Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

Yel


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Məcid Həsənli

YEL

Əməliyyat otağında gərgin iş gedirdi.

Ağzıbağlı, əli əlcəkli, ağ xalatlı həkimlər ağır bir əməliyyat keçirirdilər. Xəstənin bağırsağında şiş vardı.

Bağırsaq bir tərəfdən də qarın dərisinə birləşmişdi. Əməliyyatı aparan həkim onu tər basdığını belə hiss etmirdi.

İki saat keçirdi. Hazır qan da kifayət etməyəcəkdi. Xəstənin qanı laxtalanmaya meylli deyildi.

Qanaxma baş verdiyi görünürdü. Hiss olunurdu ki, əməliyyatı keçirənlər şok vəziyyətinə düşürlər. Amma həkimlər heç nədən qorxmurdular. Xəstədi də. İstəyir ölsün, istəyir ölməsin – yaşasın.

Onsuz da əvvəlcədən müqaviləyə balaca hərflərlə əlavə eləyiblər ki, əməliyyat pis nəticələnsə, əgər nəticələnsə, bizlik deyil. Gedin Əzrayılla haqq-hesab çürüdün.

Xəstələrin qohumları əvvəlcə tərəddüd etsələr də, sonradan çarəsiz qalıb razı olurlar. Dildə “İnşallah yaxşı olar” desələr də, ürəklərində “Cəhənnəm... Nə olar-olsun, qurtarsın” kimi bədbin düşüncələrlə əməliyyatın sonunu gözləyirlər. O anda hamı bu dünyanın qədrini bilir. Burda yenə də haqqın verib, ədaləti tapmaq olur. Ordaysa... Ehh... Gərək ora da bizimkilər işə girsinlər.

Allah kiməsə nəsib eləməsin arada əməliyyatdan sağ çıxmayanlar da olur. Onda da nələr olur, bir Allah bilir.

Xəstəxana ölüdən də – keçmiş insanın ətindən – pul qazanmaq istəyir. Deyir pulu verməsəniz əgər, meyit də yoxdu – vermirik.

Bayıra – xəstənin yaxın adamlarına xəbər verildi ki, təcili qan lazımdır. Xəstənin qardaşının qanı yoxlandı, yaramadı.

Başqa bir qohum irəli çıxdı. Onun da qanı yoxlandı, amma düz gəlmədi. Nəhayət, qardaşoğlunun qanı uyğun gəldi. Qan tapıldı.

Daha iki saat keçəndən sonra intizarla xəstəni gözləyənlərə xəbər verildi ki, gözünüz aydın, əməliyyat uğurla başa çatdı.

Bir azdan xəstə palataya yerləşdirildi. Xəstənin qardaşı, həkimlər tələsmədən, həyəcanla gözləyirdilər ki, xəstə narkozdan nə vaxt ayılacaq. Xəstə danışmağa başladı. Əvvəlcə onun nə dediyini heç kəs başa düşmədi. Xəstəni adı ilə çağırırdılar “Qasım, Qasım, danış, nə deyirsən?”

Qasım əvvəl kimisə təriflədi, sonra kimi isə söydü. Bir az sonra ona borclu olanları sadaladı.

Xəstə danışdıqca qardaşı sanki utanır, xəstəni sakitləşdirməyə çalışırdı. Belə danışmaqdansa danışmamağı daha yaxşı idi. Qasım gözlərini açdı, ətrafdakıları tanıdı. Hamıda bir arxayınlıq yarandı, bir-bir palatanı tərk elədilər.

Gecə xəstə huşsuz vəziyyətdə ayıldı, bir neçə dəfə qusdu. Sanitarlar, növbətçi həkim, şəfqət bacıları xəstənin hər anını müşahidə edir, müvafiq şəkildə qayğı göstərirdilər.

Əməliyyatın səhəri günü artıq xəstə Qasıma baş çəkmək üçün qohumları gəlirdilər. Hamı bir qıraqdan gəlib, “yastığın yüngül olsun” deyərək, Qasımın yastığının altına nəsə keçırıb gedirdilər. Günorta Qasımın nəvəsi də gəlməliydi.

Bir az keçdi, həyətdə köhnə sovet maşını göründü. Qasımın oğlu Əhməd öz oğlu və arvadı ilə gəldi.

Əhməd bütün günü xəstəxanada atasının yanında olurdu. İndiysə oğlunu da gətirmişdi. Maşından düşüb xəstəxana binasına girdilər.

Rəngi bilinməyən divarları olan dəhlizi sonadək getdilər. Təsadüfən, Qasım Çexovun hekayəsindəki kimi 6 saylı palatadaydı. Əhmədin oğlu dəhlizi keçəndə qapının üstündə oxudu: “Baş həkim. Pyotr İvanoviç Baranov”. Əhməd oğluna dedi ki, babanı əməliyyat eləyən cərrah budur.

Qasımın nəvəsi palataya girəndə babası çox sevindi. Salamlaşdılar, görüşdülər.

Səhər açıldı. Növbə dəyişdi. Gecə növbəsində olan tibb işçiləri yeni gələnlərə məlumat verir, xəstələrlə sağollaşıb, yavaş-yavaş xəstəxananı tərk edirdilər. Bir azdan təzə əməliyyat olunmuş xəstənin həkimi də gəldi.

Gecə bir neçə dəfə zəng vurub növbətçi həkimlə əlaqə saxlasa da hələ də narahat olan həkim birinci olaraq təzə xəstəyə baş çəkdi.

Xəstə, deyəsən, özünə gəlmişdi. Həkim narahat, intizarlı bir baxışla xəstədən soruşdu “Necəsən? Rahat yata bildinmi?”, xəstə “Yox, ay həkim, içərim qurdalanır.” dedi.

Həkim bir az da ehtiyatla “Özündən yel çıxdığını necə, hiss eləmisənmi?”

Xəstə “Hə, bir-iki dəfə olub.” Deyərək cavab verdi.

Elə bil həkimə nəsə verdilər. Sifətinin bütün cizgiləri güldü “Ay səni xoşxəbər olasan!”

Yel, bağırsaqların işlədiyindən, həqiqətən, əməliyyatın uğurundan xəbər verirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG