Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:10

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu 20-liyə keçmək üçün yetərli olmayıb.

Rüfət Əhmədzadə

CİHAD-2035

(alternativ tarix)

Böyüklərə deyəndə ki, “çəhrayı kərpicdən gözəl bir ev gördüm, pəncərələrində ətirşah gülləri, damında isə göyərçinlər var idi” – onlar bu evi heç cür təsəvvür edə bilməyəcəklər. Belə demək lazımdır: “Mən yüz min frank qiymətində olan bir ev gördüm”. Onda dillənəcəklər: “Gözəlliyə bax!”..

(Antuan de Sent Ekzüperi, “Balaca şahzadə”)

Abdulla bu beşotaqlı evdə özünə yer tapa bilmirdi. Lap otaqların sayı on beş olsun, nə əhəmiyyəti var ki?!

Vaxtilə adi bir jurnalist olan, amma indi 30-40 dildə kitabları satılan məşhur yazıçı Abdulla Kaspiani tamamilə aciz qalmışdı. İyirmi illik mühacirət həyatında əldə etdiyi bütün uğurları indi bir-bir yadına salmaq istəyir, amma heç nəyi tam xatırlaya bilmirdi. Ala-bula xatirələr cızıq və köhnə film lenti kimi ən maraqlı yerlərdə qırılır, rabitəsiz bir xaosa dönüşürdü.

Onun bütün həyatına yön verən, dəyişən insan... hətta vətəni tərk edib ailəsiylə soyuq ölkəyə mühacirətə gəlməsinə yeganə səbəb... oğlu Turanın otağı boş idi.

Artıq üç gün idi ki, Turan səssiz-səmirsiz çıxıb getmişdi. Atasının yazı masasının üzərinə üçcə cümləlik namə qoymuşdu: “Ata, bağışla məni! Əvvəl İstanbula, ordan da Vətənə uçacam. Mənim üçün nə etdinsə, çox sağol, indi mənim növbəmdir”.

Yazıq Sevda çox ağladı, gah üzünü cırmaqladı, gah da ərinin sinəsini, çiyinlərini yumruqladı...

– Nəsə elə! Polisə müraciət edək, diplomatik yollarla saxlayaq onu. Onun orda nə işi var? Qurban olum, dost-tanışa zəng elə, tutub deportasiya eləsinlər! Abdulla...

Abdulla heç nə etmədi. Hər dəfəsində susdu, ömür-gün yoldaşını dərdi ilə baş-başa buraxdı. Amma özünün dərdi daha böyük idi. Sadəcə, o qədər böyük idi ki, boğazından çıxarıb dilə gətirə bilmirdi, əllərini qaldırıb yazmaqda aciz idi...

***

Tez-tez bağçaya çıxıb qaranlıq səmada gümüşü işıq saçan dolun aya baxır, salavat zikr edirmiş kimi dodaqaltı nəsə qımıldanır, sonra yenidən zala qayıdıb televizorun qarşısına otururdu. Ancaq xəbər yayımlayan TV-ləri izləyirdi. Vaxtaşırı divanın üstünə atdığı planşeti əlinə alır, Azərbaycandakı jurnalist dostu Musaya oxşar suallar yazırdı, hər dəfəsində də bir-birindən çox fərqlənməyən cavablar alırdı.

***

Durub yataq otağına keçdi. Amma Sevdanı orda tapmadı.

– Sevda, hardasan? Həyatım!.. – həyəcanla yoldaşını səslədi.

– Burdayam... – səs Turanın otağından gəlirdi.

Abdulla otağa girəndə oğlunun yazı masasının yanında duran Sevdanın əlində bir kitab gördü: Antuan de Sent Ekzüperinin “Balaca şahzadə” əsəri.

– “Le Petit Prince”! Oğlumuz sevirdi bu kitabı... – Abdulla köks ötürdü.

– Hə... Bu kitaba baxmısan heç? – Sevda yeni xəzinə kəşf edibmiş kimi, diqqətlə kitabın səhifələrini nəzərdən keçirirdi.

– Baxmışam? Mən onu bir dəfə uşaq vaxtı, bir dəfə yazmağa təzə başladığım vaxtlarda oxumuşam... Amma nə isə, gəl gedək yatmağa, artıq gecdir...

– Dayan! Oxumağı demirəm! Məhz bu kitaba baxmısan? Yaxın gəl...

– Nə var axı o kitabda?

– Deyirəm, yaxın gəl... Səhifələrə bax! – Sevda kitabı ona yaxınlaşan ərinə uzatdı. – Hər səhifədə qeydlər buraxıb... Elə bil gündəlikdir... – Ağlamaqdan gözləri çuxura çökmüş ana yenidən qəhərləndi.

– Hə... Hər səhifədə nəsə yazıb. Maraqlıdır.

– O biri kitablarında belə qeydlər yoxdur. Oxu hələ... Oxu.

– Bu dəqiqə, – Abdulla eynəyini çıxarıb şüşələrini köynəyinin döşünə sildi, sonra yenidən taxıb 3-cü səhifənin aşağısındakı əl yazısını oxumağa başladı, – “Mənim də uşaqlığım eynilə bu cür keçib. Rəsmlərimi, həvəsimi heç kimi anlamayıb. Həyatıma hey atam və anam istiqamət verib, mən də tabe olmuşam. Çünki belə lazım idi”. – Turanın qeydləri 5-ci səhifədə davam edirdi: – “Bilmirəm, bu balaca şahzadə kimdir, amma bir anlıq valideynlərimin öldürdüyü uşaq yadımda düşdü. Həmin uşaq mən idim”.

Abdulla əsəbiləşdi:

– Sevda, qurban olum, bu dövrü hamımız keçmişik. Sən də, mən də... Hamının ürəyində bir küskünlük olur... Məgər biz ölkəmizi tərk eləyəndə valideynlərimiz “get, yaxşı yol” deyirdi?! Mən özüm 30 yaşına kimi necə dözdüm... Sən öz gözlərinlə görmüşdün, indi məni nədəsə ittiham eləməyə çalışma! Elə oğlumuz üçün köçdük bura. Kreditlərin, borcların, az maaşın əlindən gəldik. Nə elədimsə, Turançün elədim. Az eləmişəm?! Bir yerdə bütün məhrumiyyətlərə dözdük, işlədik, əziyyət çəkib bu evi aldıq, oxutduq... Filan qədər də kollecə xərclədim...

Sevda əllərini ərinin yanaqlarına apardı.

– Abulla, səni heç nədə ittiham eləmirəm. Əgər sənin səhvin olubsa, ikiqat artıq səhv məndə də olub. Səhv ikimizdə olub. Oğlumuz üçün az eləməmişik... Amma deyəsən, çox eləmişik. Qədərindən də çox. Öz vətəniylə maraqlandı, az danışdıq. Bizdən İslam haqqında soruşdu, “dinlə çox maraqlanma” dedik. Bircə azərbaycanlı görmədi, nənəsindən-babasından uzaqda böyüdü. Çox sıxdıq onu...

– Turana yaddır oralar. Kanadanın vətəndaşıdır... Bilsəydim, adını Connidən-zaddan qoyardım...

– Amma buranın da adamı deyil! Bircə dəfə ona Bakıdakı işindən danışmısan? Ya mən?.. Ona uşaqlığımdan çox az şey danışdım. Elə “sən belə edəcəksən, sən belə olacaqsan”... O ancaq bizim pul saymağımızı gördü, başqa heç nə. Hər dəfə yanına gəlib “ata” deyəndə əlini pulqabıya atdın, dərdləşmədin. Onun yerinə arzular qurduq. Xəyalımızda qalstuklu bir obraz çəkmişdik, zorla Turanı ona oxşatmağa çalışırdıq.

– Mən onu heç nəyə məcbur etmədim. Bircə gün də qoymadım ki, ehtiyac hiss eləsin. Kefincə yaşadı, axırda da belə...

– Yadındadır, biz gənc olanda nə qədər azərbaycanlı Suriyaya döyüşə gedirdi? Niyə gedirdilər, çünki onları kimsə inandırmışdı ki, öz ailələrində tapmadıqları gözəllik ordadır.

– Müharibədə nə gözəllik ola bilər? Başa düşürəm, mənəvi boşluq yaşayırdı oğlumuz. Londonda gül kimi kolleci yarımçıq atdı, ətrafında o qədər qız ola-ola gəncliyinin dadını çıxarmadı... Ona dedim ki, onunla görüşmə, bununla gəzmə? Əksinə, başını çox buraxdıq! Qoşuldu dindarlara...

Sevda ikrahla güldü, başını buladı.

– İlahi! Mənim heyran olduğum o gənc yazardan əsər-əlamət də qalmayıb. Hanı o meydanlarda bozqurd işarəsi göstərən, millət-vətən söhbəti gələndə qanı qaynayan oğlan? Hanı o?

Abdulla duruxdu, günahkar kimi başını aşağı saldı, sonra gedib Turanın çarpayısında əyləşdi. Baxışlarını döşəməyə dikib asta səslə dedi:

– Nə etməliyəm, Sevda? Axı indi nə edə bilərəm? Səni mitinqlərdə qışqırmaqla dolandıracaqdım? Yoxsa sən həbsxana yollarında qalmalıydın? Başa düşürəm səni, biz həyatımızı dəyişdik, amma oğlumuzun həyatını... Yaxşı, Turana necə gələcək qura bilərdim? Biz bura karyera qurmağa, yenə həyata başlamağa gəldik. O ki buranın vətəndaşıdır, yad ölkəyə niyə can atır axı?

– Əzizim, səni çox sevirəm, bizim üçün əziyyət çəkdin... Amma səhv edirsən. Azərbaycan yad ölkə deyil, onun vətənidir. Əslində ona bura yaddır. Biz hara gediriksə, hardan olduğumuzu soruşurlar... İyirmi ildir ey, buranın vətəndaşısan, vergi verirsən, dövlətdən neçə mükafat almısan... Nolsun? Hər tədbirdə “Azərbaycan yazıçısı” deyirlər. O da sənin oğlundur...

– Nə edə bilərik bundan sonra?

– Get yanına... gətir onu... Amma ona vətəni unutdurmağa çalışma... Dost ol, millətdən-vətəndən, lap dindən danış...

Abdulla susdu. Yenidən kitabı vərəqləməyə başladı.

Gözlərinə bu cümlələr sataşdı:

“Məndə onun bir imzalı kitabı da yoxdur. Elə bilir ki, onu oxumuram. Amma bilsəydi ki, onu tanımaq üçün yazdığı hər cümləni həvəslə oxuyuram... Kaş ki, bir az da mənimlə danışmağı sevərdi”.

– Yaxşı, sabah Xarici İşlər Nazirliyinə gedəcəm. Çalışacam, nazirlə birbaşa görüşüm, Bakıya getmək üçün kömək istəyim. Ondan sonra görək nə olur. Amma inanmıram... Azərbaycan hökumətini çox tənqid eləmişəm. Viza verməyəcəklər...

Sevda ərinin yanında oturub onu çiyinlərindən qucaqladı, sağ yanağından öpdü:

– Sən bacararsan... Səfirliyə də get... Lazım olsa, ordakı qəzetlərdən birinə müsahibə ver...

– Yaxşı, söz verirəm! Onunla görüşəcəm...

***

Turanın Gəncədəki hərbi hissəni ələ keçirən üsyançılarla bir olduğu təsdiqlənmişdi. Əlində silah, əynində qara “mücahid” geyimiylə “Əl-Cəzirə”nin kamerasına düşmüşdü.Bir ay içində tamam dəyişmişdi: üz cizgiləri sərtləşmişdi; iri, qara gözlərindən od saçırdı. Əvvəlki utancaq, tərəddüdlü Turana bənzəmirdi.

O ana qədər Abdulla Kaspiani ilə bütün təmaslardan boyun qaçıran Azərbaycan hökuməti birdən fikrini dəyişdi.

Azərbaycan səfiri şəxsən zəng edib demişdi ki, iki gün içində viza məsələsi həll olunacaq, döyüşçülərə Turanla bağlı sorğu göndəriləcəkdi... Amma bir şərtlə: Abdulla Kaspiani bəyanat verməli, oğlunun və onun qoşulduğu silahlı dəstənin hərəkətlərini pisləməliydi. Abdulla razılaşdı. Onsuz da bu cür silahlı mübarizəni qəbul etmirdi.

Səfirlə danışandan bir saat sonra Azərbaycan dilində yığcam bir bəyanat yazdı, “e-mail”lə Musaya göndərdi, mətbuata yaysın. Özü isə agentinə zəng edib yerli TV-lərdə bir-iki verilişə çıxmaq istədiyini bildirdi. Məsələni ictimailəşdirmək nə qədər utancverici, qalmaqallı olsa da belə, Abdulla özündə qətiyyət tapmışdı.

Ağlında hey bu sözlər fırlanırdı: “Kaş ki, bir az da mənimlə danışmağı sevərdi”.

Bəyanatda demişdi ki, vətənə gələcək və oğluyla görüşəcək. Əvvəl istəmişdi yazsın ki, “oğlumu alıb qayıdacam”, amma utanıb “diplomatik” ifadələrə keçmişdi. Onun kimi nə qədər valideyn indi əzab çəkir... Artıq küçə aksiyaları silahlı qarşıdurmaya, atışmaya keçib. Sonra şəhərlər darmadağın olacaq, minlərlə insan yerindən-yurdundan didərgin düşəcəkdi.

İndi Abdullanın çiyninə böyük yük düşürdü. Qarşısına böyük bir məqsəd də qoymuşdu: üsyançılarla iqtidar arasında dialoq yaratmaq. Dünya şöhrətli yazıçının sözündən çıxmazdılar, heç olmasa, masa arxasında oturub nədəsə razılığa gələ bilərdilər...

***

Musa taksidən düşüb tələsik özünü otelə atdı. “Reception”a yaxınlaşıb Abdullanın qaldığı otağa zəng etməyi xahiş etdi.

– Deyin, Musa Rəhmanlı aşağıdadır, təcili geyinib düşsün.

Beş dəqiqə sonra Abdulla foyedəydi.

– Nə olub, Musa? Turandan bir xəbərmi var?

– Ondan hələ xəbər yoxdur. Amma Gəncədə döyüşçülərin yanına bir general gedəcək, danışıqlar üçün. Səni də özüylə aparmağa razılaşıb. İndi bizi gözləyir...

– Hə, gedək!

Abdulla ümidlənmişdi. Oğlunu görə biləcəkdi.

***

General-leytenant Cavadov vertolyotda oturub Abdullanın oğlu ilə vidalaşmasına tamaşa edirdi. Fısıltı ilə yanındakı mayora dedi:

– Bunların vidalaşma mərasimi nə uzun çəkdi! Kürdəmirlə əlaqə saxla, hazırlaşsınlar. Bu zatıqırıqlarla dil tapmaq mümkün olmayacaq...

Vertolyotdan iyirmi metr aralıda qara geyimli döyüşçülərin əhatəsində Abdulla və Turan durmuşdu. İkisi də susqun vəziyyətdə yerə baxırdı.

– Oğlum, mən səni aparmadan gedə bilmərəm. Artıq iki aydır ki, anan səninçün ağlayıb-sızlayır. Yazıq arvad bir dəri-bir sümük olub. Gəl gedək...

– Olmaz, ata. Məni rahat buraxmayacaqlar. Nə onlar, nə qardaşlar. Mənə xain kimi baxacaqlar. Artıq üstümdə cinayətlər var, nə qədər adam öldürmüşəm, bilirsən? İyirmidən sonra özüm də saymağı dayandırdım...

Abdullanın bədənini üşütmə bürüdü:

– Oğul! Qarabağda vəziyyət yenə gərgindir... güclə-bəlayla, qondarma bir sülh görüb yazıq camaat. O da üç il çəkmədi! Heç olmasa, düşmən öldürəydin də, öldürdüyün polis də, əsgər də sənin qanını daşıyır ey! Ərəblərin, pakistanlıların nə vecinədir?!

– Ata, bəsdir! Onlar mənim din qardaşlarımdır. Millətçilik eləmə! Sənin qanını daşıyanlar isə rafizilərdi, onlar lənətləniblər...

– Bəs ermənilər? Maraqlıdır, sənin din qardaşların bilirmi ki, Gəncədəki atışmalar Qarabağda təzə müharibəyə səbəb olacaq?

– Bilir... Bizim hədəfimiz Bakıdır. Qarabağla bağlı cihad qərarı olsa, ora da gedərik.

– “Gedərik” nədir? Rədd ol, qayıt xarabana! – Abdulla oğlunun yaxasından yapışıb qeyzlə silkələdi, səsini daha da qaldırdı. – Eşidirsən?! Beynini doldurublar, sənin! Ya mənimlə gedirsən, ya da məni vurub öldürürsən burda.

Turan hərəkətsiz qalmış, atasına müqavimət göstərmirdi. Gözlərini qaldırmadan, sakit səslə dedi:

–Dinsiz olsan da, vurmayacam səni. Atamsan... xahiş edirəm, get. Bakıda da qalma, anamın yanına qayıt. Mən gəlsəm də, sən türmə yollarında qalacaqsan. Qurban olum, get!..

Abdulla oğlunu buraxdı.

– Peşman olacaqsan, amma onda gec olacaq!

***

Kürdəmir bazasına niyə endiklərini əvvəlcə anlamadı. Döyüş təyyarələri havaya qalxanda isə... Aciz bir ata kimi, oğlu üçün dua etməkdən başqa çarəsi qalmamışdı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG