Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:09

-

Birinci Avropa Oyunlarının açılış mərasiminə 100 milyon manatdan artıq xərc çəkilib.

Bunu gənclər və idman naziri Azad Rəhimov iyunun 13-də keçirilən mətbuat konfransında deyib.

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna müsahibəsində deyir ki, eşitdiyi rəqəmlər onda təəccüb yaradıb:

- Son iki Olimpiya Oyunlarına baxanda, xərclər çox yüksək olub. 2012-ci ilin açılış-qapanışına bir yerdə 65 milyon dollar xərclənmişdi. Soçidə isə bu rəqəm 50 milyon dollar idi. Hərçənd, Avropa Oyunları çəkisinə görə Olimpiadadan xeyli geridədir. Bir açılış mərasiminə 100 milyon manat xərclənməsi böyük israfçılıqdır. Hələ mərasimin bağlanış xərcləri də var.

- Azərbaycan açılış mərasiminə Lady Gaga kimi populyar, bahalı bir müğənnini gətirib. Mürəkkəb kompozisiyalar qurulub. Onlarla aktyor, rəqqas, sənətçi cəlb olunub. Bundan əlavə, effektlər, atəşfəşanlıq… Bunlar külli miqdarda xərc tələb etmirmi?

- London və Soçi olimpiadaları da açılışına görə Bakıdan geri qalmırdı. Çox gözəl tərtib olunmuşdu, eyni zamanda bizimkindən fərqli olaraq daha uzun, yüksək effektli proqramlar idi. Yəni dekorasiyalar, effektlər və sair amillər hər üç oyunun açılışında eyni idi, ancaq xərclər arasında belə fərq xeyli suallar doğurur. Lady Gaga-nın çıxışına gəldikdə, cəmi bir mahnı oxudu, tutaq ki, bir mahnı üçün də ona 2-3 milyon dollar qonorar ödənilib. Bir mahnı üçün bundan artıq qonorar verilə biləcəyini təsəvvür belə etmirəm. Lady Gaga heç ikisaatlıq konsertində bu qədər qazanmır. Yəni onun qonorarı xərci bu qədər yüksəldə bilməz. Dekorasiyalar maraqlı idi, ancaq dediyim ki, digər Olimpiada açılışlarında da bənzər effektlərdən istifadə olunub. Özü də Bakı Avropa Oyunlarının təkcə açılışı 100 milyona başa gəlib, Londonda, Soçidə isə 65-50 milyon dollar açılış-qapanışın birgə xərcidir. Nəzərə alsaq ki, rəsmilər qapanışın da açılış kimi möhtəşəm olacağını deyirlər, demək, qapanış da aşağısı 100 milyon manat olacaq. Nəticə etibarilə Bakı Avropa Oyunlarının təkcə açılış-qapanışı Azərbaycana 150-200 milyon manata başa gələcək.

Avropa Oyunlarının açılış mərasimi

Avropa Oyunlarının açılış mərasimi

- Sizcə, açılışa xərclənən rəqəm şişirtmədir, yoxsa Azərbaycan həddindən artıq tələfxərclik edib?

- Gərək açıqlansın ki, təşkilatçılıq işlərinə nə qədər xərc çəkilib. Ondan sonra görmək olacaq ki, korrupsiyaya yol verilib, ya yox. London Olimpiadasında xərclərin strukturu açıqlandı. Azərbaycanda isə yalnız ümumi rəqəm deyildi. Soçi Olimpiadasında da ümumi rəqəm açıqlananda, xeyli müzakirə doğurdu və Təşkilat Komitəsindən xərclərin təsnifatı tələb edildi. Bundan sonra Təşkilat Komitəsi xərcləri açıqlamağa məcbur oldu.

Azərbaycanda söylənən ümumi rəqəm belə bir təsəvvür yaradır ki, şounun real qiyməti deyil. Yaxşı olardı ki, cənab nazir detallı açıqlama verəydi - dekorasiyalara nə qədər xərclənib? Qonorar fondu nə qədər olub? Təşkilati və texniki işlərin xərci nə olub? Bu təsnifat açıqlanarsa, rəqəmin şişirdildiyi, yoxsa tələfxərclik edildiyi görünəcək. Hələlik yalnız onu demək olar ki, açıqlanan rəqəm çox yüksəkdir və son illərdə belə şoulara xərclənən ən böyük rəqəmdir.

Avropa Oyunlarının açılış mərasimi

Avropa Oyunlarının açılış mərasimi

- Sizcə, Azərbaycan ictimaiyyəti Rusiyadakı kimi bu xərcin təsnifatını tələb edəcəkmi?

- Çətin sualdır. İzahat veriləsi başqa xərclər də var. Ancaq yəqin ki, ictimai fəallar, jurnalistlər uzun müddət bu rəqəmləri müzakirə edəcək, ancaq rəsmilərin detallı məlumat verəcəyinə, açığı, inanmıram. Müstəqil araşdırmaq aparmaq üçün isə sənədlər lazımdır.Kiminlə nə qədər məbləğdə müqavilə bağlanıb? Bu faktlar ortada çıxarsa, təbii ki, fakta söykənərək, daha əsaslı təhlil aparmaq olacaq.

- Bəs Avropa Oyunları Komitəsi necə, öz reputasiyasını qorumaq üçün şəffaflıq tələb edə bilərmi?

- Açılış-qapanış mərasimlərinə hər ölkə istədiyi qədər xərcləyir. Avropa Oyunları Komitəsi buna qarışmır. Ancaq beynəlxalq mətbuatda bu barədə çoxlu yazılarsa, müzakirə gedərsə, ola bilsin, Avropa Oyunları Komitəsi hansısa açıqlama versin. Əslində, bu açıqlama da təxminən bu mövqedə olacaq ki, xərclər hər ölkənin öz işidir və bu, Avropa Oyunları Komitəsinin səlahiyyətinə daxil deyil.

Şərhləri göstər

XS
SM
MD
LG