Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:17

Kate McLean: "Bakının qoxu xəritəsini çıxarmaq olar"


Kate Mclean
Kate Mclean

-

Sizin küçəniz nə iyi verir?

Xörək, pivə, neft, ya zibil iyi?

Kate McLean Scent Walk
Kate McLean Scent Walk

İngiltərədən olan tədqiqatçı Kate McLean şəhərlərin qoxu xəritələrini çıxarır. Xəritədə hər iyi bir başqa rənglə göstərir. O, təkcə öz qoxu hisslərinə arxalanmır, yüzlərlə könüllünü başına toplayıb qoxlamaq gəzintiləri təşkil edir. Bu tədqiqatı İngiltərənin handa universitetləri də dəstəkləyir.

Bu gün artist, dizayner, tədqiqatçı Kate McLean Oxu zalına müsahibə verib.

Kate McLean – İngiltərənin Canterbury Christ Church Universitinin Qrafik dizayn müəllimidir. Royal College of Art-da qoxu və incəsənət üzrə doktorantdır.

- Qoxu niyə vacibdir?

- Qoxu vacibdir, çünki o bizim məkan anlayışımıza ciddi təsir göstərir. Ətraf mühitin qoxuları, iyləri, ətirləri insanın yaddaşında özünə yer edir və şəhər mühitilə qurduğumuz emosional bağları formalaşdırır.

Biz gündə 24 min dəfə nəfəs alırıq, burun dəliklərimiz 1000 müxtəlif qoxu götürür, insanda 1 trilyona qədər qoxunu fərqləndirmək potensialı var. Amma dil məhduddur, yalnız ümumi təsvirlər etməyə qadirdir.

Qərb mədəniyyətləri iyi pis bir şey saymağa, onu yoxlayıb aradan qaldırmağa meyllidir. Amma biz qoxudan insan idrakının inkişaf etdirilməsi üçün istifadə edə bilərik...

Bir şəhərin qoxuları onun unikallığıdır.

Mən əvvəl Edinburqda şəhər həyatını 4 insan hissi vasitəsilə qurmaq və xəritəsini çıxarmaq üzrə çalışırdım. Sonra qoxuların üzərində dayanmağa qərar verdim. Qoxu mənə ona görə çəkici gəldi ki, indiyə qədər gərəyincə tədqiq olunmayıb.

Onu təsbit etməyin çətinliyi, qısaömürlülüyü, keçiciliyi cəlb etdi məni özünə. Qoxunu təsbit etmək həm də o, subyektiv hiss olduğuna görə çətindir.

Qoxuların vaxta və məkan görə ani sürətlə dəyişə biləcəyini əvvəlcədən nəzərə aldım. Qısa desəm, burda problem gördüm, problematik idi bu mövzu. Sənət tədqiqatı üçün də vacib olan poblematik bir şey üzərində işləməkdir. Mənim fokusum şəhərlərin qoxu mənzərələridir.

Təşkil etdiyim qoxu gəzintilərində küçələrdən, bucaqlardan gələn qoxuları fərdi qavrayışa görə müzakirə edirik. Sonra bu qoxuların coğrafiyasını çıxarırıq. Şəhər qoxu mənzərələri keçici olsa da, onların qanunauyğunluqları var və şəhər həyatının ritmlərinə tabedir.

Biz dünyanın ilk şəhər qoxu lüğətini hazırlamışıq. Orada neft, rezin, yasəmən, qusmaq, ot kimi üç yüzə yaxın termin var.

- Qoxlamaq sənəti ilə məşğul olan başqa qruplar da var, amma xəritə hazırlayan yalnız sənsən, elə deyilmi?

- Bəli, mənim işimi fərqli edən mənim canlı təcrübədən istifadə edərək coğrafi xəritələr hazırlamağımdır, biz bu xəritələr vasitəsilə öz qoxu qavrayışımızı və yozumumuzu başqa adamlarla bölüşə bilirik.

​Görünməyən qoxuları sözlərə, rənglərə, formalara və hərəkətlərə çeviriəm. İşim bir neçə hissi təcrübənin kəsişməsində (crossmodal) yerləşir.

Mən başqa qoxu sənətkarlarıyla əməkdaşlıq da edirəm. Mərhum Victoria Henshaw ilə işləmişəm, o, şəhər dizaynı üçün qoxu gəzintiləri təşkil edirdi və buna doktorluq dissertasiyası həsr etmişdi, 2013-cü ildə nəşr olunub “Urban Smellscapes”.

Daniele Quercia ilə tədqiqatım Cornell Universitetinin kitabxanasında var. Orda mənim metodologiyamla şəhər qoxuları haqda insanlar arasında sorğular vasitəsilə yaradılmış lüğət də var.

Başqa bir sənətkar, Sissel Tolaas yalnız öz burnundan istifadə edir, sonra GCMS texnologiyası ilə insanın duyduğu qoxunun yenidən yaradılması formulası üzərində işləyir.

- Şəhərləri necə seçirsiz?

- Elə öz getdiyim şəhərlərdə qoxu gəzintiləri təşkil edirəm. Ya tətilə, ya konfransa, ya da qoxularla məşğul olan yerli şirkətlərin (məsələn, Sinqapurda AllSense) əməkdaşlıq təklifi üzrə getdiyim şəhərlər olur.

Qoxu dərketməsini insanlarla bölüşmək və yeni məlumatlar yığmağa böyük həvəsim var. Əgər bir şəhərdə tək fəaliyyət göstərirəmsə maraq yaratmaq üçün sosial mediadan istifadə edirəm. (ardı aşağıda)

Səfər və qalmaq xərclərindən başqa xərc tələb etmir mənim tədqiqatım. Qiymətli olan yeganə şey vaxtdır. İngiltərənin CCCU universitetində mühazirəçiyəm, onlar da, Royal College of Art da bu tədqiqatlarımı, doktorluq dissertasiyamı maliyyələşdirirlər.

- Tutalım, gəldiniz bir şəhərə. Necə başlayır qoxu tədqiqatı?

- Əvvəlcə mən ilkin marşrutu müəyyən edirəm, gəzinti xəritəsi çıxarıram, qoxu qeydləri qoyuram xəritəyə ki, hansı nöqtədə qoxu olacaq, sonra iştirakçılara toplanma məntəqəsinin yerini yazıram. Sonra yığışıb o marşrut üzrə gəzməyə başlayırıq, kim nə qoxusu hiss edirsə onu yazır. Qeydlərin əllə yazılmasına üstünlük verirəm. (ardı aşağıda)

Çalışıram 15 nəfərdən çox adam götürməyim, 1 saat boyunca şəhəri həmin xəritə üzrə gəzib qoxuları çıxarırıq.

Bu gəzintilər sənət adamları üçün yox, hamı üçün açıqdır. Mən adamların öz iyləri bizə mane olmasın deyə, onlar üçün xüsusi iykeçirməz paltar götürürəm, kim istəsə geyinir. Yaxşı olar ki, ətir vurmadan gəlsinlər.

Mən indi Sinqapurda tədqiqat aparıram, bu tədqiqat qoxu mənzərəsinin gündüz və gecə dəyişməsi üzrə aparılır. Sinqapurda yerli camaatın seçdiyi 9 müxtəlif hissədə iki həftə olmuşam, on səkkiz qoxu gəzintisi təşkil etmişəm, onlarda 200-dən çox adam iştirak edib.

İndi çalışıram şəhər qoxularının vaxt üzrə ritmlərini müəyyən edim. Şəhərlər çox sürətlə dəyişdiyinə görə şəhərlərin qoxu irsini qeyd etmək və nümayiş etdirmək arzusundayam.

- Bakıda qoxu məsələsi lap fərqlidir. Burda göz dəniz görür, burunsa neft qoxusu alır. Külək də çox güclü əsdiyinə görə, qoxuların yerini bir anda dəyişdirir.

- Bakıda da işləmək istəyirəm. Təşkilatçılıq və tərcümə işində kömək olsa, 24 saat ərzində hər 4 saatdan bir gəzinti keçirməklə qısa vaxtda Bakının qoxu xəritəsini çıxarmaq olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG