onu yaşayacağam. Bu yoldan nə dönmək imkanım var, nə də belə bir istəyim, fikrim.

- Bu yolda növbəti məhrumiyyətlər, həbslər sizi narahat etmir ki?

- Qətiyyən narahat etmir. Bu gün Azərbaycan xalqının başına gətirilən müsibətlər sübut edir ki, çox tezliklə Azərbaycanda hakimiyyət dəyişəcək, normal, demokratik, hamımızın ruhən rahat ola biləcəyimiz bir rejim qurulacaq. Mən həbs, təqib olunmaq - bütün bunlara daha böyük gözəlliklərin müqəddiməsi kimi baxıram.

- Növbəti dəfə həbslə bağlı da bir plan cızmısınızmı? Məsələn, bu dəfə həbs olunsanız, planda nələr etmək, hansı vərdişləri unutmaq, nə yazıb-pozmaq var?

- Desəm ki, «həbs olunmaq planım var», gülünc çıxar. Təbii ki, heç kəs həbs olunmaq istəməz. Amma tamamilə mümkün sayıram ki, bu rejim məni yenidən həbs edə bilər, çünki bu rejimin cinayətlərinə qarşı susmaq fikrim yoxdur. İstəsələr, məni öldürə də bilərlər, heç vecimə də deyil. Bundan sonra bu dünyada mənim yaşamağımla yaşamamağım arasında elə bir fərq yoxdur. Mən dünyamı dəyişsəm də, yenə o biri dünyada bu rejimə qarşı mübarizəmi davam etdirəcəyəm.

- Həbsxananın nəyi üçünsə darıxmısınız? Həmişə yeməklərini tərifləyirsiniz...

- Orada çox azad idim. Yeməklə bağlı bir şey deyim. Çox adam oranın yeməklərindən gileylənir. Amma siyasətlə məşğul olan adam əvvəlcədən dərk etməlidir ki, həbsxana nazəndə qızlar klubu deyil. Bura kökəltmə məntəqəsi də deyil ki, istədiyin yeməyi versinlər. Həbsxana ona görədir ki, insan normal həyatda yaşadığından fərqli mühitə salınmalıdır ki, guya islah olunsun. Mən bunu əvvəldən bildiyimə görə həbsxananın yeməyi mənə ev yeməyindən min dəfə artıq dadlı gəlir. Bu gün də o yeməyi yeməyə hazıram.

- Bugünkü siyasi həbsləri, bu müstəvidə baş verənləri necə dəyərləndirirsiniz?

- Fərq həyasızlığın artmasındadır. Heydər Əliyevin dövründə müstəntiq və hakimlər çalışırdılar ki, bu proseslərə qanuni bir don geyindirsinlər. İndi cəzasız qalacaqlarına o qədər əmindirlər ki, artıq buna lüzum görmürlər. Heç bir sübut axtarmağa, hüquqi don geyindirməyə çalışmırlar. Amma məncə, bu həbslərin sayının artması xeyirlidir. Bu cür həbslərin sayı nə qədər çox artacaqsa, bu hakimiyyətin getməsi bir o qədər sürətlənəcək. Ona görə də, həbsdən qorxmaq lazım deyil, orada da işləmək lazımdır. Orda da bizim biliyimizə, dünyagörüşümüzə, məsləhətimizə, yardımımıza ehtiyacı olan insanlar var. Bu hakimiyyət onsuz da azad insanlardan – bizdən imtina edib. Ona görə də, siyasətlə məşğul olanlar həbsxanaya can atmalıdırlar ki, oradakı bacı-qardaşlarımızı tək qoymayaq.

XS
SM
MD
LG