Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:45

Kimin ağlına gələrdi Kamboca səfirliyi?


Zadie Smith
Zadie Smith

-

"Ona görə biz deyə danışıram ki, hamının dilindən danışmağa haqqım var, mənim yaşadığım bina bir neçə yolun kəsişməsində yerləşir."

"Bu novellanı oxuyanda beynim gah mənə gülmək, gah da kədərlənmək siqnalı göndərir, özü də bunları eyni vaxtda edirdi..."

Tərcümə olunmalı vacib əsərlər

Zadie Smith haqqında

1970-cı illərdən sonra doğulmuş ədəbi nəsillərin müasir dünya ədəbiyyatında çox vacib yerlər tutan əsərlərini dilimizə tərcümə etmək vaxtı çatıb.

Bu müasir əsərlər oxuculardan çox bəlkə də yazıçılarımız üçün lazımdır. Axı bir oyuna girmisənsə bu oyunun nə üstündə getdiyini bilməlisən. Yoxsa, demək olmaz həmişə, amma çox vaxt müasir dünya nəsrilə müasir Azərbaycan nəsrinin ədəbiyyat deyərkən eyni bir şeyimi, yoxsa ayrı-ayrı şeylərimi nəzərdə tutduğundan şübhələnirsən.

Ölçülər və ölçü hissləri fərqlidir onlarda.

Belə vacib əsərləri təyin etmək üçün konket bir neçə xarici ədəbiyyat jurnalını və bir də ədəbi mükafatların qaliblərinin yaradıcılığını izləmək lazımdır.

Vacib müasir müəlliflərdən biri Zadie Smith-dir (1975, London).

Zadie Smith-in 25 yaşında çap olunmuş “Ağ diş” romanı dərhal bestseller olub və "Granta" jurnalının dövrümüzün 20 ən yaxşı gənc yazıçısı siyahısına düşüb. Ardınca “Avtoqraf adam”, “Gözəllik haqqında”, “Şimal Qərb”-i yazıb.

2006-cı ildə həmin romanlara görə, Orange Mükafatı və Ansfield Wolf kitab mükafatını qazanıb. "Time" jurnalı 1923-2005-ci illərdə ingilis dilində yazılmış ən yaxşı romanlar siyahısına salıb “Ağ diş” romanını.

Onun mövzusu çox vaxt Londonda yaşayan qeyri-ingilislərin həyatıdır. Zadie yaradıcılığına Zadie yumoru xasdır. Güldürməklə necə ağlatmaq olar, intihar edən adamı necə komediyaya çevirmək olar - bunun nə demək olduğunu Zadie Smith-in əsərlərini oxuyanda başa düşürsən.

“Kamboca səfirliyi” novellasını oxuyanda beynim gah mənə gülmək, gah da kədərlənmək siqnalı göndərir, özü də bunları eyni vaxtda edirdi.

Novella ilk dəfə "New Yorker" jurnalında çıxıb 2013-cü ildə, ardınca 69 səhifəlik nazik bir kitab kimi.

Yaxşıdır iri hərflərlə çıxmış nazik kitab oxumaq, xüsusən mənim kimi gözləri zəif olanlar üçün. Amma bu nazik kitabın canında çox qalın kitablardan artıq qüvvə var.

Əgər mən naşir olsaydım, bu nazik kitabın müəllif icazəsini alaraq, dərhal çap edərdim onu Azərbaycan dilində.

Novella belə başlayır:

“Kimin ağlına gələrdi Kamboca səfirliyi? Heç kəsin. Heç kəs gözləməzdi. Hamımız üçün sürpriz oldu Kamboca səfirliyi.”

Deməli, Londonun şimal qərbində, ucqar məhəllələrin birində qonşular oyanıb görürlər ki, evlərinin yanında Kamboca səfirliyi açılılb. Həyətin qapısında Kamboca səfirliyi yazılmış lövhə, üstündə də Kambocanın milli bayrağı.

İtoynadan qonşuların həyatına bu hadisə xüsusi rəng qatır.

Biz adətən öyrəşmişik ki, kitab ya birinci şəxsin dilində yazılar, ya da üçüncü. Bu kitab isə birinci şəxsin cəmində yazılıb. “Biz” adından nəql olunur. Kitabın ortasında məlum olur ki, bu biz deyə danışan səs öz balkonunda hamam xalatııyla dayanmış bir xalanın səsidir.

