Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:06

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Nahid Şəmşirov

KURORT GECƏSİ

Çox gecdir, söhbət də artıq dalana dirənib.

Hər ikisi gözəl bilir ki, oxşar gecələr kurort şəhərində nəylə qurtarır. Dəlicəsinə istəyirlər ki, bu möcüzəli gecə çox hallarda olduğu kimi adi bitməsin.

- Sən evlisən?- qadın soruşur. O, dərhal cavab vermir.

- Yaxşı, əzizim, yaxşı,- qadın o saatcana əlavə edir. O, bu tələskənlikdən təəccüblənir ki, əslində, burda yaxşı olan nədir ki?!

- Gəl, çay içə-içə söhbət edək. Lap bütün gecəni, heç nə də lazım deyil,- qadın ayaq saxlayır, başa düşür ki, elə-belə gedə bilməz.

O, yerindən qalxır, pəncərəyə yaxınlaşır, uzun-uzadı qaranlıq göy üzünə, ulduzlara baxır. Yenidən qayıdıb kresloda oturur. Çaydan bir qurtum içib dillənir:

- Sonra uçub gedəcəyik, Allah bilir haralara...

- Elə demə, qorxuram,- qadın onun əlini əlinə alıb sıxır, sonra buraxır, sanki soyuqdan büzüşürmüş kimi kresloya yayxanır.

O, artıq soyuyub buza dönmüş çaynikin başına su alıb cərəyanı keçirir. Qadın siqaret yandırmaq istəyir, ancaq kibrit çöpü qırılır, onda qırığı da, qutunu da stolun üstünə atır.

- Çəkmə,- o deyir,- indi çay qızacaq.

- Sən çəkən qadınları sevmirsən?- soruşur.

- Tüstüdən boğuluram. Necə deyirlər, əğər pişik iybilmə hissini itirirsə, siçanı tuta bilməyəcək.

Qadın bu sözlərdən qəhqəhə çəkir, siqaret qutusunu stolun üstünə qoyur. O, çayniki cərəyandan ayırır, fincanlara çay süzür. İçirlər.

- Bəs çay?-qadın soruşur.

- Nə çay?

- Çay da iylidir, axı, əgər əsl çaydırsa,- qadın nəyə görəsə fikirli gülümsünür, o da gülür.

- Sən nəyə gülürsən?- qadın soruşur.

- Bəs sən?

- Elə belə. Siqaret məsələsində sən məni tutdun. İndi onu ağzıma almağa qorxuram. Səni itirərəm.

- Boş ver, çəkginən. Özüm çoxdan atmışam, elə bilirəm dünyam daralıb. Düşünürəm ki, iydən. Onunçün belə dedim.

Hər ikisi çay içməyə davam edir. Bir-birinə baxaraq susurlar.

“Necə olacaq,- qadın fikirləşir,- burdan getməyəcəm. Yenə darıxdırıcı həyat, dalaşma, çəkişmə?.. Bəs getməsəm?.. Onda özünə əzab verəcək. Arvadına nə deyəcək? Mənə nə?.. Getsəm, inciyəcək, qovmur ki... Yoox, sonadək oturacam. Qovar, qovar da, onsuz da mənə fərq etməz.”

“Necə olsun,- kişi fikirləşir,- onu burdan qova bilmərəm. Yenə kurortun darıxdırıcı, avaraçı günləri başlayacaq. Belə görüş ələ düşməz. Elə bil bununçün yaşamışıq. Yanımda olanda elə yüngüləm, rahatam ki! İndi durub sağollaşacaq, mən onu saxlamaq cürətində deyiləm. Necə, nə bəhanə edərəm? Desə ki, bax beləə... Nə edərəm? Birdən getsə, əzabverici gecələrim başlayacaq, beynimi bir fikir deşəcək ki, saxlaya bilərdim, ancaq saxlamadım, ən qiymətli şeyimi itirdim... Doğrudanmı ən qiymətlidir?..”

- Niyə mənə belə baxırsan?- qadın dözməyib soruşdu. O, öz fikirlərinin altında əzilir, heç nə deyə bilmirdi.

- Xanımlıq edəsən bəlkə, çay süzəsən...- özünə gəlmək üçün bir neçə dəqiqə udmağa çalışırdı. Qadın fincanı doldurub, ona uzadır, özününkünü də götürüb ayaqlarını qatlayaraq kresloda oturur. Qadının evin adamı kimi oturması xoşuna gəlir. O, fincana tərəf əyilir, ancaq gözlərini çəkmir, alnına tökülən tüklərin arasından qəribə maraqla ona baxır.

- Sən gözəlsən.

- Burax komplimentləri.

- Sən hər an dəyişdikcə daha çox xoşuma gəlirsən. Deyəsən, sənə vurulacam.

- Bu yaşda vurulmaq olmaz.

- Məgər bu yaşdan asılıdır?

- Bə nədi, asılıdır. Əgər mənim on altı, sənin iyirmi yaşın olsaydı, biz səninlə indi oturub çay içməzdik, hardasa küçə qapısında öpüşərdik. İndisə, deyəsən onu da yadırğamışıq, dərhal sonraya...

Kişi başa düşür ki, söhbət get-gedə qızışır, onun ürəyi sıxılır, fincandan gözünü çəkmədən çaydan qurtum-qurtum içir. Əzab çəkə-çəkə düşünür ki, necə cavab versin ki, aralarındakı çox kövrək ovqatı hürkütməsin.

- Mən ancaq əllərini öpürəm,- deyir, sanki söhbətdəki astagəllik yenə qayıdır.

- Yaxşı görüm,- qadın təəccüblənir,- sən lap nadir nüsxəsən ki: indi kim əl öpür, yoxsa yataqdayıq?

O, qalxır, qadına yaxınlaşır, təzim edir və əlini uzadır. Qadın özünün yığılmış ovcunu uzadır, əlini əlinə alır, kreslodan durur. Digər əlinin barmaqları ilə paltarının ətəyini dartır, reveransa oxşar nəsə edir. O, azca əyilərək əlini sıxır, birdən peysərində tanış istiliyi, burnunun ucunda yüngül hənirti duyur. Qəribə vəziyyətdə donur, başqa çıxış yolu tapmadan diz çökür. Qarşısında onun donunu görür, onun dizlərini qucaqlayır, özünə tərəf sıxır. Möcüzəli ətirdən başı gicəlir, həyəcanlanır. O, əllərini açır, sanki dumanda qalxır, qadını özünə tərəf çəkir. Qadın, yüngülcə səksənib, ya ciddi, ya da ləyaqət xatirinə onun boynuna dolanır, o isə onu otaq boyu fırladır. Sonra yavaşca yerə qoyur. Qadın, əllərini açmamış burnu ilə onun üzünə toxunur, o, dodaqlarını qadının saçlarına yapışdırır, onlar müqəddəs öpüş vəziyyətində qalırlar.

- Bu da sənə “olmayan yaş”,- qadın nəvazişlə qulağına pıçıldayır, o isə hələ də onun saçlarını öpür, burnu ilə qoxulayır, əlləri ilə - onlarla nə etsin ki- adəti üzrə vəziyyəti qiymətləndirir.

- Səni sevirəm,- qoxudan, fikirdən tam sərməst olaraq pıçıldayır.

- Sən heç yalan da danışa bilmirsən,- qadın şıltaqlıqla dillənir.

- Məgər yalan danışıram?!

- Bəs arvadın?

- Arvadım sənsən...

Sonra hər ikisi uzanıb pəncərəyə baxırlar. Aralı pərdələrdən ulduzlar görünür.

- Mən bir damcı da utanmıram,- qadın nəzərlərini bayırdan çəkmir.

- Nəyə görə də utanmalısan?

- Səni oğurlamışam, axı,- şuxluqla gülür.

- Kimdən?

- Arvadından.

- Sən ondan oğurlamamısan, əslində, o, məni səndən oğurlayıb.

Qadın yenə ona sarı əyilir, dodaqlarından öpür, sonra çönüb pəncərəyə baxır.

- Elə buna görə zamanında siqareti atmaq lazımdır,- birdən qadın dillənir.

- Nəyə görə belə deyirsən?- o, təəccüblənir.

- Siçan tutmaqdan yana.

O, məmnunluqla susur, sonra qadını qucaqlayaraq ağuşuna sıxır:

- Vermərəm, səni heç kimə vermərəm.

- Düz edirsən, vermə.

- Buradan heç yerə getməyəcəyəm.

- Düz edirsən, getmə.

- Səni də buraxmayacağam.

- Arvadın axtarmağa başlayacaq.

- Tapmaz.

- Tapar.

O, arvadını xatırladı, özlüyündə istədi onları müqayisə etsin. Onda öz arvadına qarşı nifrət, ikrah hissi olmayıb, amma indiki- sadəcə qiyamətdir. İndi ona seçim təklif etsəydilər ki, kiminlə qalardı, qərar verməkdə çətinlik çəkərdi.

- Onu sevirsən?- qadın elə bil ürəyini oxuyurmuş kimi soruşur.

- Bilmirəm. Məncə, sevgi başqa şeydir. Bizdə olansa...

- Adətdir?

- İndicə ağlıma gəldi. Səninlə niyə daha azadam? Kimsən sən?

- Sənin taleyinəm. Nəsə bizi ayırmışdı sanki, sonra birləşdirdi.

- Heç nə etmək olmaz?

- Heç nə.

- Doğrudanmı, bu adicə kurort romanıdır? Bu, necə oldu?

- Baax, siz kişilər beləsiniz. Hər şeyi korladın.

- Yoox, sən mələk qiyafəsində göründün mənə.

O, qadının üzərinə şığıyır, müqavimətlə üzləşmir.

...Səhər qadın qapını sakitcə örtüb çıxır. O, yuxuda nəsə donquldanır, yataqda yayxanaraq uzun-uzadı yatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG