Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Xəyalə Murad

Bir yarpağın arsuzu

Yaz sabahı sahil boyu düzülmüş meşəlikdə göz açdım.

Qışın şaxtası hələ tam keçməsə də, böyüməyimə mane olmurdu, əksinə günəşdən aldığım enerji sayəsində günü-gündən boy atırdım.

Bəzən əsən sərt külək mənə təsir etmədiyindən özümü daha güclü hiss etməyə başlayırdım.

Hər gün bir az daha böyüyürdüm. Ətrafımdakılar ən az mənimlə eyni gündə doğulanlar idi. Əksəriyyəti ilə aramızda bir gün və ya bir neçə gün fərqi olardı. Bəzilərinə nisbətdə mən böyük sayılardım.

Yamyaşıl libasımla fəxr edərək həyatdan zövq alırdım. Ta ki, onu görənədək…

O mənə ən yaxın saplaqda doğulmuşdu. Xarici görünüşcə eyni görünsək də bütün qonşularımdan, hətta məndən də fərqlənirdi. İlk günlər həyatı sevməyə başlamışdı.

Günəş doğanda hər şuasına toxunmağa can atardı. Sevinc və fərəh hissi onu da bürümüşdü. Aramızda iki gün və bir millimetrlik fərq vardı. Mən qismətdən onun doğulmasının şahidi olmuşdum.

Bu da ondan daha təcrübəli olmağıma səbəb yaradırdı. Ya da ən azından o belə düşünürdü. Yoldaşlarımın diqqətini öz hədsiz sevinci və həyat eşqi ilə çəkmişdi.

Bəziləri ona gülür, bəziləri, ümumiyyətlə, onunla ünsiyyətdən yayınardı. Hər nəfəsində həyat eşqini içinə çəkər, əvəzində ətrafa xoşbəxtlik saçardı. Həyatını bəlkə də, hamımızdan çox sevirdi ya da həyat eşqini hər birimizdən fərqli olaraq birüzə verirdi.

Onun sayəsində mən də öz həyatımı sevməyə başlamışdım.

Biz 20-30 metrlik qocaman ağcaqayın ağacının eyni budağında yetişmiş fərqli saplaqlı iki yarpaq idik.

Digər yarpaqlardan zahiri görünüşcə fərqlənməsək də, daxilən çox, həm də yerlə göy qədər fərqli idik. Yaxın budaqlardakı yarpaqların onu gülüş hədəfinə çevirməkləri məni ona çox yaxınlaşdırırdı.

Həyat mənbəyimizin sayəsində böyüdükcə daha da yaxınlaşırdıq. Külək əsəndə isə ona toxunmaq şansım yaranırdı. Bu yolla əylənirdik. Çox sevincli və çox həyat dolu yarpaq idi. Məndən nə az, nə çox düz bircə millimetr kiçik olsa da, onu əsl dost gözündə görə bildim.

Günlərin bir günü yaz yağışı sayəsində islanmış torpaqdan ana xəttimlə su ehtiyatımı toplayırdım ki, dostumun hüznlü baxışlarına rastladım. Onu heç zaman belə qəmgin görməmişdim. Yağış güclü olduğundan bütün ətrafım aşağıya qatlanmışdı və səsimi eşidəcək imkana sahib deyildi. Susaraq onun kədərinə nəyin səbəb ola biləcəyini düşünürdüm. O isə ara bir parlayan gözləri ilə eyni nöqtəyə tamaşa edirdi. Bəzən o baxışlarda iki ulduzun əksini görürdüm. Elə məsum və elə məlul baxırdı ki…Bütün varlığımla onu səsləmək istəsəm də sürətlə yağan yağış damlalarına qarşı çıxmağın əbəs olduğunu anlayıb yuxuya getdim.

Günəşin zərif şüasının üzərimə toxunduğunu hiss edərək yuxuda oyandım. Ətrafımda hamı yavaş-yavaş oyanırdı. O isə bütün gecəni yatmamışdı. Bunu onun eyni məna ilə bir nöqtəyə tamaşa edən gözlərindən anlamışdım.

-Hey, dostum! Sənə nə olub?

Susurdu. Sonsuz bucaqlara baxıb susurdu. Onun baxışları istiqamətinə baxdım: “bəlkə kədərinin səbəbini öyrənə bilərəm” deyə yerimdən boylandım, lakin ucsuz- bucaqsız dənizdən başqa heç nə görmədim.

-Dostum, səninləyəm. Niyə qəmginsən? Bəlkə qonşuların xətrinə dəyib?

Ağır halda başını mənə doğru çevirdi:

-Yox, kimsə xətrimə dəyməyib. Mən ona baxıram. O mavi sulara.

-Niyə? Orda nə var ki?

-Orda azadlıq var.

-Azadlıq? O nədir ki?

-O heç nəyə bağlı olmamaq, ürəyin istəyəni etmək kimi bir şeydir. Dadını bilməsəm də, duymaq istəyirəm.

-Məgər sən həbsdəsən? Axı, hamımız azadıq. Bir bax küləklər, yağışlar belə bizi məğlub edə bilmir. Günəşin hər şuasını asanlıqla uda, ana xəttimizdən su toplaya bilirik.

-Yox, anlamadın. Mən məni bu budağa bağlayan bağdan azad olmaq istəyirəm. Özümü küləyə təslim edib o sualara toxunmaq istəyirəm. Əminəm ki, yağış sualarından çox fərqlidir. O mavi dənizə toxunmaq mənim arzumdur.

Əvvəl onu anladğımı düşündüm və zamanla hər şeyin yoluna düşəcəyini zənn etdim. Ancaq günlər keçdikcə iş, daha da, qəlizləşdi. Dostum o mavi sualara həsədlə baxırdı. Bəzən o sulara toxunanda hansı hisslər keçirəcəyini düşünməyə başlayırdı.

Ya da küləyin onu istədiyi istiqamətə deyil, tamamilə fərqli istiqamətə aparacağını düşünüb çox qorxurdu, ancaq heç cürə əlçatmaz arzusundan imtina etmirdi. Hər gün yeni xəyal, yeni ümidlə oyanırdı. Onun bu arzusundan tezliklə hər kəs xəbər tutdu, hətta ağcaqayın da.

Yayın qızmar günlərindən birində dostum budaqdan budağa səslənərək ən yaşlının, ən təcrübəlinin kim olduğunu sorğu-sual etməyə başlamışdı. Hər kəs bir gün və ya iki, üç günlük böyük olurdu. Bu cavablar isə dostumu qane etmirdi. Nəticədə öz budağına yönəldi. Eyni sualına cavabı ondan aldı.

-Ən yaşlı, ən təcrübəli mənəm. –Ağcaqayın budağı vasitəsilə onunla danışmağa başladı.

Dostum bu fürsəti dəyərləndirib bir nəfəsə suallarını yağdırdı.

-Mən o mavi dənizə toxunmaq istəyirəm. Mən küləyə təslim olmaq istəyirəm. Necə edim ki, bu arzuma qovuşum?

-Ah ... Sən də bu əlçatmaz arzunun ağuşuna düşdün. Bu ömür yolumda yüzlərlə yarpaq yetişdirdim. Doğulduqlarına, öldüklərinə şahid oldum. Əlbəttə ki, bu mavi sualara aşiq olan ilk yarpaq sən deyilsən. Vardı bir xəyalpərəst yarpaq. Dünən yaşanmış kimi xatırlayıram.

-Bəs nə oldu? O yarpaq arzusuna qovuşdumu?

-Saplağına bağlı olaraq yaşamaqdansa o sualarda can verməyi üstün tutdu. O gün artıq payızın ən çılğın günlərindən biri idi. Saralıb, əldən düşmüş yarpağı arzu etdiyi kimi külək deyil, yağış qopardı. Saplağından azad olduğu an yağış damlaları onu torpağa çırpdı. Arada əsən külək onu meşə boyunca “gəzdirsə” də, gec-tez bura qaytardı və gördüyün o torpaqda zamanla çürüdü. Masmavi sulara isə əbədi həsrət qaldı.

Ağcaqayının dedikləri onu düşünməyə vadar etmişdi. Dərinliyimdə bir ümid cücərmişdi. Bəlkə də, ağcaqayının bu hekayəsi sayəsində dostum əlçatmaz arzusundan bir dəfəlik üz döndərə bilərdi. Amma çox keçmədi ki hər şey düşündüyümün əksi oldu.

-Ah… Necə də kədərlidir… -bir qədər susub yenidən dilləndi.-Yox mən hiss edirəm, bütün hüceyrələrimlə hiss edirəm ki, o sualara toxuna biləcəm. Sadəcə bu bağ məni sənə həbs edib. Külək əsən gün sən məni saplağından azad edə bilərsən?

-Mən yox. Amma gördüyün bütün yarpaqların azad olduğu gün var.

-Nə vaxt?

-Payızın sonu...

Dostum o gündən payız fəslinin nə zaman yaxınlaşacağını gözləməyə başladı. Amma zamanını sadəcə ümid etməklə keçirmirdi, əksinə hər fürsəti dəyərləndirməyə çalışırdı. Bir sərçə qonşumuz vardı. Budağa tez-tez qonar öz gündəlik macəralarını nəql edərdi. Dostum da onu saatlarca dinləməyə hazır idi. Mən isə əksinə gəvəzə sərçənin mənasız hekayələrini dinləmək belə istəmirdim.

Elə günlərin bir günü dostum sərçədən xahiş etdi ki, onu saplaqdan qoparıb dənizə atsın. Sərçə də xeylaq götür-qoy etdikdən sonra razılaşdı. Ancaq mən buna imkan vermədim. Məgər dostumun göz önümdə canına qıymasına göz yummalı idim?

Əlbəttə ki, yox! Qısa zamanda ağcaqayına xəbər göndərdim. O da sərçəni bu işə cəhd edərsə bir daha budağına yaxın buraxmayacağı ilə hədələdi. Sərçə də tezliklə dostuma bu plandan əlini üzdüyünü dedi. Heç çox keçmədi ki, məsələni ağcaqayına mənim dediyim bilindi və əziz dostum məndən bərk küsdü.

Günlərlə onun könlünü almağa çalışdım. Mənim yerimdə olsaydı, o da eyni addımı atacaqdı. Bunu izah etmək çox çəkdi, ancaq günlər keçdikcə mənim niyyətimin təmiz olduğunu anladı. Axı, hansı dost göz görə-görə ömrünün gənc çağında bir arzu üçün həyatına son vermək istəyən dostuna mane olmaz ki? Gərək qara düşüncəli, qara qəlbli olasan ki, belə axmaqlığa göz yumasan.

Günlər, həftələr belə keçirdi. Nə dostum öz əlçatmaz arzusundan imtina edirdi, nə də mən onu bu fikirdən döndərə bilirdim. Gec- tez onun dənizə olan eşqinin hədsiz olduğunu anladım və bu sevginin qarşısında acizliyimi qəbul etdim.

O gözlərdəki həsrətin bir gün xoşbəxtliyə çevirləcəyini ümid edərək həyatımı yaşamağa, dostumla paylaşmağa çalışdım, ancaq fəsillər dəyişdikcə biz də yaşlanırdıq.

Payızın gəldiyini hiss etdiyimizdə dostumun sevinc və qorxu hisslərini duymaya bilməzdim. Axı, saplağımız ayrı olsa da, bir budağa bağlı idik. O yağışın sayəsində azad olmağı deyil, məhz küləyin sayəsində azadlığı istəyirdi. Bütün ehtimallarını dənizə qovuşmaqla tamamlayırdı və beləcə susurdu. Payızın amansız külək və yağış damlalarına əvvəlki qədər dözümlü olmurduq.

Yazdan fərqli olaraq indi daha yaşlı və solğun idik. Hər gün daha da solurduq. Saplağımızın necə quruduğunu, ana xəttimizdən su ehtiyatımızın azaldığını hiss etmək bizə ağır idi. Hər kəsə həqiqət məlum idi-öləcəkdik…

Sabahları ya iki, ya da üç qonşumun yoxluğu ilə açırdım. Növbənin mənə və dostuma çatacağını da bilirdim.

Bu həqiqəti heç nə dəyişə bilməzdi, lakin son arzum vardı-dostumun əlçatmaz arzusuna qovuşacağı anı görüb sonra ölümü dadmaq. Onun əldən düşmüş və qurumuş simasında heç nə əvvəlki kimi deyildi.

Dəyişməz olan iki ulduz tək parlayan baxışları idi. Zaman su tək axıb keçsə də, onun dənizə olan hissləri heç dəyişməmişdi. Ümidi hər gün daha da böyüyürdü. Ölümünə az qalması onun üçün mühüm deyildi. Mühüm olan əlçatmaz arzusuna qovuşmaq idi.

O sabah günəşin zəif şuaları ilə oyanmışdıq. Gecə yağan amansız yağış damlalarından güclə qorunmuşduq.

Dostumun hər an saplağından qopacağını düşünüb qışqırdığını və yağışa təslim olmamaq üçün həyatı üçün mübarizə apardığının şahidi olmuşdum. Var gücü ilə: “Mən yağışa təslim olmayacam!” qışqırırdı. Mən ondan daha zəif idim və həyatım üçün onun qədər mübarizə aparmırdım. Qonşuluqda olan əksər budaqlar çılpaq qalmışdı. Bir zamanlar dostumu gülüş hədəfinə çevirən yarpaqların sayı da azalmışdı. Hər gün bir qonşumla vidalaşmalı olurdum. Növbənin mənə çatacağını da bilirdim. Lakin bu qədər tez olacağını təxmin etmirdim. Yağan amansız yağışın sınağından sonra sabahın sərt küləyi ilə qarşı-qarşıya qaldıq. Bu dəfə dostumun həyatı üçün mübarizə aparmadığını gördüm.

-Hey, dostum! Sən yaxşısan?

-Mən hər an azadlığa qovuşa bilərəm. Bu külək mənim son şansımdır. Dəniz məni gözləyir, mənsə ona qovuşacağım anı…

Elə bu sözləri tamamlamışdı ki, qarşımdan ötən külək onu saplağından qopardı. Bir anda nəyin baş verdiyini anlamağa çalışdım. Dostum budaqdan uzaqlaşdıqca həyəcandan özümə yer tapmadım. Arxasınca: “Əlvida, dostum!” deyə səsləndim.

O üzünü mənə tərəf çevirib gülümsündü və gözlərini yumaraq küləyə təslim oldu. Heç gözləmədiyim anda külək məni də doğma saplağımdan qopardı. Havada qanad açmış quş tək hiss edirdim özümü.

Ətrafıma boylanıb dostumu axtardım və dənizə doğru əsən küləyin onu da mənim kimi havada bir sağa, bir sola yellədiyini gördüm.

Bir neçə saniyə sonra ikimizi də sahil sularına buraxdı. Mavi sualara toxunduğum andaca dostuma tərəf döndüm.

Sevincindən var gücü ilə çığırdı, güldü, ağladı. Sonra isə: “Mən haqlı idim, dostum. Bu sular yağış suyundan çox fərqlidir…” deyərək iki ulduz tək parlayan gözlərini əbədi yumdu…

Günün bütün mövzuları

XS
SM
MD
LG