Xala deyir, ona görə biz deyə danışıram ki, hamının dilindən danışmağa haqqım var, çünki mənim yaşadığım bina bir neçə yolun kəsişməsində yerləşir.

Kamboca səfirliyinə göz qoymağa başlayır bu xala, səfirliyin qapısı nə vaxt açılır, nə vaxt bağlanır, kim girib çıxır ora... Tezliklə məlum olur ki, içəridə bütün günü top-top oynayırlar.

Top divara, qapıya dəyir, əks-səda verir. Hərdən əlində Londonun məşhur xalq marketlərindən birinin adı yazılmış sellofanda bazarlıq tutan adam girir səfirliyə.

Növbəti səhifələrdə Kamboca səfirliyi arxa plana keçir, o məhəllələrdə yaşayan, üçüncü dünya ölkələrindən, Fil Dişi sahilindən Qaanaya, ordan ayrı yerə, ordan da Londona qulluqçu işləməyə gəlmiş bir cavan qadının həyatı ön plana keçir. Amma o top səsi ki var, Kamboca səfirliyindən növbəti səhifələrdə harada söhbət düşsə, orada səs davam edir, deyilir: “Gumb paart, gumb paart!”

Bu, Kamboca kimi ölkələrin dövlət kimi necə rolsuz olduğunu göstərməyin müəllif tərəfindən birbaşa deyilmədən deyilən gözəl bədii yoludur.

Qulluqçu işləməyə gələn Fatou isə bir başqa cür gülməli və ağlamalıdır. Ev sahibəsi onu işlədir, cüzi pul verir, pasportunu da əlindən alıb, bazarlıq etmək və hərdən də bayıra çıxıb gəzmək üçün azadlıq verir. Fatou bir xristianlıq təriqətinin təbliğatçısı olan kişilə tanış olur.

O boyda Londonda Fatou üçün bu kişidən başqa həmsöhbət yoxdur, dünya haqda, həyat haqda sadəlövh suallarını bu kişiyə verir. Onların “intellektual” söhbətləri çox kədərləndirir adamı.

Bir gün Fatou-nun əlinə bir qəzet keçir. Qəzetdə oxuyur ki, onun gəldiyi ölkədən bura qulluqçu gətirib özünə qul kimi işlətdiyinə görə, onun azadlıq hüquqlarını pozduğuna görə, ev sahibəsi olan ingilisi həbs ediblər.

Bu səhifəyə qədər çox naiv obrazı yaranmış Fatou qəzeti oxuyandan sonra fikirlərşir: Mən də qulam? Yox, mən qul deyiləm. Axı mənim sahibəm məni evə həbs etməyib, budur, çıxıb gəzirəm özümçün.

Onun ağlına da gəlmir pasportu əlindən alınıb. Bir neçə gün keçmir ki, ev sahibəsi ona deyir: Sən daha bizə lazım deyildən. İşin qurtardı.

Fatou pasportunu istəyir.

Ev sahibəsi pasportun onda olmadığını, harada olduğunu da bilmədiyini deyir.

Fatou əşyalarını toplayıb soyuq küçəyə çıxır. Çarəsizlik içində dostu xristian dini təbliğatçısına zəng edir. İşdən qovulduğunu ona deyir. Dostu cavab verir: Eybi yox, mən qulluqçu axtaran bəzi ofislər tanıyıram. Səni ora işə düzəldərəm. Mənim sənə böyük hörmətim var.

Fatou razılaşıb avtobus dayanacağına gəlir. Amma onun avtobus kartı evdə qalıb, soyuducunun üstündə maqnitin altında.

Ölsə də o evə qayıtmaz. Kamboca səfirliyinin yanında oturur və novella balkonundan onu müşahidə edən qadının təhkiyəsilə “Avtobuslar yavaşıdır, amma Fatounun minmək istəmədiyini anlayıb sürətlə uzaqlaşırdı”, “Biz Fatou üçün narahat idik”, “Biz bilmək istəyirdik ki, bu qızın başına nə gələcək” kimi cümlələrlə və Kamboca səfirliyindən gələn top-top səslərilə bitir.

Azərbaycan dilinə tərcümə olunmalı növbəti əsər, haqqında danışacağımız Tom McCarthy-nin "C" romanıdır...

Oxu zalı

XS
SM
MD
LG