Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:20

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Ömər Xəyyam

SMAYLİK

“Bütün elanları bir-bir gözdən keçirir, qayıdıb təkrar-təkrar oxuyurdum. Sonuncu ümid – ümidlərin axırda öləcəyinə ən sonuncu ümid!

Mustafa Atakişiyev... Əlli iki yaşlı Mustafa müəllim uzun müddət məhkəmələrin birində hakim işləyib.

Zəngimə onun qardaşı oğlu cavab verdi: “Hə, bizə elə adam lazımdı ki, ailəsi razı olsun, problem yoxdu, sığorta olunacaqsan, pulunu da bəri başdan alacaqsan”.

İcazə verin, qayıdım əvvələ... Onsuz da, ömrümün son günləridi, heç olmasa, həqiqəti bütün çılpaqlığıyla danışım. Hər şey köhnə ilin sonuncu günü – 31 dekabrda başladı.

Günorta bayramlaşmaq üçün anama zəng vuranda dedi ki, bayram süfrəsinə ayın-oyun almağa pul lazımdı, bazara satmağa hinduşka aparıb, müştəri gözləyir. Canımdan gizilti keçdi, tüklərim biz-biz oldu. Validəm sonra dedi ki, bir az mer-meyvə, düyü alıb gedəcək kəndə.

Böyük qardaşım atamdan sonra ailəmizə vicdanla rəhbərlik eləyirdi. “Yox” nədi, bilmirdim. Biz böyüdükcə problemlər də böyüdü, elə bil: qardaşımın öz uşaqları, o biri qardaşımın uşaqları...

Fevralda kəndə getdim. Günəş qeybə çəkilmişdi, asiman su qatılmış rakı rəngindəydi. Əmimoğlu dedi ki, anan iki aydı dədəmdən pul alıb, sən də özünü düşünürsən elə... Sonra öyrəndim ki, kənddəki qardaşımın oğlu dünyaya gələndə, anam həkimpulunu borc alıb. Bütün “yox”lar yaşamaq həvəsimi soyudurdu.

Bakıya qayıdan kimi Mustafa müəllimə zəng elədim. Yenə qardaşı oğlu açdı telefonu, iki gün sonraya görüş təyin etdik. Həmişə elə düşünmüşəm ki, dara düşəndə satıb pula çevirək, bədənimizin bizə qalanını yaşadaq deyə, Allah bəzi orqanlarımızı cüt yaradıb. Bu, bəlkə də təsəllidi, miskin təsəlli. Qərarım qəti idi: böyrəyimi satıb anamın bütün maddi ehtiyaclarını ödəmək.

İki gün sonra müəllimin qardaşı oğluyla görüşdük. Tibb universitetinin laboratoriyasına yolladı məni, orada kiməsə tapşırmışdı. Lənətə gəlmiş yaddaşım da pozulub!

Qan analizi götürdülər, sonra da sidikdən nümunə. Həyəcandan sidik analizi üçün verdikləri əlli qramlıq qabı iki dəfəyə güclə doldura bildim. İki gün sonra başqa klinikada yenə yoxlamaya getdim. Bu dəfə müəllim özü də gəlmişdi. Nurani, ağ saçlı Mustafa müəllim ona rəsmi müraciət eləməyim deyə, tezcə dedi: ”Mənə qardaş de, çəkinmə”. Xeyli ümid verdi, fikirləşdim ki, yəqin, uyğun gəlib böyrəklərimiz. Mustafa kişinin hər iki böyrəyi sıradan çıxmışdı. Deyirdi, əsgərlik yadigarıdı, fikir verməmişəm, indi də belə. Şəhərin mərkəzi kafelərinin birində nahar etdik, səmimi adam idi. Səbəbini soruşdu. Dedim, özümə kariyera qurmaq istəyirəm...

İki gün sonra ürəyimi də yoxlatdırdı. “Siqareti azalt” – dedi, “içki də içmə”. Klinikalara taksiylə getmək üçün yüz dollar da verdi. Bir həftədən sonra yenə görüşdük. Analizləri Türkiyəyə yolladığını dedi. Nəticə üç günə gəlməliydi. Üç günü bir qutu siqaretlə başa vurdum.

Üçüncü gün dedi ki, böyrəyində təzyiq var, buna görə də əməliyyat baş tutmayacaq. Telefondan asılıb qaldım, elə bil, ayaqlarım yerdən üzüldü. İki dəqiqə sonra yenə zəng vurdu, bir saatdan sonra Musabəyov parkında görüşdük. “Türkiyədən gələn cavabla İrandan gələn cavab arasında fərq var” – dedi. Onda ağacların yarpağı elə bil küləkdən əsməyə yox, sevincindən əl çalan uşaqlar kimi atılıb-düşməyə başladı.

Yenidən yoxlanmalıydım. Mustafa kişi üçün o vaxta qədər mənim kimi iyirmi beş donordan analiz götürülüb, heç biri də uyğun gəlməmişdi. Bir oğlan hansısa rayondan gəlibmiş. Analizdən sonra məlum olub ki, hepatit c virusunun daşıyıcısıdı. İntihar etmək istəyirmiş klinikada.

Sonuncu dəfə qardaşı oğlu Qafurla yenə yoxlanış üçün hansısa klinikaya getdik. Şəhərin mərkəzindəki bahalı klinikalardan biriydi. Yenə qan analizi, yenə sidikdən nümunə, yenə USM. Çayxanada Qafur dedi ki, əmim 120 min manat təkcə bu analizlərə xərcləyib. Səndə də uyğun gəlməsə, daha taleyi ilə barışmalı olacaq. Bu dəfə İranda məşhur bir laboratoriyaya yollayacağam. Çox adamı böyrək əməliyyatı eləyiblər orada.

Mən elə bilirdim ki, qan qrupu eyni olsa bəs eləyir, sən demə, dərinin dəriylə uyğunluğu, böyrək təzyiqi də önəmliymiş. Bu barədə heç kimə deməmişdim. Hər şey mənə dedektiv film kimi gəlirdi.

İki gündən sonra müəllim məhəlləmizə gəldi, maşını bu dəfə özü sürürdü. Bu dəhşətdi! Yaşamaq istəyi diriltmişdi kişini. İrandan gələn cavablar gül kimiydi. Müəllimin uçmağa qanadı yox idi. Uşaq sevinci... Bircə məsələ qalırdı, Azərbaycanda orqan satışı qadağan idi, həm də bunun xeyirxah məqsədli olduğunu sübut etmək üçün xeyli vaxt lazım gələcəkdi. İranda isə problem yoxdu. Di gəl, oradan həkim xəbər yollamışdı ki, heç olmasa böyrəyin bir dənəsi iki damarlı olmalıdı. Damarları “sayan” aparat bizdə yox idi deyə, gələn həftə İrana uçmağı qərarlaşdırdıq, hər şey uyğun olarsa, əməliyyat baş tutacaqdı.

Getməyimizə iki gün qalmış kişi zəng vurdu ki, ananla danışmaq istəyirəm, halallıq alım, əziyyət çəkib böyüdüb səni, üstündə haqqı var. Hə, burda bütün musiqilər bitir, nanay-nanay yeri başlayır. İndi gəl anaya başa sal ki, bəs böyrəyimi satıram, yaxşı olacaq hər şey... Hinduşka deyil, qaz deyil. Bu, analizimdə hepatit c virusu çıxmağından da ağır yük olardı. İnsan övladı çıxılmaz vəziyyətlərdə ağılagəlməz sürətlə düşünməyə başlayır. Birdən ağlıma qonşu Sona xala gəldi.

Ticarət mərkəzlərinin birində təmizlik işlərinə baxır. Bir qızı var, o da gəlin köçüb. Yoldaşı da böyrək çatışmazlığından ölmüşdü. Getdim evlərinə, hər şeyi olduğu kimi başa saldım.

Dedim ki, son ümidimsən, burda nə var ki, bir günlük anam olacaqsan, mən də sənin balan. Ailəmiz haqqında bilib-bilmədiyi şeyləri bir-bir danışdım ki, kişi sual versə, təntiməsin. Aramızda şifahi razılaşdıq ki, o heç kimə deməyəcək, mən də qayıdanda yüz manat şirinlik verəcəm.

Səhər Musabəyov parkında Sona xalayla müəllimi görüşdürdüm, çay içdik. Halallıq verdi “yüz manatlıq anam”. İrana bir gün sonra uçmalıydıq. Evdə dedim ki, işlədiyim televiziya çəkilişə yollayır bizi.

Ola bilər bir həftədən sonra qayıdıb, bir də gedək. Özümü əvvəlcədən sığortaladım ki, birdən problem yaranar, Bakıya qayıdandan sonra yenidən geri dönəsi olaram. Anamla da xeyli danışdım telefonda. Bərk-bərk tapşırdı ki, ehtiyatlı olum. Mustafa müəllimlə on beş min manata razılaşmışdıq. Fikirləşdim ki, birdən böyrəyimi götürərlər, pulu verməzlər. Dedim yarısını burda ver, yarısını əməliyyat bitəndən sonra.

Səkkiz min manatı kağıza büküb, evdəki yorğan-döşək yükünün arasında gizlətdim. İranda ilk gün xeyli gəzdik, əslində, maraqlı deyilmiş oralar. Rəngsizmiş oralarda həyat. Aşağıda qara qarğalar, yuxarıda qara qarğalar. İkinci gün dişlərimizi, bağırsaqlarımızı yoxladılar. Əndrabadi müayinələrdən sonra məlum oldu ki, sol böyrəyimdə iki damar var və orqanizmim astronavtlardakı kimi sap-sağlamdı.

Düşündüm ki, məndə bir damar olub, ikinci damar ümidimin gücüylə elə yoldaca cücərib. Üçüncü gün anamla danışdım. Bıçağın altına girirdim, amma anamdan xeyir-dua ala bilmirdim… Yalandan dedim ki, bir layihə qazanmışıq, dua elə, işlərimiz alınsın, yaxşı olacaq hər şey. Anam xeyli xeyir-dua verdi, amma səsindən hiss elədim ki, xəstədi. Dedi ki, iki gündü dalağımdan ağrı qopur, pul qazanarsan, həkimə gedərik.

Axşam səhərə qədər sistem köçürdülər bizə. Həkimlər deyirdi ki, bu, mikrobların yuyulması üçündü, hərəmizə 3 litr sistem. Səhər tezdən Mustafa müəllimlə müayinəyə düşdük. İkimizə də qəribə xalat geyindirmişdilər. Pilləkəndə dedim ki, birdən əməliyyatdan ayılmaram, zəng elə Qafura, pulu aparıb anama versin. Sonra Sona xalayla danışdım, xeyli dua elədi. 4 saatdan sonra Sona xala dedi ki, əmanət məndədi, uğur olsun, Allah qorusun.

Axşamçağı bir həkim gəldi, ikimizin də bədənini qırxdı ki, əməliyyatda tük düşər, irin eləyər tikiş yeri. Həkim: “donorun əməliyyat prosesi yarım saat, akseptorunku 45 dəqiqə davam edir. Dərmanın təsiri orqanizimdən asılı olaraq 30 dəqiqədən 4 saata qədər çəkir. Ayılmamaq ehtimalı da var…”-dedi.

Bu, Mahmudun gündəliyində sonuncu cümləydi...

O gün Bakıya vəhşi külək hücum eləmişdi. Axşamçağı yağış da yağdı. Bütün məhəllə Mahmudgilin qapısındaydı; jurnalistlər, polislər. On bir illik dostumun meyiti gəlmişdi. Gündəliyi də pal-paltarının arasında yollamışdılar. Üzü ağappaq idi, qar kimi.

Sonradan öyrəndik ki, Mustafa müəllim polislə söhbəti öldürmək üçün xeyli pul xərcləyib. Sona xala da pulu Mahmudun ailəsinə çatdırmışdı. Hüzrdə böyük gəlinləri yükdəki yorğan-döşəyin arasından kağıza bükülü pulu da tapmışdı. Mahmud kağızda gülən adam smayliki çəkmişdi.

O, əməliyyata girən gün anası Şəfiqə xalanın böyrəyindən sancı tutmuşdu. Onda heç kim bilmirdi ki, Mahmud İranda böyrəyini yoxluqlara qurban verir. Bir xeyli canıyla əlləşmişdi qadın. Böyrəyi uzun müddət imiş xəstəymiş. Necə dözürmüş sancılara, bunu bir Allah bilir.

Mahmudun meyiti İrandan gətiriləndə Şəfiqə xalanın üçü idi. Sonradan analiz cavablarına baxan ailə dostu cərrah Vəliyev dedi ki, Mahmudun qan qrupu və başqa göstəriciləri anasına uyğun gəlirmiş.

Bu hadisə təxminən bir il öncə baş vermişdi. Bayaq xəbərlərdə eşidəndə ki, tanınmış hakim Mustafa Filankəsov dünyasını dəyişib, qəfil işəməyim gəldi.

Günün bütün mövzuları

XS
SM
MD
LG