Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:45

Jalə Əsgərovanın 20-liyə düşməyən hekayəsi


-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Jalə Əsgərova

“ALLAH”IN XİLASI...

- Boqdan, görəsən, balıq olmaq necə hissdir?-deyib, balaca serbli konserv qutusuna yığdığı ilbizləri işarə edərək üz-gözünü turşutdu.

Boqdan ağızda bişib yeni çıxarılan kəlmələrin soyumağını belə gözləmədi.

- Bu hissin necə olduğunu sənə göstərə bilərəm. Bir şərtlə ki, tutduğun balıqları mənə verəsən.

Zoran razılaşdı. Bəhsi udacağından əmin olan Boqdan yarısına qədər ilbiz dolu dəmir qabı başına qaldırdı. Soyuqqanlıqla udqunub konserv qutusunu yerə qoydu. Zoran dostunun sevincdən bərəlmiş gözlərini gördükdə balıqların çabaladığı vedrəni ayağı ilə ona tərəf itələdi və tələsik addımlarla çayın kənarından uzaqlaşdı. Boqdan, uzaqlaşdıqca kiçilən, məsafənin əritdiyi bu siluetin tamamilə yox olmasını gözlədi. Mədəsində baş qaldıran kəskin ağrılı ağırlıq balaca xristianı kilsəyə tərəf, həmişə ona kömək etməyə hazır dayanan dostunun, İsanın yanına dartdı. Əvvəlcə kilsənin baş tərəfində donub çarmıxa çəkilmiş bütə bu günkü ruzisi üçün minnətdarlıq etdi. Sonra qarnının hər tərəfinə yayılmış qarışıqlıqdan bir an öncə qurtulması üçün dua edib kömək istədi. Boqdan evlərinə tərəf yol aldıqda ilbizlər hələ mədə turşusunda boğulub qana sorulmamışdı. Yol boyu elə bil hansısa qüvvə əlləri ilə onun qarnından basıb içalatını ağzından bayıra itələyirdi. O qədər öyüdü ki, üzünün rəngi bəmbəyaz oldu. Balaca serbli qamətini düzəldib həyət qapısını cırıldatdığında seliyə bulaşmış ilbizlər torpağın üstündə sual işarəsinə bənzər formada qıvrılırdı. O, şam yeməyi üçün qızardılmış balıqları, özünün ilk qazancını ləzzətlə dişlərinə çəkib İsayla söhbətə tələsirdi. Sabah məktəbə getdiyində yenə kilsəyə dönüb cansız dostuyla dərdləşəcəkdi.

Gözlərində yuxunun daha bir gecəlik qonaq olduğu Prizren şəhəri günəşin hədiyyə etdiyi səhərə doğru yollanırdı. Havanın işıqlanması burada yaşayan azsaylı türklərin namaz vaxtlarını keçirdikləri Sinan Paşa məscidindən qalxan azanın müşayiətiylə sanki bir az daha sürətlə baş verirdi. Bu qəribə avazla yuxudan oyanmağa artıq Boqdan da adət etmişdi. Xristian olmasına baxmayaraq, bu İslam himnində onun ruhuna toxunan, doğmalıq duyduğu gizli bir hikmət vardı. Hər gün məhz bu vaxt qulaq pərdələri dartılıb eşitmək istədiyi azanı axtarardı. O səsi duyunca pərdələr arzusuna çatmış kimi yenidən əvvəlki vəziyyətinə qayıdardı.

Boqdan ayaqqabılarının bağını bağlayıb çantasını çiyninə atdıqda alban, serb, bosniyalı və türk uşaqları şəhər küçələrində öz ayaq izlərini çəkərək təhsil ocağına tələsirdilər. Boqdanın oxuduğu məktəb şəhərin ən gözəl yerində, Şadervan meydanından bir az yuxarıda yerləşirdi. Meydanın aşağı hissəsində Prizren türklərinin Allahla təmasına qucaq açan Sinan Paşa məscidi, ondan bir az yuxarıda Boqdanın hər gün baş çəkdiyi Müqəddəs Corc Ortodoks kilsəsi, onun ardınca isə “Yardımçı Qadın” (Helping Lady) Katolik kilsəsi dayanırdı. Müxtəlif dinlərdən ibarət mozaikanın və harmoniyanın lövbər saldığı Prizrendə yaşamaq Boqdana heç bir sözlə ifadə edə bilmədiyi xüsusi zövq bəxş edirdi.

Boqdan kilsədən çıxdıqda yaxınlıqda yerləşən məktəbin zəngi çalınır, dinindən asılı olmayaraq öz şagirdlərini yenicə başlanmış dərsə səsləyirdi.O, bu günü xoş əhval-ruhiyyədə başlasa da, sinif otağına daxil olub olmamaqda, müəllimin tapşırdığı din mövzusunda danışıb danışmamaqda tərəddüd edirdi. Hər addımında gözləri ayaqqabısının sağ tayına sataşır,onun İncil haqqındakı biliklərini unutdururdu. Sağ ayağının baş barmağı cırılmış ayaqqabısından elə görünürdü ki, elə bil dovşan balası koğuşdan boylanıb baxır. Məktəb koridorunda addımlarını yavaşıdıb sinif otağından eşidilən səsin kimə məxsus olduğunu ayırd etmək üçün qaşlarını çatıb daha diqqətlə dinlədi və dəqiqləşdirməyə çalışdı. Bəli, balaca dələduz yanılmamışdı. Danışan xoşlandığı türk gözəli Zəhra idi. Düyməciyi xatırladan qızcığaz lövhənin qarşısında gəzinərək sakit və ürkək nitqiylə şagirdlərin diqqətini özünə ovsunlamışdı. Onun din haqqındakı bilgiləri, səlis nitqi nəinki Zəhranı dinləyən auditoriyanı, eləcə də məhz din mövzusunu bu günkü dərs proqramına daxil etdiyi üçün özünü mənən rahat hiss edən cavan müəlliməni belə mat qoymuşdu. Zəhra əvvəlcə İslamın yaranma tarixindən söz açdı. Ardınca iyirmi üç il müddətində nazil olan mükəmməl Quranın ibrətamiz kəlamlarından, ayə və surələrindən nümunə gətirdi. Özünü saxlaya bilməyən Zoran yerindən qışqırdı:

- İslam bir düşmənçilik teologiyasıdır! Müsəlmanlar başda xristianlıq olmaqla bütün dinlərə qarşı cihaddadırlar!

Müəllimənin müdaxiləsini gözləmədən Zəhra davam etdi:

-”(Ey möminlər) deyin: “Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musaya və İsaya , eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri baxımından) heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq” (Bəqərə surəsi, 136-cı ayə)”

Zoran qəzəbini və hikkəsini ram etmək əvəzinə daha da ucadan:

- Müsəlmanlar qılınc gücünə hamını öz dininə gətirənlərdir! Quran bir qəzəb yuvasıdır! Zülm və islam necə də həmrəngdir!

İmanının ruhuna kin, nifrət, qəzəb toxumları qatılan bu bəndə necə də yazıqdır! –Zəhra özlüyündə düşündü. Ortodoksal xristian ailəsində islamın bu cür təbliğinə o heç təəccüblənmədi də. Əksinə, əhvalını pozmadan, səsinin tonunu dəyişmədən davam etdi:

-”Dində (əqidənin əsaslarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, ( bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.(Bəqərə s,256cı ayə) “. Məgər bu hikmətli kəlamları bəndələrinə göndərən Rəbbim onların bir-birilə qan tökməsinə heç razı olarmı?

Boqdan Zəhranın hazırcavabığından və bu qədər bilgili olmasından düzü bir az heyrətlənmişdi. Və həmin gün heç bir dərsdə iştirak etməyib, hər səhər olduğu kimi bu gün də evdən götürdüyü çörək qırıntıları ilə göyərçinləri yemləmək üçün kilsəyə qayıtdı. Və son dərsin bitməsini xəbər verən zəngin səsi eşidiləndə o dərhal məktəb küçəsinə çıxıb Zəhranın qayıtmasını gözlədi. Uzaqdan uzun hörüklərin qovaladığı kiçik və yeyin addımların sahibəsi, zərif və zəif balaca qızcığaz göründü. Boqdan bu dəfə onun saçlarını dartmadı. Əllərindən yapışıb birbaş dostunun və Allahının yanına apardı. Zəhra kilsəyə daxil olduğunda səliqə ilə dizayn edilmiş geniş bir holl və hollun düz başında çarmıxa çəkilmiş İsanı gördü. Bütün qarşısında isə xristianların yandırdıqları arzu şamlarının əriyib yapışdığı uzunsov dar masa qoyulmuşdu. Boqdan bayaqkı mövzunun davamı olaraq dilləndi:

- Atamız! Bütün xristian dünyasını xəta-bəlalardan hifz edən Rəbbimiz! Allahın oğlu Məsih! Mənim ən yaxın və yeganə Dostum!

Zəhra:

- Allaha övlad götürmək yaraşmaz(bu ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O,(qadın və övlada möhtac olmaqdan) pakdır.(Çünki) bir işin olmasını qəti istəyəndə ona “OL!” deyən kimi olur.(“Məryəm” 35)

Boqdan:

- İsa deyir ki,”Alfa və Omega, birinci və sonuncu, başlanğıc və son Mən”əm(İncil, Vahiy 22:13)

Ardınca:

- ”Mən və Atam birik” (İncil,Yuhanna 10:30)

Zəhra:

- Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq:”Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki,”məni və mənim anamı Allah yerinə iki Tanrı kimi qəbul edin?” Dedi:”(Ey Rəbbim,Sən (hər bir eyib və nöqsandan) paksan,mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım, şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən,(amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!” (Maidə 116). “Mən onlara yalnız Sənin mənə əmr etdiyini – “mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha itaət edin” demişəm.... (Maidə 117).

Zəhra bu surənin ardından nəfəsini dərmədən davam etdi:

- Şübhəsiz,” həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub”) deyən kəslər kafir oldular.De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısı öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir.(“Maidə” 17).

Boqdan ayələri dinlədikcə bir vaxtlar onu narahat edən kölgəli mətləblərə yavaş-yavaş aydınlıq gəlirdi. Etdiyi duaların gec də olsa gerçəkləşməsi onu razı saldığı halda, İsanın çarmıxa çəkilmiş vəziyyətini görəndə balaca oğlanın ürəyi tab gətirmirdi. Əvvəllər bu hal onu günlərlə narahat edirdi.Ancaq indi həmin məyusluq və dostuna heç bir üsulla kömək edə bilməməsindən doğan təəssüf hissi darda olan istənilən canlıya qarşı duyulacaq ürək yanğısı ilə eyniləşirdi. Və İsa onun gözləri qarşısında bir vaxtlar doğulub, yaşayıb və dünyasını dəyişmiş adamlarla eyni tarazlıqda dayanırdı.

Qarışıq fikirlərin burulğanında qəfil bir gurultu eşidildi. Uşaqlar hər ikisi bayıra qaçdı. Əvvəl nəyin baş verdiyini anlamadılar. Bir qədər sonra 500 m aralıda bir evin tüstüləndiyini gördülər. Hər ikisi bir kəlmə belə danışmayıb evlərinə doğru qaçdılar.

Həmin axşam Boqdanın həyatında üstündən xətt çəkmək istəsə də, yaddaşının ona lütfkarlıq göstərib silə bilməyəcəyi bir tarixin ilkin vərəqləri yazılırdı. Qonşu otaqdan televizorun qarşısında əyləşib xəbərləri izləyən və təşvişini güclə bədəninə təpib oğlunun sezməməsi üçün dəridən qabıqdan çıxan atasının anası ilə söhbətini, radio dalğası kimi gah eşidilib, gah itən ahəngsiz səs qırıqlarını eşidirdi.

- Vəziyyət ....yaxşı dey...qar..şıq..q..eh..yatlı...lma..ıq...

Bu gün albanların kilsə yaxınlığındakı bir serblinin evini yandırması Boqdanın gözləri önündən getmirdi. Bir tərəfdən Kosovanın Serbiyanın tərkibindən çıxıb özünü müstəqil elan etməsindən qıcıqlanan serblər, digər tərəfdən albanların onları öz ərazilərində görmək istəməməsi bu regionda vaxtaşırı qarşıdurmalara gətirib çıxarırdı. Beş il sonra 1999-cu il müharibəsinin ətri duyulmaqda idi. Ancaq Boqdanı artıq qapı kandarında dayanmış qarşıdurmadan daha çox Zəhrayla olan bu günkü söhbəti narahat edirdi. Onun imanında bir sapıqlıq əmələ gəlmişdi. Zəhranın gətirdiyi dəlilər o qədər əsaslı idi ki, hər hansı bir arqument söyləmək çətin görünürdü. Maraq dolu suallar leysan formasında onun üstünə tökülürdü. Bu şırhaşıra balaca beyni çətir ola bilmirdi. İsanın Allah və ya Allahın oğlu olub olmaması, İncilin təhrifi müəmması burulğan kimi qıvrılıb onun fikirlərini bir küncə sıxırdı və qeyri-müəyyən cavabın bulanıq görüntüsünü yaradırdı. Bu təzahürün günəş kimi aydınlaşması isə hələ bir müddət sonra baş verəcəkdi.

Şəhərdə fövqaladə vəziyyət elan olunduğundan uşaqlar məktəbə buraxılmırdı.Boqdan evdə darıxmaması üçün günün çox hissəsini qonşuluqda yaşayan Zəhragildə keçirirdi. Bir serblinin türk qonşusu ilə bu qədər yaxınlığı arzuolunmaz və qəbuledilməz idi. Boqdan bu münasibətləri gizlin şəkildə, yalnız valideynlərinin razılığı ilə davam etdirirdi. Münasibətlərin daha da dərinləşməsini təmin edən Zəhranın babasının nahardan sonra Quran oxuması idi. Boqdan guya Zəhrayla oynayırmış kimi davranır, əslində Quranda öz suallarına cavab axtarırdı.İslamın zənginliyindən hər gün bir az daha varlanan balaca xristianın ruhu yeni təkamülə hazırlanırdı. Bu gün eşitdiyi ayə sonuncu siqnal oldu, bütün şübhələrinə son qoydu və o, müsəlman olmağı qətiləşdirdi:

- Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər.Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onlar hər ikisi yemək yeyirdilər( dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli, onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tövhidimizin və İsanın bəndə olmasını) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!(Maidə,75)”

Qərarını bu axşam valideynlərinə deyəcəkdi. Səbirsizliklə onların işdən qayıtmasını gözləyirdi. Vaxt daraldıqca o daha da həyəcanlanırdı. Ruhu təşviş içində idi. Həyəcanını boğmaq üçün addımları ilə dayanmadan evin döşəməsini ölçürdü. Ürəyindəki sevinc və xoşbəxtlik, yeni həyata bir an öncə başlamaq istəyi balaca oğlanı buludların bərabərinə qaldırır və o ömrünün sonunadək bu yüksəklikdə dincəlməyi arzu edirdi. İndi Boqdan Zəhranın təsvir etdiyi təqvalı insanları, evlərinin altından axan gur çayları, yaşıllıqları, cənnət bağlarını görürdü. Onu xəstəxanaya qaldıranda yarıyadək yanmış bədənin içindən zəif sədalar eşidilirdi:

- ”La ilahə illəllah...”

Boqdan üç gün komada qaldıqdan sonra ayılır və tədricən sağalmağa başlayır. Anası inanırdı ki, onun yenidən həyata qayıtması Zəhranın günlərlə Boqdanın başı üstündə oxuduğu Quranın təsirilə olub.

2004-cü ilin martın 17-si Prizren tarixinə qanlı-qadalı bir gün kimi həkk olundu. Serblərlə albanların toqquşması bir neçə kəndin tamamilə məhvinə, tarixi abidələrin dağıdılmasına və onlarla insanın həyatı bahasına başa gəldi.

Artıq şəhərdə sakitlik hökm sürürdü. Bir həftə idi ki, Boqdan müsəlman olmuşdu. İndi o yenidən doğulmuş kimi ruhunun təmizliyində dincəlirdi. Fəqət keçmiş dostluq zənciri onu xaraba qalmış şəhərciyin cənubuna, əvvəllər arzularının yatdığı yerə çəkib aparırdı. Tərəddüd bir az addımlarını yavaşıtsa da, vicdanı oraya varmanı yeyinlədirdi. Budur, balaca müsəlmanın sönük mənzərə qarşısında tab gətirməyən dostluq zənciri yavaş-yavaş qırılır. Dağıdılan kilsənin xarabalıqları arasından İsanın bədən hissələri görünməkdədir. Parçalanmış bütün əvvəlki heyrətamiz duruşu Boqdanın gözləri önündə canlanır və bu təəssüfün boğduğu bədən suyu onun gözlərindən yol tapıb axmağa başlayır. Boqdan “bismillah” deyərək əyilib əvvəlcə İsanın üz qalığını qaldırır, sonra digər hissələrini tapıb birləşdirməyə çalışır. O indi Görünməyən Tanrısının mərhəməti və iznilə görünən “Allah”ın yenidən dirçəlməsinə , onun xilasına rəvac verirdi...Axı əl tutmaq Əlidən qalıb...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG