Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:09

-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Novruzov Novruz

MƏLEYKƏ

Yağışın şişirtdiyi, qopuq-qopuq olmuş pəncərəmizdən küçəyə baxırdım.

Havalar isinməyə başlamışdı və ürəyimdə tezdənin o sərin, yağışdan sonrakı təmiz havasını ciyərə çəkmək üçün güclü bir istək yaranmışdı.

Paslı cəftəni tutub çırt-çırt-çart səslərinin artan tempiylə pəncərəni açmağa çalışdım, amma taxtalar şişmişdi və sındırmaqdan qorxduğum üçün ordaca buraxıb yerimdə oturdum. - Onsuz da ciyərlərimin ehtiyacı olan axırıncı şey sərin bir havadır- deyə fikirləşdim. Bu qədər hərəkət belə məni haldan salmış, sinəmdə qopan ağrı “Otur görüm yerinə, bir bu çatmırdı” deyirmiş kimi yerimi rahatlayana kimi susmamışdı.

Təslim oldum və son vaxtlar ən yaxşı bacardığım şeyə: seyr etməyə başladım. Küçədə bir neçə məktəbli oğlanın oynaya-oynaya getdiyini gördüm. Məktəbə hələ nə qədər vardı, amma üst-başları çoxdan palçıq olmuşdu.

Bu mənə özümün ağ corablarımı qoruyaraq necə məktəbə getməyimi xatırlatdı. Ardıyca məni xoşbəxt edəcək xəyallar gəlməyə başladı. Qəhər məni boğsa da, xəyallarım o qədər gözəl idi ki, mane olmadım əvvəlcə. Universitet, qırmızı diplom, tərcüməçi peşəm...

Birdən ev qapsı açıldı və anamın əlində vedrə tövləyə doğru getdiyini gördüm. Gülümsəməyə başladığımı və üzümdən yaş axdığını hiss etməmişdim.

Eh nəysə, özümü erkən nikaha qurban getmiş qız kimi göstərmək istəmirəm. Mənim hekayəm başqadır.

Sinəmdə balaca lükkültülərlə başlamışdı bu hekayə. Bəzən ürək döyüntüsü kimi çırpındığını hiss edirdim. Bəzənsə iynə kimi batırdı ciyərlərimə. -Bu dəfə olmayacaq- deyə aldığım hər dərin nəfəsdə bir az da güclənmişdi. Sonra adi nəfəslərdə belə əziyyət verməyə başlamışdı və nəhayət ki ağrıya dözə bilməyib, özümdə evdəkilərə -mənim ağrım var- deyəcək cəsarəti tapdım bir gün.

Atam adi bir şey eşitmiş kimi fikir vermədi və siqaretini tüstülətməyə davam etdi. Nənəm qaşlarını çatmışdı, üç-üç ayırdığı təsbehində “səbr” gəldikdən sonra təsbehi üç dəfə öpüb alnına qoymuşdu.

Bacımla qardaşım bir olaraq bir mənə baxmağa başlamışdılar. Axırda anam məni öz otaqlarına apardı, ilk sualı ağrının qızlığımda olub-olmadığı oldu.

Olmadığını deyəndə rahat bir nəfəs aldı, nəyə görəsə mən də bir az rahatlaşdım.

Sonrakı günlər anamın bir saatdan bir “Yaxşısan? Ağrın var?” soruşmalarıyla keçdi. Heç kəs bildirməsə də əslində cavaba qulaq kəsildiklərini hiss edirdim. Onlara həqiqətən yaxşı bir cavab vermək istəyərdim, amma yaxşı cavab olmayacaqdı. Nə o gün, nə də sonrakı günlər. Anam bu tərəfdən ümidini üzdü və ilk getdiyimiz yer kənd poliklinikası oldu.

Ümumiyyətlə, ailəmin xəstəliyimi müalicə etməyində atdığı addımları bir cümləylə ifadə etsəm o cümlə bu olardı. “Daha az xərc və söz-söhbətsiz bu işin altından çıxmaq”

Çünki ciddi bir xəstəlik bizim kənddə güclü meşə yanğını kimi yayılan söz-söhbətə səbəb olacaq, bu da gələcəkdə, hətta sağalacaq olsam belə ərə getməyəcəyimə gətirib çıxaracaqdı. Ətrafımda bu taleyi yaşamış bir neçə qız tanıyırdım.

Həm də çox pul getməməliydi... Çünki mən sadəcə qız idim. Bu yer qız uşaqlarının ən azı 3 oğlan uşağından sonra, bəlkə, arzulanacağı bir şeydir.

Əgər buna şans demək olarsa, artıq qızlar bu şansı belə itirir, çünki qocaların diliylə desək “İndi dolanmaq olmur, Sovet vaxtı bundan yaxşıydı.”

Həyatımın film çarxı kimi ətrafımda döndüyü bu pəncərədə fikirləşməyə çox şeyim oldu və hələ də var. Özümü –Mən bu vaxta kimi belə bir yerdə necə sağ qalmışam?- deyə fikirləşməkdən saxlaya bilmirəm.

Əslində tutarlı bir neçə cavab tapmışam. Birincisi, mən kimin sağ qalmalı, kimin öldürülməli olduğunu təyin edən o “uzi” deyilən aparatın hələ kəndimizə gəlib çıxmadığı doxsanıncı illərdənəm.

Yada söz-söhbətin olmaması, anamın doğurqanlığını sübut edib yerini bərkitməyi, atamınsa dölləndirməyi bilə bildiyini təstiqləməkçün vacib olan birinci uşağam.

İkincisi, mənim əsas səbəblərdən biri saydığım: adımın Məleykə olması səbəbiydi. Bu adın heç bir xüsusiliyi olmaya bilər, amma mənim üçün qoruyucu bir xüsusiyyəti var.

Nənəm öz adını məndə yaşadır və bəzən mənim doğulduğuma sevinən bir insan varsa, o da nənəmdir fikirləşirəm. Sevdiyinə görə... Bəlkə... amma daha çox adını daşıdığıma görə.

Mənə “Sən mənsən” deyir hərdən. “Məleykəsən. Öləndən sonra məni sən yaşadacaqsan.” - deyir. İndi bu cümlə üzümdə acı bir gülüş doğurur.

Adım valideyinlərim tərəfindən daha az döyülməyimə, daha az ağır iş görməyimə və ən əsası rahatca oturub dərslərimi öyrənməyimə şərait yaradırdı. Ərköyün nənə uşağı deyiləm. Adım Məleykə olsa da, qardaşımın yerini əlindən almağa gücüm çatmaz, bunu heç istəmirəm də.

İstədiyim şey sağalmaq və o xəyallarımı gerçəkləşdirməkdir.

Yenə qapı açıldı və bacım əlində süpürgə bayıra çıxdı. Bağladığı hicaba heç cür öyrəşə bilmirdi və barmağıyla pırtlamış saçlarını içəri salırdı. Mənim belə bir problemim yox idi:, düzünü desəm, içəri dürtməyə saçım qalmamışdı.

Hicabı mənə görə taxırdıq. İranda aldığım birinci kimyamın təsirini gizlətmək üçün və kəndə söz-söhbət düşməsin deyə. Nənəm sağalacağımdan əmin idi, başqa cür ola bilməzdi. Məleykə Məleykəydi. Sağ qalmalıydı.

Amma mən nənəm kimi mərd qadın deyildim axı. Ərini cavan vaxtı itirmiş, adına ləkə gəlmədən üç uşaq böyütmüş, həyatın hər üzünü görmüş o hökmlü qadın deyildim mən.

Anam tövlənin qapısında göründü və bacımı səslədi. Bacım süpürməyi yarıda qoydu, vedrəni ondan alıb mətbəxə apardı. Bu işi əvvəl mən görürdüm, amma indi digər bir çox iş kimi bu da bacım və anam arasında bölüşdürülüb.

Az sonra atam çıxdı və yuxulu-yuxulu çarhovuza tərəf getdi. Yerimdə qurcalandım, oturuşumu düzəltdim, amma onsuz da atam çoxdan idi ki məni görmürdü, ya da görmək istəmirdi.

Atam daim qaşqabaqlı, sərt xasiyyətli adam idi. Güldüyünü heç görməmişdim. Ən azı bizim aramızda heç gülməzdi.

Bir-iki dəfə qardaşımla həyətdə oynayanda, qardaşımın öyrəndiyi söyüşləri üzünə söyərkən güldüyünü görmüşdüm. Atam oğlan uşaqlarına söyüş və xüsusi barmaq hərəkətləri öyrətməyi vacib bilən, sonra adam içində bunu onların ağzından təmizləməyə çalışan, amma bundan da dəlicəsinə zövq alan insanlardan idi.

Hə, bir də yalandan gülürdü axır vaxtlar. Bu gülüşlər adətən “A yox e nə xəstəlik. Bir az nasazlanıb vəssalam.” cümlələrindən sonra qonşularımızı susdurmaqçün olardı.

Bu günlərdə kefi lap pozulmuşdu. İrandan təzəcə gəlmişdik və əlimizdə uzun bir dərman siyahısı vardı. Hər şeyə qışqırırdı, adi bir şeydən dava salırdı və nənəm gəlməyincə səsi kəsilmirdi. Belə anlarda ümidimi, yaşamaq eşqimı güclə saxlaya bilirdim. Çünki bilirdim ki qırdığı hər qabın, söydüyü hər söyüşün səbəbkarı mənəm.

Günlər keçir, yola düşmək vaxtına az qalır. Lükkültüm susub, amma sadəcə susub. Heç yerə getmədiyini, bəlkə də heç getməyəcəyini bilirəm. Amma həkim sağalmağına ümid var demişdi.

Atamı dərd götürmüşdü və bilirdim ki nənəm otaqda olmasaydı, atam bunu vecinə almayacaqdı, evdəkilərə də sağalmazdır deyib bir də bura gəlməyəcəkdik.

Kaş ki elə o cür olaydı.

***

Yenə burda, yenə bu pəncərə qarşısında oturmuşam. Film çarxı yenə fırlanır, amma indi daha yavaşdır. Hələ də xəstəliyimin adını bilmirəm və düzünü desəm artıq bu məni o qədər də maraqlandırmır.

Pisə doğru getdiyim dəqiqdir, bunu hiss edirəm. İrana gedişlərimizin sayını itirmişəm. On dördüncüdən sonra saymağı buraxdım, çünkü utanıram.

Ən çox da ailəmə yazığım gəlir. Xəbərim bütün kəndə yayılıb. Nə etdilərsə qarşısını ala bilmədilər.

Anam hələ də bunun necə baş verdiyini anlamağa çalışır. Daha çox bu günlərdə axır ki komandirlə danışıb oğlunu “peç tapittəməyə” saldırmağın sevincini yaşayan Sevda xaladan şübhələnirdi. Bizə tez-tez gəlib gedirdi və fürsət düşdükcə vergül gözləriylə məni süzürdü. Lakin Sevda, yaxud başqası, bunun bir fərqi var idi?

Tövlədəki mal-qara, qızıllarımız və borclar: hamısı damarlarımdaydı və sözdə məni sağaltmaq üçün ümidsizcə axdığı bir vaxtda bunun bir fərqi vardı yəni? Axırıncı gedişimiz elə axırıncıydı. Çurt-yurt olduğumuza görə yox, hansısa qəti cavaba görə. Mənə deməsələr də cavablarımın pis olduğunu bilirdim... Əşi, nəysə, başqa hər şey kimi bu da vecimə deyil artıq.

Dərin bir nəfəs aldım. Bunu etməməyi unutmuşdum bir anlıq, ona görə də ağrıdan sızıldandım. Yenə də mümkün qədər rahatlaşıb adiləşmiş mənzərəmə baxmağa davam etdim.

Birdən ölüm səssizliyi bürümüş evimizdə telefonumuzun əsəblərə toxunan vıjıltılı səsi dalğalandı. İki dəfə də çaldı və bacımın dəstəyi qaldırıb, həvəssizcə cavab verdiyini eşitdim. Bir az şablonlarla hal-əhval soruşduqdan sonra bacımın sevincək səsi gəldi.

“Aaa nə yaxşı. Çox sevindim. Ana, ana, Leyla əmigəlninin uşağı olacaq” dedi bacım.

Bunu eşidib mən də sevindim. Qalxıb telefona getmək, mən də təbrik etmək istədim. Tahir əmimlə Leylanın uşaqları olacaqdı.

İllər əvvəl evimizi tərk edib getmişdilər, çünki əmim qardaşları kimi deyildi. Nənəmin hörmətini saxlasa da, ona tabe olmayıb öz həyatını yaşayırdı. Bir qızları var idi, evi ona görə tərk etmişdilər, çünki nənəm “Bu evdə qalacaqsansa mən deyən olmalıdır. Birinci oğlan uşağı olmalıdır vəssalam” demişdi, Leylanı heçə sayıb, hökmlü baxışlarını əmimə dikərək.

Amma indi bu cür şeyləri düşünməyin vaxtı deyildi. Aylar sonra sevincimə səbəb bir şey olmuşdu.

Qonaq otağına çatmışdım ki nənəmin qapısının cırıltıyla açıldığını eşitdim. Bacım dondu qaldı, hər halda bərk qışqırdığına görə danlaq eşidəcəyini düşündü, amma “Telefonu bura ver görüm” dedi nənəm.

Bacım telefonu anamdan alıb nənəmə verdi. Hər üçü nənəmin otağına çəkildilər. Mənim gəldiyimi heç biri görmədi. Divarları tuta-tuta gedəndə nənəmin səsini eşitməyə başladım.

“Təbrik edirəm, qızım, oğlum hardadır, ver görüm ona... Həə eybi yoxdur gələndən sonra özüm zəng edərəm. Özünə diqqətli bax, uje neçə gündür?” bir anlıq sakitlik oldu və ardıycan “Dörd ay?” dedi nənəm. Artıq qapıya çatmışdım və aralı qapıdan nənəmin qaşları çatılmış üzünü görə bilirdim.

Dörd ay doğurdan da uzun müddət idi və nənəm bunu hörmətsizlik kimi qəbul edəcəkdi.

“Bax, qızım, olan olub, keçən keçib. Teymura da deynən ki, kin saxlamaq yaxşı şey deyil. Yox, yox, dayan sözümü qurtarım. Mən uşaq deyiləm, hər şeyi də yaxşı başa düşürəm. Özünüz nə istəyirsiz qoy o olsun. Mən qarışmayacam. İndi nəysə, nə olduğunu öyrənmisiz? Yenə qız?” dedi nənəm. Üzü güldü, yuxarı baxıb şükr etdi. “İnşaallah böyük qız olsun, adını da...” dedi və dönəndə məni görüb susdu. Mən yorğun üzümdə sevincimi saxlamağa çalışdım, o da deməyə başqa bir söz axtardı. Nəhayət “Mən qoyacağam” deyib heç nə olmamış kimi üzünü çevirdi.

Nənəm ad qoymağa həvəsli yaşlılardan deyildi. Dediyinə görə, ömründə bir dəfə ad qoymuşdu, o da mənim adım. Bilmirəm necə, amma bunu bir də etməyəcəyini bilirdim. Adını yaşatmaq arzusunu həyata keçirmişdi, amma...

Orda bir az da dayanıb, özümü qulaq asırmış kimi göstərdim. Hər şeyi anladığımı bildirib nənəmi pis etmək istəmədim. Amma bu rolu çox uzada da bilmədim, yenə divarları tuta-tuta öz yuvama irəlilədim.

Xəstəliyimin nə olduğunu hələ də bilmirdim. Soruşanda anam boğuq səslə “Keçib gedən şeydir” deyib o biri otağa keçir, nənəm “Sən fikir eləmə, yaxşıdı” deyirdi. Amma indi hər şeyi bilirəm. Nə olduğu vacib deyil, əsas nə olacağıdır. Can şirin şeydir. Açığı ümidimi hələ də itirməmişdim, amma indi o heç vaxt olmamış kimi yoxa çıxmışdı.

İndi özümü daha rahat hiss edirəm. Bu ümid nə əzabverici bir şeymiş belə? Yaxşı ki getdi. Yada yaxşı ki, yaxasını buraxdım.

Yenə pəncərəmdə oturdum, amma mənzərəmə baxmadım. Təngnəfəs olsam da, bu gülümsəməyimə mane olmadı və göz yaşlarımın görüntünü bulandırmasıyla xəyallara getməyim bir oldu.

O günü görüb-görməyəcəyimi bilmirəm, amma yaxın vaxtlarda balaca Məleykənin doğulacağı dəqiqdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG