Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:10

"Ümid edək ki, bu əzab qısamüddətli olacaq"


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

"Pul qazanmağın xoşbəxtliyə aparan yeganə yol kimi göründüyü cəmiyyətdə ədəbiyyat adamı şikəst edir, yaralı qoyur, bədbəxt edir. Neyləməli, bizim də bəxtimizə bu düşüb..."

"Doxsanıncı illər haqda sayrışmalar" şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Hədiyyə Şəfaqətlə müsahibə

- Hədiyyə xanım, artıq ikinci dəfədir “Ədəbi Azadlığın” onluğuna yüksəlirsiniz, keçən il hekayə, bu il isə şeir onluğuna. Müsabiqəyə belə həvəsinizin səbəbi nədir? Daha geniş kütlələr tərəfindən tanınmaq, yoxsa sadəcə özünü sınamaq imkanı?

-Əslində elə bir xüsusi həvəsim olduğu söylənilməz. Keçən il, bəli, ilk dəfə onluğa yüksəldim və “Barış”ı təqdim etdim.

Bu hekayə mənim üçün çox əzizdir və mənə uğur gətirdi. Onluğa yüksəlsə də, səsvermədə digər hekayələri qabaqlasa da, münsüflərdən yer alammadı və kənarda qaldı.

Amma adından və özündən bəhs etdirdi. Yüzlərlə məktub almışdım o zaman və heç təsadüfi deyil ki, “Doxsanıncı illər haqqında sayrışmalar” yenidən “Barış”ı yada saldı.

Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

Bu daha çox qürurvericidir. Bu il isə müsabiqədə iştiraka son günlərdə qərar verdim və sadəcə, öz doxsanıncı illərimi anlatdım.

Şeirdə demək istədiklərimi müsabiqədə deyə bilməyə bilərəm, yəni bu şeirin xüsusi çəkisi olmasına iddialı deyiləm. Oxucular məni bu kimi deyil, başqa ruhlu şeirlərimlə tanıyıblar artıq.

Bəlkə də müəyyən bir nəsil olaraq doxsanıncı illərimizin izlərini daha artıq daşıyırıq qanımızda? Bəlkə həqiqətən o illərin inamı daha çoxdu? Yeni nəsil o illəri lazımınca bilmir, müşahidələrimdən görürəm.

Bəzən gənclərə bir şeylər anlatdığımda inana bilmirlər ki, həqiqətən, məsələn, “dörddə bir kömbə” üçün gecənin yarısınacan növbələrdə dayanmışıq. Gənclər bu kimi yaşantıların daha çox faşizimlə müharibə illərinə aid olduğunu sanırlar. Söz yox, baxılan filmlər, yazılan istənilən yönlü mətnlər bunu asanlaşdırıb.

Doxsanıncı illər Azərbaycan xalqının tarixində xüsusi dönəmdir və haqqında yazılmasına ehtiyac varmış kimi görünür. Əlbəttə, mənim qəfil qələmə alınan dar çərçivəli şeirim buna iddialı deyil. Amma hər halda öz yaşantılarımı anlatmışam və bütün söylənənlər real insanlara və hadisələrə dayanır. Məhz bu şeirin müsabiqəyə təqdim olunması xüsusi bir tanınma və mükafat məqsədi güdmür. Əgər belə bir iddiam olsaydı, təqdim edə biləcəyim başqa şeirlər seçə bilərdim.

- Təkcə yeni nəslə o illəri anlatmaq olub məqsəd? Yoxsa sizi doxsanıncı illəri xatırlamağa şəxsi həyatınızda baş vermiş hadisələr də vadar edib?

-Doxsanıncı illər... O illəri heç unutmadım ki. Mən o illəri yaşadım və o illər mənim uşaqlığımın və gəncliyimin bir hissəsini aldı apardı...

Amma bu, sadəcə, uşaqlığıma deyil, yaxın və unudulan, bəlkə də unutmaq istədiyimiz, toparlanmaq üçün unutmağımıza ehtiyac olan keçmişə qayıdırşdır.

Hədiyyə Şəfaqət qələm dostu Mübariz Örənlə
Hədiyyə Şəfaqət qələm dostu Mübariz Örənlə

Bəlkə öz övladlarım üçün yazdım bu şeiri, bəlkə də o illərdə hər cürehtiyaca qatlaşıb mənəviyyatını itirməyən insanlar üçün... Mənim valideynlərim hər ikisi həkimdi, amma o günlərdə ailənin tək uşağı olan mən, ac belə qaldım. Atam hardansa tapıb ala bildiyi bir kisə buğdanı üyütdürə bilmək üçün iki gün işığı sönüb-yanan dəyirmanda növbəyə dayanmışdı.

Qonşumuzda bir ata uşaqları ac qalmasın deyə fermadan jımıx gətirirdi yeməyə, ona tamahım düşmüşdü. Anlayırsınızmı bu nə deməkdir? İndi insanları buna inandırmaq çətindir. O illərdə itirdiklərini sonradan illərlə bərpa edə bilməyən adamlar var...

O illərin travmasını içində gəzdirən adamlar var. Bəlkə mən də onlardan biriyəm? Bir dəfə naxçıvanlı dostum doxsanıncı illər blokadasında yaşadıqlarını anlatırdı, gözlərinin içinə baxmaq, səsindəki titrəyişi eşitmək belə zülümdü...

Rəylərə, yazılan fikirlərə, dostlarımın və oxucuların həssaslığına diqqət edirəm, uyğun yaşlılarımız eyni yaşantıları yaşamışlardeyə onlara da doğma gəlir bu şeir, daha gənclər, o illərdən sonra doğulanlar isə bir şeylərin görüntülərini görürmüş kimi olduqlarını söyləyirlər.

Bu bir daha bizə o illəri hələ yaza bilmədiyimizi söyləmirmi?

Elə mən də,bir daha deyirəm, yazmamışam, eləcə sayrışmalar gəlib keçib misralarımdan... Qoy bu şeir insanlara kiçicik ithaf sayılsın, o insanlara ki, onların doxsanıncı illərdəki yaşantılarını bir kəndin yaşantılarının içində əridib təqdim etməyə çalışmışam.

Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

- Bu il başlayandan ölkədəki maliyyə böhranı ədəbiyyata öz təsirini göstərdi, ədəbiyyat saytları bağlandı, yazarların çoxu işsiz qaldı. Bundan sonra ədəbiyyatımızın hansı yolla irəliləyəcəyini gözləyirsiniz? Ədəbi mühitdə indiki əhval-ruhiyyəni necə görürsünüz?

-Bəli, çətin bir dönəm yaşamaqdayıq. Amma sadəcə ədəbiyyatdamı? Mən hər gün işsiz qalan, evə apardığı çörək pulunu zülümlə qazanmağa çalışan, xəstələnməkdənsə ölməyi üstün tutan, ruhdan düşən, ümidsizləşən, hər cür işə razı olan adamlar görürəm. Mən onların içindəyəm, öləziyən nəfəsalmanın içindəyəm. Elə mən də o işsizlərin cərgəsindəyəm.

Bəli, bildiyimiz kimi saytlar da bu prossesdən qoruna bilməyib.Amma heç olmasa fəaliyyətlərini tamamilə saxlamayıb, məhdudlaşdırıb.

Dostlarımızın işsizliyi isə, əlbəttə heç içaçıcı deyil. Yazar saytlarda çörək ağacı kimi yazdığı köşələrlə ədəbi potensialını xərcləyir. Zaman, dərd-sər, ailə qayğıları, və s. hamısı beləcə..

Amma bilirik ki, mətn - fərdi fəaliyyətin nəticəsidir. Hələ bilmək olmaz, bu gün işsiz qalan yazar dostlarımızın sorağı sabah hansı əsərlərlə səs salacaq. Hələ bilmək olmaz, kim nəyazmaqdadır...

Kim nə qoyacaq ortaya... Kim bilir? Saytlar ədəbi prossesin özü deyil, müvəqqəti görüntüsüdür, bu gün belədir, sabah başqa cür. Bu gün geniş fəaliyyətdədir, sabah əngəllənəcək hansısa səbəbdən. Əsas olan mətnin yaranmasıdır.

Bəzən heç məni o mətnin müəllifi də maraqlandırmır, ortada əsər varsa, deməli ədəbiyyat nəfəs alır. Zəif də olsa, güclü də olsa, ədəbi cameə nəfəs alır. Kitablar çıxır, dərgilər çap olunur. Qalanı zamanın işidir.

Dünya heç zaman yazar üçün, şair üçün güllük-gülüstanlıq olmayıb. Arabir bəxti gətirənlər olub ki, öz zamanında yazdıqlarının sayəsində nəsə bir az yaxşı yaşaya bilib.

Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

Bilirsinizmi, pul qazanmağın xoşbəxtliyə aparan yeganə yol kimi göründüyü cəmiyyətdə ədəbiyyat adamı şikəst edir, yaralı qoyur, bədbəxt edir. Neyləməli, bizim də bəxtimizə bu düşüb, başqa yolu sınamağı belə ağlımızdan keçirəmmirik.

Onsuz da iflasa uğrayacağıq.İşsiz qalan yazar dostlarımı zahiri sakitliyimlə əsəbləşdirməmək üçün təkrar söyləyirəm ki, mən özüm də işsizlik deyilən cəhənnəmin tən ortasındayam. Ümid edək ki, bu əzab qısa müddətli olacaq.

- Xeyli müddətdir ədəbi mühitdə olmanıza baxmayaraq, hələ kitab çap etdirməmisiniz. Bu bir növ hər gün təzə kitablar buraxan yazarlara etirazdır?

-Xeyr, heç bir etiraz-filan yoxdur. Sadəcə, bir səbəbim var - mənə hələlik heç bir naşir belə bir təklif ünvanlamayıb. Keçən ildən bu yana bir neçə dəfə sponsor təyinatlı təkliflər olub ki, onlara da mən razı olmamışam.

“Vektor” nəşrlər evi kitabımın çapını təklif etmişdi, razılaşmışdıq, lakin müəyyən səbəblərdən işimi gecikdirdim və həttao qədər gecikdirdim ki, indi bunu xatırlatmağa belə tərəddüd edirəm.

İndi duyurmuş kimiyəm, deyəcəksiniz ki, məgər bu qədər çap olunan kitaba təklif gəlib?

Anlayıram, amma mən bu barədə fikrimdə qalıram, təklif olarsa, hansısa naşir risk edib mənimlə belə bir müqavilə bağlayarsa yəqin ki, olacaq. Belədə mənim kitabımın çap olunmaması çox narahatedici məsələ deyil. Həm hələ nə etdik, nə yazdıq ki? İnşallah Azərbaycanda arzuladığımız çap mədəniyyəti formalaşınca mən də daha ciddi ədəbi mətnlər yaratmağa nail olaram. Ondan sonra nəyəsə iddialı olmaq olar.

Qaldı digər, “hər gün kitab buraxan yazarlar”, bu barədə kimsəyə bir şey söyləmək fikrində deyiləm. Kitab çapına axın duyulur, doğrudur, baxırsan bir kitab evində hətta bir gündə bir neçə təqdimat, imza günü keçirilir.

Olsun, kimə nə edirlər ki? Uzaq başı ya öz ciblərinə, ya da xeyriyyəçinin cibinə. Elə adam da olur, dairəsi oxuyan olmasa da, genişdir, yığılıb gəlirlər, kitablarını bir-bir deyil, on-on alırlar. Amma olsun, bunun əlahəzrət Ədəbiyyata nə istisi, nə soyuğu?

Düzdür, bəzən bununla kifayətlənmirlər, zaman-zaman iddiada da bulunurlar. Tənqidçiləri görməməzlikdə, ədəbi orqanları onları qiymətləndirməməkdə suçlayırlar.

Bir-iki dost tanış da “əladı, şedevrdi” tipli təqdimat təbrikiylə onları körükləyir, amma yenə deyirəm, əlahəzrət Ədəbiyyat...

Amma əlbəttə, ədəbiyyatda öz sözünü dediyinə şahid olduğumuz yazar dostlarımız da var və onların hər birinin uğuru həm də mənim üğürumdur, hər bir belə kitab üçün sevinirəm, o kitabların satış səviyyəsini həyəcanla izləyirəm və arzulayıram ki, layiq olduqları oxucunu yığa bilsinlər.

- Bu ilki şeir onluğu sizə necə təsir bağışladı, iddialı müəlliflərlə qarşılaşdınızmı? Kimi daha layiq bilirsiniz birinciliyə?

-Müsabiqədəki müəlliflərin hər birinə uğur arzulayıram. Təkcə bu müsabiqədə deyil, gələcək uğurlar, qalacaq uğurlar, silinməyəcək uğurlar arzulayıram. Hər biri özlüyündə iddialı görünür.

Bu il qaliblər arasında görmək istədiyim Günel Eyvazlı və Elçin Aslangil onluğa düşmədi, çox təəssüf edirəm buna görə. İstedadlı və bazalı imzalar var.

Bizsə “Doxsanıncı illər haqqında sayrışmalar”la səmimi razılaşma imzalamışıq, onluqda olmamız , söyləmək istədiklərimizin xəfifcə, bu qədərinin duyulması bizə yetir.

XS
SM
MD
LG