Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:05

-

"Şair eqoist olmamalıdı. Sən öz darıxmağından yazırsansa, eyni zamanda bir yetimin valideyni üçün, bir qocanın övladı üçün darıxmağından da yazmalısan."

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Ülvi Bahadırla müsahibə

- Ülvi bəy, sizinlə əlaqə yaratmaq xeyli çəkdi. OxuZalından başqa heç yerdə sizin imzanıza rast gəlməmişəm, deyəsən saytlarda çap olunmağı elə də sevmirsiniz.

Bizə bir qədər özünüzdən danışın, şairlikdən başqa hansı peşəylə məşğulsunuz və necə oldu şeir yazıb "Ədəbi Azadlıq" müsabiqəsinə yollamağa qərar verdiniz?

- Hal-hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıram. 3-cü kursdayam.

Əslində bundan öncə də “Ədəbi Azadlıq” müsabiqəsinə şeir göndərmişdim (Ülvi Şirinov kimi). Sadəcə o vaxt bir qədər gecikmişdim. Mən xəbər tutanda artıq bir neçə saat qalmışdı yekuna. Bir qədər tələskənlik elədim və əlimin altında olan şeir dəftərimdəki iki şeiri seçib göndərdim. Nəticə də bəllidir. 20-liyə düşə bilmədim.

Ancaq bu dəfə fərqli oldu. Mən artıq hazırlıqlı idim. Müsabiqədən xəbər tutan kimi son dövrlərdə yazdığım şeirlərdən seçib göndərdim.

Onu da deyim ki, mənimçün 10-luğa düşmək özü böyük bir şey oldu. Çünki bu müsabiqəyə qatılmağımı məndən başqa heç kim bilmir. Özüm üçün bir təcrübə eləmək istədim. Nəticə də anketdən bəllidir.

Əslində mən də istəyərdim ki, şeirlərim, yazılarım daha çox dərc olunsun. Sadəcə, istər orta məktəbdə, istərsə də ali məktəbdə şeirfobik insanların çoxluğu məndə bir növ həvəssizlik yaratdı.

Ancaq əlbəttə ki, bu o demək deyil ki, həmişə belə olacaq. İnsanın bir vaxtı olur ki, o vaxt insan anlayır ki, hansı məsləkdə olmalıdır. Mən artıq bu mərhələni keçdiyimi düşünürəm.

Ülvi Bahadır

Ülvi Bahadır

Ədəbiyyat artıq mənim bir bədən üzvümə - əlimə, qoluma, gözlərimə çevrilib. Sadəcə, burada imkanlar bir qədər kasad olduğuna görə insan istədiyini reallaşdıra bilmir. Nə bilim, yaşayarıq görərik.

- “Ədəbi Azadlıq”dakı şeirlərinizdən biri “Protestlər"dən ibarətdir. Etirazınızın kimə çatmasını istəyirsiniz? Sizcə, şeirlə etirazın bir faydası olacaqmı, yoxsa bu, sadəcə, ironik etirazdır?

- Bilirsiz, hesab edirəm ki, istənilən bir etiraz ümumbəşəri bir səciyyə daşımalıdı. Çünki indi elə bir zamanda yaşayırıq ki, bütün dövlətlər, xalqlar bir-birindən siyasi-iqtsadi cəhətdən və ya başqa cəhətlərdən asılıdı. Yəni bir xalq orta əsrlərdə olduğu kimi özbaşına hərəkət edə bilməz.

Biz elə bir millətik ki, etiraz edən vətəndaşımızı həbs edəndə, dəyənəklə vurub ağzın-burnun partladanda sanki ona baxıb əhd alırıq. "Sənin orda nə azzarın var idi ki, səni də o günə qoysunlar" deyirik. Bu, acınacaqlı bir haldı. Axı o etiraz edən də səninlə eyni bir millətə mənsubdu. Və belə bir millət Qərbə inteqrasiya eləmək istəyir.

Ümümiyyətlə mən inteqrasiyanı iki yerə bölərdim: maddi və mənəvi. Hesab eləyirəm ki, inteqrasiya mənəviyyatla, düşüncəylə başlayıb, maddiyyatla, görünüşlə bitməlidi. Bizdəsə heç əksinəsi də olmur.

Sanki bizdə bir tələskənlik var. Biz Qərbin 200-300 illik inkişafını 20-30 ilə ötüb keçməyə çalışırıq. Axı "təbii inkişaf" deyə bir anlayış var. Baki hal-hazırda Avropanın maketinə bənzəyir.

Biz Avropanın təbii gözəlliyini alıb, süniləşdirib öz vətəndaşımıza və ya turistlərə sırıyırıq. Axı bir italiyalının Bakıda Venesiya nəyinə lazımdı məsələn. Bu, Venesiyaya gedib İçərişəhərdə gəzməyə bənzəyir və çox gülüncdür.

İstənilən bir ölkə cənnət də olsa, vətəndaş cahildisə orda qoyun güdəcək. Xeyri yoxdu. Siz bir daxmanı söküb onun yerində əzəmətli bir saray, imarət tikə bilərsiz, ancaq o daxmanın üstündə əsla.

Bilirsiz, bizim etiraz edə bilməməyimizin səbəbi bilgisizliyimizdi. Belə bir fikir var ki, haqqında zərrə qədər də bilgi sahibi olmadığın bir şeyə etiraz etmək üçün cəhalətin ən üst səviyyəsində olmalısan.

Əlbəttə, insanlar özlərinə görə nəyə etiraz etdiklərini bilirlər. ancaq tam, planlı şəkildə bilmirlər. Çünki etiraz varsa, 3 sual çıxır ortaya - Nəyə etiraz edirəm və kimə etiraz edirəm? Niyə etiraz edirəm? Necə etiraz edirəm? Bunları bilmirsənsə çətin ki, nəsə alınsın.

Mənim etirazımın məqsədi insanlarda azacıq da olsa etiraz qığılcımı yaratmaqdır.

Bilisiz, bu şeir təsadüfün və ya "adolsun"un məhsulu deyil. Mən bunu boynuəyik, başıqapazlı, üzütüpürcəkli vətəndaşlarımı görüb ürək ağrısı ilə yazmışam. Bizim milləti o qədər əziblər ki, biz öz etiraz qabiliyyətimizi də itirmişik. Ancaq hesab edirəm ki, bu xəstəlik çarəsiz deyil.

- Şeirlərinizdəki ümidsizlikdən danışaq. Bu hiss şeir yazmağa yardımçı olur, yoxsa onu daha dramatik və təsirli edir?

- Ümid hər şeydi. Ümid yaşamın əsasıdı. Əbəs yerə demirlər ki, sonuncu ölən ümiddir. İnsan sevir, xəyal qurur, arzulayır və sonda ümid edir. Bu hər şeydə belədi. İnsan əvvəl sevgisin itirir, çünki onun xəyalları puç olur.

Xəyallar puç olduqca da insan daha xəyal qurmur və avtomatik olaraq arzu da etmir. Çiçək susuz qalanda solduğu kimi ümid də arzusuz, xəyalsız, sevgisiz qalanda ölür.

Mən ümidsizliyimdən yazmıram, ümidsizlərdən yazıram. Hesab edirəm ki, şair eqoist olmamalıdı. Sən öz darıxmağından yazırsansa, eyni zamanda bir yetimin valideyni üçün, bir qocanın övladı üçün darıxmağından da yazmalısan.

- Azərbaycanda nikbin şeirlər yazanlar da var. Məsəlçün, bu yaxınlarda Fikrət Qocanın ölkədə keçirilən Avropa Oyunlarına həsr olunmuş şeiri tam nikbin idi, ümumiyyətlə sovet dövründən bəri nikbin şeir ənənəsi saxlanmaqdadır. Sizcə, bu ənənəni qoruyub saxlamaq lazımdırmı?

- Bədbin həyatda nikbinlik olmasa insan yaşaya bilməz. Nikbin şeirlər də yazılmalıdır. Ümumiyyətlə, istər nikbin olsun, istər bədbin olsun, bir şeir səmimi deyilsə onun heç bir əhəmiyyəti yoxdur.

Əksinə indi bədbinlik dəbdədi. İnsanlar süni tənhalıq yaradırlar. Guya bunlar tənhadır, yalnızdır. Sosial şəbəkələr belə şəkillərlə doludur. Bu, mənəvi cinayətdir. Onlar əsl tənhaların qatilidir. Onlar imkan vermirlər ki, əsl tənhalar tənhalıqdan yaxa qurtara bilsinlər.

O ki, qaldı sovet dövrü ədəbiyyatına, bu bir qədər mübahisəlidi. Sovet dövrü Azərbaycan musiqisi zirvə dövrünü yaşasa da təəssüf ki, bunu ədəbiyyata aid etmək olmaz. Sovet dövründə ədəbiyyat bir idarəetmə vasitəsi idi, necə ki, indi musiqi və idmandır. Nikbinlik olmalıdı, ancaq ifrat həddə olmamaq şərti ilə.

- Bildiyim qədəriylə əyalətdə yaşayırsınız, əyalətdən “Ədəbi Azadlığa” qatılmaq necə hissdir? Kəşf olunmağınızı, yoxsa sadəcə səsinizi mərkəzlərə çatdırmaq istəyirsiniz?

- Bölgələrdə ədəbi durum zəifdir. İnkişaf yoxdur. Hesab edirəm ki, belə müsabiqələrin keçirilməsi vacibdir. Ən azından insanlar öz bacarığını ön plana çıxarırlar.

O ki qaldı özümə, mən ədəbiyyatı çox sevirəm. Ancaq sevmək yetərli deyil, sevdiyin üçün mübarizə aparmaq da lazımdır. Hər halda mən də istəyərəm ki, ədəbiyyat aləmində tanınım və bu işlə ciddi şəkildə məşğul olum.

- “Ədəbi Azadığın” onluğundakı digər şeirləri oxuyubsunuzmu? Sizin fikrinizcə, ümidverici şairlər kimlərdir orda?

- Əlbəttə, hamısını oxumuşam. Bəyəndiyim də var, bəyənmədiyim də. Əslində 10-luqdakı şairlərin içərisində ən tanınmayanı mənəm. Digərləri azdan-çoxdan tanınan, sevilən şairlərdi.

Ona görə də heç bir nəticə məni təəccübləndirə bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG