Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:32

"Elə bil ədəbiyyatımızı “zaryadkaya” qoyublar"


Babək Ağayev
Babək Ağayev

-

"Mən rasional (missiyalı) şair anlayışını başa düşə bilmirəm. Şair rasionallaşmağa başladığını duyduğu anda nəsrə keçməlidi, heç kəsə yox özünə yalan demək istəmirsə əgər."

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına keçmiş Babək Ağayevlə müsahibə

- Babək, bundan öncə bir dəfə də “Ədəbi Azadlığın” şeir onluğuna düşübsən, amma şair kimi sanki üzdə olmağa can atmırsan. Səbəb nədir bu çəkingənliyin?

- Doğru, bir dəfə də onluğa düşmüşdüm və öz fikrimcə ovaxtkı şeirim budəfəki şeirlərin hər ikisində güclüydü.

Mən çox yazmasam da, az da yazmıram, amma hələ ki, tam olaraq istədiyimi ifadə etdiyimi düşündüyüm şeirlər çox deyil.

Sonradan üzərinə qayıdıb işləmək baxımından da şeir nəsrdən daha həssasdı təbii ki. O, səndən çox tez küsür azca laqeyd yanaşanda.

Fikir verirsizsə, sanki qadından danışıram. Ümumən cinslərə bölsək (lap bölməsək də) şeir - əlbət ki, qadındır.

Ən pafoslu şeir - belə deyək ki, bir az daha güclü qadındır.

Buna görə də şair maskulin anlayışdır, “şairə” sözünün qəti əleyhdarıyam. Qadının kişiyə (kişi üçün) şeir yazmasına mən sadəcə gülərəm.

Qısaca, qadın zatən elə şeirdir, kişi (şair) qadın (şeir) yazır, bəs qadın nə yazır?!

Qadın (şeir) özü özün yazmamalıdı, yaza bilməz, buraxmalıdı özünü kişinin (şairin) öhdəsinə. Ki yazılsın!

Burda kimsə məni diskriminasiyada qınayıb, “elə sənin kimilərdi cəmiyyəti bu günə qoyan” deyəcəksə, əmin olsun ki, heç nə anlamayıb.

Mən qadın şeir yaza bilmir demirəm, yalnızca hər şeir ən azı əlli faiz “qadın”sızlıqdan yoğrulur, daha doğrusu şairin içində yaranmış o “sızlıq”ı doyurur/doldurur.

Butulkaya şeir yazırsansa butulka, arıya şeir yazırsana arı “qadın”dır – sən şair olaraq o nəsnəni/obyekti qucaqlayır, saçlarını sığallayır, üşüməyə qoymursan, “malı”san/”məli”sən və sair və sair... mən yalnız “şairə” sözünə qarşıyam.

Yəni, səbəb tənbəllikdi deməyim, ancaq bir az da elədir və elə də olmalıdı. Mən “şeir bohemdir” deyənlərin tərəfindəyəm. Şair öz şeirlərindən çox tez küsməli, onlara çox erkən lağ eləməyə başlamalıdı - ən azından müəyyən yaşa qədər.

Məncə, bu hamıda belə olur, sadəcə kimsə bir-iki şirin sözdən xoşhallana, özünü dühanın zirvəsində (ən azından ora gedən yolda) saya bilər – bu uçurumdur.

Mən rasional (missiyalı) şair anlayışını başa düşə bilmirəm. Şair rasionallaşmağa başladığını duyduğu anda nəsrə keçməlidi, heç kəsə yox özünə yalan demək istəmirsə əgər.

Yayımlamaqdan çox tez-tez dostlarla toplanıb şeirlər oxuyuruq. İçki də olur, tüstü də. Yazan özününkünü, yazmayan başqalarının şeirlərini oxuyur və xoşbəxt oluruq, vəssalam.

Aramızda şeiri sevməyən də var, özümüz özümüzə lağ da edirik, sevirik, sevilirik yəni və bizi birləşdirən şeir deyil (təkcə). Bir də deyim ki, həmin dostlarım bunu oxuyursa yüz faiz razıdılar ki, o şeir gecələrinə özümüzdən başqa heç kəs dəvətli deyil.

- Amma müsabiqəyə yenidən qatılmısan. Nə gözləyirsən müsabiqədən?

- Noutbuk. Gülürəm, amma ciddiyəm.

- Bir şeirində “Azadlıq olmayan şəhərdə, şairin ola bilməyəcəyini” deyirsən. Məgər, şeirlə fikrini ifadə edə bilmək artıq bir növ azadlıq deyil?

- Bəli, tamamilə razıyam azadlıqdı, amma məhz siz deyən kimi bir növ azadlıqdı və indi mən sual edirəm: niyə mənim haqqımın mənə “tanınmasına” sevinib, çox sağ ol deməliyəm?

Digər məmləkətlərdə insanlar özlərinin səhv etmək hüququndan danışarkən, mən nədən az-maz düzü deməyə mənə izn verildiyinə minnətdar olum? Əslində bu misrayla (əgər sırf şairi nəzərdə tutursa) özüm də tam razı deyiləm o mənada ki, bəlkə də şair elə azadlıqların qısıtlı olduğu yerlərdə daha çox olur.

Buna iki cür yanaşmaq olar. Ya şair ona (cəmiyyətə) tanınan azadlıq nə qədər olur-olsun yenə də boğulur, hətta dərisindən belə qurtulmaq istəyindədir (bunun bizə aidiyyatı yoxdur), ya da şair sahib olduğunu düşündüyü cüzi “azadlıq” dan “yararlanıb” sətir altlarına sığınmağa, “sözünü deməyə” (çox vaxt maksimum yumşaq – ona zərər gətirməyəcək şəkildə) çalışır ki, bu tam bizik və bu durum bizi şair xalqa çevirib, bizə kütləvi şəkildə kütləvi şeirlər yazdırır (bu, mövzuların da minimuma enməsi deməkdir). Yazdırır ki, gələcəyi şübhəli olan gələcəyə əl yerimiz olsun, o vaxta üzümüz maksimum ağa çalsın.

Məsələn, mən birisi ya ertəsi gün çıxıb deyə bilim ki, ay camaat o vaxt mən bu şəhərdə azadlığın olmamasına şeirlər yazmışam, sevin məni, ay nə bilim dövrümün dissidentiyəm və ilaxır. Şeirin dinlə ortaq cəhəti (dinin şeirlə yazılması) yozulabilmə qabiliyyətidir. Dini kitabların təfsiriylə məşğul olanlar ayələrin, kəlamların məna yüklərini istədiyi tərəfə çəkə, istədiyi kimi qatılaşdırıb, yumşalda bildikləri kimi, Milli Məclisdə oturub şeir yazan hər hansı bir deputat da qaraladığı “unutmayaq, kəpənəklərin iki qanadı var, bir qanadı qaradırsa o birisi ağarar” (misralar uydurmadır və istənilən uyğunluq – hansı ki, ehtimal böyükdür – tamamilə təsadüfdür) kimi söz-söhbətləri hara istəsəniz fırlada bilər.

Özünüifadə təməl ehtiyacdır. Necə deyərlər hərə bir cür, bu anlaşılandır, ancaq həmin ifadə vasitələrinin arxasındakı iddialar reallığa uyğun deyilsə, bu artıq sui-istifadədir, ən azından buna potensial yaradır. Bakı bir liman şəhərinə görə çox qurudu, günbəgün çirkinləşdirildiyindən (heyf ki, mənim görə bildiyim budur) bizdən inciməkdə tam haqlıdı. Insanların (övladlarının) Ona zərrə qədər bağlılıq, sevgi göstərmədiyinin o qədər fərqindədi ki. Bir gün Xəzəri üzümüzə tüpürəcəyindən şübhə eləmirəm. Biz özümüzün kimliyini (identifikasiya) bilmədiyimizdən şəhər də bilmir bunu, şəhər bilmir Kimdir. Biz hələ özümüzə yer tapa bilmirik, Bakı bizim yerimiz olmayacaq biz Onu tapmayanadək.

Hələliksə axtarışa belə başlamamışıq.

- Şeirində bir bədbinlik gördüm, ümumiyyətlə müasir şeirlərin əksəriyyətində bədbinlik var, dövrümüzdə şairlik dahamı depressiv peşədir?

- Məncə daha çox dövrümüz depressivdir. Şeirsiz heç bir dövr olmayıb olmayacaq da, ancaq həqiqətən dövr çox qarışıq gəlir mənə. Sanki yeni nələrsə gözlənir və bu gün-sabah qərar veriləcək.

Amma hələ ki imitasiyaya məhkum görünürük. Son vaxtlar bütün dünyada mənəvi aşınma gedir. Mən bunun günahını insanlara heç vəchlə xoşbəxtlik gətirə bilməyən kapitalist sistemdə görürəm. Bu sistem gözü paradan qeyri bir şey görmədiyindən yeni dəyər yarada bilmir.

Insanlar xoşbəxt deyil, bu da şeirlərdə təzahür edir. Digər tərəfdən əminəm ki, bu, oxuyana bədbin gəlir. Yazan elə düşünmür, çünki yazmaq mazoxistik bir duyğudu. Yazan əzab çəkən birini görəndə onun əzabına şərik olmaqdan – bunun əzab çəkənə köməyi dəymir – yəni özünü də əzaba düçar etməkdən həzz alır, sonra həmin kayfı gecə kağız üzərində davam etdirir, əzab çəkməkdən həzz almaq mazoxizmdən başqa nədir axı. Nəticə etibarilə ortaya növbənöv manipulyasiyalar çıxır ki, qurban (oxucu) buna dərhal uyur, daha doğrusu o elə zatən bunu gözləyirdi.

Belə çıxır ki, yazan həm də sadistdir, əzab verməkdən də həzz alır.

Az eşitməmişik filan şairin ağrını necə gözəl verdiyi haqda mülahizələri, amma əslində ağrı heç bir halda gözəl deyil. Kim dişi ağrıyanda həkim əvəzinə şair yanına gedir. Və ya şair küçədə gördüyü ayaqyalın ac uşaqların, ya hansısa bir bomjun keçirdiklərin özü fiziki şəkildə duyurmu. Son olaraq bayaqdan ortaya çıxmış suala qəti şəkildə cavab verirəm, bəli şairlər manipulyatordur.

- Bu ilki şeirlərin hansı səni daha çox cəlb edir? Ümumiyyətlə, ilbəildən bizim şeirin səviyyəsində tərəqqi yoxsa, süqut hiss edilir?

- Yalan deməyəcəm, şeirlərin qısa olanlarından bir-ikisin oxuyub bəyənməmişəm. Qalanların oxumağa vaxtım və həvəsim olmayıb.

Dünyaya açığıqsa necə süqut gedə bilər axı şeirimizdə. Inkişaf imitasiyadan keçir. Bu, istəklə deyil, belədir vəssalam. Hal-hazırda bizim şeir önəmli mərhələdən keçir, ümumən elə bil ədəbiyyatımızı “zaryadkaya” qoyublar və batareya dolur... dolur... mən yaxın zamanlara növbəti bumu gözləyirəm. Nə edəcəksə gənclər (biz) edəcək (təbii ki).

Gələcəyə mənim də bəzi planlarım var (əlbət ki kitab çıxarmaq deyil bu), imkan olan kimi dostlarla reallaşdıracağıq. Hələliksə başım pul qazanmağa qarışıb – yenə gülürəm, amma bu dəfə də ciddiyəm. Qısaca, deyə bilərəm ki, camaat şeirə, ədəbiyyata yaxın gəlmirsə, şeiri, kitabı onlara yaxınlaşdırmaq, ən azı yoxlamaq olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG