Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün kifayət etməyib.

Əli Məmmədov

Hacı Daşqın və müsyö Patrik

Qəndimiz olanda çay tapmırdıq, çayımız süzüləndə qənd.

Yemək bişəndə çörəyimiz olmurdu, çörək tapanda yavan yeyirdik.

Qısaca – biri var idi biri yox idi. Qızmar günün istisindən çılpaqlaşmış dağların ətəyində “Cənnət” adlı qəsəbəmiz vardı.

Uşaqlıqdan hey fikirləşirəm ki, görəsən hansı “kefqom” babamız buranın adını “Cənnət” qoyub?

Cənnət dediyin yer hər tərəfi yaşıl çəmənlik olan, şəlalələrindən suyun göz yaşı kimi süzüldüyü, çaylarından bal və süd axan yer deyil?

Bizimki ilanların mələşdiyi qəsəbədi. Nə Cənnət? Allahın bir ağacı da yoxdu ətrafda.

Hava bir az isti olanda bilmirik başımızı hara soxaq. Əgər Cənnət bizim qəsəbə kimidirsə, mənim başımı kəssələr də getmərəm ora.

Qəsəbəmizin öyünə biləcəyi yeganə qürur qaynağı varsa, o da icra başçımız Daşqın müəllimdi. Hara kimi desən vətənini, millətini sevən, yolunda canından, qanından və ən əsası malından keçməyi əsirgəməyən bir adamdı.

Yeddi il bundan əvvəl Daşqın müəllimin atası Atamoğlan müəllim xəstələnib yatağa düşdü. Çox apar-gətirdən sonra həkimlər dedi ki, nə o yanlıqdı, nə bu yanlıq. Bundan sonra Atamoğlan müəllim qəsəbənin ağsaqqallarını bir yerə yığıb vəsiyyət elədi ki, bircə oğlu, gözünün ağı-qarası Daşqın (onda hələ müəllim deyildi) öncə ulu Tanrıya, sonra qəsəbəmizin igid xalqına əmanətdi. O gündən Daşqın müəllim qəsəbəmizi dədə-baba malı kimi necə deyərlər idarə etməyə başladı.

Aradan çox keçmədi ki, Atamoğlan müəllim Haqqın rəhmətinə qovuşdu. Daşqın müəllimin başçı kimi ilk işi qəsəbəmizin ictimai-siyasi, həm də mədəni həyatında həyati önəm daşıyan bir sərəncam imzalamaq oldu. Belə ki, İcra Hakimiyyətinin düz qabağındakı parkda Atamoğlan müəllimin yekə, mərmər heykəli ucaldılmalı idi. Qəsəbəyə su, asfalt, qaz çəkmək işinə isə imkan olan kimi baxılacaqdı. Biz yalnız Daşqın müəllim başçı olandan sonra başa düşdük ki, sən demə rəhmətlik Atamoğlan müəllim qəsəbəmizin həyatında nə qədər önəmli rola malik olubmuş. Olmasa imiş, qəsəbəmiz yer üzündən silinəsiymiş. Ona görə də Daşqın müəllim qəsəbədə hara xoşuna gəldi Atamoğlan müəllimin adını qoyurdu ki, bəlkə qəsəbəmiz ona olan minnət borcunu heç olmasa bu şəkildə ödəyə.

Başçı olduğu bir-iki ay olmuşdu ki, Daşqın müəllim dərin imanın nəticəsi kimi Həccə getməyə qərar verdi. Bu həm də onun uzaqgörən siyasətinin nəticəsi idi, çünki, xalq hacı bildiyi adama daha çox inanar, nəinki imansızın birinə. Daşqın müəllim həcdən gələn kimi hamıya əmr elədi ki, bundan sonra hamı ona “Hacı Daşqın” deməlidi. Bizim başçı sevən qəsəbə xalqımız da bundan sonra ona “Hacı Daşqın müəllim” deməyə başladı. Sonra Hacı Daşqın müəllim hər itə-qurda “müəllim” deyildini görüb özünə “müəllim” deyilməsini qadağan elədi.

Ortalıqda gəzən bir-iki araqarışdıran vələduzina isə qeybət eləməyə başladılar ki, o necə hacıdır ki, heç namaz da qılmır. Bu vələduzinalar qanmırdılar ki, Daşqın müəllim tfu, Hacı Daşqın kimi dərin imana sahib insanların namaz qılmağına ehtiyacı yoxdu. O, onsuz da Allahın sevimli quludu. Gəl indi bunu bu qoyunlara başa sal ki, qəsəbəmiz üçün səmimi qəlblə gecə-gündüz yorulmadan çalışan, həyata keçirdiyi möhtəşəm layihələr, analoqu olmayan siyasət arasında Hacı Daşqın vaxt edib namaz qıla bilmir. Belərinə həqiqətən yaxşılıq yoxdu.

Hacı Daşqın dərin imana sahib olmaqla bərabər həm də uzaqgörən siyasətçidi. Məsələn iki yüz metr uzaqdan gələn maşının nömrəsini durbin kimi gözləri ilə görüb o dəqiqə deyə bilərdi. Bir dəfə qəsəbədə iki torpaq sahibi torpaq üstündə dava-dalaş salmışdılar. Biri deyirdi:

- Bu torpaq mənə ata yadigarıdı,- o biri deyirdi:

-Əlimdə sənəd var, necə yəni ata yadigarıdı? - Çox söz-söhbətlərdən sonra bunları gətirdilər Daşqın müəllimin (onda hələ hacı olmamışdı) yanına. Daşqın müəllim kəndçiləri də yanına alıb getdi həmin kəndə. Sahəni ölçüb-biçib bəyənəndən sonra bir az bığını burdu, bir az qarnını tumarladı, yüz ölçdü, bir biçdi. Axırda qərara aldı ki, bütün söz-söhbətlərə son qoymaq üçün həmin bir hektar torpaq sahəsi keçməlidi icranın ( yəni özünün) torpaq sahasinə. Torpaq sahiblərinə də dedi, gedin haqqınızı məhkəmədə axtarın (təbii tapa bilsəz). Sonra həmin torpaq sahəsi oldu Hacı Daşqının ferması. Almaniyadan səhər, günorta, axşam süd verən inəklər gətirildi. İndi bu südverənlərə qəsəbə sakinlərindən daha çox hörmət qoyulurdu.

Bax Hacı Daşqın bu cür - ədalətdən qətiyyən yayınmayan, mükəmməl bir lider idi.

Ancaq həmin gün gördüyüm kimi heç vaxt onu belə narahat görməmişdim. Hacı Daşqın otağında işlə məşğul olduğu vaxt bərk hay-həşir düşdü. Katibəsi həyəti süpürdüyüm yerdə gəlib dedi ki, Hacı Daşqın hamını təcili otağına çağırır, sən də gəlməlisən. Süpürgəni divara söykəyib düşdüm katibədən daha çox modelə bənzəyən o qızın dalınca. Qızın yerişindən hiss olunurdu ki, Hacı Daşqının imanı ona da sıçramışdı.

Girdim otağa ki, az qala bütün qəsəbə bura yığışıb. Hacı Daşqın bayaqdan müavinləri Sadıq və Nərimanla qızğın müzakirələr edirmişlər. Axırda Hacı Daşqın üzünü otaqdakılara tutub olduqca narahat səs tonu ilə danışmağa başladı:

- Əziz və hörmətli xanımlar və cənablar. Başımıza böyük bir iş gəlib.

Kimsə soruşdu:

- Nolub Daşqın müəllim? Cənnətə asteroid yaxınlaşır?

Hacı Daşqın ona tərs-tərs baxdı. İstədi nəsə desin, amma bu gün əsəbləşməməli olduğunu xatırlayıb susdu. Nəriman müəllim bunu görüb söhbəti özü davam etdirdi:

- Yoldaşlar, bu səhər Bakıdan Hacı Daşqına zəng gəlib. Dedilər ki, çox hörmətli fransız bir dövlət xadimi bu gün qəsəbəmizə gələcək, onu yaxşı qarşılayıb yola salaq.

Bayaqkı adam yenə dilləndi:

- Gəlsin də Nəriman müəllim, buna görə narahat olursuz? Biz onu qəsəbəmizin gəzib-görməli yerləri ilə tanış edərik. Şükür Allaha heç uzağa getmək də lazım deyil. Elə icranın qabağındakı park nəyə desən deyər. O fransızı parkdakı koçelliyə bircə dəfə mindirsək, gedib öz ölkəsində bizdən nətər lazımdı danışacaq. O gün uşaqlarla minmişdim, yaman ləzzət elədi.

Hacı Daşqın əsəbləşdi:

- Alqayıt, nə gic-gic danışırsan? Fransız diplomatı koçelliyə mindirəcəksən? Yum ağzını görək. Yoldaşlar, mənim qorxum odur ki, bu fransız qəsəbəmiz və dövlətimizin hər tərəfli inkişafını görməz, gedər öz ölkəsində ağzına gələni danışar. Baxma fransızdı, işverənlik ata-baba peşəsidi bunnarın. Biz gərək elə edək ki, hər şey bunun könlüncə olsun. Yadıma bilirsən nə düşdü Sadıq? Axundazənin əsəri vardı, oxumusan onu? Fransalı bir alim gəlir ha Qarabağa. O vaxtı onların nə vecinə e? Qarabağın hər dağ-dərəsi şəfalı otlarla zəngin idi. Atlar, nə bilim başqa nələr-nələr. O Jordandı, mordandı nədi, o da yaman razı qalmışdı. İndi mən bu ilan mələşən qəsəbədə bu fransıza nə göstərim? Hardan alım Qarabağı? Allah ermənilərə min lənət eləsin..

Ordakı hamı ürəkdən edilən bu qarğışa qoşuldu. Hacı Daşqın həssas nöqtəyə toxunmuşdu. Otaqdakılar söyə-söyə gedib qədim Urartu dövlətində yaşamış ermənilərə qədər çıxdılar. Nə yaxşı ki, yolda-izdə azmadan geri qayıda bildilər. Nəriman müəllim bir az götür-qoy elədikdən sonra dedi ki:

- Ay Hacı Daşqın, gəl bu fransızı aparaq sənin bağına. Qəşəng bir quzu kababı çəkib yeyib-içək. Onsuz da fransızlar belə yeyib-içmək görməyib. Vallah xoşuna gələcək.

Ordakılar da bu fikri bəyəndilər. Hacı Daşqın bir az fikrə getdi. Sonra dedi:

- Yaxşı olmağına yaxşı fikirdi, ancaq mənim bağımda olmaz. Sonra başlayar ki, dövlət xadiminin belə bağı hardandı?

- Əşi soxuşdurarıq ki, guya əhalinin kütləvi istirahət elədiyi parkdı. Maşallah yekə bağdı, lap meşə boydadı. Camaatı da buraxarıq, istəyən gəlib süfrə açsın. Avropalılar ölür belə şeylərdən ötürü. Deyəcək xalqa açıq bir başçısan.

Bu fikir Hacı Daşqının ürəyincə oldu. Tez sürücüsü Alqayıda tapşırıq verdi ki:

- Alqayıt, bu işlə sən məşğul ol. Get yaxınlıqdakı kəndlərdən birinə, gözünə batan iki dənə yaxşı quzu götür gəl. Gələndə özünlə tut arağı, tapsan zoğal arağı da gətir. Pul zad istəyən olsa, denən Hacı Daşqının tapşırığıdı, qonağı yola salan kimi gəlsinlər haqq-hesab edək. Bazarlıq eləmək də yaddından çıxmasın ha.

- Başüstə cənab Daşqın ,- deyən Alqayıt qapıdan çıxmaq istəyəndə Hacı Daşqın arxasından səsləndi:

- Alqayıt, al, tez də qayıt ha, orda çox ləngimə. Harda olsa gələr indi.

***

Şəhərdən gələn yolun qəsəbimizə qalxan hissəsinə yığışıb fransız qonağı gözləyirdik. Hacı Daşqın aşıqlara, uşaqlara qonaq gələndə neyləməli olduqları tapşırığını verir, mənə qurbanı hansı anda kəsməli olduğumu deyirdi. Əvvəl atasının, sonra özünün qulluqçusu olmuş biri kimi deyirəm ki, nə atasını nə özünü heç vaxt belə həyacanlı görməmişdim.

Qəsəbədə fransız dilli adam olmadığı üçün məktəbdən ingilis dili müəlliməsi gətirmişdilər ki, fransız qonaq savadlı adamdı, bəlkə ingilis dilində də danışa bilə. Əgər bilməsə nə olacaqdı bu çox maraqlı idi. Ancaq ən maraqlısı o idi ki, bu fransız qonaq bizim səhranı xatırladan qəsəbəmizə nə məqsədlə gəlir? Çox maraqlıdı.

Çox gözlədik. Nəhayət bir “Mercedes” bizə doğu gəlməyə başladı. Aşıqlar cəld çoxdan köklədikləri sazlarını dınqıldatdılar, uşaqlar əzbərlədikləri şeirləri ürəyində təkrarladılar. Hamıdan çox isə Hacı Daşqın həyacanlanırdı. Oturduğu maşından düşüb qalstukunu düzəldərək iti addımlarla irəli gəldi. Ancaq bu “Mercedes”in içindən gözlənilən adam çıxmadı. Eləcə bizə baxıb sürüb getdi. Belə-belə iki-üç xarici maşın keçdi, ancaq heç birinin içində biz gözləyən fransız yox idi. Camaat gözləməkdən bezmişdi. Pıçıltılar başlamışdı ki, yəqin gələsi olmayıblar. Bir də nə görsək yaxşıdı? Uzaqlardan başında kaska, dizində qoruyucu olan velosipedli biri bizə sarı gəlir. Alqayıt cəld Hacı Daşqının yanına qaçdı:

- Cənab başçı, bəlkə deyirəm gələn elə budu?

Hacı Daşqın əlini gözünün üstünə qoyub uzaqdan yavaş-yavaş yaxınlaşan adama baxdı:

- Nə sarsaqlayırsan Alqayıt? O boyda diplomat velosipedlə gəzəcək?

- Cənab Daşqın, bu fransızlar canlarının qədrini bilən adamlardılar. Bəlkə deyirəm sağlamlıq üçün velosipedlə gəlib?- müavin Nəriman dedi.

- Əşi velosipedlə gəzmək olar e, day durub Bakıdan bura onnan gəlməyəcək ki. Sən də söz danışdın da.

Ordakılar maraqla bu velosipedçinin gəlməyini gözləyirdi. Hacı Daşqın onu ciddiyə almayıb maşından düşmədi. Velosipedçi isə ləng-ləng pedal çevirərək gəlib yanımıza çatdı. Yığışmış camaata sarı dönüb əlini yellədi:

- Sa-lam mil-lət, ne-cə-si-niz? Mə-nim adım Partik.

Camaatın ağzı açıq qaldı. Alqayıt maşınında oturub maraqla o tərəfə baxan Hacı Daşqına əli ilə işarə elədi ki, tez gəlsin, qonaq gəlib çıxdı. Hacı Daşqın cəld maşından düşüb qalstukunu düzəldə-düzəldə, pencəyinin qabağını düyməliyə-düyməliyə tələsik addımlarla gəlib müsyö Patriklə çoxdanın dostuymuş kimi görüşdü. Mat-mat onlara baxan aşıqlara hirsləndi ki, niyə çalmırlar? Uşaqlara sarı döndü ki, köpəyuşaqları hanı bəs sizin şeiriniz? Mən tez qurbanı kəsib qanını müsyö Patrikin alnına yaxmaq istədim, amma o qoymadı. Mən də aparıb Hacı Daşqının alnına yaxdım. Kimsə hind qızlarına oxşadığını deyib lağ elədi. Təbii Hacı Daşqının eşitməyəcəyi tərzdə. Sonra Hacı Daşqın müsyö Patriki maşına dəvət edərək ondan adını soruşdu. Patrik adını deyəndə ordakılardan biri donquldandı:

- Bu fransızlar da qəribə xalqdılar e Vallah. Özlərinə qoyduqları ada bax – Patrik. Yox bir matrik. Gül kimi Həsən, Əli, Hüseyn adlarına nə gəlib ki, bunlar özlərinə belə adlar qoyurlar?

Hacı Daşqın bunu eşidib ona soyuq bir baxış atdı:

- Fərəməz, öz işinlə məşğul ol.

***

Qəsəbənin ağsaqqallarından bir-iki nəfər, Hacı Daşqın, onun müavinləri, katibəsi və müsyö Partik böyük bir stolun axrasında oturmuşdular. Stolda yeddi nəfər idilər, ancaq, yetmiş adama yetəcək qədər yemək vardı. Bozbaşından, kələm dolmasına, kababından dovğasına qədər hər şey süfrəyə düzülmüşdü. Barmağını stola qoymaq istəsən yer tapmazdın. Müsyö Patrikin baxışlarından hiss olunurdu ki, heç vaxt belə səxavətli süfrə görməmişdi. Ancaq, görünür bu həm də onun xoşuna gəlmişdi ki, əlinə gələn hər şeyi mədəsinə ötürürdü. Görən deyərdi yazıq neçə gündü iftarsız oruc tuturmuş. Baxışlarını fransız qonaqdan ayırmayan qıraqda-bucaqda süfrə salmış adamlar isə Hacı Daşqının bağının səfasından həzz alırdılar. Bir də belə fürsət əllərinə nə vaxt keçəcəkdi ki?

Hacı Daşqın hamıya öz əli ilə tut arağı süzdükdən sonra, bir rumka da özünə götürüb sağlığa başladı. Tərcüməçi müəllimə onun dediklərini ingiliscəyə tərcümə edirdi:

- Çox hörmətli Fransanın, çox hörmətli nümayəndəsi Patrik müəllim. Siz qonaq olmaq üçün bizim qəsəbəni seçməklə buranın xalqını, o cümlədən məni təsəvvür etməyəcəyiniz qədər çox şərəfləndirmisiniz. Tərcümə elə, dalını deyəcəm.

Müsyö Patrik tərcüməni eşitdikdən sonra təşəkkürünü bildirdi. Hacı Daşqın əlində tutduğu rumka ilə sağlığını davam etdirdi:

- Müsyö Patrik, qəsəbəmiz adından da göründüyü kimi əsl Cənnətdi. Mən qəsəbəmizin rifahı üçün ölənə qədər çalışmış atamdan aldığım bu əmanətə gözlərim kimi baxmağa çalışıram. Buna qəsəbə sakinləri də şahiddilər.

Hacı Daşqın burada pauza verdi ki, ordakılar razılığını bildirsin. Sonra davam elədi:

-Sağ olun ki, Fransa dövləti olaraq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlinizdən gələni edirsiz. Əlimdə gördüyünüz bu araq xalis tut arağıdı. Bilmirəm, Fransada bundan içirlər ya yox, amma əntiqə şeydi. İcazə verin bu badələri Fransa dövlətinin sağlığına qaldıraq.

Hamı badələri toqquşdurdu. Hacı Daşqın içən kimi birinci öz ağzına xiyar turşusu qoydu, sonra nabələd fransıza da uzatdı. Mən heyrət içində idim ki, özünə “hacı” dedizdirən adam necə əlinə araq alıb sağlıq deyə bilərdi? Hər halda bu da siyasətin bir gərəyi olmalı idi. Bizim kimi avamların ağlı belə şeyləri kəsməz. Yəqin siyasətçi olan kəs xalqın içinə çıxanda yaratdıqları Allah adamı obrazından səhnə arxasına keçəndə çətinlik çəkmədən imtina etməyi bacarmalı idilər. Onların da işi belədir, neyləmək olar?

Süfrədəkilər isə yeyib-içməyə davam edirdilər. Hacı Daşqın özü çox sevsə də müsyö Patrik səslərinin başına düşdüyünü dediyi üçün aşıqların cibinə bir-iki manat basıb yola saldı. Bu arada ətrafdakı sakinlər də öz işlərində idilər. Müsyö Patrik isə ölkə haqqında təəssüratlarını danışır, müəllimə tərcümə edirdi:

- Sizin ölkə xoşuma gəldi. Yaxşı təbiətiniz, görməli yerləriniz var. Yeməklərinizi bəyəndim. İnsanlarınız çox qonaqpərvərdi. Bakıda insanlar hətta Parisdəkindən də bahalı maşınlar sürürlər. Ancaq, gəzdiyim yerlər təkcə Bakını əhatə etmədiyi üçün deyə bilərəm ki, digər bölgələrdə insanların yaşam səviyyəsi çox aşağıdı. Cənab Daşqın, bunu nə ilə əlaqələndirirsiz?

- Ə gül kimi söhbət elədiyimiz yerdə yenə başladı da mənfur-mənfur danışmağa, -Hacı Daşqın əsəbləşdi,- ay qız, bunu tərcümə eləmə, dayan. Denən ki, biz müharibə şəraitində yaşayan, yenicə müstəqil olmuş dövlətik. Biz qonşularımız Ermənistan və Gürcüstana nisbətən çox sürətlə inkişaf edirik və edəcəyik. Bizim buna hər cür imkanımız var. Demirik ki, qəsəbəmizdə və ölkədəki bütün problemlər həll olunub, kifayət qədər problemimiz də var, ancaq mümkün olduqca həll etməyə çalışırıq.

Müsyö Patrik diqqətlə Hacı Daşqının dediklərini tərcümə edən müəlliməni dinlədikdən sonra dedi:

- Cənab Daşqın, siz özünüzü Ermənistan və Gürcüstanla müqayisə etməməlisiz. Axı sizin neft və bundan başqa çoxlu sərvətləriniz var. Qızıldan tutmuş, şəfalı sulara qədər hər şeyə sahibsiz. Kiçik bir ölkə üçün çox böyük sərvətləriniz var, ancaq, əhalinin yaşam səviyyəsi təbii sərvətləri sizinlə müqayisədə heç nə olan Gürcüstandan çox irəli deyil. Bununla bağlı nə deyə bilərsiz?

Hacı Daşqın qalstukunu boşaldı, stəkandakı sudan bir az içdi. Ürəyindən keçirdi ki, ay zalımın balası, bu sualları Bakıda olanda niyə ordakılara vermirdin, gəlib asılmısan mənim yaxamdan. Sonra birtəhər özünü topladı:

- Müsyö Patrik, bilirsiz necədi? Hər ölkənin özünə görə problemləri var. Bizim dediyiniz ölkələrdən fərqli olaraq bir milyon qaçqınımız var. Biz onlara da gün ağlamalıyıq. Təkcə bu da deyil, bunun kimi nə qədər problemlərimiz də var.

- Bunlar aydındı,- müsyö Patrik əlindəki kababı dişinə çəkib çeynəyə-çeynəyə dedi,- ancaq gərək məmurların yaşayış səviyyəsi əhalininkindən çox fərqlənməsin. Sizin ölkədə bəzi məmurların aylıq gəliri milyonlarla ölçülür, amma əvəzində əhalinin işsizlik səviyyəsi çox yüksəkdi, işləyənlərin də çoxunun maaşı onları qane eləmir. Sizcə bu nə ilə bağlıdı?

Hacı Daşqın bərk əsəbləşmişdi. Ürəyindən keçənləri üzündən oxuya bilirdim. Əlində olsa müsyö Patrikin sifətinə hayqırardı ki, ay zalım, nə asılmsan yaxamdan? Yenicə müstəqil olmuşuq, imkan ver biz məmurlar özümüzə, balalarımıza, balalarımızın balalarına düzəməlli gün ağlayaq, ondan sonra xalq üçün də bir şey fikirləşərik də. Ancaq, zavallı Hacı Daşqın bu sözləri demirdi, deyə bilmirdi. İçində qalan bu kəlmələr onu didib parçalayırdı. Onu belə görəndə mənim ona elə yazığım gəlir, elə yazığım gəlirdi ki. Sadıq müəllim Hacı Daşqının çətin vəziyyətə düşdüyünü görüb müdaxilə elədi :

- Çox hörmətli müsyö Patrik, vaxt keçdikcə xalqımızın da günü-gündən yaxşılaşan güzaranı bundan daha yaxşı olacaq. Deyin görək, tut arağı xoşunuza gəldimi? Öz bağımızın tutundadı ha.

- Hə, hə, çox bəyəndim. Adamı tez sərxoş edir, amma əla şeydi. Kababınızı da çox bəyəndim. Gəzdiyim bir çox ölkədə kabab yemişəm, ancaq sizinkinin dadı tamam başqadı,- müsyö Patrik razılıqla cavabladı.

“Xoşuna gələr də köpeyoğlu, 3 aylıq quzunun ətindəndi”,- əlini stulun arxasına söykəmiş Hacı Daşqın sakitcə donquldandı-, “kababımızı ye, arağımızı iç, sonra da ağzına gələni danış.”

Fransız qonağın şərəfinə təşkil olunmuş ziyafət bu minvalla xeyli davam elədi. Axşam düşdükcə camaat evinə dağlışırdı. Özlərindən geriyə topa-topa zibil artıqları da qoymağı unutmurdular. Necə olsa, bir də bu bağa çətin ki, gəlsinlər. Niyə öz zibillərini təmizləməli idilər ki?

Hacı Daşqın və digərləri fransız qonağa lətifələr danışır, süfrədəkilər şənlənirdi. Onlar o qədər çox danışmışdılar ki, artıq tərcüməçiyə gərək qalmadan bir-birilərini əl-qol hərəkətləri ilə başa sala bilirdilər. Axırda müsyö Patrik şüşənin dibini rumkasına boşaldıb sağlıq demək üçün ayağa qaldı, amma çoxdan sərxoş olduğu üçün ayaqüstə güclə dura bilirdi. Tərcüməçiylə Nəriman müəllimin dəstəyi ilə dikəlib sağlığına başladı:

- Əziz Cənnət qəsəbəsi sakinləri və cənab Daşqın. Çox şad oldum ki, bu gün sizin qonağınız oldum. Mənə heç vaxt görmədiyim qonaqpərvərlik örnəyi göstərdiyiniz üçün çox sağolun. Mən çox ölkələr gəzmişəm. Bu səfərki planım o idi ki, öz yürüyüşümü Atlantik Okeanın sahilində yerləşən Bordo şəhərindən başlayıb Xəzər Dənizi sahillərinədək davam etdirim. Tanrıya şükürlər olsun ki, istəyimə nail oldum və bütün Avropanı velosipedlə arxada qoyub Bakıya çatdım. Geri dönərkən yolum sizin qəsəbənizdən keçdi. Bura çatanda çox yorğun və ac idim. Çox sağolun ki, mənim kimi adi bir velosipedçiyə belə bir ziyafət təşkil edib qarnımı doyuzdurduz.

Tərcüməçi son cümləni tərcümə edəndə ordakı hamı, ən çox da Hacı Daşqın şokda idi. Patrik danışır, ancaq tərcüməçi də şokda olduğu üçün tərcümə eləmir, bir kəs Patrikə qulaq asmır, hər kəs gözünü gözünü heç nə demədən Patrikə zilləmiş Hacı Daşqına dikmişdi. Hacı isə susurdu. O beləcə uzun müddət susdu.

Nəhayət o eşitdiklərinə inanmırmış kimi sakitcə tərcüməçidən soruşdu:

- Nə dedi o? Adi bir velosipedçi?

- Bəli, cənab Daşqın,- dedi tərcüməçi qadın.

Hacı Daşqın qəzəblə ayağa qalxıb ingiliscə sağlıq deməkdən yorulmayan fransızın yanına getdi. Əlindəki rumkanı alıb sakitcə stolun üstünə qoydu. Sonra tərcüməçiyə dedi ki, nə deyirsə hamısını bu düdüyə olduğu kimi tərcümə eləsin:

- Ə küçüyün biri küçük, (tərcüməçi bunu tərcümə edə bilmədi) deməli biz bütün qəsəbəni ayağa qaldırmışıq ki, nə var nə var bir düdük velosipedçi burdan keçib ölkəsinə qayıdacaq? Deməli, bu qədər xərc çəkib süfrə qurmuşuq, camaatı bağa doldurmuşuq bir velosipedçidən ötrü? Hələ yedizdirdiyimiz-içirdiyimiz bəs deyil, səy-səy suallar verib zəhləmizi də tökürsən? Qurban ol səni Fransa dövlətinə, onlarla yaxşı əlaqələrimiz var, yoxsa bağırsaqlarını yerə tökmüşdüm. Götür o andıra qalmış velosipedini sürüş burdan, bir də gözüm görməsin səni. Hanı ə bunun daranqıleti?

Mən qaçıb ora gələn camaatın küçüklərinin əlindən Patrikin velosipedini alıb gətirdim verdim özünə. Patrik Hacı Daşqına yalvardı ki, heç olmasa bu gecəni qalsın, sabah yola düşsün, amma Hacı Daşqın elə əsəbləşmişdi ki, bunu heç eşitmək də istəmədi.

Sərxoş Patrik velosipedinə minib yıxıla-yıxıla misilsiz qonaqpərvərlik gördüyü yerdən uzaqlaşdı. Hacı Daşqın onun sağlıq demək üçün süzdüyü son badəyə uzun-uzun baxdı. Sonra başını göyə qaldırıb “Ay Allah keç günahımdan” deyə-deyə dua edib badəni başına çəkdi. Patrikin arxasınca baxa-baxa dedi:

- “Fisyo”, bunnan da qurtardıq. Day araq içməyə min tövbə.

Günün bütün mövzuları

XS
SM
MD
LG