Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

«Konqresdə qələbə hələ tam qələbə demək deyil»


Hikmət Hacızadə və Aydın Mirzəzadə ilə söhbət, 11 noyabr 2006

Hikmət Hacızadə və Aydın Mirzəzadə ilə söhbət, 11 noyabr 2006

«Panorama» adlı həftəlik radio-icmalda noyabrın 7-də ABŞ Konqresinə keçirilən seçkilərdən bəhs olunur. Studiyamızın qonaqları isə millət vəkili Aydın Mirzəzadə və «FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadədir.

SUAL: Noyabrın 7-də Birləşmiş Ştatlarda Konqresə seçkilər oldu. Seçkilərdə prezident Corc Buşa müxalifətdə olan demokratlar qələbə qazandılar. Onlar artıq Konqresdə üstünlüyə malikdirlər. Necə hesab edirsiniz, demokratların Konqresdə üstünlük təşkil etməsi bu ölkənin xarici siyasətində mühüm yeniliklərə səbəb ola bilərmi? Səbəb ola bilərsə, Sizcə, Azərbaycanın burada payı nədən ibarət olacaq?


HİKMƏT HACIZADƏ: Amerikanın siyasi sistemi belədir ki, orada hakimiyyət bölünüb. Konqresdə qələbə hələ ki, tam qələbə demək deyil. Orada «check and balance» [nəzarət və balans] sistemi var, o, qoymur ki, hakimiyyətin bir qolunda qələbə çalmış qüvvə tam hakimlik etsin. Odur ki, dəyişikliklər çox cüzi olacaq. Onu da nəzərə almaq lazımdır ki, Konqresin o qədər də xarici siyasətə qarışmaq imkanı yoxdur. Onun bura müdaxiləsi iki hissədən ibarət ola bilər: xarici siyasətin büdcəsini müəyyən etmək və xarici siyasətlə bağlı qanunlar ortaya qoymaq. Məsələn, Azərbaycana Amerikanın hökumət yardımını qadağan edən məşhur 907-ci düzəliş də Konqresin siyasətə «töhfəsi» idi. Amma prezident onu da məharətlə addayıb keçib və Azərbaycana yardımlar edilir... Bir şeyi də qeyd etmək istəyirəm ki, ümumiyyətlə, demokratların xarici siyasətdə deməyə kəskin bir sözü yoxdur. Nəyi dəyişsinlər, məsəl üçün? Seçkilər ərəfəsində onlar İraq siyasətini kəskin tənqid edirdilər. Amma seçki ərəfəsində çox şey deyilir. Əslində, manevr üçün çox az yer var.


AYDIN MİRZƏZADƏ: ABŞ-ın siyasi həyatında müəyyən oturuşmuş ənənələr var... Birincisi, Ağ Evdə bir partiyanın nümayəndəsi 8-12 ildən çox qalmır, o birisi partiya onu əvəz edir... İkincisi, çox az halda bir partiya hər iki orqana – həm qanunverici, həm də icra orqanına rəhbərlik edir. Bu istisnadır, nəinki bir ənənə... Xarici siyasəti bir qayda olaraq prezident müəyyənləşdirir... Amma bir vacib faktor var: demokratlar 2008-ci ildə prezident kürsüsünə yiyələnməkdə həddən artıq iddialıdırlar, ciddi hazırlaşırlar. Bu baxımdan, onlar Konqres tribunasından xarici siyasətin tənqidi üçün çox ciddi surətdə istifadə edə bilərlər. Burada vacib deyil ki, onların tənqid etdiyi sahələrə dair konkret proqramları olsun. Məsələn, İraq siyasətini tənqid edəcəklər, ancaq deməyəcəklər ki, 2008-ci ildə hakimiyyətə qayıtdıqdan sonra biz qoşunları bir ay ərzində çıxaracağıq, İraq xalqından üzr istəyəcəyik və yaxud bir də belə bir şey baş verməyəcək. Avropa ölkələrindən fərqli olaraq Amerikada sağ-sol partiya anlayışı yoxdur. Hər iki partiya Amerikanın milli maraqlarına kifayət qədər bağlı partiyalardır. İraqa qoşun yeridilməsi heç də Corc Buşun özünün istəyi, yaxud da Respublikaçılar Partiyasının siyasəti deyildi. Bu, ümumilikdə həmin dövrdə ABŞ-ın milli maraqlarına cavab verən bir aksiya idi. Mən də bu fikirdəyəm ki, demokratlar Konqresdə çoxluq qazanmaqla xarici siyasətə elə ciddi təsir edə bilməyəcəklər.


SUAL: Bəzi proqnozlar səslənir ki, demokratlar növbəti prezident seçkisində qələbə qazansalar, onlar 907-ci düzəlişi bərpa edə, erməni soyqırımı iddialarını tanıya bilərlər. Siz bilən, bu, nə dərəcədə realdır?


HİKMƏT HACIZADƏ: Məncə, bunlar olmayacaq. Erməni lobbisi, seçicisi nə bacardısa, onlardan qopardı. O da 907-ci düzəliş idi. Bir-iki ştatda soyqırımı məsələsini qaldırdırlar. Amma Amerikanın köklü maraqları Azərbaycan və Türkiyəylə əməkdaşlıq tələb edir. Xüsusilə də indi anti-terror və nüvə proqramları – Koreya, İran məsələsində Azərbaycan çox vacibdir.


AYDIN MİRZƏZADƏ: Erməni soyqırımı iddialarını Amerika dövləti heç bir zaman özünün milli maraqlarından öndə qoya bilməz. Hal-hazırkı dövrdə Yaxın Şərqdə Türkiyənin nüfuzunun artdığını, eyni zamanda bu məsələnin siyasi əhəmiyyətini itirdiyini nəzərə alaraq, hesab etmirəm ki, onlar erməni soyqırımını tanıya, yaxud da 907-ci düzəlişi yenidən bərpa edə bilərlər. 907-ci düzəliş 1992-ci ilə xas olan bir cəhət idi, dünya o vaxtdan bəri kifayət qədər dəyişib...


SUAL: Demokratların qələbəsi Sizcə, İran məsələsini müəyyən müddət üçün də olsa, gündəmdən çıxara bilərmi?


HİKMƏT HACIZADƏ: Yox, məncə, çıxara bilməz. Dediyim kimi, manevr üçün çərçivə çox dardır. Hələ ki, İrana qarşı heç təzyiq, sanksiyalar yoxdur, yalnız kəskin söhbətlərdir... Corc Buş administrasiyası dünyada sülhpərvər qüvvələrə üz tutub demişdi ki, gedin, danışın. Mən qarışmıram, gedin, İranı yola gətirin, sülhlə həll edək bu məsələni. Bu proses iki il davam etdi, amma alınmadı heç nə. İndi demokrat gəlib neyləyəcək?


AYDIN MİRZƏZADƏ: Demokratların qələbəsi Amerika cəmiyyətində Buşun İraq siyasətindən narazılıq dalğasında mümkün oldu. Məncə, demokratlar cəmiyyətin əhval-ruhiyyəsinə görə hərəkət edəcəklər. Çünki prezident seçkisində özlərinin qələbəsini təmin etmək üçün onlar qarşıda qalan iki il ərzində Konqresin tribunasından maksimum istifadə etməyə çalışacaqlar. Amerikanın vətəndaşları İrana qarşı münasibətdə necədirlərsə, demokratların siyasəti də o cür olacaq. Ancaq mən Hikmət müəllimin fikirləri ilə razıyam ki, burada söhbət partiya və ya prezidentin siyasətindən yox, ABŞ-ın dövlət maraqlarından gedir. İrana qarşı münasibətdə aksentlər dəyişə bilər, müəyyən məsələlərdə yumşalma, müəyyən məsələlərdə sərtlik ola bilər. Amma ümumilikdə, ABŞ-ın İrana qarşı siyasətində köklü dəyişikliyin olmasını, İranın nüvə sınaqlarını davam etdirməsinə Amerika administrasiyasının razılıq verməsini mümkün saymıram.


SUAL: Qısaca proqnoz xarakterli sual: Siz bilən, demokratlar Amerikada Konqresdə qazandıqları bu üstünlüyü növbəti prezident seçkisində saxlaya biləcəklərmi?


HİKMƏT HACIZADƏ: Hesab edirəm ki, saxlayacaqlar, çünki, prezident administrasiyasının vəzifələri indi olduqca çətindir.


AYDIN MİRZƏZADƏ: Demək çətindir, qüvvələr bərabərdir. Burada hər qüvvənin içərisində müəyyən faktorlar rol oynayır, ona görə də mən hər hansı bir şərh verməyə çətinlik çəkirəm.


SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG