Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Kənan Salamzadə

PİANİST

Ağır addımlarla səhnəyə çıxarkən ab-havanın belə olacağını əsla təsəvvür etmirdi.

Asta addımlarla irəliləyərək stulu ehmallıca rahatladı və əvvəlki hərəkət tərzi ilə assimmetriklik təşkil edən cəldliklə stula çökdü.

Və alovun nə olduğunu təsadüfən kəşf edən ibtidai insan kimi təəccüb dolu baxışlarını zala tuşladı. İlk dəfə geyindiyi üçün çox narahat hiss etməsinə səbəb olan fortyuk belə onun diqqətini tamaşaçılardan ayıra bilmirdi.

O iti baxışlarla zalın qaranlıq guşələrinə nəzər salır, sanki kimisə axtarırdı. Lakin, getdikcə baxışları ikrah saçan bir cüt qıyıq alov topuna bənzəyirdi.

Qırmızı ordunun tabor komandirlərindən birinin oğlu idi Boris. Atası vətəndaş müharibəsinin ən gərgin döyüşlərinin baş verdiyi Voronez yaxınlığındakı Lipetsk məntəqəsindəki döyüşdə ağ qvardiyaçılara qarşı qazanılan qələbənin qəhrəmanlarından idi.

Lakin, bir neçə il sonra inqilabın öz övladlarını yediyi ilk qurbanlardan birinə çevrilmişdi. Trotskist baxışlarına görə əvvəl güclü təqiblərə, sonra isə arxadan başına vurulan bir gülləyə tuş gəlmişdi.

Anası isə bu bədbəxt hadisədən sonra iki yaşlı Borisi götürüb Fransaya qaçmışdı. Əlində olan bütün pulu bolşevik milisin cibinə basaraq bacarmışdı ölkədən çıxmağı, ancaq pul milisi qane etməmiş, o öz bədənini Boris üçün qurban vermişdi.

Anası ilə birlikdə Seint-Jean-de-Brayeyə yerləşən Borisin uşaqlığı ağır keçdi. Borisin anası bir müddət dilənçiliklə keçinməyə çalışsa da ac günlərin sayının artması ilə yeni çarələr fikirləşməyə başlamışdı.

Fiziki və psixoloji dözümünün son həddinə çatmış qadın özü kimi rus qaçqınlarından olan birinin təklifi ilə qəsəbə pivəxanasının zirzəmisində işləməyə başlamışdı. Altı yaşlı Boris isə anası "işdə" olarkən pionino ilə oynayır, sərxoş kişilərin icişmələrindən qaçmaq üçün gizlənməyə yer axtarırdı.

Qaraqabaq və dinməz bir uşaq olan Boris altı yaşından bəri pab və pansiyondan ibarət monoton həyatını yaşamışdı. Anasının barmendən "xüsusi" xahişindən sonra on yaşına çatmış Boris də pabda xırda-xuruş işlərdə işləyir, günə üç-beş frank qazanırdı.

İşlərini tez və səliqləli şəkildə görməyə çalışırdı, həm dişləri tökülmüş barmendən afərin sözü eşitmək, həm də pianist Renutun yanında dayana bilmək üçün.

Hər dəfə Renut Borisə bir neçə dəqiqədən ibarət mühazirə keçər və bu müddətdə itaətkar uşaq birdən şıltaq, həyəcanlı hal alar, Renutun dediklərini sözbəsöz ağlına qazıyardı. Ancaq günün sonunda zirzəmidən əlində parçla çıxan anasının ona qarşı dəhşətli söyüşləri Borisi daha dərin quyuya itələyərdi.

Bu, Borisin ən böyük konserti idi. Bir il əvvəldək Seint-Jean-de-Braye`də - bir kənd pabında sınıq-salxaq bir pianinoda ifa edirdi. Onu kəşf edən isə yoldan keçən varlı zadəgan olmuşdu.

Altmış yaşlı qoca Parisin qalmaqalından qorxaraq hərdənbir uzaq kəndlərin birində öz cinsi ehtiyacını ödəməyə gəlirdi. Bunu isə hər zaman cinsi əlaqənin artıqlığını lazımsız və günah hesab edən arvadından qaçmaq üçün edirdi.

Bununla da öz şəhvətini öldürməyə çalışırdı. Və adına gələ biləcək ləkəyə görə ehtiyatlı rəftar etməyə çalışar, hər dəfə də fərqli "zirzəmilər" seçərdi. Həmin günlərdən birində yaxşıca keflənmiş və rahatlanmış Feliks pabda Borisin ifalarını "Məsihin cənnətdəki uğultusu" deyə qiymətləndirmiş və onu bir növ "müharibə qəniməti" kimi özü ilə birlikdə Parisdəki zadəgan dostlarına kəşf etdiyi istedadı təqdim etmək üçün aparmışdı – qocanın etdiyi Borisdən çox özü üçün idi, özünü dostları arasında nə dərəcədə səxavətli olmasını göstərmək üçün atılmış addım idi, Borisin istedadı daha çox üzə çıxdıqca qocanın eqoizmi daha artmış, öz dostlarının yanında qürrələnməyə başlamışdı.

Barmaqlarının şiddətlə titrədiyini başa düşməsi bir-neçə saniyə çəkdi. Titrəmə səbəbi haqqında beynində bir neçə tezis müdafiə etsə də, ən düzgün izahın bu gün heç bir şüşəyə yaxın durmaması oldu.

On dörd yaşı olduqda pabdakı iş gününün sonunda içkili anası Borisi şillələmiş, artıq bir də evə gəlməməsini əmr etmişdi. Həmin gün baş verənlər aralarındakı ilk münaqişələri deyildi, ancaq sonuncu olmuşdu. Pabı tərk edən qadın ertəsi gün işə gəlməmiş və Boris də itaətkarcasına evə qayıtmamışdı.

Bir neçə gün sonra ucuz pansiyonların birində fahişənin özünü asma xəbəri isə Borisə təsir etməmiş, bəlkə də, ürəyinin dərinliklərində sevinc hissi keçirmişdi. "Bədbəxt hadisə"dən sonra isə eyni pabda işləməyə davam edən Boris artıq orda gecələyir, maaşının dəyərini isə hər gecə səhərədək ucuz cin və pivə qarşılığında barter edirdi.

Əvvəl xırda-xuruş işlərnən məşğul olan yeniyetmə Renutun pabdan getməsi ilə qoca fahişənin deyimi ilə "pivəxananın ulduz pianisti"nə çevrilmişdi. Bu da onun mütənasib dərəcədə içkili maaşını artırmasına gəlib çıxarmışdı. Onun üçün böyük uğur olan bu hadisə, bir müddət sonra onu rəsmən alkoqolikə çevirmişdi.

Boris öz barmaqlarına diqqətlə baxmağa başladı. Zaldakıların konsertin başlamaması ilə bağlı təəccüb dolu sükutu Borisin dalğınlığını daha da artırmışdı.

Uzun barmaqlarına baxaraq keçmişin izlərini axtarır, dillərin üstündəki kölgələrlə sadist oyununu oynayırdı. İki ağ dilin ortasındakı miskin qara dilin inadlı parıltısı onun mavi gözlərindəki ikrahı daha da artırırdı. İkrah isə insanlara qarşı idi.

Zaldakıların baş verənlər haqqında uğultulu müzakirələri Borisin bir anlıq ayılmasına səbəbiyyət verdi.

Bir neçə saniyəlik zaman kəsiyində olduğu yer və hadisələrin real olduğuna dair şübhə hiss keçirdi. Son aylarda ərzində bütün fransız elitasında adının rezonans doğurması,

Parisin ən dəbdəbəli zalında ən böyük konsertlərdən birinin baş obrazı olduğu haqda fikirlər ildırım sürətilə beyninin hüceyrələrinə yayıldıqca həyəcanı artırdı. Şiddətlə titrəyən əllərini dillərdən ayıraraq fortyukun içliyindəki cibdən viski şüşəsini çıxardı. Dodaqlarını birləşdirdiyi şüşənin boğazından bütün viskini ana döşünü acgözlüklə əmən körpə təmsili bədəninə ötürdü.

Borisin etdiyini böyük bir nəzakətsizlik olaraq qəbul edən dinləyicilərin uğultusu şiddətləndikcə pianistdə istehzalı təbəssüm doğmuşdu. Və birdən Boris barmaqlarını pianinonun üstündə gəzdirməyə başladı. Proqramda "Monnitue sue" əsəri olsa da Boris ən sevdiyi parçanı - "Für elise"i səsləndirirdi. Zalın uğultusu heyranlıq dolu baxışlara çevrilsə də Borisin baxışlarında yenidən narahatlıq sezilirdi.

O, ifa etdiyi parçanın heç kim tərəfindən anlaşılmadığı və heyranlıq dolu nəzərlərin saxta olduğunu, bununla da əsərin gerçək sahibinin və onun ifaçısının - özünün təhqirə məruz qaldığı düşüncəsinə bürünmüşdü. Sənətin burjuaziya üçün lazımsızlığı haqqındakı fikirləri səbəbli dillərin üzərinə düşən damcılara hakim ola bilmirdi Boris. Uzun müddətdən bəri ilk dəfə ağladığını dərk edirdi. "Für Elise"i ifa etdiyi ilk gecəni yadına salmış, küçədə bircə dəfə görüb aşiq olduğu o əlçatmaz qız yadına düşmüşdü.

Zaldakı hisslərin pik həddə çatdığı vaxtda pianinonun səsi kəsildi. Pencəyin sol cibində bükülmüş vəziyyətdə hazır olan tütünü çıxarıb damağına qoyaraq sərt hərəkətlərlə Bochum kibriti ilə alışdırdı. Oturduğu stolu arxaya itəliyərək döyüşdən qalib çıxmış əsgər ədası ilə səhnəni tərk etdi.

...

Parisin arxa küçələri ilə irəliləyən Borisin üzündə qəribə bir təbəssüm var idi. Sanki, çoxdan gözlədiyi şey baş vermiş, özünü kəşf etmə tamamlanmışdı, ən əsası isə özündəki sentimentallığı üzə çıxarmışdı.

Zaldan çıxarkən onu kəşf edən qocanın bağırtılı söyüşlərinə qarşılıq atdığı yumruq, nişastalanmış yaxalığını çıxarıb onun üzünə atması isə həyata qarşı ilk inqilab rolunu oynamışdı.

Yanından keçən faytonun təkərlərindən üstünə sıçrayan palçıq isə Borisə köhnə pabı, öz kəndini xatırladaraq natamam hisslərlə dolu təbəssümünü xoşbəxt gülüşə çevirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG