Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:09

İsa Qəmbər: «Adı Avropa, özü Avrasiya oyunları»


Bakı-2015
Bakı-2015

-

İyunun 12-də Bakı Avropa Oyunlarına köklənib. Paytaxtda mərkəzi yollar boşaldılıb, geyimiylə seçilən könüllülər bir az da artıb, al-əlvan şüarlar, ara-sıra gözə dəyən əcnəbilər və təşkilatçıların vəd etdiyi möhtəşəm açılışa qalan saatlar... Bakı vaxtıyla saat 9-da açılış mərasimi başlamalıdır. Azərbaycan hökumətinin usanmadan təbliğ etdiyi və milyardlar yatırdığı bu tədbirin açılışında prezident İlham Əliyevin yanında hansı dövlətin və ya hökumətin başçıları duracaq?

Rəsmi məlumata görə, Türkiyə, Belarus, Tacikistan, Türkmənistan, Monteneqro, Serbiya prezidentləri, Bolqarıstan və Gürcüstanın baş nazirləri artıq gəlib. Rusiya prezidentinin də gəlişi gözlənir, o, burda bəzi görüşlər də keçirməlidir. Günün sonuna siyahı bəlkə də artacaq. Ancaq ilk Avropa Oyunlarına Avropanın söz sahibi, nüfuzlu dövlət və hökumət başçıları qatılmır.

Almaniya kansleri dəvətdən imtina edib. Hollandiya isə bu günlərdə ikinci Avropa Oyunlarına ev sahibliyi etməkdən imtinayla müşahidəçilərin qənaətincə, onun nüfuzuna kölgə salmış oldu.

Üstəlik də, tədbir başlamamış avstriyalı üzgüçüləri avtobus vurdu, özü də Atletlər Kəndində. Oyunlar Avropa mətbuatında həm də bununla xatırlandı.

Bu ərəfədə Avropa Parlamenti siyasi məhbus və azadlıqlar məsələsini gündəmə gətirdi. Bir qrup beynəlxalq hüquq müdafiəçisi Avropa Oyunları start götürəcəyi gün Azərbaycanın Londondakı səfirliyinin qarşısında «İnsan hüquqları üçün idman» kampaniyası çərçivəsində etiraz aksiyası keçirib. Avropa Oyunları bax belə bir ovqatda başlanır Azərbaycanda...

İsa Qəmbər
İsa Qəmbər

«ADI AVROPA, ÖZÜ AVRASİYA OYUNLARI»

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər:

«Avropa Oyunları keçirilsə də, açılış mərasimində iştirak edəcək dövlət adamları, siyasətçilər arasında Avropa ölkələriylə yanaşı, Asiya ölkələrinin liderləri də iştirak edir. Zarafat da təxminən bu cür edilir ki, oyunlar Avropa Oyunlarıdır, ancaq liderlər Avrasiya liderləridir. Yəni, bu özü məsələnin mahiyyətini ortaya qoyur. İdman hər kəsin maraqla izlədiyi prosesdir. Avropa Oyunları da maraqlı oyunlar ola bilərdi. Azərbaycanda bu Oyunlar böyük korrupsiya mənbəyinə çevrilməsəydi, insan haqları bu cür total şəkildə pozulmasaydı, Azərbaycanda bu qədər siyasi məhbus olmasaydı. Belə bir şəraitdə Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ziddiyyətli ovqat yaradır. Üstəlik də, Azərbaycan hökumətinin qonaqlara hər cür şərait yaratmaqla yanaşı, Azərbaycan vətəndaşlarına saymazyana münasibəti və təcrid siyasəti heç xoşagələn situasiya deyil».

«HAKİMİYYƏT XOŞBƏXTDİR»

Politoloq Zərdüşt Əlizadənin dediyinə görə, idman oyunları arasında möhtəşəmliyi ilə seçilən olimpiya yarışlarına belə bütün liderlər qatılmır.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«O ölkələrin liderləri gəlir ki, idmançılarının daha çox uğur qazanmaq imkanı var və ya hansılar ki, həmin dövlətə yaxındılar. İdmanı yaxşı inkişaf etməyən ölkənin başçısı isə kimdənsə yardım, sərmayə istəmək üçün gələ bilər. İdman cəmiyyətin əsas qayəsi deyil. Əsas qayə iqtisadiyyatdır, hüquqdur, quruculuqdur» - söyləyir politoloq.

O ki qaldı ölkənin ovqatına, Zərdüşt Əlizadə deyir: «Hakimiyyət üçün bu, çox xoşbəxt hadisədir, xarici ölkə başçıları gəlir, Avropa kanalları göstərəcək, hər haldaböyük bir tədbiri keçirə biləcəklərini sübut edə biliblər. Xeyli sayda idman obyekti tikiblər, bu da imkan verir ki, gələcəkdə də daha böyük idman yarışlarının keçirilməsinə iddialı olsunlar və desinlər bacarığımız çatır».

Bəs adi Azərbaycan vətəndaşı bu bayramı hansı ovqatda qarşılayır? Zərdüşt Əlizadə deyir ki, bəlkə də idmanı sevənlər sevinir, kim də idmana biganədir, bu tədbir onun vecinə də deyil.

ADİ VƏTƏNDAŞ NƏ DÜŞÜNÜR?

Adi vətəndaş, Tovuz rayon sakini Rafael Məmmədov Avropa Oyunlarını bədbin ovqatda qarşıladığını söyləyir:

Eldar Quliyev
Eldar Quliyev

«Bütün sahələrdə işlər dayanıb. Paytaxtda işləyən bütün soydaşlarımız indi rayondadır. «Niyə gəlmisiniz» soruşuram, deyirlər: «Avropa Oyunlarına görə işlər dayanıb». Yəni nə gərək vardı buna? Krediti olmayan adam yoxdur. Bu Avropa Oyunları məni maddi, mənəvi baxımdan qabağa salacaqsa canla-başla dəstəkləyərdim. Boş tanınmaq mənə nə verəcək ya başqasına?».

«MƏŞƏLİN SƏYAHƏTİNİ İZLƏYƏN HƏR KƏS... QƏTİYYƏTİ GÖRDÜ»

Deputat Eldar Quliyev «Azərbaycan» qəzetinə deyib: «I Avropa Oyunlarının məşəlinin səyahətini izləyən hər kəs bir daha Azərbaycanın bölgələrinin, hətta düşmənlə üz-üzə dayanmış cəbhəyanı rayonların inkişafını, o yerlərin sakinlərinin qətiyyətini görmək imkanı əldə etdi. Odur ki, I Avropa Oyunlarının məşəli Azərbaycanın dünya tərəfindən yaxından tanınması və ölkəmizin dəyərlərinin təbliği üçün mühüm addım oldu. Bütün dünya Azərbaycanın sülhsevər və dinamik inkişaf edən ölkə olduğunu gördü. Artıq məşəlin Bakı estafeti başlayıb. İyunun 7-də Prezident İlham Əliyev tərəfindən məşəlin qəbul edilməsi hər birimizdə qürur və fərəh hissi doğurur.

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə, layiqincə təşkil edəcək və bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində daha önəmli yer tutmasına şərait yaradacaq».

Ələkbər Raufoğlu
Ələkbər Raufoğlu

«BU SƏHƏR BÜTÜN ABŞ MEDİASI AZƏRBAYCANDAN YAZIB, ANCAQ NƏ EDƏSƏN Kİ...»

ABŞ-da yaşayan siyasi şərhçi Ələkbər Raufoğlu AzadlıqRadiosuna bunları söyləyir:

«Bakıdakı hakimiyyəti təbrik etmək olar: İnada, milyardlar səpələyərək, ölkəni və özlərini ABŞ-da, Qərbdə «məşhurlaşdırmağa» nail ola bildilər. Bu səhər, demək olar, bütün ABŞ mediası Azərbaycan haqda yazıb. Nə edəsən ki, qəzet başlıqlarına fikir verdikdə, ağla bir fikir gəlir: «Allah kəssin belə məşhurluğu...». Bu oyunlar Azərbaycanı dünyanın ən repressiv ölkələri siyahısına aparan yolunu qısaltdı. Oyunlar həm də okeanın bu üzündə Azərbaycanda təkcə daxili səslərə deyil, beynəlxalq ictimaiyyətə də qulaq tıxayan hakimiyyətin özünüifşası kimi görünür. Bunu illərdir Qərbdə deyənlər var idi, amma buna tərəddüd edənlər daha çox idi... İndi isə hər şey aydın görünməyə başlayıb. Bir tərəfdən Avropa dəyərlərinə inteqrasiyadan boyun qaçıran bir ölkənin Avropa adı altında oyunlar keçirməsi əsl oyunbazlığın təcəssümüdür».

Ələkbər Raufoğlunun qənaətincə, heç kəs demir ki, Azərbaycan beynəlxalq yarış keçirməyə layiq deyil. «Əlbəttə layiqdir. Amma bunu öl xalqının sərvətləri hesabına, ölkənin gələcəyini risk altında qoyaraq etmək başadüşülən deyil» - deyir siyasi şərhçi.

XS
SM
MD
LG