Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:00

Xəyalə Abbasovanın 20-liyə düşməyən hekayəsi


-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Xəyalə Abbasova

AYNUR

Bir ayağı qırıq gəlinciyini kənara tulladı. Daha onunla oynamayacaqdı. Yaşının üstünə yaş gəlməsə də, o, bütün yaşıdlarından bir azca tez böyüməyə məhkum olmuşdu.

9 yaşlı balaca qız – Aynur. Uzun boylu, arıq bədənli, qara bənizli, qara saçlı, qara gozlü. Bu qaralar hardan yığılmışdı onun canına, Bəlkə elə Allah ağlamışdı bu qızı. Allahın gözünün qarasıydı, insan şəklində düşmüşdü dünyaya..

Bu bir neçə ay içində bir azca da arıqlamışdı, elə bil. Gözlərinin altı qaralmışdı, quyuya düşmüşdü gözləri və həmin quyudan nəm çəkmişdi. Kiprikləri gözünün yaşında yuyunurdu. Elə sakit – sakit ağlayırdı ki, onun səsini bir özü, bir də ki göydə Allah eşidirdi. Allah da susurdu, susurdu...

Pəncərədən içəri girən dəlisov külək onun düz,dağınıq saçlarını bir az da dağıdırdı. Nə bilim, bəlkə də onun yaşından böyük, boyundan böyük, qocalmış, beli bükülmüş fikirlərini alıb aparmaq, onu bu fikirlərdən yayındırmaq istəyirdi külək, amma bacarmırdı.

Qırmızı jaketinin qabağını çal-çarpaz üst-üstə qoyub, əllərini oyuncağı kimi qucaqlamışdı Aynur.

Qapı açıldı.Atası Vahid yenə əsəbi idi.

-Bir də ananı görməyəcəksən.

-Niyə?

-Dedim görməyəcəksən.

-Bəs bacılarımı?

-Heç onları da.

Bu gün məhkəmə atası ilə anasını ayırmışdı. Aynurun atasında, özündən balaca iki bacısının isə anasında qalacağına qərar vermişdi. Hər şey bu qədər asan olmuşdu bu gün...

Səhər Aynur üçün hamının səhərindən bir azca tez açıldı. Gün yeni gün deyildi, gün dünənki günün təkrarıydı. Gözləri yenə dolmuşdu, boğazında qəhər varıydı Aynurun.

Yatağından durdu.Yatdığı yeri səliqəyə salıb otağından çıxanda atasının mətbəxtdə içdiyini gördü. O, yəqin ki, bütün gecəni içmişdi.

Aynur kinayə ilə:

-Ata, yenə niyə içirsən?

-Dərdimdən içirəm.

Vahid içki düşkünü idi. Sadəcə içki düşkünlüyünə yeni bir ad qoymuşdu. “Dərdimdən içirəm” Əslində zəyifliyimdən içirəm deməliydi. Bu ailənin dağılmasının əsas səbəblərindən biri elə içki idi, atasının içkiyə, anasının isə daha sonralar başqa kişiyə meylliyi...

Nənəsi Maral arvad Aynurun atasında qalmasına razı deyildi. “Əxlaqsızın süd verdiyi qız da əxlaqsız olacaq ”deyirdi. “ Nahaq götürdün bunu” Aynur da nənəsinin sözlərini bir neçə dəfə eşitmişdi, ağlamışdı, ancaq “ əxlaqsızın qızı” damğasıyla barışmalı olmuşdu.

Günlər növbədə dayanıb biri-birini əvəz edirdi. Aylar keçirdi, illər keçirdi. 15 yaşı olmuşdu Aynurun, ancaq bu ötən 6 ildə anasıyla, bacılarıyla təkcə telefonla danışa bilmişdi Aynur. "Əxlaqsızın qızı"nı "əxlaqsız" ilə görüşdürmürdülər...

