Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Sənin başın idi?


Cənab Çarlez Puter, xanım Karri Puter, oğlanları Lupin. Rəsmin müəllifi: Weedon Grossmith

Cənab Çarlez Puter, xanım Karri Puter, oğlanları Lupin. Rəsmin müəllifi: Weedon Grossmith

- Doqquzuncu fəsil əlavə olundu

Önəmsiz bir adamın gündəliyi

Müəlliflər: George Grossmith, Weedon Grossmith

“Sırf ‘önəmli bir insan’ olmadığım üçün mənim gündəliyim niyə maraqlı olmasın, doğrusu, başa düşmürəm.”

19-cu əsrin sonunda orta sinfə mənsub bir Londonlu necə yaşayırdı?

Grossmith qardaşlarının həm də ortalığı tutan “məşhurların həyat hekayələri"ni ələ salmaq üçün qələmə aldıqları bu gündəlik o zaman “Punch” dərgisində çıxandan sonra 1892-ci ildə kitab şəklində nəşr edilib.

"Önəmsiz bir adamın gündəliyi". İngiliscə köhnə nəşri

"Önəmsiz bir adamın gündəliyi". İngiliscə köhnə nəşri

“Önəmsiz bir adam” tərəfindən yazılmış bu roman burjua həyatının mənasızlığını son dərəcə gözəl bir komediya dililə ortaya çıxarır.

Beləliklə, Londonlu kargüzar Charles Pooter, onun arvadı Karri, oğlanları Lupin və onların bir çox dost-tanışlarının həyatında 16 ay boyunca baş vermiş gündəlik əhvalatlar nəql olunur.

Gündəliyi yazan cənab Pooter xırda məişət məsələlərindən, önəmsiz gündəlik hadisələrdən çox böyük, önəmli şeylərmiş kimi danışır və elə danışır ki, gülüş ardınca gülüş doğurur.

IX fəsil

24 dekabr – Düzdür, kasıbam, amma məmnuniyyətlə 10 şillinq verərdim, təki bu səhər təhqir yazılmış Mövlud açıqcasını mənə kimin göndərdiyini bilim.

Mən heç vaxt insanları təhqir etmirəm, onlar niyə məni təhqir etməlidirlər ki?

Ən pisi odur ki, bütün dostlarımdan şübhələnməyə başlayıram. Əlyazısı qəsdən dəyişdirilib, hərflər qəsdən əyri-üyrü yazılıb.

İnanmıram Qouinq, ya Kaminqs belə iş tuta. Lupin dedi, xəbərim yoxdur, mən də ona inanıram; hərçənd, onun gülməsini və bununla da təhqiri yazan adama simpatiya göstərməsini şiddətlə qınayıram.

Cənab Françinq heç belə iş tutmaz; Mutlarlardan da heç birinin bu səviyyədə iş tutacağı ağlıma gəlmir. Bəlkə idarədəki o yaramaz məmur Pitt edib, ola bilər?

Yaxud təmizlikçi xanım Birrell, ya bəlkə Buruin-Fosselton? Amma bu yazı onun səviyyəsi üçün qat-qat yuxarıdır.

Mövlud günü - Paddingtonda saat 10.20 qatarına mindik, Karrinin anasıgildə gözəl bir gün keçirdik.

Şəhərkənarı qəşəng sakitlikdir, xoşdur, baxmayaraq ki, yollar bir az dərə-təpədir. Günorta yemək yedik, elə onumuz idik, kənar adam yox idi, köhnə vaxtlardan danışdıq.

Əgər hamının mənimki kimi qəşəng, işə qarışmayan qaynanası olsa, dünyada necə böyük xoşbəxtlik hökm sürər! Hamımızın əhvalımız yaxşı idi, onun sağlığına çox yaxşı bir sağlıq dedim.

Çıxışımı çox səliqəli şəkildə tamamladım: “Belə günlərdə hamımızı qohumlarımıza, dostlarımıza, tanışlarımıza, bir-birimizə qarşı xoş duyğular bürüyür. Bizim istəyimiz birdir, sevgi və dostluq. Kim ki, dostlarıyla dalaşıb, qoy gedib onları öpsün, aranı düzəltsin. Kimin ki, arası yaxşıdır, qoy həmişə yanındakını öpsün.”

Karrinin də, anasının da gözləri yaşardı və deməliyəm ki, mənə qol-qanad gəldi.

Bizi evləndirmiş əziz qocaman John Panzy Smith ən şadyana, ən əla tostu dedi və sonra masanın ətrafına dövrə vuraraq, Karri də daxil olmaqla, bütün xanımları öpdü.

Əlbəttə, kimsə buna qarşı çıxmadı, amma tanımadığım, nahar vaxtı bir kəlmə də kəsməyən Moss adlı cavan oğlan qəfil ayağa qalxdı və bəyan etdi:

“Salam! Başa düşmürəm, mən niyə bu səhnədə olmamamlıyam.” Biz onun nə demək istədiyini anlamağa macal tapmamış o, Karrini və qalan xanımları öpdü.

Xoşbəxtlikdən bu məsələni zarafat kimi qəbul etdilər və biz hamımız güldük, ancaq təhlükəli eksperiment idi və mən özümü narahat hiss edirdim. Sonra bu məsələni Karrinin nəzərinə çatdıranda o, dedi: “Ah, o ki lap balaca oğlandır.”

Mən dedim ki, onun bığı balaca oğlan bığına oxşamır. Karri cavab verdi: “Deməzdim ki, kifir oğlandır.”

26 dekabr – Keçən gecə yaxşı yatmamışam, özgə çarpayıda heç vaxt yata bilmirəm.

Karri ilə axşamüstü şəhərə qayıtdım. Lupin gec gəldi. Dedi ki, Mövlud bayramı keçirib. Sonra küçə jarqonunda bir dənə cümlə dedi, həmişəki kimi heç nə başa düşmədim, özüm də daha təslim olmuşam, yoxsa mənasını soruşardım.

27 dekabr— Lupinə dedim ki, Qouinq və Kaminqsi gözləyirəm, gəlsinlər, sakit bir tas oyun oynayaq. Ümid eləyirdim ki, oğlan qalmaq istəyər, onların könlünü açmaqda mənə kömək edər.

O isə dedi: “Onları başından elə, sevgilimlə qardaşı gələcəklər.” Mən cavab verdim ki, onlara bu sözü heç cür deyə bilmərəm. Lupin dedi: “Onda mən Deyziyə xəbər edərəm, gəlməsinlər.”

Teleqram, ya məktub ona bu qədər tez vaxtda çata bilərmi - düşündüyüm vaxt söhbətə qulaq asan Karri aşkar bezginliklə Lupinə söz atdı:

“Niyə Deyzi atanın dostlarıyla tanış olmasın, hə? Atanın dostlarını qıza yaraşdırmırsan, ya qızı onlara layiq görmürsən (bu daha doğru idi).”

Lupin lal oldu, heç nə cavab verə bilmədi. O, otaqdan çıxanda mən mükafat əlaməti olaraq, Karrini öpdüm.

28 dekabr – Səhər yeməyi üçün aşağı düşən Lupin anasına dedi: “Deyzi ilə Frankın gəlişini təxirə salmadım, istəyirəm onlar da bu axşam Qouinqlə Kamminqsə qoşulsunlar.”

Mən çox məmnun oldum. Karri cavabında dedi: “Şadam ki, bunu mənə vaxtında xəbər verdin, qoyun budunu buzluqdan çıxarım, üstünə bir az cəfəri səpim, heç kəs ətin doğranmış olduğunu bilməyəcək.” Sonra dedi, bir neçə blini və pippin də bişirsin ki, axşamacan soyusunlar.

Lupinin kefinin düzəldiyini görəndə ondan soruşdum ki, Qouinqin, ya Kamminqsin gəlişinə həqiqətən etirazı varmı.

O, cavab verdi: “Heç də yox. Kamminqs gicbəsər adamdır, amma bunun da bir səbəbi odur ki, o, “üçü də, altısı da bir qiymətə papaq şirkəti”ndə işləyir. Qouinqin qəhvəyi məxməri gödəkçəsindən isə o, səyyar fotoqrafa oxşayır.”

Mən cavab verdim ki, insanı insan edən geyimi deyil, Lupinsə güldü və dedi: “Heç bunun tərsi olan məsəli də çəkə bilmirik.”

Şam yeməyində kefimiz yaxşı idi, Deyzi də axşam təzə başlayanda mahnı oxudu, onda o, xoş təsir bağışlayırdı. Amma sonra dedi: “Çörəkatdı oynayaq?” Başladı çörəkləri yumrulayıb masanın ətrafına düzməyə.

Mən bunu pis manera hesab etdim, amma əlbəttə, heç nə demədim.

Bu vaxt Deyzi və Lupin çörək yumrularını bir-birinə tolazlamağa başladılar. Frank da onlara qoşuldu, Kamminqs və Qouinqin də onlara qoşulması məni heyrətə saldı.

Çörəyin quru hissələrindən biri alnıma dəydi, gözlərimi qırpdım və dedim: “Yavaş olun lütfən, yavaş olun!” Frank tullanıb dedi: “Tam, tam; qrup oynamağa davam etsin.”

Mən bunun nə demək olduğunu başa düşmədim, amma onların hamısı qəşş elədi və çörək davasına davam etdilər.

Birdən Qouinq soyuq qoyun ətinin üstündən bütün cəfərini siyirdi və hamısını mənim sifətimə atdı.

Mən hirslə Qouniqə baxanda o, cavab verdi: “Deyirəm, başın bütün cəfəri olanda ciddi-ciddi baxmaq heç yaxşı deyilmiş.”

Mən masadan qalxdım və tələb etdim ki, bu sarsaqlığa son qoyulsun. Frank Mutlar qışqırdı: "Vaxtdır, cənablar, vaxtdır!” və qazı söndürüb bizi zil qaranlığa qərq etdi.

Mən otaqdan çıxmağa yol axtarırdım, bu vaxt boynumun arxasına kiminsə qəsdən vurduğunu hiss etdim: “Kim vurdu məni?”

Cavab gəlmədi, sualımı bir də təkrar etdim, yenə cavab gəlmədi. Mən kibrit çəkdim, qazı yandırdım. Onların hamısı danışıb gülürdülər, özümü saxladım, amma onlar gedəndən sonra Karriyə dedim:

“Mənə Mövlud bayramında təhqiredici açıqca göndərən adam bu gecə buradaydı.”

29 dekabr – Gecə çox aydın yuxu gördüm. Oyanıb, bir də yatdım, yenə eyni yuxunu gördüm. Gördüm ki, Frank Mutlar bacısına deyir, mən Mövlud bayramında təhqiredici açıqcanı yazmışam, həm də gecə qaranlıqda mənim boynumun arxasına vurduğnu etiraf etdi.

Tale elə gətirdi ki, səhər yeməyində Lupin Frankdan təzəcə aldığı məktubu oxuyurdu.

Xahiş etdim ki, zərfi mənə versin, zərfdəki əl xəttini müqayisə edəcəkdim. O, zərfi mənə verdi, zərfləri yanaşı qoydum. Xəttini azdırmağa çalışmışdı, amma mən bənzərliyi aşkara çıxardım.

Onları Karriyə ötürdüm, o, gülməyə başladı. Soruşdum ki, axı nyə gülür, o dedi ki, heç zərf sənə gəlməyib. Zərf “L. Pooter”ə gəlib, “C. Pooter”ə yox.

Lupin zərfə baxmaq istədi və gülərək dedi: “Ah hə, bu mənə gəlib.”

Mən dedim: “Sənin Mövlud bayramında təhqiredici açıqca almaq vərdişin var?" O, cavab verdi: “Alıram da, göndərirəm də.”

Axşam Qouinq gəldi və dedi ki, keçən gecə burda çox əylənib. Mən bir köhnə dost kimi fürsətdən istifadə edərək, keçən gecə boynuma kiminsə vurduğunu ona dedim.

O, qəşş elədi və “Sənin başın idi?” Bilirəm ki, təsadüfən nəyisə vurdum, amma fikirləşdim ki, bu kərpic divar idi.” Ona sözün hər iki mənasında incidiyimi dedim.

30 dekabr, Bazar – Lupin bütün günü Mutlarlarla keçirdi. Axşam kefi yaxşı görünürdü və mən dedim: “Səni belə şad-xürrəm gördüyümə şadam, Lupin.”O, cavab verdi: “Deyzi əla qızdır…” Mən dedim: “Lupin, sən balaca oğlan deyilsən. Ümid edirəm, buna görə peşman olmazsan.”

31 dekabr – Köhnə ilin son günü. Cənab Mutlardan möhtəşəm məktub aldım. O, yazırdı:

“Əziz cənab,

Uzun müddətdir ki, bu çətin suala cavab tapa bilmirəm. Mənim evimin ustası kimdir? Mən, ya sizin oğlunuz Lupin?

Üzr istəyirəm, amma mənəm və mən sizin oğlunuzun bu evə ayaq basmasına icazə verməmək kimi bir ixtiyara sahibəm. Üzgünəm, çünki bu məni ən təvazökar, centlmen bir şəxslə ünsiyyət şərəfindən məhrum edir, onunla tanışlıqdan şərəf duydum.”

İlin son gününü pis qurtarmaq istəmədiyim üçün məktub haqda nə Lupinə, nə də Karriyə heç bir söz demədim.

Çox qorxulu duman vardı və Lupin onun içindən keçməliydi, Köhnə İl çıxmamış gələcəyinə və ənənəvi içkimizi içəcəyimizə söz vermişdi. Ancaq 12-ə on beş dəqiqə qalmış o, hələ qayıtmamışdı, duman çox sıx idi.

Vaxt yaxınlaşdıqca ruhdan düşürdüm. Karri və mən viski içməyə qərar verdik, mən şüşəni qaldırdım, Karri isə dedi ki, brendi qoxusu gəldi. Viski olduğuna əmin idim və dedim ki, müzakirə açmaq istəmirəm.

Lupinin gəlməməsindən aşkarca darğın olan Karri həmişə içkiləri qoxulara görə seçmək üçün onunla mübahisə etməyimi istəyirdi. Mən dedim ki, indicə dadına görə qərar verəcəm.

Axmaq, mənasız mübahisə oldu, nəticədə bir də baxdıq ki, saat 1-ə 15 dəqiqə işləyir. Evlilik həyatımızda ilk dəfə Yeni İlin gəlişini ötürdük.

Lupin 3-ə on beş dəqiqə işləmiş gəldi, neçə saatdır dumanda azıb qaldığını dedi.

(Doqquzuncu fəslin sonu)

VIII fəsil

5 noyabr – Sadəlövh Lupinin bizimlə məsləhətləşmədən nişanlanmasına görə Karrinin də, mənim də qanımız qaradır. Deyir, qızın adı Deyzi Mutlardır və həyatda gördüyü ən yaxşı, ən gözəl, ən uğurlu qızdır. Onu görən anda aşiq olub və əlli il də gözləsə, yalnız onunla evlənər, o qız da gözləyər.

Lupin sonra dedi ki, dünya onun gözündə gözəlləşib. İndi həyatda bir məqsədi var, Deyzi Mutları Deyzi Puter etmək və tam əmindir ki, o, Puterlər soyadının şərəf və ləyaqətinə xələl gətirməyəcək.

Bu yerdə Karri göz yaşlarını saxlaya bilmədi, onun boynuna sarıldı və bu zaman əlindəki içki Lupinin təzə ağ şalvarına töküldü.

Mən dedim ki, Mutlar xanımı görəndə bəyənəcəyimizə şübhə yoxdur, Karri isə dedi ki, onu artıq sevib. Mən bu sözü deyərkən Karrinin tələsdiyini düşündüm, amma dilimi saxladım.

Deyzi Mutlar bütün günü söhbətlərimizin əsas mövzusu oldu. Lupindən soruşdum ki, o, kimlərdəndir. Cavab verdi: “Ah, Mutlar Vilyamlardan və Vatlardandır.”

Onları tanımadım, amma Lupini qıcıqlandırmamaq üçün dilimi saxladım, artıq sual vermədim.

6 noyabr - Lupin mənimlə birlikdə idarəyə getdi, direktorumuzla, cənab Perkapla uzun söhbət etdilər, nəticədə o, “Job Cleanands and Co., Stock and Share Brokers” firmasında işləməyi qəbul etdi.

Lupin təklikdə qalanda mənə dedi ki, bu, reklamçılıq firmasıdır və oranı çox da xoşlamır. Mən cavab verdim: “Kasıblar seçmirlər” və ədalət üçün deməliyəm ki, Lupin özündən utandı.

Axşam Kammingilə fişəng yandırmağa keçdik. Yağış yağmağa başladı, çox pis oldu.

Fişənglərimdən biri alışmadı, Qouinq dedi: “Ayaqqabınla vur, alışacaq.” Mən ayaqqabımın ucuyla bir neçə zərbə vurdum, birdən möhkəm partlayış çıxdı, barmaqlarım da yandı.

Qalan fişəngləri alışdırmaq üçün Kammingiiln balaca oğluna verdim.

Daha bir bədbəxt hadisə oldu, başıma lap pis iş açdı.

Kammin böyük bir təkəri yerdəki çubuğa bərkitdi. Lap şişirtdi, dedi qiyməti yeddi şillinqdir. Alışdırmaqda bir az çətinlik oldu.

Axırda yandı, amma bir neçə qığılcımdan sonra dayandı. Əsam üstümdəydi, onu işə salmaq üçün bir balaca vurdum.

Təəssüf ki, dirək otluğa düşdü. Hamı üstümə elə düşdü ki, kənardan baxan elə bilərdi, evi yandırmışam.

Bir də fişəng partisinə qoşulmayacam. Boş, mənasız pul və vaxt itkisidir.

7 noyabr - Lupin Karridən xahiş etdi ki, Mutlar xanıma zəng etsin, Karri isə dedi ki, birinci Mutlar xanım zəng etməlidir.

Mən Karri ilə razılaşdım və mübahisə başladı. Amma Karrinin ortaya başqa söz salmasıyla məsələ yoluna qoyuldu. Karri dedi ki, vizit kartlarımız qurtarıb, bir az da kart çap etdirməliyik, onlar hazır olanda zəng etiketini müzakirə edərik.

8 noyabr – Dəftərxana dükanında kart sifariş elədim. Hərəsindən iyirmi beş dənə çıxarmalarını istədim, bizə uzun müddət bəs edər. Axşam Lupin Mutlar xanımın qardaşı Harri Mutları evə gətirdi.

Birtəhər oğlan idi, Lupin dedi ki, klubda o, xeyli məşhurdur və ən yaxşı həvəskar ifaçıdır. Klub deyəndə “Holloway” Komediyaçıları nəzərdə tuturdu. Lupin bizə pıçıldadı ki, Harrinin donunu aça bilsək, bizi gülməkdən qıracaq.

Şam yeməyi vaxtı Mutlar bir neçə maraqlı, qeyri-adi nömrə göstərdi. O, bıçağı götürdü, onun küt tərəfilə yanağında möhtəşəm bir ritm çaldı. O, dişsiz qoca kişinin böyük siqar çəkməsini də çox gözəl parodiya elədi. Onun siqarı ağzında necə saxlaması Karriyə lap ləzzət elədi.

Söhbət vaxtı Deyzinin adı səsləndi və gənc Mutlar bir axşam bacısını da gətirəcəyini dedi. Dedi ki, valideynləri köhnəpərəstdir, evdən çox çıxmırlar. Karri dedi ki, biz xüsusi parti təşkil etməliyik.

Gənc Mutlar evə gedənə oxşamırdı. Saat 11-ə yaxınlaşırdı. Buna görə də mən Lupinə xatırlatdım ki, səhər tezdən durmalıdır. Bu eyhamımı tutmaq əvəzinə Mutlar yeni komik nömrələr göstərməyə başladı. Fasiləsiz bir saat parodiya elədi.

Yazıq Karrinin qorxudan gözləri açıq qalmışdı. Axırda üzr istəyib dedi: “Gecəniz xeyrə qalsın.”

Mutlar ondan sonra getdi, mən onların zalda “Holloway” komediyaçıları haqda nəsə danışdıqlarını eşitdim, saat 12-ni keçsə də, Lupin papağını qoyub paltosunu geyindi, yeni həmkarıyla bayıra çıxdı. İyrənc.

9 noyabr – Gündəliyimdən vərəqləri kimin cırdığını tapmaq səylərim hələ də bəhrəsizdir. Lupinin fikri Deyzi Mutların yanındadır, onu gec-gec görürük, hərdən-birdən yeməkdə. Kammin gəldi bu gün.

10 noyabr - Lupin yeni işini bəyənib, deyəsən. Bu, məni rahatladır. Karri də Lupin kimi çay süfrəsində elə hey Deyzi Mutlardan danışır, Lupin kimi onun da beyni dolub.

Lupin mənə iyrənc bir xəbər gətirdi. Dedi, “Holloway” komediyaçılarının növbəti tamaşasında oynamaq üçün onu dilə tutublar.

Deyir, “Gone to my Uncle’s” tamaşasında Bob Britçesi oynayacaq. Mutlar qoca Mastini oynayacaq. Mən Lupinə açıq dedim ki, bu məsələ məni maraqlandırmır, həvəskar teatrlardan zəhləm gedir. Axşam Qouinq gəldi.

11 noyabr – Evə qayıdanda içəridə çox pis hay-küy vardı. Biabırçılıq. Karri yataq otağının qapısında qorxmuş halda dayanmışdı.

Sara isə həyəcanlıydı, ağlayırdı. Xanım Birrell (xidmətçi) içkili olduğu açıq-aydın görünürdü, möhkəm qışqırırdı ki, o, oğru deyil, hörmətli qadındır, zəhmət çəkib çörəkpulu qazanır, yalan danışanın ağzından vurmağa hazırdır.

Lupinin arxası mənə tərəf idi, gəldiyimi eşitməmişdi. O, iki qadının arasında durmuşdu, aranı sakitləşdirməkdənsə, anasının yanında ağzına gələn sözləri deyirdi; düz bu sözlərinin üstünə çıxdım:

“Və bütün bu hay-küy üç qəpiyə də yaramayan çürük gündəliyin bir neçə vərəqinin itməsinə görədir?!” Mən sakitcə dedim: “Üzr istəyirəm, Lupin, bu sənin fikrindir, evin yiyəsi mənəmsə icazə ver mən danışım.”

Belə başa düşdüm ki, dava Saranın xidməçi xanım Birreli gündəliyi cırmaqda, mətbəx artıqlarını büküb aparmaqda ittiham etməsilə başlayıb.

Xanım Birrell Saranın üzünə şillə vurub, heç nə götürmədiyini deyib.

Mən əmr elədim ki, Sara işinin başına dönsün, xanım Birrel isə evinə getsin. Mən otağa girəndə Lupin ayaqlarını havada yellədir və qəhqəhə çəkirdi.

12 noyabr, bazar – Kilsədən qayıdanda mən və Karri Deyzi Mutlar və onun qardaşına rast gəldik.

Deyzini bizə təqdim etdilər və mən biz evə doğru birlikdə addımladıq. Bir neçə dəqiqəlik içəri girmələrini xahiş etdik, gəlinimə yaxşı-yaxşı baxdım.

Ürəyim düşdü. Lupindən ən azı səkkiz yaş böyükdür. Heç də yaxşı görünmür.

Karri onu bir neçə dostla tanış olmaq üçün qardaşıyla birlikdə çərşənbə gününə bizə qonaq dəvət etdi. Deyzi dedi ki, çox böyük məmnuniyyətlə gələr.

13 noyabr – Karri bir neçə dəvətnamə yazaraq, Qouinqə, Kammingilə, Satında yaşayan xanım Ceymsə və xənab Stilbruka göndərdi. Mən Pekhamdan cənab Françinqə bir məktub yazdım.

Karri təklif etdi ki, direktorumuz cənab Perkapa da xəbər verək. Mən dedim ki, qorxuram onun üçün kifayət qədər vacib adamlar deyilik.

Karri dedi, soruşmaqda bir qəbahət yoxdur. Mən dedim: “Əlbəttə, yoxdur” və ona məktub yazdım.

Karri etiraf etdi ki, Deyzi Mutların xarici görünüşünə görə bir qədər məyus olub, amma onun yaxşı qıza oxşadığını düşünür.

14 noyabr – Hələ ki, hamı bizim sabahkı kiçik mərasimimizə dəvəti qəbul edib. Cənab Perkap bir qəşəng məktub yazıb, onun məktubunu saxlayacağam, yazıb ki, Kensingtonda naharı var, amma ordan qurtula bilsə, bir saatlıq gələcək.

Karri bütün günü məşğul oldu, balaca şirniyyatlar bişirdi. Cemli bulkalar, kekslər. Deyir ki, sabah axşamkı qonaqlığın məsuliyyətinə görə çox həyəcanlıdır.

Masaya yüngül şeylər düzməyi qərara aldıq; sendviç, soyuq qəlyanaltılar və şirniyyat və çox ac olanlar üçün də soruşarıq, əgər istəsələr, soyuq mal əti, toyuq əti, Paysandu dili də təqdim edərik.

Qouinq gəlib “qaranquş quyruğu” pencəyini geyinib-geyinə bilməyəcəyini soruşdu, Karri dedi ki, yaxşı geyim geyinsin, əgər cənab Françinq gəlirsə, cənab Perkap da gələ bilərsə, xarici görünüşə fikir vermək lazımdır.

Qouinq dedi: “Gör nə vaxtdır geyinib-keçinmirdim, pal-paltarım qırışıb, indi dərziyə verməliyəm. Gəldim bunu öyrənim.”

Qouinq gedəndən sonra Lupin gəldi. Deyzi Mutları məmnun eləmək xatirinə evin düzənini tənqid elədi, heç nəyi bəyənmədi, Kammingili çağırmağımızı da xoşlamadı, dedi, onlar gecə libasında baqqala oxşayacaqlar, Deyzi onları elə baqqal saysa, təəccüblənməz.

Az qala hövsələdən çıxdım, dedim: “Lupin, icazə ver deyim ki, sənin Deyzi Mutların İngiltərə kraliçası deyil.

Özündən yaşca böyük qadınla nişanlanmağın bəs deyil. Məsləhət görürəm ki, arvad almazdan əvvəl pul qazanasan, özündən başqa, onu da saxlamalı olacaqsan, böyük ehtimal ki, elə gəvəzə qardaşını da.”

Bu məsləhəti həssaslıqla qəbul etmək əvəzinə Lupin ayağa tullanıb dedi: “Mənim nişanlandığım xanımı təhqir edirsənsə, mənim özümü təhqir edirsən. Evi tərk edirəm və bir də qapınızı çirkləndirmərəm.”

O, evdən çıxdı, bayır qapını çırpdı. Amma sonra yaxşı oldu. Şam yeməyinə qayıtdı və biz gecə saat 12-ə qədər Bézique oyunu oynadıq.

VIII fəslin sonu

VII fəsil

22 avqust – Yenə də evim, əziz evim! Karri vazalar üçün qəşəng mavi toxunma altlıqlar alıb. “Fripps, Janus and Co.” şirkəti məktub yazıb, məmur vəzifələri arasında oğlum Lupin üçün yer olmadığına görə üzr istəyir.

23 avqust – gipsdən düzəldilmiş, qəhvəyi rənglənmiş bir cüt erkək öküz başı aldım. Bizim kiçik zala çox yaraşacaq və üslub verəcək. Lap doğruçu başlara oxşayır. “Poolers and Smith” şirkəti də Lupin üçün iş olmadığına görə üzr istəyir.

24 avqust – Lupinin bir az kefi yoxdur. Onun ürəyini almaq, kefini açmaq üçün Karri Satından xanım Ceymsi çağırdı, iki-üç gün bizdə qalsın. Hələ Lupinə heç nə deməmişik bu barədə, qoy sürpriz olsun.

25 avqust – Xanım Ceyms Satından gəldi, günorta çatdı, özülə böyük təbii gül dəstəsi gətirdi. Xanım Ceyms hər görüşdə daha çox xoşuma gəlir, yaxşı qadındır, Karrini çox istəyir.

Karrinin otağına şlyapasını götürməyə getdi, haradasa bir saat orda qalıb paltardan danışdılar. Lupin dedi ki, Xanım Ceymsin gəlişinə təəccüblənməyib, onun sifətinə görə təccüblənib.

26 avqust, bazar – Kilsəyə gecikmişik, Xanım Ceyms səhər tezdən nə geyinmək haqqında çox danışdı, ona görə.

Lupin Xanım Ceymslə yaxşı yola getmir, deyəsən.

Qonşuluqda da vəziyyət yaxşı deyil.

Bir-iki gün bundan qabaq axşam ağ jilet geyinmişdim, baş barmaqlarımı jiletimin ciblərinə salmışdım (vərdişimdir). Bir kişi, amerikalıya oxşayırdı, faytonda oturmuşdu. Məni görən kimi vulqar mənasız bir mahnı oxumağa başladı: “Jiletimin cibində 13 dollar var.”

Şübhələndim ki, mənə söz atır. Çox keçməmiş, şübhəm təsdiqləndi; bu gün günorta silindr papağımı başıma qoyub bağda gəzirdim, papağıma bir şey atdılar, nağara səsi çıxardı.

Tez döndüm, həmin o dünən faytonda oturan adam idi, yataq otağının bir pəncərəsindən görünən kimi də gizləndi.

27 avqust – Karri və xanım Ceyms dükanlara baxmağa getdilər. Mən idarədən gələndə hələ qayıtmamışdılar.

Sonra eşitdiyim söhbətdən düz başa düşdümsə, xanım Ceyms Karrinin başını hansı paltarı almaq haqda sarsaq fikirlərlə doldurur.

Qouinqi şam yeməyinə dəvət etmək və həm də aranı yumşaltmaq üçün onlara getdim.

Karri necə-gəldi bir şam hazırladı az-maz, dünənki soyuq oynaq ətinin qalığıydı, bir balaca salmon balığıydı (az olduğuna görə məcbur oldum yeməyim), bir də şirniyyat və qaymaq. Bir sürahi port və bir az cemli bulka da var idi. Xanım Ceyms bizə “Magginqs” adlı yaxşı bir kart oyunu oynatdı.

Lupin oyunun ortasında yerindən qalxdı və kinayəylə dedi: “Bağışlayın, belə şeylər mənə görə deyil. Gedim evin dalında sakitcə öz misket oyunumu oynayım.” Bunu eşidəndə hirs vurdu başıma.

Dava düşə bilərdi, amma Qouinqin sayəsində sakitlik oldu, o, Lupinə yaxınlaşıb yeni oyun kəşf edək dedi.

Lupin cavab verdi: “Gəlin meymun-meymun oynayaq.” O, Qounqi otaq boyu gəzdirib güzgünün qarşısına gətirdi. Etiraf etməliyəm ki, ürəkdən güldüm.

Sonra nəsə də oldu, özləri güldülər, mənə izah eləmədilər nəyə güldüklərini, buna görə ürəyimdə incidim. Yalnız gecə yatmağa gedəndə başa düşdüm ki, bütün axşamı kreslonun çexolu smokinqimin ətəyinə düymələnib dalılmca gəzirmiş.

28 avqust – Sarmaşıqların ortasında yekə kərpic tapdım, ehtimal etmək olar ki, həmin o qonşu atıb. “Pattles and Pattles” şirkəti də Lupin üçün bir yer düzəldə bilmədi.

29 avqust — Xanım Ceyms yaxşı mənada Karrini ələ salır, deyəsən. Karri önlüyə oxşayan təzə paltarını geyinib gəldi. Bunu “smokinq” adlandırmağı məni hirsləndirdi. Başında mətbəxdəki kömürtəmizləyən boyda və elə o formada yekə bir şlyapa vardı.

Xanım Ceyms evə getdi, mənim də, Lupinin də canımız dincəldi, - oğlum evə qayıdan gübdən axır ki, ilk dəfə bir məsələ barədə fikrimiz üst-üstə düşdü.

“Merkins and Son” şirkətindən Lupin üçün yer olmadığı haqda məktub gəldi.

30 oktyabr - Bilmək istəyirəm, kim götürüb mənim gündəliyimdən son beş-altı həftəni cırıb. Bu, dəhşətdir! Mil-mil yekə dəftərdir, gündəlik hadisələri və ağrılarımı qürurla yazmaq üçün kifayət qədər yeri var, qalındır.

Karridən soruşdum, bəlkə o, bilir. Dedi, öz təqsirimdir ki, gündəliyi təmizlikçi qadının yanında qoymuşam.

Dedim, bu mənim sualımıın cavabı deyil. Mənim bu sözüm, bu ağıllı cavabım daha təsirli olardı, əgər bunu deyən kimi qolum müvəqqəti ortaya qoyulmuş stolun üstündəki vazaya dəyməsəydi, onu aşırıb sındırmasaydı.

Bu fəlakət Karrinin qanını möhkəm qaraltdı, çünki bu, Karrinin xalası qızları Pommertonların (onlar sonra xanım Dalstonlar oldular) toy günümüzdə bizə bağışladıqları bir cüt vaza idi. Biri sındı, o birini başqa heç nəylə cütləşdirmək olmaz.

Mən xidmətçi Saranı çağırdım, gündəlik haqda soruşdum. Qonaq otağına ümumiyyətlə, girmədiyini dedi.

Dedi, Xanım Birrell (təmizlikçi) otağı təmizləyib və sobanı yandırıb.

Ocaqda bir parça yanmış kağız tapdım, yoxladım və mənim gündəliyimin bir parçası olduğunu aşkara çıxardım.

Bu bir parça kağız sübut etdi ki, kimsə mənim gündəliyimi cırıb ocağa atıb. Xanım Birrellin sabah yanıma çağırılmasını tələb etdim.

31 oktyabr - Direktorumuz cənab Perkapdan məktub aldım, yazırdı ki, o, nəhayət, əziz oğlumuz Lupin üçün bir yer təşkil edə bilər.

Bu məktub gündəliyimin bir hissəsini itirmək ağrımı qismən sakitləşdirdi, etiraf etməliyəm ki, son bir neçə həftəni Lupin üçün müraciət etdiyim iş yerlərindən gələn məyusedici cavabları gündəliyimə qeyd etməyə həsr etmişdim.

Xanım Birrell mənə cavab verdi ki, o, heç vaxt heç bir kitab görməyib, əliuzunluq da etməyib.

Mən dedim ki, bu işi kimin etidyini tapmaqda qərarlıyam, o isə dedi ki, mənə kömək etmək üçün əlindən gələni etmək istəyir, - süpürgəçi otaqda olanda alışqan səsi eşidib. Süpürgəçinin sabah yanıma göndərilməsini tələb etdim.

Kaş Karri Lupinə arxa qapının açarını verməzdi. Gecə birin yarısınacan onu gözlədim, lap təqaüdçü kimi yorğun düşdüm (ing: retired tired).

1 noyabr — Dünən “təqaüdçü kimi yorğun” düşməyim haqda yazdığımın yaxşı qafiyələndiyini indi görürəm. Gülməlidir. Bu dəqiqə narahat olmasaydım, bunu yaxşı zarafata çevirərdim.

Süpürgəçi gəldi, cəsarətinə bax, əsas qapıdan gəldi, çirkli çantasını da pilləkənə dayadı!

Amma elə nəzakətlə danışdı ki, acıqlı davrana bilmədim. Sobanı Saranın qaladığını dedi.

Təəssüf ki, Sara bu sözü eşitdi, barmaqlıqların tozunu alırdı, tez aşağı yüyürdü, düz qapının ağzında süpürgəçiylə dalaşmağa başladı.

Düz qapının ağzında belə bir dava çıxmasına həyatımda razı olmazdım. Süpürgəçidən ona başağrı verdiyimə görə üzr istədim, o, gedəndən sonra pillələrdə qalan çirk mənim də başımı az ağrıtmadı.

Məmnuniyyətlə on şillinq verərdim, təki gündəliyimi kimin cırdığını öyrənim.

2 noyabr – Axşamı Karriylə sakit şəraitdə keçirdik, onunla həmişə xoşdur. “Evlilik uğursuzluqdurmu?” mövzusunda gələn məktublar haqda çox xoş bir söhbət etdik. Bizimki uğursuz deyil. Öz xoşbəxt təcrübəmiz haqda danışa-danışa bir də gördük gecəyarıdan keçib.

Birdən qapının dəli kimi döyüldüyünü eşitdik. Gələn Lupin idi. O, içəri girəndə nə dəhlizdə qazı azaltmağı, nə də biz olan otağa boylanmağı lazım bilmədi.

Çox pis səs-küy sala-sala düz yatağına getdi. Bir dəqiqəlik aşağı düşməsini xahiş etdim. O, üzr istədi, “möhkəm yıxıldığını” dedi. Amma on beş dəqiqədən sonra otağında şən-şən rəqs edirdi və qışqırırdı: “Gör necə polka oynayıram!”, belə-belə səslər.

3 noyabr – Nəhayət, yaxşı xəbər. Cənab Perkap Lupin üçün bazar ertəsinə görüş təyin etdi, Lupin getməlidir. Ah, əcəb rahatlandım!

Lupinin otağına bu yaxşı xəbəri verməyə getdim, amma o, artıq uzanmışdı, pərişan idi, qərara gəldim xəbəri saxlayım.

Dedi, keçən gecə Hollovey Komediya Həvəskarları Dramatik Klubunun üzvü seçilib. Xoş axşam olsa da, bir az kefsiz və əsəbi olub. Səhər yeməyindən imtina etdi, mən də çıxdım.

Axşam bir şüşə port içdim. Lupin heyrətlə baxırdı, mən dedim: “Lupin, oğlum, mənim sənə yaxşı və gözlənilməz bir xəbərim var. Cənab Perkap səni qəbul etməyə gün təyin edib!”

Lupin dedi: “Yaxşı söhbətdi” və biz badələrimizi doldurduq. Sonra Lupin dedi: “Badələri bir də doldur, çünki mənim də sizə yaxşı və gözlənilməz bir xəbərim var.”

Elə bil, nə deyəcəyini hiss etmiş kimi oldum. Karri dedi: “Ümid edirəm, yaxşı xəbərdir.”

Lupin dedi: “Ah, elədir ki var. Mən nişanlanmışam, evlənirəm!”

VII fəslin sonu

VI fəsil

Bu fəsildə: Oğlumuz Villi Lupin Pooter gözlənilmədən evə gəlir.

4 avqust – Səhər gələn ən birinci poçtla əziz oğlumuz Villidən qəşəng bir məktub aldıq. Karrinin onun ad gününə, srağagün iyirmi yaşı tamam olması münasibətilə göndərdiyi kiçik hədiyyəni aldığını deyirdi.

Biz heç gözləmədən günorta özü Oldhamdan evə uzun yol qət edərək, qarşımızda peyda oldu.

Dedi ki, işlədiyi bankdan ona icazə veriblər, bazar ertəsi də bayram olduğuna görə, bizə kiçik bir sürpriz edə biləcəyini düşünüb.

5 avqust, Bazar – Villini keçən Mövlud bayramından bu yana görməmişdik. Onun böyüyüb necə yaraşıqlı cavan oğlan olduğunu görmək bizi sevindirdi.

Tanımayan adam onun Karrinin oğlu olduğuna inanmaz. Karrinin balaca qardaşına oxayır.

Bazar günü dama-dama kostyum geyinməsini heç ona yaraşdırmadım, çünki məncə, o, bu səhər kilsəyə getməliydi. Amma dünəndən uzun yol gəldiyinə görə yorulduğunu dedi, odur ki, bu barədə əlavə nəsə deməməyi lazım bildim.

Naharda bir şüşə port içdik, Villinin sağlığına.

O, dedi: “Ah, yaxşı yadıma düşdü. Sizə demişdim ki, adımdan imtina etmişəm? İkinci adım Lupini əsas ad kimi götürmüşəm.

Əslində, Oldhamda məni “Lupin Pooter” kimi tanıyırlar. Əgər orda məni “Villli” deyib soruşsanız, kimdən söhbət getdiyini bilməzlər.”

Əlbəttə, Lupin addan çox familiyadır, amma Karri bundan məmnun oldu və başladı öz Lupinlərinin tarixindən danışmağa.

Mən Vilyamın daha gözəl, sadə ad olduğunu dedim, ona Şəhərin çox hörmətli köhnə yaxşı kişilərindən olmuş əmisi Vilyamın şərəfinə xaç suyuna salındığını xatırlatdım.

Villi mənim çox da bəyənmədiyim bir tərzdə istehzayla dedi:

“Of, köhnə yaxşı Bill – söhbətini yaxşı bilirəm" və özünə üçüncü badəni süzdü. Karri mənim “Köhnə yaxşı” sözlərimə etiraz etdi, amma Villi belə deyəndə heç dillənmədi.

Mən heç nə demədim, Karrinin üzünə çoxmənalı baxışla baxdım. Dedim: “Əzizim Villi, ümid edirəm bankda həmkarlarınla yaxşı anlaşırsan.”

O, cavab verdi: “Orda bir dənə də yaxşı işçi yoxdu, boss isə oğraşın biridir.”

Mən elə şoka düşdüm, heç nə demədim. Amma instinktim mənə burda nəsə şübhəli məsələ olduğunu dedi.

6 avqust, bayram – Lupinin çıxıb-çıxmayacağı məlum olmadığından, onun qapısını döydüm, dedim ki, adətən doqquzun yarısında səhər yeməyi yeyirik, bir də onun nə vaxt çıxacağını soruşdum.

Lupin cavab verdi ki, o, çox gözəl bir gecə keçirib, əvvəl qatar evi silkələyib, özü də bütün gecəni, səhər açılandan da günəş pəncərədən gözünü deşir, heç yata bilməyib, başı ağrıyır.

Karri gəlib soruşdu ki, istəyirsə yeməyini içəri verək, o isə cavab verdi ki, yalnız çay istəyir, başqa heç nə.

Lupinin aşağı düşmədiyini görüb, saat ikinin yarısında özüm yuxarı qalxdım, dedim, saat 2-də yemək yeyəcəyik, cavab verdi ki, düşəcək.

Amma saat üçə on beş dəqiqə qalmışa qədər düşmədi. Mən dedim: “Heç səni doyunca görmədik, artıq 5.30 qatarıyla gedəcəksən; gecəyə düşməmək üçün bir saata çıxmalısan”.

O, dedi: “Bura bax, hökumət adamı. Getməyin nə mənası, banka istefa ərizəsi yazmışam.”

Bir anlıq dilim tutuldu. Nitqim geri gələndə dedim: “Bunu necə edə bildin, oğlum? Necə belə ciddi addımı mənimlə məsləhətləşmədən ata bildin?

Cavab vermə! Bu dəqiqə oturursan mənim dediyimi yazırsan, istefanı geri götürürsən və düşüncəsiz hərəkət etdiyinə görə üzr istəyirsən.”

Onun möhkəm qəhqəhəsini eşidəndə necə qorxduğumu təsəvvür edin: “Xeyri yoxdur. "Köhnə yaxşı həqiqət" istəyirsənsə, mən onlarla qurtarmışam!”

7 avqust – Cənab Perkap ev tətilimi bir həftə də uzatmağıma icazə verdi, çünki otaq tapa bilməmişdik.

Bu, bizə getməzdən əvvəl Villi üçün bir görüş də təşkil etməyə imkan verəcək. Onu cənab Perkapın firmasına işə düzəltmək fikrindəyəm.

11 avqust - Oğlumuz Lupinin əlimizdə qaldığını görmək ciddi məsələ olsa da, heç olmasa, onun “işə marağı olmadığına, banka bir (bəzən də iki) saat gec getdiyinə görə” istefa verdiyini bilmək bizi sakitləşdirir.

Bazar ertəsi Broadstairsə narahat getmək istəmirəm. Oldham bankının meneceriylə faydasız yazışmayla uçub gedən son bir neçə günün narahatlığı hələ ürəyimdədir.

13 avqust - Urra! Broadstairsdəyik. Stansiyanın yanında çox qəşəng evlər var. Təpəyə getsəydik, qiyməti ikiqat artıracaqdılar.

Ev sahibəsi saat beşdə qəşəng nahar və çay verir, hamımızın xoşuna gəldi, hərçənd, yağda milçək gördüyündən, Lupin deyəsən, iyrəndi.

Axşam hava yağışlı idi, çox şükür, bu da yatmğa tez yollanmaq üçün bəhanə oldu. Lupin dedi ki, bir az oturub oxumaq istəyir.

14 avqust - Dünən gecə Lupinin kitab oxumaq bəhanəsiylə Ümumi otaqlarda keçirilən məlum əyləncəyə getdiyini biləndə qanım qaraldı.

Öz fikrimi ifadə edərək, belə bir davranışın hörmətə layiq olmadığını dedim, o isə cavab verdi: “Cəmi bir gecə, vəssalam.”

Karri dedi: “Uşağı rahat burax. Özü nə edəcəyinə qərar vermək üçün kifayət qədər böyükdür. Centlmen olduğu yadından çıxmaz. Yadına sal, özün də cavan olmusan”.

Bütün günü güclü yağış yağdı, amma Lupin getdi.

15 avqust - Toplanıb qatarla Marqata getdik. Orda qarşımıza çıxan ilk adam Qouinq oldu.

Mən dedim: “Salaaam! Bəs elə bilirdim, sən Börminqam dostlarınla Barmousa yollanmısan?”

O, dedi: “Hə, amma balaca Peter Lorens elə xəstələndi ki, səfəri təxirə salası olduq, bura gəldim. Bilirdin ki, Kammingil də burdadır”

Karri dedi: “Oh, çox əla! Gəlin axşamlar yığışaq, oyun oynayaq.”

Mən Lupini təqdim edərək dedim: “Əziz oğlumuz evə gəlib e, tanış ol!” Qouinq dedi: “Necə? Demə ki, bankdan çıxıb?”

Mən tez mövzunu dəyişdiridm və hiyləgər Qouinqin uyğunsuz suallarından yayındım.

16 avqust – Lupin mənimlə birlikdə Parada düşməkdən imtina elədi, nədi-nədi ki, frakla həsir papaq qoymuşdum. Bilmirəm, bu uşaq neynəmək istəyir.

17 avqust – Lupinin fikri bizimlə tutmadı, Karri və mən üzməyə getdik. Onunla tək qalanda rahatlandım; yoxsa ki, Lupin məni hər dəfə qıcıqlandıranda Karri onun tərəfini saxlayır.

18 avqust – Qouinq və Kammin Marqatda yer sifariş etmək üçün getdilər. Hava yağışlı olduğundan, Qouinq Kammindən xahiş etdi ki, onu otelə qədər ötürsün və birlikdə bilyard oynasınlar. Bilirdi ki, mən oynayan deyiləm.

Kammin Marqata tələsdiyini dedi, bu vaxt Lupin məni dəhşətə gətirən bir şey dedi:

“Sənə bir oyun verərəm, Qouinq – yüz qoyuram. Gəzmək də iştahamı açacaq." Qouinq razılaşdı və onlar birlikdə yola düzəldilər.

19 avqust, bazar – Lupinə siqaret çəkmək əleyhinə mühazirə oxumağa hazırlaşırdım. O, siqaretə vəhşi kimi dalır, bilyard haqda da mühazirəm olacaqdı, amma o, papağını başına qoyub evdən çıxdı.

Ondan sonra Karri məni Lupinə uşaq kimi davranaraq, məsləhətlər verdiyimə görə danladı.

Məncə, o, müəyyən qədər haqlı idi, axşam mən Lupinə siqar uzatdım. O, məmnun göründü, amma bir neçə qüllab vurandan sonra dedi:

“Bu, əcdaddər, yaxşı keçmiş əcdad. Götür mənimkindən çək” və mənə bir siqar uzatdı.

20 avqust – Şadam ki, dəniz kənarındakı son günümüz yaxşı keçdi, buludlu olsa da.

Axşam Kammingilə - Marqata getdik. Soyuq olduğuna görə, elə evdə olduq, oyunlar oynadıq. Qouinq həmişəki kimi ağ elədi.

Təklif etdi ki, heç vaxt haqqında eşitmədiyimiz “Katletlər” adlı bir oyun oynayaq.

O, stulda oturdu, Karridən onun dizlərinin üstündə oturmasını xahiş etdi. Əziz Karri bu dəvəti dərhal rədd etdi.

Bir az söz güləşdirəndən sonra mən Qouinqin dizlərinin üstündə oturdum və Karri mənim dizimdə oturdu.

Lupin Karrinin dizlərinin ucunda oturdu, Kammin isə Lupinin.

Biz çox gülməli görünürdük, xeyli güldük, əla gedirdi. Sonra Qouinq dedi: “Siz böyük moğollara inanırsınız?”

Biz hamımız birlikdə cavab verməliydik: “Bəli, hə, bəli” (üç dəfə)

Amma Qoinq dedi: “Mən hə” və dərhal oyundan çıxdı.

Bu axmaq zarafat nəticəsində hamımız yerə yıxıldıq və yazıq Karrinin başı sobanın tininə dəydi.

Xanım Kammin onun başına bir az üzüm sirkəsi qoydu, amma bu vaxt sonuncu qatarı buraxdıq. Broadstairsə maşınla getməli oldum.

Bu isə mənə yeddi funt altı pensə başa gəldi.

VI fəslin sonu

V Fəsil

8 may – Çox dəhşətli başağrıyla oyandım. Gözüm güclə görürdü. Boynumun dalı elə ağrıyırdı, elə bil burxulmuşdu. Əvvəl fikirləşdim, həkimə gedim, amma vacib deyil.

Ayağa qalxanda özümü zəif hiss etdim, Brounişin aptekinə getdim, mənə dərman verdi. İdarədə halım pisləşdi, icazə alıb evə qayıtmalı oldum.

Şəhərdə başqa aptekə getdim, yenə dərman aldım. Deyəsən, Brounişin dozası mənə pis təsir elədi, bütün günü heç nə yemədim.

Elə bil tərslikdən, hər dəfə mən Karriyə nəsə deyəndə ya cavab vermədi, ya da kəskin cavab qaytardı. Axşam özümü daha da pis hiss elədim və ona dedim:

"Əminəm, dünən gecə Mansion Evində mayonezli xərçəngdən zəhərlənmişəm." O, gözlərini əlindəki tikmədən ayırmadan dedi:

“Şampanla sənin aran heç vaxt yaxşı olmayıb.”

Mən qıcıqlanıb dedim:

“Nə hərzə-mərzə danışırsan, cəmi qədəh yarım içdim, özün də yaxşı bilirsən ki...”

Sözümü tamamlamamış o, otaqdan çıxdı. Bir saat oturub gözlədim. Gəlmədi. Qərara aldım ki, gedim yatım.

Karri “Gecən xeyirə qalsın” da demədən yatmağa getmişdi. Mətbəxin qapısını bağlamağı, pişiyi yedirtməyi mənə buraxmışdı. Səhər onunla bu barədə mütləq danışacam.

9 may – Hələ üşüdürəm. Qara haşiyəli çeşməyimi taxmışam, qəzet oxuyuram. "The Blackfriars BiWeeekly News"-da Mansion Evindəki ziyafətin uzun qonaqlar siyahısı çıxıb.

Bizim adımızı buraxdıqlarını görəndə məyus oldum, Farmersonun adı isə oradaydı. Ardınca M.L.L. yazılmışdı. Mənası nədirsə, daha onu bilmirəm.

Kefim lap pozuldu, çünki on neçə dənə qəzet sifariş eləmişdik ki, dostlara göndərək. Qəzetə məktub yazdım, səhv buraxdıqlarını nəzərlərinə çatdırdım.

Salona girəndə Karri səhər yeməyinə başlamışdı. Özümə bir fincan çay süzdüm, çox sakit və təmkinlə dedim: “Karri, dünən gecəki davranışını bir qədər izah edə bilərsənmi?”

O, cavab verdi: “Əlbəttə. Mənsə sənin dünən yox, sragağün gecəki davranışına bir qədər yox, daha çox izah istəyirəm.”

Mən sakitcə dedim: “Doğrudan, nə dediyini başa düşmürəm.”

O, istehzayla dedi: “Əlbəttə, başa düşməzsən. Axı anlaqlı vəziyyətdə deyildin.”

Mən bu eyhamlardan yoruldum və bağırdım: “Karolin!”

O, dedi: “Teatr çıxarma, vecimə də deyil. Tonunu təzə dostunçün saxla, dəmirçi Farmerson üçün.”

Elə ağzımı açacaqdım ki, Karri mənə tanış olmayan tərzdə qayıdasan ki, dilini saxla:

“İndi mən danışıram. Farmerson mənim gözümün qabağında səni aşağıladı, ondan sonra sən onun şampan təklifini qəbul elədin, özü də bir qədəhlə kifayətlənmədin.

Sonra sən evə qayıdanda bizim bir dənə ərsini düzəltməyən bu vulqar adama bizim faytonda yer verdin.

Hələ onun faytona minəndə mənim paltarımı cırmasını, Xanım Ceymsdən birovuz aldığım bahalı yelpincilə necə rəftar elədiyini demirəm.

Heç üzr də istəmədi, bəs sən neynədin? Heç mənim fikrimi də soruşmadan yolboyu siqaret çəkdin.

Hələ qurtarmayıb! Yolun axırında o, sənə öz yerindən bir çərək də təklif eləməmişdi, amma sən ona öz yerinə tərəf genlənməyi təklif elədin.

Xoşbəxtlikdən, ağlı başındaydı, mənim tərəfimdən arzuedilməz olduğunu sezə bildi.”

Tanrı bilir, bunları eşidəndə özümü necə alçalmış hiss elədim, amma bu vaxt işlər daha da pisləşdi.

Qouinq qapını döymədən, iki əli başında içəri girdi. Əlində bağın dırmığını tutmuşdu, aşağıda ilgəkdən Karrinin lələkli plerinasını götürüb boynuna keçirmişdi.

Qaba səslə dedi: “Əlahəzrət Lord Mer!”

Otaqboyu maskaradçı kimi iki dəfə dövrə vurdu, bizim gözlədiyi kimi diqqət vermədiyimizi görüb dedi:

“Hey! Nə olub? Sevgililər dalaşıb, hə?”

Bir anlıq sükut çökdü, onda mən sakitcə dedim: “Əzizim Qouinq, özümü yaxşı hiss eləmirəm, zarafat hayında deyiləm. Xüsusən sən qapını döymədən girəndə mən burda heç bir zarafat görə bilmirəm.”

Qouinq dedi: “Bağışla, amma mən çəliyimi götüməyə gəlmişəm. Elə bildim, göndərəcəksən.”

Yadıma düşdü ki, çəliyi gözəlləşdirmək üçün onu qara rənglə boyamışam. Gedib çəliyi gətirdim, ona verdim. O, bir anlıq çaşqın nəzərlərlə çəliyə baxdı və sonra dedi:

- Kim eləyib bunu?

- Hm. Nə eləyib? – mən dedim.

- Necə nə? Mənim çəliyimi korlayıb. Bu, mənə əmimdən yadigardır. Dünyada hər şeydən qiymətlidir mənim üçün. Öyrənərəm kim eləyib bunu!

- Bağışla, amma deməliyəm ki, əlimdən gələni eləmişdim.

- Yalnız onu deyə bilərəm ki, sən həddini aşmısan. Bu sözümə yalnız onu əlavə edə bilərəm ki, sən göründüyündən də axmaqsan. Bu elədiyin inanılmaz işdir.

12 may

Qəzetin bir nüsxəsini aldım. Orda dünənki qəzetdə buraxılmış bəzi adların qısa siyahısı vardı. Axmaqlar bizim adlarımızı cənab və xanım C.Porter kimi göstərmişdilər. Dəhşət!

Təzədən onlara məktub yazdım və bu dəfə daha səhv olmasın deyə, adımızı ayrıca bir kartda iri hərflərlə göstərdim: POOTER.

16 may – Qəzeti açıb bu başlığı görəndə lap iyrəndim: “Biz Cənab və Xanım Charles Pewter-dən Mansion Evi ziyafətində iştirak etməkləri kimi vacib bir faktı elan etməyimizi tələb edən iki məktub almışıq.”

Qəzeti cırdım, zibilqabına tulladım. Hər xırda cırıt-pırtla məşğul ola bilmərəm, vaxtım çox qiymətlidir.

21 may – Son bir həftə, ya on gün çox darıxdırıcı keçir. Karri Satında Xanım Ceymsgildədir. Kammingil də harasa gediblər. Qouinq çəliyini qara boyayla rənglədiyimə görə, deyəsən, inciyib məndən.

22 may – Yeddi manat altı qəpiyə təzə gümüşü çəlik aldım (Karriyə deyəcəm, 5 manata almışam). Bir kağızda qeyd də yazıb göndərdim Qouinqin evinə.

23 may – Qouinqdən qeyri-adi cavab aldım. O, yazıb: “İncimişəm? Heç də yox, mənim balam. Elə bilirdim, hirsləndiyimə görə sən incimisən.

Çəliyə gəlincə, sənin rənglədiyin çəlik mənə əmimdən qalan çəlik deyilmiş. Bir manatlıq çəlik imiş. Hər halda o çəliyin eynisini aldığına görə, sənə minnətdaram."

24 may – Karri gəldi. Urra! Çox möhtəşəm görünür, yalnız burnunu günəş yandırıb bir az.

25 may – Karri mənim bir neçə köynəyimi gətirib ortaya qoydu və məsləhət gördü ki, onları Trillipinin yerinə aparım, yaxalığı, qollarının ağzı yeyilib ("fraid" – ingiliscə).

Mən bir an da tərəddüd etmədən dedim: “Qorxuram ki...” (“I'm afraid" - ingiliscə) İlahi, bu qafiyəyə o qədər güldük. Sanardın, heç dayanmarıq.

Avtobusda şəhərə gedəndə sürücünün yanında əyləşmişdim, ona da dedim bu zarafatımı. Gülməkdən uzanacaqdı. İdarədə də danışdım, güldülər.

26 may – Köynəkləri yamanmaq üçün Trillipin yerinə verdim. Dedim, “Qorxuram ki, onlar yeyilib” (ingiliscə qafiyələnən sözlərlə). O, heç gülümsəmədən dedi: “Onlar elə yeyilmək üçündür, cənab.” Deyirəm, bəzi adamlarda yumor hissi heç yoxdur.

1 iyun – Keçən həftə lap köhnə vaxtlar kimi oldu. Karri qayıtmışdı, Qouinqlə Kamminqsi demək olar, hər axşam bizə çağırdı. İki axşam bağda gec saatlaracan oturduq. Bu axşam bir dəstə uşaq kimi “Səbəb-nəticə” oyunu oynadıq. Yaxşı oyundur.

2 İyun – Bu axşam da oyun oynadıq. Keçən gecəki kimi olmadı, Qouinq bir neçə dəfə cığallıq elədi.

4 iyun – Axşam Karri ilə Kamminqsin evinə getdik ki, sakit bir axşam keçirək. Qouinq də, cənab Stilbruk da ordaydı. Sakit, amma xoş bir axşam idi.

Xanım Kamminqs beş-altı mahnı oxudu. “Yox, yox”, “Röyalar bağı” mənim təvazökar qiymətimə görə, ən yaxşıları idi.

Amma hamısından yaxşı onun Karri ilə oxuduğu duet idi. O da klassik musiqi idi. Məncə, adı belədir: “İstərdim, sevgilim”. Karrinin səsi bir az tutulmuş olmasaydı, düşünmürəm ki, peşəkarlar onu Karridən yaxşı oxuya bilərdilər.

Şam edəndən sonra onları bir də oxutduq.

Bu yaxınlarda olmuş o “İnək və Çəpər” əhvalatından sonra cənab Stilbrukdan heç xoşum gəlmir, amma etiraf etməliyəm ki, komik mahnıları yaxşı oxuyur. Onun “Qoca kişiləri istəmirik” mahnısı bizi gülməkdən birtəhər elədi.

6 iyun – Trillip köynəkləri gətirdi. Məndən elə qiymət istədi ki, köynəyin təzəsini ondan ucuz almışdım. Bunu ona deyəndə cavab verdi: “Axı indi onlar təzə vaxtı olduqlarından da yaxşı vəziyyətdədi.”

Mən pulu verdim, bunun qarət olduğunu söylədim. O, dedi: “Əgər yaxalığına parça əvəzinə, kitabların yanına vurulan kağız kətanı istəyirdinsə, qabaqcadan deyəydin.”

7 iyun – Qanqaraçılıq. Pekhamda yaşayan cənab Françinqlə görüşdüm. Onu evə çaya, bir tas oyun oyamağa dəvət elədim.

Belə təvazökar təklifi qəbul etməyəcəyini sandım, amma qəbul etdi. Elə belə də dedi: “Özüylə tək qalmaqdansa bizimlə “taxılar”.

Mən dedim: “Gəl bu mavi avtobusa minək”. O dedi: “Mavi yox. Axır vaxtlar mavidən çox çəkmişəm."

Biz faytona minib evə gəldik. Qapını üç dəfə döydük, açan olmadı.

Əyilib aşağıdan şüşədən (ulduzlu şüşədən) baxdım, pilləkənlərlə tələsə-tələsə qalxan Karrini gördüm.

Françingə dedim ki, qapıda gözləsin. Özüm yan qapıdan evə girdim. Baqqalın şəyirdinin qapının rəngini qopardığını, oranı qopuq-qopuq elədiyini gördüm.

Onu danlamağa vaxt yox idi. İçəridən keçib qapını itələdim. Cənab Françingi içəri saldım, onu qəşəng qonaq salonundan evə keçirdim.

Karrinin dalınca yuxarı qalxdım. O, paltarını dəyişdirirdi. Cənab Françingi evə gəlməyə razı saldığımı dedim.

O, cavab verdi: “Axı niyə? Özün bilirsən ki, qulluqçu Sara tətilə çıxıb. Evdə heç nə yoxdur. Ət xarab olub.”

Axırda Karri, nəcib varlıq, üzə çıxdı, fincanları yudu, süfrə saldı, Françinqlə yaponlar haqda nə düşündüyümü bölüşərək, qəssaba yüyürdüm, üç kilo ət aldım.

30 iyul – Sərt hava gah mənim, gah Karrinin kefini pozur, gah da hər ikimizin. Sudan səbəblərə görə, tez-tez mübahisə edirik. Özü də bu xoşagəlməz şeylər yemək vaxtına tuş gəlir.

Bu səhər dəxlsiz bir şeydən – şarlardan danışırdıq, mümkün qədər şən olmağa çalışırdıq, amma söhbət gəldi çıxdı ailə məsələlərinə. Bu vaxt Karri heç zərrə qədər də səbəb olmadan kobud tərzdə mənim kasıb atamın maddi problemlərinə söz atdı.

Mən sərt cavab verdim: “Papa, hər zaman əsl centlmen olub”. Bunun cavabında Karri ağlamağa başladı. Səhər yeməyimi insan balası kimi yeyə bilmədim.

İşdə cənab Perkap dedi ki, gərək bağışlayım, amma illik məzuniyyətimi gərək gələn şənbədən etibarən götürüm.

Françinq idarəyə zəng etdi və məni “Konstitusiya” klubunda nahara dəvət etdi. Evdə bu səhərki “dığ-dığ”dan sonra narazılıq yaranacağından qorxaraq Karriyə teleqram vurdum, dedim, naharı bayırda edəcəyəm, qoy söz deməyə imkanı olmasın. Karri üçün balaca gümüş qolbaq aldım.

31 iyul – Karrinin qolbaqdan çox xoşu gəldi. Keçən gecə balaca bir qeyd yazaraq onun bəzənmək masasına qoymuşdum.

Karriyə dedim ki, gələn altıncı gün tətilə çıxmağa hazırlaşmalıyıq. O, çox sevindi, cavab verdi ki, hava pis olmasa, bir də Xanım Cibbons çimərlik paltarını vaxtında hazır etsə, getməyə heç bir etirazı yoxdur.

Mən dedim ki, üstündə çəhrayı kəpənəklər olan çimərlik paltarı çox yaxşıdır, amma Karri onu geyinmək istəmədiyini söylədi. Bunu müzakirə etmək istəyirdim ki, yadıma dünənki mübahisə düşdü, dilimi saxlamağa qərar verdim.

Karriyə dedim: “Əski Gözəl Broadstairs” kimisini tapmarıq. Karri isə etiraz elədi, dedi, bircə “əski, gözəl” sözlərini işlətməyim, elə yerlər cənab Stilbruk və onun kimilər üçündür.

Pəncərədən avtobusun keçdiyini görən kimi adətimə xilaf çıxaraq Karrini öpmədim, tələsik çıxmalı oldum, çıxa-çıxa Karriyə səsləndim: “Onda özün bir yer seç.”

Axşam evə qayıdanda Karri dedi ki, qısa vaxt keçirəcəyimiz üçün elə Broadstairs-i seçib, xanım Bekə limana baxan terrasda otaqlar ayırması üçün məktub yazıb.

1 avqust – Eduarda təzə şalvar sifariş elədim. Tapşırdım dizdən aşağı boş kəsməsin. Axırıncı tikdiyi şalvar dizdən dar, ətəkdən enli idi, onu geyinəndə dənizçiyə oxşayırdım.

Hələ idarədə etirazçı gənc Pitt-in masasının yanından keçəndə dalımca “gəmi rəqqası” dediyini eşitmişdim.

Karri xanım Cibbonsa çəhrayı Qaribaldi və mavi ətək sifariş elədi. Elə mən həmişə dəniz qırağında mavi ətək görəndə xoşum gəlirdi.

Axşam mən qəzet oxuyanda Karri özü dəniz şlyapası düzəltdi. Şlyapa hazır olanda mən onu başıma qoydum, ikimiz də güldük. Karri dedi, saqqalımla elə gülməli görünür ki, səhnəyə belə çıxsaydım camaat qəşş edərdi.

2 avqust – Xanım Bek yazıb xəbər verdi ki, Broadstairs-də həmişə qaldığımız otaqları ayırıb. Rəngli bir köynək, bir də şəhərdə bərkgedən məmurların geyindiyi ətrəngi ayaqqabıdan aldım.

3 avqust – Gözəl bir gün. Sabahı həvəslə gözləyirəm. Karri iki metrəlik dəniz çətiri aldı. Dedim çox gülməlidir. O isə cavab verdi: “Satınlı xanım Ceymsin dəniz çətiri bundan ikiqat uzundur”, məsələ qapandı.

Mən də özümə çimərlik üçün gün şlyapası aldım. Bilmirəm bunların adı nədir, amma Hindistanda geyilən dəbilqələrə oxşayır, təkcə materialı samandır.

“Pope Qardaşları”-ndan üç dənə təzə qalstuk, iki rəngli dəsmal, bir cüt tünd göy corab aldım. Bütün axşamı yol əşyalarını qablaşdırdım.

Karri dedi ki, cənab Hiqsvorsdan teleskop borc almaq yaddan çıxmasın. O, həmişə mənə öz teleskopunu borc verir, bilir ki, teleskopdan yaxşı muğayat oluram. Saranı teleskopun dalınca göndərdim.

Hər şey yağ kimi gedən vaxt xanım Bekdən məktub aldıq:

“Evi bir nəfərə vermişəm, bağışlayın, gərək özünüzə başqa ev tapasınız. Qonşuluqda xanım Vomminq sizə otaq verməkdən məmnun olar.

Amma bazar ertəsindən tez sizi qəbul edə bilməyəcək, dövlət bayramına görə həftəsonu evi məşğul olacaq.”

(V Fəslin sonu)

IV Fəsil

MANSİON EVİNDƏ BAL

30 aprel – Lord Mer və Xanımından mənim və Karrinin adına “Ticarət və Kommersiya nümayəndələrilə görüşmək üçün” dəvət alanda sözün yaxşı mənasında heyrətləndim.

Ürəyim məktəbli oğlanların ürəyi kimi döyündü.

Karri və mən dəvəti təkrar-təkrar, iki-üç dəfə oxuduq. Səhər yeməyimi güclə yedim.

Ürəyimin dərin guşələrindən gələn bu sözləri söylədim:

“Karri, əzizim, toy günümüzdə kilsədə səni qonaqlar əyləşən cərgələrin arasıyla aparanda qürur duyurdum; indi səni, əziz gözəl arvadımı Lord Mer və onun xanımının Mansion Evinə aparmaqla duyduğum fəxarət yalnız toy günümüzdə yaşadığımız fəxarətə bərabər tutula bilər, bəlkə ondan da artıq ola demək istəmirəm.”

Karrinin gözləri yaşardı və dedi:

“Çarli, əzizim, mən səninlə fəxr edirəm. Mən səninlə çox, lap çox fəxr edirəm. Sən mənə gözəl dedin, sənin gözlərində gözəl olduğum müddətcə mən bəxtiyaram.

Sən, əziz Çarli, yaraşıqlı olmasan da, amma yaxşısan, alicənabsan.”

Mən Karrini öpdüm və o, dedi:

“Görəsən, rəqs olacaq? Gör neçə illərdir, səninlə rəqs etməmişəm.”

Bilmirəm bunu etməyə məni hansı qüvvə təhrik etdi, amma onun belinə sarıldım, axmaq başımız, özümüzü dəlicəsinə bir polka rəqsinin ixtiyarına vermişdik ki, Sara içəri girdi, dişlərini ağardaraq, dedi:

“Qapıda bir kişi var, xalacan, deyir kömür istəmirsiz?”

Lap özümdən çıxdım.

Bütün axşamı Mansion Evinə məktub yazaraq, sonra cırıb təzədən yazaraq keçirdim, Saraya tapşırdım ki, Qouinq, yaxud Kamminqs gəlsə, desin evdə yoxuq.

Gərək cənab Perkapla məsləhətləşim, görüm, Mansion Evinin dəvətinə cavab necə yazılmalıdır.

1 may – Karri dedi: “Gərək dəvətnaməni anama göndərim, o da baxsın.” Razılaşdım, dedim qoy cavab yazım, göndərərsən.

İdarədə cənab Perkapa böyük qürur hissilə dedim ki, Mansion Evindən dəvətnamə almışıq. O deyəndə ki, Lord Merin katibliyinə mənim adımı özü verib, təəccübləndim.

Elə bil, bu, dəvətnamənin dəyərini bir az aşağı saldı, buna baxmayaraq, ona təşəkkür etdim. Cavabında o, mənə nə cür cavab yazmalı olduğumu izah etdi.

Elə bil, cavab həddən artıq sadə oldu, amma əlbəttə, cənab Perkap daha yaxşı bilir.

2 may – kostyumumu dalandakı balaca dərziyə ütülənməyə verdim.

Qouinqə dedim ki, birinci gün gəlməsin, biz Mansion Evinə gedəcəyik. Bənzər qeydi Kamminqsə də göndərdim.

3 may – Karri birinci gün nə geyinəcəyini məsləhətləşməkdən ötrü Satına xanım Ceymsgilə getdi.

Təsadüfən baş məmurlarımızdan biri Spoça Mansion Evi haqda danışanda o, dedi: “Oh, mənə də gəlib dəvət, amma getmək istəmirəm.” Əgər Spoç kimi bayağı adamı da ora çağırıblarsa, bu, mənim dəvətnaməmin dəyərini xeyli aşağı salır.

Axşam mən bayırda olanda dərzi kostyumumu gətirib, Sarada dərzinin pulunu ödəmək üçün xırda olmadığından, yenə aparıb.

4 may – Karrinin anası merin dəvətnaməsinə baxıb, üstünə bir stəkan içki tökdüyünə görə, üzr istəyərək geri göndərdi. Hirsimdən nə deyəcəyimi bilmədim.

5 may – bir cüt yasəməni əlcək, iki dənə də ağ qalstuk aldım gələn birinci gün üçün, dedim bəlkə birini bağlayanda korlanar.

6 may, Bazar - Moizə çox maraqsız keçdi, təəssüflə deyirəm, amma moizə boyunca iki dəfə Mansion Evində sabahkı görüş haqda düşündüm.

7 may – Böyük, önəmli gün! Lord Merin qəbul günü. Bütün ev narahatlıq içindədir. Karri otağı istədiyinə görə, saat yeddinin yarısına qədər geyinib hazır olmalıydım. Satından Xanım Ceyms Karriyə köməyə gəlib.

Bu bəs deyilmiş kimi, Karri qulluqçumuz Saradan da tam diqqət istəyir, daha bunu fikirləşmədən də keçə bilmədim.

Sara ev boyu “xanım üçün nə isə” axtara-axtara qaçaqaçda oldu, qapını döyən olanda ziyafət geyimimlə gedib açmağa məcbur oldum.

Sara qazı yandırmağı yaddan çıxardığından, axırıncı dəfə ərzaq dükanının şəyirdi qapını açanın mən olduğumu görmədən iki dənə kələmi, beş blok kömürü ovcuma basdı.

Mən onları hirslə yerə tulladım, özümdən elə çıxdım ki, oğlanın qulağını burdum. O, ağlaya-ağlaya getdi, məndən şikayət edəcəyini dedi. Dəhşət. Qaranlıqda kələmin üstünə çıxdım, ombam üstə yerə gəldim. Bir anlıq donub qaldım, özümə gələn kimi pilləkənlə sürünə-sürünə qonaq otağına çıxdım.

Lampanın şüşəsinə düşən əksimdə çənəmin qanadığını, köynəyimin kömürə sürtündüyünü, şalvarımın dizdən cırıldığını gördüm.

Amma xanım Ceyms mənim üçün başqa köynək gətirdi, qonaq otağında dəyişdirdim, çənəmə plastr yapışdırdım, Sara şalvarımı tikdi.

Saat doqquzda Karri kraliça kimi bəzənmiş şəkildə ortaya çıxdı. Onu heç vaxt belə qəşəng, belə xüsusi görməmişdim.

Mavi rəngdə, mənim sevimli rəngimdə atlas palltar geyinmiş və xanım Ceymsin ona birovuz verdiyi güpürü çiyinlərinə salmışdı, geyimi tamamlamaq üçün.

Paltarın arxası mənə bir az uzun, qabağı isə həddən artıq qısa göründü, amma xanım Ceyms dedi: bu, bir modadır.

Xanım Ceyms ürəyiaçıqlıq edərək, fil dişindən və qırmızı lələklərdən bəzədilmiş yelpinci Karriyə birovuz verdi. Dedi ki, bunun qiyməti yoxdur, çünki lələklər indi nadir quş olan Kaçu qartalına məxsusdur.

Məndən olsa, Karrinin Şolbreddən üç manat yarıma aldığı balaca ağ yelpinci üstün tutardım, amma bunu deyən kimi hər iki qadın üstümə hücum çəkdi.

Xoşbəxtlikdən Mansion Evinə çox tez çatdıq, lordluğun bir işçisilə danışmaq fürsətim yarandı, lütfkarlıqla bir neçə dəqiqə ayıraraq mənimlə söhbət etdi. Amma onun bizim direktorumuzu, cənab Perkapı heç tanımaması qanımı qaraltdı.

Mənə elə gəldi ki, məni Lord Meri şəxsən tanımayan adam dəvət edib. Camaat gəldi çıxdı.

O böyük mənzərəni heç vaxt unutmaram. Təvazökar qələmim bu mənzərə qarşısında acizdir. Karri “Heyif, heç kəsi tanımırıq, hə?” deyə-deyə, məni təngə gətirdi

Sonra isə lap başını itirdi. Mən Françinqə, Pekhama bənzəyən adamlar gördüm, yaxınlaşmaq istəyəndə o, paltomun ətəyindən dartaraq ucadan dedi: “Məni tək qoyma”. Bunu eşidən yaşlı, məhkəmə kostyumu geyinmiş, üstündən zəncir salmış bir centlmen və yanındakı iki xanım güldülər.

Şam otağında millət var idi və ilahi, əla yemək idi, hələ şampana söz ola bilməzdi! Karri ən yaxşı şam yeməyini yedi, buna görə çox məmnun oldum, amma hərdən onun iradəcə güclü olmadığını düşündüm. Elə yemək qalmadı ki, dadmasın.

Mən elə susamışdım, çox yeyə bilmədim. Kimsə çiynimi şappıldadı, dönüb dəmirçimiz Farmersonu görəndə çaşıb qaldım. O, həmişəki səsilə dedi: “Bura Brikfield Terrasdan yaxşıdır, yox?”

Mən sadəcə onun sifətinə baxdım və soyuq səslə dedim: “Səni burada görəcəyim heç ağlıma gəlməzdi.”

O isə ucadan tənəli səslə dedi: “Əcəb. Sən burda ola bilərsənsə, mən niyə ola bilmərəm?”

Mən cavab verdim: “Əlbəttə”. Kaş orada ağlıma başqa, yaxşı bir cavab gələydi.

O, dedi: “Xanımınıza necə qulluq edə bilərəm?” Şadam ki, Karri dedi: “Heç nə lazım deyil, təşəkkür edirəm.” Qınaq dolu səslə dedim: “Hamamı rəngləməyə çağırmışdım, səndən xəbər çıxmadı.”

Farmerson dedi: “Bağışlayın, cənab Puter, amma şirkətdə dükan söhbəti eləməzlər, lütfən nəzərə alınız”.

Cavab verməyə macal tapmamış, başdan-ayağa məhkəmə kostyumunda bir şerif Farmersonun kürəyinə köhnə dost kimi şappıldatdı, öz lojasına yeməyə dəvət etdi. Mən məəttəl qaldım.

Düz beş dəqiqə gülüşdülər, bir-birlərinin qabırğasını dürtmələdilər. Qucaqlaşdılar, şampan içdilər. Heç deməzdim ki, bizim evi təmir edən adam yüksək cəmiyyətdən hər hansı bir şəxsi tanıya.

Karri ilə yerimizi dəyişirdik ki, Farmerson yaxalığımdan kobudluqla çəkərək, Şerifə dedi: “İcazənizlə qonşum Puteri təqdim edim.” O, heç cənab da demədi.

Şerif mənə bir qədəh şampan verdi. Hər şey bir tərəfə, onunla bir qədəh içki içmək böyük şərəf idi, özünə də belə dedim.

Bir az söhbət eləməyə dayandıq və mən söylədim: “Gərək bağışlayasınız, xanım Puterə qoşulmalıyam.”

Mən Karriyə yaxınlaşada o, dedi: “Səni dostlarından ayırmayım. Mənə belə də xoşdu, tanımadığım adamların arasında tək-tənha dayanaram.”

Dava etmək üçün hər iki tərəfin istəyi olmalıdır, bunun nə yeri idi, nə də vaxt var idi. Qolumu Karriyə uzadıb dedim: “Ümid edirəm, əziz kiçik xanımım mənimlə rəqsə etiraz etməz, ən azı sonra Mansion Evində, Lord Merin qonaqları kimi rəqs etdiyimizə and içə bilmək üçün.”

Şam yeməyindən sonra rəqs bir az qeyri-rəsmi olduğundan və Karrinin mənim rəqs qabiliyyətimi necə yüksək qiymətləndirdiyini nəzərə alaraq, qolumu onun belinə doladım və valsa başladıq.

Ən bəxbəxt hadisə də onda baş verdi.

Ayağımda təzə uzunboğaz çəkmələr vardı. Axmaqlığımdan, Karriyə qulaq asmamışdım; gərək dabanlarını qayçının ucuyla cızaydım, ya da onları azca yağlayaydım.

Elə təzə başlamışdım, sol ayağım ildırım kimi sürüşdü, yıxıldım, başım yerə elə dəydi ki, iki-üç saniyə nə baş verdiyini başa düşə bilmədim. Deməyə məcburam ki, Karri də mənimlə birlikdə eyni zərbəylə yerə gəldi, saçına taxdığı daraq sındı, qolu siyrildi.

Hamı gülüşdü, özümüzü həqiqətən əzdiyimizi biləndə gülməyi dərhal saxladılar. Bir centlmen Karriyə oturacağa getməyə kömək etdi, mən isə xalısız düz döşəmədə, insanların sürüşməyə qarşı xəbərdar etmədən rəqsə buraxılmasına qarşı fikrimi kifayət qədər sərt şəkildə ifadə etdim.

Adının Darvits olduğunu deyən bir centlmen Karrini israrla bir qədəh şəraba dəvət etdi, Karri bu dəvəti qəbul etdiyinə görə, məmnun oldum. Onların dalınca getdim və Farmersonu gördüm. O, dərhal dilləndi: “Ah, siz idiniz yıxılan?”

Mən hirslə cavab verdim. Alçaq zövqündən çıxış edərək dedi: “Bura bax, qoca, biz oyun üçün həddən artıq qocayıq. Belə şeyləri cavanlar eləməlidir. Gəl bir qədəh də içək, bizimki bax, budur.”

Susmağımın razılıq kimi qəbul olunduğunu hiss etsəm də, başqalarının dalınca düşüb şam otağına doğru getdik.

O bədbəxt hadisədən sonra nə Karri, nə də mən orada daha artıq qalmaq istədik. Biz çıxanda Farmerson dedi: “Gedirsiz? Məni də aparardınız.”

Razılaşmağın daha yaxşı olacağını düşündüm, amma gərək əvvəlcə Karriylə məsləhətləşəydim.

Dördüncü fəslin sonu

III Fəsil

(Bu fəsildə: Cənab Merlonla Cəmiyyət haqqında söhbət etdik. Satından xanım və cənab Ceymslər gəldi. Tank Teatrında narahat axşam.

Minalı boyanı sınadıq. Bir dənə də zarafat etdim; amma Qouinq və Kamminqs nahaqdan incidilər. Hamamı qırmızı rəngə boyadım, istəmədiyim nəticə verdi.)

19 aprel – Kamminqs gəldi, özülə şərabçılıq sahəsində işləyən Merton adlı bir dostu da gətirdi. Qouinq də gəldi. Cənab Merton dərhal evə uyğunlaşdı, Karrinin də, mənim də qanımız qaynadı ona.

O, stula yayxanıb dedi: “Məni olduğum kimi qəbul edin” və mən cavab verdim: “Yaxşı. Sən də bizi olduğumuz kimi qəbul et. Biz ev adamlarıyıq, özünü çəkənlərdən deyilik.”

O, cavab verdi: “Görürəm, görürəm”. Qouinq isə qəhqəhə çəkdi.

Onda Merton Quinqə nəzakətlə dedi: “Mənə belə gəlir ki, sən məni düzgün başa düşmədin. Mən demək istəyirdim ki, bizim ev sahibimiz və sahibəmiz dəb dalınca qaçanlardan üstündürlər, iki-üç manatlıq çay məclislərinin dalınca qaçan, gəlirindən artıq yaşamaq istəyənlərdən fərqli olaraq, sadə, düzgün həyat yaşayırlar.”

Mən Mertonun bu həssas qeydlərindən dərin məmnunluq duydum və mövzunu belə yekunlaşdırdım: “Yox, doğrudan, Cənab Merton, biz o cəmiyyətə qoşulmuruq, çünki onlar bizi maraqlandırmır, nə mənası var, bura taksi çağır, ora taksi çağır, ağ əlcəklər, ağ qalstuk... Dəyməz elə pul xərcləməyə.”

Merton cavabında üzünü dostlara tutaraq dedi: “Mənim şüarım belədir: Az, amma əsil. Yeri gəlmişkən, bunu şəraba da aid edirəm: Az olsun, saz olsun”. Qouinq dedi: “Hə, bəzən də “Ucuz və keyfiyyətli”, elə deyil, dostum?”

Merton sözünə davam edərək, mənimlə dost olmaq istədiyini söylədi, Qouinqin də dostu olduğuma görə, mənə öz qiymətindən də ucuz on dənə “Lockanbar” viskisi təşkil edəcəyini dedi.

Sonra dedi ki, nə vaxt teatra getmək istəsəm, ona deyim, çünki onun adını Londonun bütün teatrlarında yaxşı tanıyırlar.

20 aprel – Karri yadıma saldı ki, Satından onun köhnə məktəb yoldaşı Anni Fullers (indi xanım Ceyms) və onun əri bir neçə günlük bizə gəlmək istəyirlər.

Dedi ki, onları teatra aparmaq yaxşı olardı, cənab Mertona zəng edim, ya italyan operasına, ya Haymerket, ya Savoy, ya da Lisiuma dörd nəfərlik bilet xahiş edim. Mən bunu Mertona yazdım.

21 aprel – Mertondan çox məşğul olduğu haqda cavab aldım.

O, bu dəqiqə italyan operasına, ya Haymerket, ya Savoy, ya da Lisiuma bilet təşkil edə bilməyəcəyini, amma Londonda indi ən yaxşıı tamaşanın Broun Buşis tamaşası olduğunu, onun da İslinqtondakı Tank Teatrında göstərildiyini yazmış və dörd nəfərlik bilet əlavə eləmişdi.

23 aprel – Cənab və xanım Ceymslər (əvvəllər xanım Fullers olub) gəldilər, çay içdik və ardınca teatra yollandıq.

Bir avtobusla King’s Cross-a, oradansa ayrı avtobusla “Angel”-ə getdik. Cənab Ceyms hər dəfə hamımızın əvəzinə yolpulunu ödəmək üçün israr etdi, dedi ki, alıb, daha almağa ehtiyac yoxdur.

Biz teatra çatdıq, maraqlıdır ki, zənbilli qarıdan başqa, avtobusda bizimlə gedən hər kəs ora gedirmiş. Mən qabağa keçdim və biletləri təqdim etdim.

Kişi biletləri əlinə alıb dedi: “Cənab Uillouli! Bilmirsən, bu nə biletlərdir belə?” O tərəfdən bir kişi gəldi və mənim biletlərimi yoxladı, sonra dedi: “Bunları sənə kim verib?”

Mən hirslə dilləndiim: “Əlbəttə ki, cənab Merton.” O, dedi: “Merton? O kimdir?” Mən kəskin cavab verdim: “Sən onu tanımalıydın. Onu Londonun bütün teatrlarında yaxşı tanıyırlar.” O, cavab verdi: “Oh! Eləmi? Burda onu tanımırlar. Bu biletlərdə tarix yoxdur, cənab Svinsted imzalayıb onu, ondan sonra çox əllərdən keçib.”

Mən o adamla orada söz güləşdirdiyim vaxt Ceyms xanımlarla yuxarı qalxdı və məni səslədi: “Çıx yuxarı”. Mən onların dalınca getdim və çox mədəni bir qapıçı dedi:

“Burdan gəlin zəhmət olmasa, H saylı eyvana.” Mən Ceymsə dedim: “Sən necə girə bildin axı?” O, məni təəccübləndirən bir cavab verdi: “Necə necə? Pul verdim, əlbəttə ki!”

Bu, yetərincə aşağılayıcı idi, amma hələ bunun sonrası da vardı. Özümü çox alçaldılmış hiss edirdim, tamaşaya güclə baxırdım.

Mən eyvana söykənib aşağı əyilmişdim ki, boğazımdakı balaca, yaxalığıma bərkidilmiş qara kəpənək qopub aşağıdakı boşluğa düşdü.

Yöndəmsiz bir kişi görmədən ayağını onun üstünə basdı, xeyli dayandı, sonra fərqinə vardı. Kəpənəyimi götürüb iyrənc bir şeymiş kimi yaxınlıqdakı oturacağın altına tulladı.

Özümü çox çarəsiz hiss etdim. Satınlı cənab Ceyms çox yaxşı münasibət göstərdi. O, dedi: “Narahat olma, heç kəs bilməz. Çünki saqqalın var, onun altında kəpənək olmadığını kim görəcək?! Bu da saqqal uzatmağın yeganə üstünlüyü.”

Açığı, belə deməyinin heç yeri yox idi, Karri mənim saqqalımla fəxr edir.

Kəpənəyin olmadığını gizlətməkdən ötrü bütün axşamı çənəmi sinəmə yaxın tutmalı oldum, boynum bütün qurudu.

24 aprel – Gecə demək olar, gözümü yummamışam, cənab və xanım Ceymsləri əyalətdən gətirib teatra apardım axşam, eyvanın pulunu o verdi, çünki bizim sifarişimizə dəyər verilmədi.

Şərab taciri, bizə bilet verən Mertona çox satirik bir məktub yazdım: “Teatrın pulunu özümüzün verməli olduğumuzu nəzərə alsaq, tamaşadan zövq almaq üçün əlimizdən gələni etdik.”

Bu cümləni bir az qısaltmaq istədim, Karridən soruşdum ki, “Məmnunam” sözündə neçə “n” var, o dedi ki, bir. Mən də o dediyi kimi yazıb göndərdim. Göndərəndən sonra lüğətə baxdım, gördüm ki, orada iki “n” imiş. Kefim pozuldu.

Ceymslərə görə daha özümü üzməməyə qərar verdim, çünki Karri müdrik bir söz dedi: “Biz gələn həftə bir axşam onları Bezikdə tamaşaya dəvət edərik, düzələr.”

25 aprel – Brikvel mənə arvadının "Pinkford" mina boyası işlətdiyini deyəndən sonra qərara gəldim ki, bir sınayım. Evə qayıdanda iki qab qırmızı boya aldım.

Çayımı tələsik içdim, bağa çıxıb gül qablarını rənglədim. Karrini çağırdım, o, dedi: “Hər dəfə bir başqa axmaqlıq çıxarırsan”, amma gül qablarının doğrudan da çox gözəl göründüyünü qəbul etməyə məcbur oldu.

Yuxarı – qulluqçunun otağına qalxdım, onun əl-üzyuyanını, asılqan və siyirtmələrini boyadım. Fikrimcə, əla yenilənmə oldu, amma zövq məsələsində aşağı sinfin hissiyyatsız olduğunu nəzərə alsaq, bizim qulluqçumuz Sara onları görəndə heç bir məmnuniyyət hissi göstərmədi. Sadəcə dedi ki, əvvəlki görüntü daha yaxşı idi.

26 aprel –Bir az da qırmızı mina boyası aldım (məncə, qırmızı ən gözəl rəngdir), kömür vedrəsini və səthi yeyilib getmiş yazı masasını rənglədim.

27 aprel – Hamamı qırmızıyla rənglədim və nəticədən məmnun qaldım. Karri nəticəni bəyənmədiyinə görə üzgünəm, orada bir az sözümüz çəp gəldi əslində.

Dedi ki, gərək rəngləməzdən əvvəl onunla məsləhətləşəydim, əvvəllər heç qırmızı hamam görməyib. Mən cavab verdim: “Sadəcə zövq məsələsidir.”

Xoşbəxtlikdən, “Gəlmək olar?” deyən bir səs mübahisəni yarıda kəsdi.

Kamminqs idi, dedi: “Qapını qulluqçu açdı, özü corabları yaxalamalıydı, üzr istəyib getdi”.

Mən onu görməkdən məmnun oldum və təklif etdim ki, kart oynayaq. Kamminqs (mənim fikrimcə ədəbsizcə) dedi: “Gülməli fikirdir, həmişəki kimi.”

Dedi ki, qala bilməz, yalnız “Velosiped Xəbərləri”-ni özü oxuyub, bizə vermək üçün gəlib.

Qapının zəngi basıldı, Qouinq, dedi ki, belə tez-tez gəldiyinə görə üzr istəyir, gərək bu günlərdə biz də onlara gedək. Mən dedim: “Ağlıma qeyri-adi bir fikir gəlib”.

“Yenə nəsə gülməli şey olub,” – Kamminqs dedi. “Hə”, - mən cavab verdim, "Məncə, hətta sən özün də bu dəfə güləcəksən. İkinizə də aid bir məsələdir. Sizcə də bir az qəribə deyilmi ki, Qouinq (ingiliscə “Getmək” – red.) həmişə gəlir, Kaminqs ("Gəlmək" – red.) isə həmişə gedir.

Hamam söhbətini yadından çıxarmış Karri gülməyə başladı, elə mən özüm də altımdakı stul çatlayana qədər güldüm. Məncə, bu mənim indiyədək elədiyim ən yaxşı zarafatlardan biridir.

Təsəvvür et, Qouinqlə Kaminqsin bunun cavabında susduqlarını, bir təbəssüm də etmədiklərini görəndə mən necə donub qaldım!

Xoşagəlməz bir fasilədən sonra bayaqdan siqar qutusunu açmış Kaminqs onu bağladı və dedi: “Hə, məncə bu sözdən sonra mən getməliyəm, bağışla, sənin zarafatlarında məna görmürəm.”

Qouinq kobud olmayan zarafatların əleyhinə olmadığını dedi, amma adlara belə məna vermək onun fikrincə, bir az zövqsüzdür.

Kaminqs dedi ki, bunu mən yox, bir başqası desəydi, daha onun evinə ayaq basmazdı.

Xoş bir axşam ola biləcəyi halda hər şey pis qurtardı. Amma eybi yox, onlar gedənəcən qulluqçu soyuq donuz ətinin qalıqlarını təmizləyib qurtardı.

28 aprel – İdarəyə təzə gəlmiş, gənc, məni bir həftə-filan bundan qabaq sancmış Pit adlı məmur yenə işə gecikdi. Ona dedim ki, bunu cənab Perkapa çatdırmaq mənim vəzifə borcumdur.

Qəribədir ki, Pit yumşaq bir şəkildə və centlmen kimi üzr istədi. Onun mənə münasibətindəki bu inkişafı görəndə həqiqətən məmnun oldum və ona dedim ki, onun bu qeyri-punktuallığını görməzlikdən gələcəyəm.

Bir saatdan sonra otaqdan keçəndə mənə ağır top şəklində bükülmüş bir topa kağız dəydi. Tez arxaya döndüm, bütün məmurlar bir anda başlarını aşağı salıb işləməyə başladılar.

Mən varlı deyiləm, amma o kağızın qəsdən, ya təsadüfən atıldığını bilmək üçün dövlətimin yarısını verərdim.

Evə tez getdim, yoldan bir az da mina boyası aldım, bu dəfə qara. Sobanı, rəsm çərçivələrini, köhnə uzunboğaz çəkmələri yüngülcə rənglədim, onlar lap təzə kimi oldular. Qouinqin yaddan çıxıb bizdə qalmış əsasını da rənglədim, lap kəhrəba kimi oldu.

29 aprel – Güclü başağrı və soyuqlama əlamətlərilə oyandım. Karri özünəməxsus ibnəliklə dedi ki, bu “rəssam xəstəliyi”dir, son günlər burnum boya qabının içində olduğuna görə xəstələnmişəm.

Ona dedim ki, mənə nə olduğunu ondan yaxşı bilirəm, mənə soyuq olub, mümkün olduqca isti bir hamama girməliyəm.

Hamam hazır oldu, o dərəcədə isti oldu ki, güclə dözərdin. Mən hamama girdim, qaynar, amma məqsədəuyğun idi.

Bir müddət arxası üstə uzandım.

Əlimi sudan çıxaranda həyatımın ən böyük qorxusunu yaşadım. Əlimin büsbütün qan olduğunu görəndə mənim qorxumu təsəvvür edin!

Birinci fikirləşdim ki, arteriyamı kəsmişəm, ölümcül qanaxma başlanıb, öləndən sonra “Madam Tüsso”da gördüyüm Marat vəziyyətində tapılacam hamamdan.

İkinci fikirləşdim ki, zəngi çalım, amma yadıma düşdü ki, orda zəng yoxdur. Üçüncü ağlıma gəldi ki, bu, heç qan deyil, hamamı boyadığım mina boyasıdır. Boya qaynar suda həll olunub.

Hamamdan çıxdım, İst-End teatrında gördüyüm qırmızı hindular kimi qıpqırmızı idim.

Karriyə heç nə deməyəcəm. Farmersona deyəcəm ki, bazar ertəsi gəlib hamamı ağ boyayla rəngləsin.

Üçüncü Fəslin sonu

II Fəsil

(Bu fəsildə: Satıcılar və ərsin hələ də başıma oyun açmağa davam edirlər. Qouinq boya şikayətlərilə lap bezdirib. Həyatımın ən yaxşı zarafatlarından birini edirəm. Bağçılıq keyfi. Cənab Stilbruk, Qouinq və Kamminqslə aramızda balaca bir anlaşılmazlıq oldu. Sara məni Kamminqsin yanında pərt elədi.)

9 aprel – Səhər pis açıldı. Əməkdaşlığı kəsmək istədiyimiz qəssab məni ən layiqsiz şəkildə söyüb biabır elədi. Başkayanda təhqirlə başladı, dedi mənimlə alış-veriş etmək istəmir.

Cavabında bir kəlmə dedim: “Niyə belə həngamə qoparırsan?” Bunu eşidən kimi səsini başına aldı, bütün qonşular eşitdi: “Pah! Danış, danış... Sənin kimilərin on “dənəsini” alaram pulnan.”

Mən qapını örtdüm, Karriyə mədəni şəkildə başa saldım ki, bu xoşagəlməz səhnə tamamilə onun təqsiri ucbatından baş verir. Birdən qapı elə döyüldü ki, az qaldı sınsın.

Yenə o ləyaqətsiz qəssab idi. Dedi ki, ərsin ayağını kəsib və mənə qarşı tədbir görəcək.

Şəhərə gedəndə dəmirçi Farmensongilə dəydim, tapşırdım gəlib ərsini götürsün, zəngləri də düzəltsin, fikirləşdim ev yiyəsini narahat etməyə dəyməz, amma yenə də vacib məsələdir.

Evə narahat, yorğun qayıtdım. Rəngsaz cənab Patli məktub göndərmiş, içində Hindistan karmini olduğu üçün başqa bir boyanı pillələrdəki boyaya uyğunlaşdıra bilməyəcəyini yazmışdı.

Deyirdi, həmin boyadan tapmaq üçün günün yarısını ambarları gəzib. Yeni boya ilə pillələri tamam rəngləməyi təklif edirdi. Qiyməti bir az artıq olacaq.

Yox, əgər rəngləri tutuşdurmağa çalışsa, nəticə pis ola bilər. Bizə də, ona da yaxşı nəticə lazımdır. Mən razılaşdım, amma nahaq.

Xardal, vəzəri və turp əkdim, saat 9-da yatmağa getdim.

10 aprel – Farmerson ərsinə görə gəldi. Çox mədəni adama oxşayır. Dedi, adətən belə xırda işlərlə məşğul olmur, amma mənə görə edər. Mən ona təşəkkür elədim və şəhərə getdim.

Bəzi gənc məmurların işə gec gəlməsi əsl rəzalətdir. Üç nəfər gecikənə dedim, əgər cənab müdir Perkap eşitsə, onları cəzalandıracaq.

Pit, 17 yaşlı meymun, cəmi altı həftə işləyib bizimlə, mənə qayıdasan ki: “Əsəbləşmə!”

Ona məlumat verdim ki, iyirmi ildir bu işdə işləmək şərəfinə nail olmuşam, o isə kobud şəkildə dedi: “Görsənir.” Mən ona hirslə baxdım və dedim: “Özümə hörmət tələb edirəm, cənab.”

O isə cavab verdi: “Yaxşı, Yaxşı. Tələb etməyə davam et.”

Daha onunla mübahisə edə bilməzdim. İnsanlarla belə mübahisə etməyin mənası yoxdur. Axşam Qouinq gəldi, yenə boyanın iyindən şikayətləndi.

Qouinq hərdən dözülməz olur. Fikir vermir danışığına. Karri orda olduğunu yaxşı ki, dərhal xatırlatdı ona.

11 aprel – Xardal, vəzəri və turp hələ cücərməyib. Bu gün çox sıxıntılı gün oldu. Baqqalın şəyirdilə söz güləşdirdiyimə görə, 9-a on beş dəqiqə qalmışın avtobusunu buraxdım.

İkinci dəfədir, tərbiyəsizlik edib zənbilini düz zalın pilləkəninə çıxarır, çirkli çəkmələrinin izi qalır pillələrdə. Dedi, yan qapını biləyilə on beş dəqiqə döyüb.

Bilirəm, qulluqçu Sara eşitməyə bilərdi, həmin vaxt o, yuxarıda yataq otaqlarını yığışdırır, ona görə oğlana sual verdim ki, bəs niyə qapının zəngini vurmayıb? Dedi, zəngi dartıb, amma dəstəyi əlində qalıb.

İşə yarım saat gecikdim. Əvvəllər heç gecikdiyim olmamışdı. Bu yaxınlarda məmurların işə davamiyyətində nizamsızlıqlar olmuşdu, Cənab Perkap isə təəssüf ki, idarəyə səhər erkən gəlmək üçün başqa günü yox, məhz bu günü seçdi.

Camaata məsləhət verirdim. Nəticədə gecikən təkcə mən oldum bu gün. Baklinq, baş məmurlarımızdandır, sağ olsun, onun müdaxiləsi məni xilas elədi.

Pitin yazı masasının yanından keçəndə qonşusuna belə dediyini eşitdim: “Bəzi baş məmurların işə gecikməsi əsl rəzalətdir.” Bu, əlbəttə ki, mənə atılmış söz idi.

Mən susmaqla cavab verdim, sadəcə onun üzünə baxdım. Buna cavab olaraq isə təəssüf ki, hər iki məmur güldü. Sonradan ağlıma gəldi, gərək özümü eşitməzliyə qoyardım. Kamminqs gəldi axşam, domino oynadıq.

12 aprel – Xardal, vəzəri və turp hələ cücərməyib. Mən işə gedəndə Farmerson gəlib ərsini düzəldirdi, amma işdən qayıdanda evdə üç kişinin işlədiyini gördüm.

Bunun nə demək olduğunu soruşdum. Farmerson cavab verdi ki, təzə deşik açanda qaz borusuna toxunub. Dedi ki, qaz borusunu çox gülməli yerdən çəkiblər, bunu kim edibsə işini bilmirmiş.

Onun bəhanəsi mənə təsəlli vermədi. Axşam çaydan sonra Qouinq gəldi, səhər yeməyi salonunda qəlyan çəkdik.

Sonra Karri qoşuldu bizə, amma çox qalmadı, çox tüstüyə dözmədiyini deyib getdi. Mənim üçün də çox idi tüstü; Qouinq mənə öz sözülə desəm, “yaşıl siqar” vermişdi.

Dostu Şumak Amerikadan gətirib, amma nəsə siqar yaşıl görünmürdü. Gərək mən də Karri kimi edəydim. Siqar yarıdan keçəndə Saradan eynəyimi istəmək bəhanəsilə ayağa qalxdım.

Təmiz hava udmaq üçün bağda üç-dörd dövrə vurdum. Qayıdanda çəkmədiyimi başa düşdü, mənə başqa siqar təklif elədi, nəzakətlə rədd elədim. Qouinq həmişəki kimi fısıldadı, mən bunu sezib tez dedim: “Yenə boyanın iyindən şikayətlənəcəksən?”

O, dedi: “Yox, bu dəfə yox. Amma, bura bax hələ, nəsə quru çürüntü iyi hiss edirəm.” Mən adətən zarafat edən deyiləm, amma bu dəfə dedim: “Öz danışığındadır quru çürüntü.”

Özümü kükrəməkdən saxlaya bilmədim. Karri deyir, bu söhbəti eşidəndə onun gülməkdən lap böyrü ağrıyıb. Hələ indiyə qədər öz sözüm özümə belə ləzzət eləməmişdi.

Gecə iki dəfə oyandım, yadıma bu söhbət düşdü, çarpayı titrəyənə qədər güldüm.

13 aprel – Fövqəladə təsadüf: Karri qonaq otağımızın divan-kreslosuna gün düşəndə rəngi solmasın deyə, qumaş çexol tikdirmək üçün bir qadın çağırmışdı.

Qadını görən kimi tanıdım, Klaphamda neçə il əvvəl xalamın qulluqçusu olub. Bu, dünyanın nə qədər kiçik olduğunu göstərir.

14 aprel – Bu səhər beş qəpiyə balaca, işlənmiş, amma yaxşı vəziyyətdə kitab aldım. Bağçılıq haqqında. Günün qalanını bağda keçirdim.

Bir neçə yarım-kövrək birillik tədarük görüb əkdim, elə bilirəm ki, günəşli, isti yerə düşdü. Ağlıma bir zarafat eləmək gəldi, Karrini çağırdım. Məncə, Karri bir az əsəbi gəldi.

Dedim: “İndicə öyrəndim elədim ki, bizim ayrıca qonaq evimiz var.” O, cavab verdi: “Nə demək istəyirsən?” Dedim: “O yolla gələn pansionerlərə bax.”

Karri dedi: “Məni buna görə çağırmısan?” Mən dedim: “Başqa vaxt sən buna gülərdin.” Karri dedi: “Əlbəttə, başqa vaxt. İndi məşğul vaxtda yox.”

Pillələr çox qəşəng görünürdü. Qouinq gəldi, dedi pillələr yaxşıdır, amma məhəccərlə tutmur. Onları da rəngləməyimizi təklif etdi, bu fikir Karrinin çox xoşuna gəldi.

Patlinin evinə getdim, xoşbəxtlikdən evdə yox idi, məhəccəri rəngləməyim deyə, əlimə yaxşı bəhanə keçdi. Əcəb gülməlidir.

15 aprel, Bazar günü – Saat 3-də Kamminqs və Qouinq Hampsted və Finçli tərəfə uzun bir gəzintiyə çıxmağı təklif etdilər, özlərilə Stilbruk adlı bir dostu da gətirmişdilər.

Gəzdik, söhbətləşdik, Stilbruk isə həmişə bizdən bir neçə addım arxada qalır, yerə baxır, əsasıyla otları kəsirdi. Saat 5-ə az qalanda dördlükdə bir məşvərət keçirdik, Qouinq “The Cow and Hedge” kafesinə girib çay içməyi təklif etdi.

Stilbruk dedi ki, o, brendi və soda içəcək. Onlara saat 6-da bütün ictimai yerlərin bağlanacağını xatırlatdım. Stilbruk dedi: “Yolçu yolda gərək.”

Biz çatdıq; mən içəri keçmək istəyəndə qapıdakı kişi dedi: “Hardan?” Cavab verdim: “Holloveydən.” O, dərhal qoluyla çəpər çəkdi, keçməyimə mane oldu.

Çevriləndə içəri girmək istəyən Stilbruku, ardınca Kamminqs və Qouinqi gördüm. Onlara baxıb fikirləşdim ki, indi yaxşıca güləcəyəm. Qapıdakı yenə dilləndi: “Hardan belə?”

Bu vaxt, mən heyrətə gəldim, Stilbruk dedi: “Blekhitdən” və üçünü də dərhal içəri buraxdılar. Qouinq qapıdan mənə boylandı, “Tez çıxmaya bilərik” – dedi.

Düz bir saat gözlədim onları. Çıxanda üçünün də kefi saz idi. Yalnız Stilbruk məndən üzr istəməyi lazım bildi: “Sənə qarşı böyük kobudluq oldu, gözlədin bu qədər, amma bizim S-lər və B-lərlə alayı məsələmiz var.”

Mən sükut içində evə gedirdim, onlarla kəlmə kəsə bilmirdim. Bütün axşamı özümü axmaq kimi hiss etdim, amma bu məsələ haqda Karriyə bir söz deməməyi məqsədəuyğun saydım.

16 aprel – İdarədən sonra bağda işləməyə girişdim. Hava qaralanda Kamminqs və Qouinqə (heç biri gəlməmişdi, maraqlıdır, bəlkə də xəcalət çəkirdilər) dünənki macəra haqqında məktub yazdım.

Sonra fikirləşdim ki, yox, qoy hələ yazmayım.

17 aprel – Fikirləşdim, bazar günü olan əhvalat haqqında Kamminqs və Qouinqə balaca bir kağız yazım, onları Stilbrukdan ehtiyatlı olmağa çağırım.

Sonra fikirləşdim, məsələ qapanıb, məktubları cırdım, qərar gəldim ki, heç nə yazmayım, sadəcə danışım özlərilə sakitcə.

Amma bu vaxt Kamminqsdən məktub alanda matım-qutum qurudu. O, özünün və Qouinqin bazar günü evə qayıdanda göstərdiyim davranışa görə, məndən (təsəvvür edə bilirsizmi, məndən!) izahat tələb etdiklərini yazırdı.

Axırda mən də məktub yazdım: “Elə bilirdim, zərərçəkən tərəf mənəm, amma mən sizi asanca bağışladığıma görə, siz özünüzü zərərçəkmiş sayırsınızsa, siz də məni bağışlayın.”

Bu cümləni gündəliyimə də yazıram, çünki doğrudan da, indiyə qədər yazdığım ən düşüncəli və gözəl cümlədir.

Məktubu yolladım, amma ürəyimin dərinliyində özümü təhqir olunduğuna görə üzr istəmiş kimi hiss etdim.

18 aprel – Soyuqlamışam. Bütün günü idarədə asqırdım. Axşamüstü halım bir az düzələndə Saranı bir şüşə Kirahan dalınca göndərdim. Kresloya yayxandım, birdən titrəmə tutdu, oyandım.

Ön qapı möhkəm döyülürdü. Karri çox pis həyəcanlandı. Sara bayırda idi, açdı, gördük Kamminqs! Yenə baqqalın yan qapını sındıran şəyirdi düşdü yadıma. Kamminqs əlimi sıxıb dedi: “İndicə Qouinqi gördüm. Hər şey qaydasındadır. Heç nə demə.”

Şühə yoxdur ki, üzr istədiyimə görə onların hər ikisi təsirlənib.

Kamminqslə domino oynayanda o, dedi: “Yeri gəlmişkən, şərabdan, içkindən, bir şey istəmirsən? Xalaoğlum Merton təzə işə düzəlib şərab yerində, yaxşı dörd illik viskisi var, otuz səkkiz şillinqə. Ondan neçə düjün şərab çıxar.”

Cavab verdim ki, ambarım balacadır, özü də cürbəcür içkilərlə doludur, yeni içki almaq fikrim yoxdur. Bu vaxt, dəhşətli bir şey oldu, Sara içəri girdi, çirkli qəzet parçasına bükülmüş bir şüşə viskini masaya qoyub dedi: “Baqqal deyir, daha Kinahan yoxdur, amma şüşəsini iyirmi altıya, iki qəpik də keçərlər, tapa bilərsən. Bir də şerri istəmirsiz? Baqqalda əlası var.”

İkinci Fəslin sonu

İLK DƏFƏ azərbaycanca OXU

Önəmsiz bir adamın gündəliyi

İngilis ədəbiyyatının klassik komik romanı "The Diary of a Nobody”. Onun müəllifi iki qardaşdır, GeorgeWeedon Grossmith.

Əsli 1888-89-cu illərdə ingilis dilində dövrün “Punch” satirik ədəbi jurnalında çıxıb. Kitab şəklində isə 1892-ci ildə işıq üzü görüb.

Bu əsərdə Londonlu kargüzar Charles Pooter, onun arvadı Karri, oğlanları Lupin və onların bir çox dost-tanışlarının həyatında 16 ay boyunca baş vermiş gündəlik əhvalatlar nəql olunur.

Bu gündən etibarən əsər fəsillərə bölünməklə Oxu Zalında yerləşdiriləcək.

Önəmsiz bir adamın gündəliyi

George Grossmith

Weedon Grossmith

I FƏSİL

(Təzə evimizə yerləşdik. Mən gündəlik yazmağa başladım. Satıcılar bizi əziyyətə saldılar bir az, ərsin də həmçinin. Keşiş Köməkçisi mənə kompliment deyir.)

Əziz arvadım Karri ilə mən Hollovey, Brikfield terrasda yerləşən “Laurellər” adlı yeni evimizdə cəmi bir həftədir ki, yaşayırıq, zirzəmiylə ön tərəfdəki səhər yeməyi salonunu saymasam, qəşəng altı otaqlı mülkdür.

Qabaqda bağçamız var, burdan ön tərəfdəki küçə qapıya on addımdır, yeri gəlmişkən, o qapını zəncirlə bağlı saxlayırıq.

Kamminqs, Qouinq və başqa yaxın dostlarımız həmişə yan tərəfdəki kiçik girişdən gəlirlər ki, bu da qulluqçunu ön qapıya getmək əziyyətindən qurtarır, işdən ayrılmağa da bəhanəsi olmur.

Arxada bir dənə də bağçamız var, dəmiryoluna açılır. Əvvəl qatarlar səs salacaq deyə qorxduq, amma ev sahibi dedi ki, bir azdan öyrəşəcəyik və kirayə pulundan 2 manat düşdü. Düz deyirmiş, bağın hasarı dibdən bir az çatlayıb, amma onu saymasaq heç bir narahatlığımız yoxdur.

Şəhərdə işim qurtarandan sonra evdə olmağı xoşlayıram. Evdə tapılmasan, daha o ev nəyə lazımdır?! “Evim, gözəl evim!” – budur mənim şüarım. Axşamlar həmişə evdəyəm. Köhnə dostumuz Qouinq xəbərdarlıq eləmədən gəlir, üzbəüzdə yaşayan Kamminqs də həmçinin.

Sevimli arvadım Karolin də, mən də onların gəlişinə şad oluruq. Amma dostlar gəlməsə də, axşamlarımızı maraqlı keçiririk.

Evdə həmişə iş olur; buranı mismarlamaq, göz pərdəsini düzəltmək, yelpazəni bərkitmək, palazın küncünü mıxlamaq - hamısını ağzımda qəlyan sümürə-sümürə edirəm; Karri də həmin vaxt köynəyə düymə tikir, balışüzünü yamayır, ya da təzə evimizin pianosunda, onu “Collard and Collard” manufakturasından (hamısı çox böyük hərflərlə) W.Bilkson (kiçik hərflərlə) düzəldib, “Sylvia Gavotte”-ni məşq edir.

Oğlumuz Villinin də Oldhamdakı bankda işinin yaxşı getməsi ürəyimizi lap arxayın edir. Villini daha çox görmək istəyərdik. İndi isə gündəliyim üçün:

3 aprel – Adət gərəyi, yerli al-verçilər çağırdılar, dəmirçiyə də söz verdim ki, mıx, çəkic-zad istəsəm onun da növbəsi çatacaq.

Yaxşı yadıma düşdü, yataq otağımızın açarı yoxdur, zəngləri də yoxlamaq lazımdır.

Qabaq salonun zəngi sınıb, ön qapının zəngi isə, gülməlidir, qulluqçunun yataq otağında çalır. Əziz dostum Qouinq gəldi, amma oturmadı, dedi rəngin iyi pis gəlir.

4 aprel - Yerli al-verçilər yenə çağırırlar: Karri bayırda olanda Horvinlə işləri yoluna qoydum, qəssabdı, təmiz yaxşı dükanı var. Onu sınamaq üçün sabaha qoyun çiyni sifariş elədim.

Karri isə yağsatan Borsetlə danışdı, mətbəx üçün bir kilo şit yağı, kilo yarım duzlu yağ, bir şillinqlik də (təxminən iyirmi qəpiyə bərabər ölçü vahidi – red.) yumurta sifariş elədi.

Axşam Kamminqs Şəhərdə lotoreyada udduğu lülədaşı qəlyanını göstərməyə gəldi, dedi ki, qəlyana toxunanda ehtiyatlı olum, çünki əlin nəmi onun rəngini apara bilər.

Boyanın iyi ilə arası yoxdur, çox qala bilməyəcəyini dedi, çıxanda ərsinə ilişdi. Ərsini çölə çıxartmalıyam, yoxsa özüm də ona ilişəcəm, ciddi sözümdür.

5 april – İki dənə qoyun çiyni gətirdilər. Karri məndən xəbərsiz başqa qəssaba sifariş edibmiş. Qapıdan Qouinq hayladı, içəri girəndə ərsinə ilişdi. Ərsini çölə çıxartmalıyam.

6 aprel – Səhər yeməyi üçün gətirilən yumurtalar məni dəhşətə gətirdi, onların üstünə bir-iki kəlmə söz də qoyub Borsetə geri göndərdim, daha növbəti sifariş üçün gəlməyinə ehtiyac qalmadı.

Çətiri tapa bilmədim, yağış şıdırğı yağsa da, çətirsiz getməli oldum. Sara dedi, ola bilsin, Cənab Qouinq keçən gecə evinə gedəndə səhvən çətiri götürüb, çubğunda ad yoxdur.

Axşam aşağıda kiminsə qulluqçuyla ucadan danışdığını eşitdim, çıxdım görüm kimdir. Kim olsa yaxşıdır, Borset, bizim bu yağsatan, sərxoş və kobud aparırdı özünü.

Məni görən kimi dedi ki, özünü asar, amma Şəhər kargüzarlarına bir də xidmət göstərməz, buna dəyməz. Hisslərimi cilovladım və sakitcə Şəhər kargüzarlarının arasında yaxşı adam da olur - dedim.

Cavab verdi ki, bunu eşitməyə şaddır. Özü rast gəlmədiyinə görə, mənim elə adama rast gəlib-gəlmədiyimi soruşdu.

Qapını çırpıb getdi, az qaldı yelpazənin işığı sınsın; sonra ayağının ərsinə ilişdiyini və yıxıldığını eşitdim. Sevindim ki, ərsini hələ ordan götürməmişəm.

O gedən kimi ağlıma yaxşı bir cavab gəldi, gərək ona vaxtında verəydim o cavabı. Eybi yox, qalsın gələn dəfəyə.

7 aprel – Şənbə olduğuna görə evə tez getmək və bir-iki işi qabağa verməyi istəyirdim, amma iki işçimiz xəstələndiyinə görə, gəlməmişdi, axşam 7-ə qədər evə gedə bilmədim. Gəlib gördüm Borset qapıda məni gözləyir.

Keçən gecəki davranışına görə üzr istəmək üçün gün boyu üç dəfə gəlibmiş.

Dedi, keçən dəfə bayram bazar ertəsinə düşəndə onu götürə bilməyib, əvəzində dünənə saldırıb.

Yalvardı ki, onun üzrxahlığını və bir kilo şit yağını pulsuz qəbul edim. Pis adama oxşamır, hər şey bir yana; təzə yumurta sifraiş elədim, bu dəfə təzə olmasını şərt qoydum.

Deyəsən, pilləkənlərə təzə palaz saldırmalı olacağıq, köhnə palazımız rənglənmiş yerlərə qədər çatmır.

Karri təklif edir ki, rəngsiz yerləri özümüz boyayaq. Görüm bazar ertəsi günü həmin boyadan (tünd qəhvəyi) tapa bilirəmmi.

8 aprel, Bazar – Kilsədən sonra Keşiş Köməkçisi evə bizimlə gəldi. Karrini qabaq qapını açmağa yolladım. O qapıdan ancaq xüsusi səbəb olanda istifadə edirik.

Karri qapını aça bilmədi, fikirləşdiyim alınmadı, Keşiş Köməkçisini (adını dedi, eşidə bilmədim) fırladıb yan girişdən salmalı oldum.

Ayağı ərsinə ilişdi, şalvarının ətəyi cırıldı. Ondan da pisi, Karri şalvarı yamamağı yaxşı-yaxşı təklif etmədi.

Nahardan sonra yatmağa getdim. Sonra bağda gəzdim, xardal, vəzəri və turp əkməyə orda gözəl bir yer tapdım.

Axşam yenə Kilsəyə getdim: Keşiş Köməkçisilə qayıtdım. Karri gördü ki, onun şalvarı artıq yamanıb.

Keşiş Köməkçisi istəyir ki, camaatdan kilsə pulunu mən toplayım. Məncə, bu onun tərəfindən böyük komplimentdir.

Birinci fəslin sonu

XS
SM
MD
LG