Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:23

-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Fərhad Yalquzaq

AQİBƏT

Jonaş Savimbuilə dostluğumuzun tarixi o qədər də uzun deyil.

Əvvəllər Boqoniyada, Dövlət Almaz Şirkətinin mühafizə idarəsində birlikdə çalışmışdıq. Elə o vaxtdan aramızda mehriban yoldaşlıq münasibətləri formalaşmışdı. Sonradan Jonaşın vəzifəsini qaldırdılar və o, şirkətin Qaliyadakı ofisinə mühafizənin idarə rəisi kimi təyinat aldı.

Mən hələ bir müddət Boqoniyada qaldım, sonradan mənim də vəzifəmi böyütdülər – yerli mühafizə idarəsinin rəisi oldum.

Bir-birimizdən uzaqda olmağımıza baxmayaraq, biz ildə iki-üç dəfə şirkətin işləri ilə əlaqədar olaraq Juanda baş ofisinə yığışan zaman görüşürdük.

Görüşmədiyimiz vaxtlarda isə tez-tez telefonla, yaxud internet vasitəsilə əlaqə qurur, bir-birimizin işləri, ailəsi və səhhəti ilə maraqlanırdıq.

Bir gün Jonaş mənim Tvitter səhifəmdə qısa bir videoklip paylaşdı. Klipdə iqtidar partiyası AXAH (Anquma Xalq Azadlıq Hərəkatı) üzvünün televiziya müsahibəsi zamanı ölkənin prezidenti Joze Pereyra Duş Lantuşun ünvanına çaşaraq kiçik bir tənqid səsləndirməsi əks olunurdu.

O öz səhvini tez anlayıb düzəltməyə çalışsa da, artıq iş-işdən keçmişdi. Əslində Anquma kimi demokratiyanın olmadığı avtoritar rejimli bir ölkədə prezidenti tənqid etmək onu təhqir etmək kimi qəbul olunur.

Bu çox təhlükəli bir işdir. Belə səhvə yol verən bir neçə jurnalistin ilim-ilim itdiyi kimsəyə sirr deyildi.

Ancaq bu klipdə məhz iqtidar partiyasının üzvünün çox gülməli bir vəziyyətə düşməsi səbəbindən mən videonu Tvitterdə paylaşdım.

Həm də ürəyimin çox dərin bir guşəsində ümid edirdim ki, mənim kimi siyasət oyunlarından uzaq olan bir adamın Tvitter səhifəsi hər-halda AMTŞ (Anquma Milli Təhlükəsizlik Şurası) tərəfindən izlənilməz. İzlənilsə belə, bu klipin yaradıcısı mən deyildim, onu sadəcə olaraq paylaşmışdım.

Səhərisi gün cib telefonuma naməlum nömrədən zəng gəldi:

- Bəli.
- Fernandu Santuş?
- Buyurun.
- Cənab Santuş, sizi AMTŞ-dən baş inspektor Joze Klemensu narahat edir. Zəhmət olmasa sabah yox, birisigün səhər saat on bir tamamda Şuranın Juanda idarəsinə gələrsiniz.

Dalağım sancdı:

- Nə məsələdir, cənab Klemensu? Birincisi həmin gün mən işdəyəm, ikincisi, mən niyə belə uzun bir yol qət etməliyəm?
- Telefon söhbəti deyil, cənab Santuş. Yol pulunuzu ödəyərik. İşinizə görə də narahat olmayın, sizə arayış veriləcək. İşləmədiyiniz günlər üçün də təzminat alacaqsınız.
- Problem yoxdur, gələcəyəm.
- Sizə zəng etməyimiz barədə kimsəyə bir şey söyləməyin.
- Anladım, cənab Klemensu!

Telefonu qapadıb divana oturdum. Həyəcandan boğazım qurumuş, qulaqlarım qızmışdı. Ürəyimin guppultusundan masanın üstündəki bardaq titrəyirdi.

Məsələ mənə aydın idi. AMTŞ-dən heç kimi elə-belə zəng eləyib başkənddəki idarəyə çağırmırlar.

Bu dövlət orqanının sosial şəbəkələri izləməsi məsələsi daim gündəmdə olan söhbət idi. AAMC-nin (Anquma Azadlıq Milli Cəbhəsi) mətbuat orqanları tez-tez müxtəlif insanların bu dövlət orqanının xəfiyyələri tərəfindən oğurlanıb, sonradan bir də heç zaman tapılmaması haqqında məlumatları topluma sızmaqdaydı.

Sonradan bəlli olurdu ki, bu insanlar prezidentin oliqarx qohumlarına qarşı hansısa əks fəaliyyətdə bulunubmuş. Yaxud jurnalistlərdən kimsə nazir-oliqarxlardan birini tənqid edibmiş.

Mətbuatda tez-tez “Dünən səhər Juandadan 46 kilometr aralıdakı Svonqo gölündən başı bədənindən ayırılmış bir kişinin çılpaq meyiti tapılmışdır. Onun şəxsiyyətini aydınlaşdırmaq mümkün olmadığından istintaq getdiyi müddətdə cəsədi mərkəzi xəstəxananın morqunda saxlanılacaqdır” tipli məlumatlar gedirdi.

Və adətən məlumat bununla da tamamlanır, sonrakı günlərdə başı bədənindən ayrılmış zavallının kim olması, kimlər tərəfindən öldürülməsi haqda əlavə heç bir xəbər verilmirdi.

Anqumada bütün dövlət qurumları xirtdəyinəcən korrupsiyaya bulaşmışdı. Bütün kiçik və böyük görəvli məmurlar insanları açıq-açığına, qorxmadan-çəkinmədən çapıb-talayır, camaatın dərisindən soyduqlarını özlərindən yuxarıda oturan görəv sahibləri ilə bölüşürdülər.

Heç kəs səsini çıxarmasa da, hər kəsə bir fakt aydın idi: nazirlərin icazəsi olmadan kimsə belə özbaşınalıqlara yol verə bilməzdi. Nazirlər isə birbaşa prezident Joze Pereyra Duş Lantuşa tabe idilər.

Deməli, bu balaca Afrika ölkəsində baş verən olayların başında birbaşa prezident özü dururdu.

Necə deyərlər: balıq başından iylənər. Ölkədə istehsal olunub xaricə çıxarılan almazdan, dəmir filizindən, pambıqdan və misdən gələn pullar birbaşa Duş Lantuşun ailəsinin cibinə axırdı. Bu faktı ictimailəşdirən hər kəs öz ölüm hökmünə qol çəkmiş olurdu.

Bu düşüncələrlə uğraşmaqda ikən telefonum zəng çaldı. Displeydə Jonaşın adını görüncə şübhələrimin gerçək çıxdığına əmin oldum.

-Salam Jonaş.
-Salam Fernandu. Necəsən?
-Heç soruşma. Sənə zəng eləyiblər?
-Elə mən də bunu soruşacaqdım. Deməli vəziyyətimiz gərgin, işimiz fırıqdır...
-Sənə nə dedilər?
-Heç nə demədilər. Başkəndə çağırdılar.
-Sən bu məsələnin belə böyüyəcəyini düşünürdün?
-Əslində klipi paylaşmamışdan öncə bir az tərəddüd etdim. Sonra düşündüm ki, bunu yaradan və internetə yerləşdirən mən deyiləm axı. Paylaşmaqla nə cinayət etmiş oluram? Ancaq indi görürəm böyük xəta işləmişəm, hansı cəmiyyətdə yaşadığımı unutmuşam. Reallıq hissini itirmişəm. Bunlarda az da olsa vicdanın olduğunu düşünməklə böyük bir səhvə yol vermişəm.
-Doğrudur, Jonaş. Yeri gəldi-gəlmədi demokratik ənənələrdən danışan quldurların çevrəsində yaşadığımızı gərək heç bir zaman unutmayaq.
-İndi neyləyək?
-Gedək, görək başımıza nə gəlir. Hər halda biz heç bir cinayət işləməmişik.
- Görüşərik, dostum.

İdarəyə zəng edib Juandaya gedəcəyimi söylədim. Səbəbini geri qayıdandan sonra (əgər qayıtsam) məruzə edəcəyimi dedim. Mən qayıdana kimi idarədəki görüləsi işlərimi köməkçimə tapşırdım. Sonra paltarımı dəyişib küçəyə çıxdım. Bankomat iki küçə aralıda, “Bizim Almaz” adlı nəhəng supermarketin altında idi. Deyilənlərə görə, bu supermarketlər şəbəkəsinin sahibi ölkənin birinci xanımı Patrisiya Duş Lantuşdu. O, Anqumada hər-hansı başqa iş adamının supermarket biznesinə girişməsinə imkan vermirdi. Ölkənin bütün şəhərlərində yalnız “Bizim Almaz” supermarketləri fəaliyyət göstərirdi.

Küçədə banan, manqo, balıq satan arvadların arasından keçib supermarketə yaxınlaşdım. Kredit kartım bağlanmamış pullarımı çıxarıb ailəmə təhvil vermək istəyirdim. Bilmək olmaz başıma nələr gələcəkdi. Xoşbəxtlikdən kartım hələ açıq idi. Olan-qalan bütün pulumu çıxarıb taksiyə oturdum. Şəhərin o başında yaşayan atamın evinə yollandım. Yoldaşım Suzanna və iki kiçik oğlum dünəndən oradaydılar. Anam xəstələnib vaxtsız öləndən sonra atam tək qalmışdı. Onu yalnızlıqdan və acı duyğulardan qurtarmaq üçün nəvələrini tez-tez yanına gətirməyimi istəyirdi.

Pulları Suzannaya verəndə təəccübləndi. Əhvalatı qısaca anladandan sonra kədər dolu baxışlarını gözlərimə zillədi. Dedim hələlik əlavə bir şey söyləyə bilməyəcəyəm, başkənddən qayıdandan sonra danışarıq.

-Fernandu, özün vəziyyətin nə yerdə olduğunu bilirsən, birdən səni buraxmadılar?
-Hər şey ola bilər. Pulları möhkəm bir yerdə gizlət, qənaətlə xərclə. Bilmək olmaz, bəlkə uzun müddət görüşə bilmədik. Uşaqlardan muğayat ol.
-Fernandu, getmə! Öldürəcəklər səni!
-Suzanna, hay-küy salma! Bəlkə də, vəziyyət düşündüyümüz qədər də ağır deyil. Digər tərəfdən, getməsəm, axtarıb tapacaqlar, zorla aparacaqlar, sizi də incidəcəklər.
-Bəs indi necə olacaq?
-Hələlik atamın yanında qalın. Sonrası da görək necə olacaq. Mən atamla danışaram.

Axşam yeməyi zamanı məsələni atama da anlatdım. O, çox üzüldü.

Atam ölkədə 20 il bundan öncə çıxan vətəndaş savaşında Anqumanın indiki prezidenti Duş Lantuşun tərəfində mübarizə aparmış, onun ordusunda kapitan rütbəsinə kimi yüksəlmişdi. Duş Lantuş hakimiyyətə yiyələnəndən sonra atam bir müddət Anquma Hərb və Müdafiə Nazirliyində təchizat şöbəsinin rəisi görəvində çalışdı. Korrupsiyanın qanad açıb çiçəklənməyə başladığı dönəmdə atamı öz sistemlərinə uyğunlaşdıra bilməyən hökümət məmurları tezliklə onun torbasını tikib vaxtından əvvəl təqaüdə göndərdilər. Az sonra Hərb və Müdafiə Nazirliyinin təchizat şöbəsi ən yağlı rüşvət mənbəyinə çevrildi.

* * *

Juandada təyyarədən düşəndə saat doqquz idi. Jonaş, danışdığımız kimi məni aeroportun çıxışında gözləyirdi. Qucaqlaşıb görüşdük. Azca qıraqda, eskalatorun yanında balaca boylu, qara köynəkli bir kişi diqqətlə bizə tərəf baxırdı. İzlənildiyimizi Jonaş da anlamışdı.

İki saatdan sonra AMTŞ-nin baş idarəsində olmalıydıq.

-Fernandu, bu nə işdi başımıza gəldi? Bağışla, dostum, ara yerdə səni də zibilə saldım.
-Boş ver, Jonaş, birtəhər bu işin içindən çıxarıq. Adam öldürməmişik, baş kəsməmişik. Gəl bu kafedə bir tikə çörək yeyək, kim bilir, bir də nə zaman dadlı yemək yeməyə imkanımız olacaq.

Aeroportun yaxınlığındakı kafeyə girdik. Səhər tezdən kafedə adam çox deyildi, küncdə, adamlardan uzaqda xudmani bir yer tapıb oturduq. Öncə qəhvə gətirdilər.

- Gör hansı dönəmdə yaşayırıq, Jonaş... Başdanxarab molla jurnalist ABŞ-ın prezidenti Corc Buşun başına ayaqqabı atdı, Buş buna gülüb keçdi. Özünküləri o jurnalisti az qala kəsib yeyəcəkdilər. Biz bir videoya baxmışıq, çəkiblər bizi məşhər ayağına. Bu balacaboy xəfiyyəni də göndəriblər ki, bizi güdsün, birdən qaçıb aradan çıxarıq.
- Bunlar qorxurlar, Fernandu, çox qorxurlar. Bunlara sitayiş üçün büt lazımdır. O bütü zorla-zülmlə yaradıblar. İndi kimsə o bütün sakrallığına şübhə gətirirsə, bu onların hakimiyyətinin laxlaması deməkdir, odur ki, onlar bizim kimi açıq gözlü, sağlam düşüncəli insanları əzirlər. Ancaq düşünmürlər ki, bu insanlar nə qədər qorxsalar da, bir gün divara dirənmiş it kimi dişlərini bunların üstünə qıcayacaqlar.
- Kütlə psixoloqiyası deyilən bir şey var, Jonaş. Bu kütlə çox uzun müddət qoyun sürüsü kimi yeyib-yata bilər, ancaq oyanan zaman bu qoyunların canavara çevrilmək ehtimalı çox böyükdür. Sən təsəvvür edirsənmi, qorxu içərisində yaşayan birisi bir gün itirməyə bir şeyi qalmayınca necə dəyişilə bilər, necə qəddar, zalım ola bilər? Akira Kurosavanın “Yeddi samuray” filmini görmüsən. Orada öz kölgəsindən qorxan kəndlilərin əllərinə azacıq fürsət düşən kimi quldurların başına açdığı oyun yadındadır? Itirməyə bir şeyi qalmadığı zaman qulların cəllada çevrilməsi labüddür, dostum.
- Bizim qoyunların ayılması bir az çətin məsələdir, ancaq dediyinlə razıyam. Mən özüm bu dəqiqə bunları diri-diri çeynəməyə hazıram.

On birə yarım saat qalmış kafedən çıxıb taksiyə oturduq. AMTŞ-nin Muvambu küçəsində yerləşən baş qərargahına on beş dəqiqə tez gəlsək də, bizi artıq girişdə gözləyirdilər. Yəqin balacaboy xəfiyyə gəldiyimizi xəbər vermişdi. Mülki geyimli, soyuq baxışlı birisi bizə yaxınlaşdı:

-Jonaş Savimbu? Fernandu Santuş?
-Bəli.
-Ardımca gəlin.

İçəridə əli avtomatlı bir neçə adam vardı.

-Ciblərinizdə nə varsa çıxarın, qoyun masanın üstünə.

Ciblərimizi boşaltdıq – açarlar və pulqabıdan başqa üstümüzdə heç nə yox idi.

-Sənədləriniz?
-Pulqabının içindədir.
-Əşyalarınız burada qalacaq.

Bizi liftin yanına gətirdilər. İki əli avtomatlı əsgər, bir də həmin buz baxışlı adam, bizi liftə itələyib üzərində heç bir yazısı olmayan qara düyməni basdılar. Lift gözlədiyimiz kimi, yuxarı yox, aşağı hərəkət etməyə başladı. Liftin qapıları yarımqaranlıq bir dəhlizə açıldı.

-Arxamca gəlin!

Dəhlizin sonundakı qapıya yaxınlaşdıq. Avtomatlılardan biri açarı cingildədib qapını açdı. Jonaşı dəhlizdə saxladılar, məni isə içəri apardılar. Qapını açan avtomatlı əsgər Jonaşla dəhlizdə qaldı.

Bu otaq, Kventin Tarantinonun “Hostel” filmindəki işgəncə otaqlarına bənzəyirdi. Dekorasiyanı tamamlamaq üçün bircə tavandan və divarlardan asılmış ağır zəncirlər çatışmırdı. Ortada bir dəmir masa vardı, çevrəsində də beton döşəməyə pərçim olunmuş dəmir oturacaqlar. Masanın qıraqlarına dəmir halqalar qaynaq edilmişdi. Məni masanın arxasında otuzdurdular.

-Əllərini irəli uzat!

Əllərimi masanın üstünə uzatdım. İri dəmir qolbaqları biləklərimə keçirib masanın üstündəki halqalara qıfılladılar.

-Bura nəyə görə çağırıldığını bilirsən?
-Xeyr, bilmirəm.
-Heç bir ehtimalın yoxdur?
-Yoxdur.
-Səncə buraya heç bir şey etməmiş adamı çağırarlar?
-Bilmirəm.
-Sosial şəbəkələrdə insanlarla əlaqə qurursan?
-Bəli.
-Axırıncı dəfə Tvitterdə nə zaman olmusan?
-İşdə olan vaxt, keçən cümə günü.
-Orada nə işlə məşğul idin?
-Dostlarımla ünsiyyətdəydim.
-Prezidentimizi niyə təhqir etmisən?
-Mən prezidentimizi təhqir etməmişəm.
-Yalan danışırsan! Sən orada prezidentimizi təhqir edən videoya baxıb, sonra da onu digər dostlarınla paylaşmısan!
-O videoda prezident təhqir olunmur. Sizin hakim partiyanın nümayəndəsi çaşıb prezidenti yüngülcə tənqid edib. Bunun mənə nə aidiyyatı?
-O adam bir səhv eləyib, cəzasını alacaq. Sən niyə o videonu başqalarına göndərmisən? Hansı dövlətin kəşfiyyat orqanlarına işləyirsən?
-Mən heç kimə işləmirəm.
-Sən birbaşa dövlət əleyhinə təbliğat aparmısan! Dövləti devirmək üçün açıq çağırış etmisən!
-Nə təbliğat? Nə çağırış? Bu dövlətdə videolara baxmaq, onları paylaşmaq dövləti devirmək üçün çağırış anlamınamı gəlir?
-Kəs səsini, küçük! Bunun başından böyük danışmağına bax! Sənin o uzun dilini kökündən çıxarmaq mənə borc olsun! Rədd ol, dəhlizdə gözlə!

Əsəbimdən dizlərim titrəyirdi. Acizlikdən gözlərim dolmuşdu. Bu münasibəti gözləyirdim, ancaq buna hazır deyildim. Gözlərimə qaranlıq çökürdü. Artıq həyatımın bitdiyini anlayırdım. Qərar verilmişdi. İcra özünü çox gözlətməyəcəkdi.

Qandalları açdılar. Dəhlizə çıxanda Jonaşın rənginin ağardığını gördüm.

Mən dəhlizdə gözlədiyim müddətdə içəridən eynilə mənə ünvanlanan suallar eşidilməyə başladı. Dialoqun sonunda buz baxışlı adam onun da üstünə bağırdı. Sonra açılan qandalların səsi eşıdildi. Jonaşı dəhlizə çıxardılar. Ayaq üstdə ölmüşdü sanki. Edam qərarını almış kimi bir durumu vardı. Bizi liftə mindirib zirzəmiyə apardılar, qaranlıq bir kameraya salıb qapını bağladılar...

...Juanda News: “Dünən səhər Juandadan 46 kilometr aralıdakı Svonqo gölündən başları bədənlərindən ayırılmış iki kişinin çılpaq meyidi tapılmışdır”...

XS
SM
MD
LG