Darıxırdı, çox darıxırdı Aynur. Bir yandan da xəstəliyi- möhkəm öskürürdü Aynur. Həkim “ vərəmin əlamətləri var ”demişdi. “Güclü müalicə etmək lazımdı ” Bir yandan atasının kasıblığı, o biri yandan da laqeydliyi Aynurun öskürəyini günü-gündən artırırdı.

O gün Aynur anasını yuxuda görmüşdü. Bərk darıxmışdı yenə. Anasının yanına getmək istəyirdi. Nənəsinin “ kəfən pulu ” adıyla yığdığı pul düşdü yadına. O pulun bir hissəsini götürüb yol pulu etməyi və bacılarına hədiyyə almağı, qaçmağı qərarlaşdırdı. Köhnə evlərinə gedəcəkdi və bəlkə də 6 il əvvəlki həyatına yenidən başlayacaqdı. Bunun üçün hətta oğurluğu belə gözə alacaqdı Aynur. Ancaq...

Yatmışdı Maral arvad. Aynur pulu ehmalca götürmək istəyəndə oyandı. “Əxlaqsızın qızı, oğru ” deyib möhkəmcə döydü o gün Aynuru. Axşam işdən qayıdan atasına da xəbər çatdı. Həmin gün Aynuru atası da döydü. Heç kim onun ürüəyindən keçənləri görmədi, ya da ki, gormək istəmədi...

Həmin hadisədən 1-2 gün keçmişdi. Babası Mahir kişi ilə anasının evinə göndərdilər Aynuru. “Əxlaqsızın qızı əxlaqsızın evində qalsın ” dedilər.

Xoşbəxt idi Aynur. Atasından ötrü tez-tez darıxsa da, xoşbəxt idi. Ancaq bu xoşbəxtliyin ömrü ikicə ay oldu...

Öskürəndə boğazından qan gəlirdi Aynurun. Xəstəliyi möhkəmlənmişdi, ciyərləri çürümüşdü. Həkim “ artiq gecdir ” deyirdi. “Vaxtında müalicə etmək lazım idi, vaxtında ” 2 həftə keçdi. Öldü Aynur, öldü. Atasından, anasından, bacılarından, bu dünyadan ayrıldı Aynur. Ancaq bu ölümün günahı taleyin boynunda qaldı. Halbuki, əsl günahkar valideynləri idilər.

Mahir kişi Aynurun yetim qalmış cəsədini kimsəsizlər qəbirsanlığında basdırdı. Anası “ qızımı qəbirsanlıqda görsəm, ölərəm” deyib, getmədi Aynuru basdırmağa. Atası isə Rusiyada idi. Mahir kişi Aynurun torpağının başına böyük bir daş qoyub qayıtdı. Bu kimsəsiz qəbrlərin içində onu başındakı daşın böyüküylündən taniyacaqdı.

Elə hey oğluyla telefonla danışanda deyinirdi Mahir kişi. “Ay bala,lap qocalmışam, xəstə adamam, bax, öləcəm, o uşağın yatdığı torpaq itib batacaq. Pul göndər, heç olmasa kərpic alım, elə özüm düzəldim torpağın üstünü ” Vahid isə hər dəfə “ mütləq göndərəcəm ” deyirdi, amma göndərmirdi.

Və günlərin bir günü öldü Mahir kişi. Aynurun yatdığı torpaq da öldü. 1 dəfə ölmüşdü, bir dəfə də öldü. İndən belə heç kim kimsəsizlər qəbirsanlığında Aynuyu tapa bilməz, heç bir daşı Aynura oxşada bilməz daha. Aynur torpağın altında itdi...

İllər keçirdi. Aynurun atası da, anası da təzə ailə qurmuşdular. Həyat davam edirdi. Atası yenə içirdi, ancaq içki düşkünlüyünə təp - təzə ad qoymuşdu: “Qızımın dərdindən içirəm ”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG