Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:27

Şəkili Səftərin nisyə həyatı…


Arxiv fotosu
Arxiv fotosu

-

"Əyin-baş nisyə... yemək nisyə... dərman nisyə... içdiyimiz su nisyə..."

Nisyə həyatından giley-güzar edən Şəkinin Oxud kəndində yaşayan Səftər İsmayılovdur.

DAVA-DƏRMANI, AZUQƏNİ ORDAN-BURDAN ƏLDƏ EDİR

Son 3 ildə mağazalardan nisyə aldığı ərzaqlara görə başına topladığı haqq-hesabın içərisində itib batır. Fiziki əməklə məşğul olmaq imkanı yoxdur. Xəstəliyinə görə dövlət ona 67 manat təqaüd verir. Bu təqaüdlə ya özünə, ya da xəstə uşaqlarına dava-dərman alır, azuqəni isə ordan-burdan əldə edir.

Bir avtomobil qəzası 3 ildir ki, onu yarımcan edib. Onurğası zədələnib. Əmək fəaliyyəti ilə məşğul ola bilmir. Buna qədər isə öz diliylə desək, hansı "hamballığa" buyursalar da gedirmiş.

“Mənə yardım olunması üçün rayon icra hakimiyyətinə, prezidentə yazmışam. Cavab yoxdur. Prezidentə internetlə də yazmışam. Kimdir oxuyan?”

"YAŞASIN BİZİ ACINDAN ÖLMƏYƏ QOYMAYANLAR"

“Oxudda elə mağaza yoxdur ki, nisyə dəftərində adım olmasın. Haqq-hesabı itirmişəm. Sağ olsunlar, vəziyyətimi bilirlər, məni divara sıxmırlar. Ancaq daha mağazalara da ağız açmağa üz qalmayıb. Dərddən qocalmışam. Dövlət əl uzatmasa, ailəlikcə acından xəstəlik tapacağıq”.

Əlil deyir, yaşadıqları məhəllədə su yoxdur. 1 ildir ki, məhəlləyə gələn su maşını onun həyətdəki kiçik su anbarını havayı doldurub gedir. Ancaq o, belə yaşayışdan yorulub.

Əlilin səsini Şəki rayon İcra Hakimiyyətinə çatdırdıq. Oxudlu Səftər İsmayılovun məlumatları götürərək ailə ilə mütləq əlaqə yaradacaqlarını dedilər.

İndi oxudlu Səftərin gözü qapıdadır. hökumət nümayəndələrinin yolunu gözləyir.

XS
SM
MD
LG