Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:34

-

- Sonra eşitdim ki, məhkəmə “Mübarizənin Rəşadətini”, “Ədalətin Rəsulunu” və daha bir neçə azad insanı uzun müddətli həbsə atmışdı. İnsanlar “Vicdanın İntiqamını” alacaqlarını bir-birlərinə söz verirdilər...

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal almayıb.

Etibar Salmanlı

ASAYİŞ

Parkda öpüşən və ya öpüşmək arzusuyla alışan cütlüklərə bircə baxışla milli-mənəvi dəyərlər aşılayırdı. Çünki o, əsl asayiş keşikçisi idi.

Səhərdən “Ulupark”ın içində o baş-bu başa var-gəl edirdi. Axırda yorulub bir skamyada oturmaq istəyəndə, fəvvarəli hovuz tərəfdən çığırtı eşitdi. Qızlar-qadınlar əlində silah olan adamı görüb qaçmağa başlamışdılar.

Asayiş keşikçisi əlini qoburuna atdı, özü də skamyanın arxasına tullanıb kömək çağırmaq istədi. Amma gördü ki, həmin vətəndaş kimsəni yox, məhz özünü öldürmək istəyir.

Bir az ürəkləndi, ürəyində “dəlinin biridir, məni də vurmasın” deyə dua edə-edə o tərəfə irəlilədi. Sakinlər ağacların arasına doluşub, cəsarətli asayiş keşikçisinin hovuza doğru təntənəli irəliləyişini izləyirdi.

– Ayə, vətəndaş, bir əl saxla. Dayan görüm. Eşitmirsən məni, vətəndaş?

– Rəis, imkan ver, ölüm də. Ölməyimizə də qarışırsız artıq?

Asayiş keşikçisinin vücudunu yenidən həyəcan bürüdü. Bu dəli özünü öldürsə, polisdə rütbə həsrətiylə işlədiyi bütün illəri zay olacaqdı.

– Nə ölmək? Nə danışırsan?! Dayan bir!... Niyə öldürmək istəyirsən özünü? Ölkəmizdə “Birinci Trans-Qalaktika oyunları” keçiriləcəyi ərəfədə qan tökmə. Cavan adamsan, gələcəyin var. Yoxsa sən də ölkəmizi sevməyənlərin qapqara dəyirmanına su şırıldadırsan?

– Rəis, nə oyun?! Bezmişəm daha yaşamaqdan. Mən cavan adam deyiləm. Mənim iki yüzdən çox yaşım var.

– Ayə, sən nə danışırsan? Nə içmisən axşam-axşam? İki yüz nədi? Danış görüm, nə məsələdi. Ciddi bir səbəbin olsa, gedib o biri ərazidə öldürərsən özünü. Mənim “uçastka”ma intihar eləmək qəti qadağandır!

– Rəis, yaxşı, başıma gələnləri danışacağam, ancaq sən də söz ver ki, icazə verəcəksən özümü öldürməyə.

– Asayiş keşikçisi heç vaxt yalan danışmaz. Söz verirəm. Amma o silahı sal aşağı. Mənə ver görüm silahı.

Vətəndaş tapançanı rəisə uzatdı. İkisi də hovuzun kənarında oturdular, amma aralarında 3-4 metr məsafə var idi.

– Rəis, deməli, belə... Mən ilk dəfə bu dünyaya Amerika Birləşmiş Ştatlarında göz açmışam. Mən bu həyata mübarizə üçün gəlmişəm. Həyatım boyu mübarizə aparacağımı, amma uğursuz olacağımı anama qoca bir keşiş demişdi...

Polis qımışdı.

– Hə, anam da mənə hamilə qalanda falçıya getmişdi. Falçı da canıyanmış elə bil UZİ-yə baxmışdı, o dəqiqə dedi ki, zırrama bir oğlun olacaq, amma əli çörəkli olacaq... He-he! – sonra özünü topladı, yenidən ciddi sima aldı. – hə, danış görüm!

Pərişan saçları olan cavan intiharçı tüklü üzünü qaşıyıb söhbətə davam etdi:

– Mən həyatımın ən qızıl illərini prezident Avraham Linkolnu qorumağa həsr etdim. Hər zaman Avraham Linkolnun sağ əli olmuşam. Tarix məni yazmayıb, ancaq mən tarix üçün çox işlər görmüşəm. Tarixi mən yazmışam. – Həmsöhbətinin pıqqıldadığını görüb əsəbiləşdi! – Rəis, zarafat eləmirəm!

Prezident insan haqları uğrunda mübarizə aparanda dəfələrlə sui-qəsd cəhdləri olurdu. Düz dörd dəfə prezidentimizi ölümdən qurtardım. Hətta bir dəfə atəş açılan tərəfə özümü atıb güllə yarası da aldım.

– Axırını danış, sonra noldu, eloğlu? –

– Rəis, tələsmə də.

– Bir gün prezident teatra - premyerası olan bir tamaşaya gedəcəkdi. Uşaqlıqdan ədəbiyyata, teatra, kinoya heç marağım olmayıb mənim. O gün prezidentin də icazəsiylə iqamətgahda qalaraq istirahət etdim. Sağ istirahət eləməyəydim!

Teatrda prezidentə sui-qəsd oldu, onu ağır yaraladılar. Özümü ona çatdıranda artıq o da öləcəyini bilirdi.

Mən o gecə yata bilmədim. Bütün gecə dərin düşüncələrimlə baş-başa qaldım. Elə bu xəyallarla da yuxuya getmişəm.

Ayılanda şoka düşdüm. Əynimdə zabit forması var idi. Divardakı yazılar, ətrafdakı əşyalardan Boliviyada – kazarmada olduğumu anladım.

Hövlnak özümü kazarmadan bayıra atdım. Bəli, mən zabit olaraq Boliviya ordusunda idim. Güzgüyə yaxınlaşdım. Sinəmdə adım yazılmışdı - Mario Teran. Mən Mario Teran olmuşdum.

Nə işim var idi axı, Boliviya cəngəlliklərində. Mən necə zaman arasında səyahət etmişdim axı? Hər şey dəyişmişdi. Geyimlər, əşyalar, hətta tütün də.

Bir neçə saat beləcə kazarmanın qarşısında oturdum, siqaret çəkərək nə edəcəyimi düşündüm. Düşüncələrimə hərbi hissə komandirinin “Hamı sahəyə” əmri son qoydu.

Sahədə bizə əmr verildi, əmr isə dünya səviyyəli terrorçu Ernesto Çe Gevaranın ölüsünü yaxud dirisini tapmaq idi.

– Ayə, Teran, bu Ernesto bizim 22-ci bölmənin axtarışa verdiyi vəhabi liderdi? Uzun saqqalı olan kişi?

– Ay rəis, sənə onun vəhabi olduğunu kim deyib?

– Qəzetlər elə yazırdı, Teran.

– Rəis, sən qəzet də oxuyursan? Elə şey yoxdu, o kişi heç vəhabi nədir bilməyib.

– Yaxşı görək, davam elə. Yaman maraqlı danışırsan.

– Mən o zamanlar Çe Gevaranın kim olduğu bilmirdim. Zabit yoldaşlarıma qoşuldum, axtarışa başladıq. Sən demə, “Xalqlara azadlıq ideyası” ilə Ernesto bizim torpaqlara gəlib çıxıb. Bizim Amerika xüsusi kəşfiyyat orqanları tərəfindən təlim keçmiş, ən son amerikan texnikasıyla silahlanmış ordumuz cəngəllikdə azmış, sadə xalqın qorxaraq kömək etməyə yanaşmadığı əlacsız partizanları mühasirəyə alaraq Çeni əsir aldı.

Onu yaxınlıqdakı kəndlərdən birinin məktəb binasına apardıq. Cəsarətli insan idi. Ölümün gözlərinə qorxmadan baxırdı. Prezidentimizdən “Öldürün” əmri gələnə qədər onunla münasibətdə olduq. Bir insan axı necə bu qədər öz ideyalarına sadiq ola bilər?!

Əmr gələndən sonra da heç kim onu edam etmək istəmirdi.

Püşk atdıq.

Lənətə gəlsin, bu dəfə də mən əsas rolu oynamalı idim. Silahımı götürüb üzünə son dəfə baxdım. “Qorxma, atəş aç!” - dedi mənə.

Arxasına keçdim, əllərim əsirdi. Boynunu nişan alıb atəş açdım. Mən onu öldürə bilmədim, güllə boynunu siyirib ayağına dəydi.

Ürəyim həyacana tab gətirmədi. Huşumu itirib Çe-nin ayaqlarının altına yıxıldım.

Polis qımışdı:

– Teran, səndə yaman istedad görürəm. Bəlkə, səni rəisimizlə tanış edim? O da ədəbiyyatı, tarixi sevir. Tez-tez tutulan canilərə otağında şeir guppuldatmağını da eşidirik.

– Bəsdir görək, rəis. Mən ölmək istəyirəm.

– Bitdi?

– Yox!

– Onda davam elə.

Gözlərimi açanda bu dəfə də yeni bir yerdə idim.

Qarşımda bığ yeri yenicə tərləmiş bir gənc oturmuşdu.

Heçnə anlamadım.

Bir neçə dəqiqə əvvəl Boliviya cəngəlliyində idim. Görəsən, indi hara düşmüşdüm?

- Davam elə, polisi necə öldürdün, əclaf?

- Mən heç kimi öldürməmişəm.

- Məqsədiniz nədir?

- Yaşamaq, Azadlıq, Ədalət!

- Məqsədiniz böyük Türkiyəni qaranlığa gömməkdirmi? Siz ölkənizi sevmirsinizmi?

- Bizim millətimizə, ölkəmizə sevgimiz sizin vəzifənizdən, pulunuzdan böyükdür.

- Ona görə dövlətin polisini öldürdün?

- Mən heç kimi öldürməmişəm.

- Hamı ayağa qalxsın. Hökm oxunacaq.

- Erdal Eren, dövlətin polisini öldürmüsən. Qəsdən adam öldürməyə görə sənə Uca Məhkəmə edam cəzası verir. Tanrı türkü, Tanrı Türkiyəni qorusun.

Hələ də sözlərin şokundan ayıla bilmirəm. Dövlət 18 yaşı olmayan birini ölüm cəzası ilə təltif edir. Özümü saxlaya bilməyib ayağa qalxıram:

- Siz nə danışırsız, yoldaş hakim. Bu gəncin 18 yaşı tamam olmayıb. Edam cəzası çox ağırdı.

- Cənab vəkil, məhkəmənin işinə müdaxilə etməyin.

- Cənab hakim, ədalətsiz qərar verirsiz. Bir daha düşünün.

- Zaldan kənara çıxarın bu ədəbsizi, qərar verilmişdir!

Bu nə dünyadır, bu nə həyatdır yaşayıram mən? Bu nədir axı?

Qollarımı bururlar, etiraz etməyə çalışıram. Başımın arxasında küt ağrı hiss edirəm.

***

– Hə... Rəsiz, deməli... Başımda küt ağrıyla ayılıram. Yenə kazarma? Boliviyaya qayıtmışam? Yox bura hərbiyə oxşamır. Bura haradır bilmirəm, amma düşdüyüm ən pis yerdir.

Yanımda yatanı ayıldıram. Mənə baxaraq:

- Bəy, necəsən ayıldınmı?

- Biz hardayıq? Bura haradır?

- Bəy, nə danışırsan, yadına gəlmir? Oğraşlar çox döyüblər ey səni.

- Kim döyüb, necə döyüb, harda döyüb?

- Bəy, yadına gəlmir? İkinci minilliyin ilk seçkisində, Oktyabrın soyuğunda mitinqdəydik, səsimizi qorumağa çıxmışdıq. Namizədimiz səslərin çoxunu almışdı. Xalq namizədini seçmişdi. Küçələrə tökülüşmüşdük. Polis kardonunu yarıb, “Həmrəylik Meydan”ına daxil olduq. İmkan verməməli idik “Qoca qurdun” oğlu hakimiyyətə gəlsin. Bəy, mənə bax qurban olum. Yaddaşın itib? Çox ağrıyırsan?

- Yox, yox. Danış, danış, sonra nə oldu?

- Nə olacağ ey, polis və əsgər öz xalqına xəyanət elədi. Nahiddən, Vüqardan xəbərin oldu?

- Nə oldu onlara?

- Sənə nə olub, unutmusan? Bizi meydandan döyərək çıxartdılar, gecəynən məhkəməyə apardılar, sonra da hərəmizə iki il iş verdilər. Bayıldayıq. Unutmusan?

Necə bir oyunun içinə düşdüyümü anlamağa çalışırdım, yanımdakı isə hərarətlə danışmağa davam edirdi.

- Nahidi meydanda polislər döyərək öldürdülər, Vüqarın üstünə maşın sürdülər. Onu da öldürdülər.

Dəli olacaqdım, sayıqlayaraq yuxuya getdim.

***

Ayılanda isə azadlıqda idim. Bir binanın qarşısında dayanmışdıq. İçəridən gələn xəbərdən sonra aləm bir-birinə dəydi. Gənclər “Azadlıq”, “İstefa”, ”Ədalət” qışqırmağa başladılar. Polislər, polis formasında olmayan adi adamlar kütlənin üzərinə hücum çəkdi. Şəfayət adlı bir gənci polislər baş-ayaq edərək polis maşınına apardılar. Daha bir neçə gənci maşına basdılar. Məhz basdılar.

Sonra eşitdim ki, məhkəmə “Mübarizənin Rəşadətini”, “Ədalətin Rəsulunu” və daha bir neçə azad insanı uzun müddətli həbsə atmışdı. İnsanlar “Vicdanın İntiqamını” alacaqlarını bir-birlərinə söz verirdilər.

Heç kim özünü saxlaya bilmirdi.

Məğroc müəllim də həbs edilmişdi.

Məğroc müəllimeee, Məğroc müəllim gələcəyin professoru.

Bu qədər ədalətsizlik ola bilməzdi axı.

Mən bir kənara keçdim.

Bir insan həyatında nə qədər bədbəxtlik, nə qədər məğlubiyyət yaşaya bilərdi axı?

Mən bezdim, bu qədər də olmaz axı.

Arxama baxmadan uzaqlaşdım oradan.

Artıq məni oralarda heç nə saxlaya bilməzdi.

Dəfələrlə məğlub olmuş bir insanı kim öz sırasında görmək istərdi axı?

Onlardan uzaqlaşsam da, daima onların fəaliyyətlərini izləyirdim. Mən artıq məğlub idim. O, lənətəgəlmiş keşiş haqlı çıxmışdı. Mən uğursuzluq zolağından əsrlərdir çıxa bilmirəm, rəis.

Rəis dərin köks ötürdü.

– Budur rəis, budur mənim tarixçəm. Mən hər gecə ölüb, hər səhər ayılırdım. Allahdan hər gün ölüm arzulayırdım. Bir insana bu qədər əzab verilməz axı.

Sevdiyin insanlar ən gözəl anlarını səndən, sevdiklərindən uzaqda keçirir, sən isə adi bir müşahidəçisən. Əlindən heçnə gəlmir. Anladınmı indi niyə ölümü arzuladığımı?

- Anladım, özü də yaxşı anladım.

- Rəis, nə deyirsən? Sözünün üstündə duracaqsanmı?

- ...

- Rəis...

- Mən sənə nə deyim? Nə eşitmək istəyirsən? Öldür özünü deməyimi?

- Heç nə demə, silahımı qaytar.

Rəisin çətin vəziyyətdə qaldığı tez-tez qarnını sığallamağından hiss olunurdu, nəhayət dilləndi:

- Al silahını. Uzaqda görünən “Üç bacı” binasını görürsən?

- Görürəm.

- Onun qarşısında “Millətin Məclisi” adlı bina var. Tanıyırsan?

- Bəli.

- Ora get. Öz qanıvı orda axıt, bəlkə, özüvü ölürməyindən mübarizənə bir xeyri dəydi.

- Çox sağ ol, rəis.

- Uzaq ol ərazimdən.

- Baş üstə.

Rəis siqaretindən uzun bir qüllab aldı. Əcayib hekayələr danışan adamın getməyindən bir saat keçirdi. Şəhərin üzərinə qara sükut çökmüşdü. Telefonun səsi onu fikirlərdən ayırdı. Zəng edən növbə rəisi idi. Ona şəhərin mərkəzində - “Üç Bacı” binasının qarşısında baş vermiş intihar xəbərini verirdi. “Ora gedirəm”- deyib telefonun “no” düyməsinə basdı.

- “Bizim həyatımız da həyat deyil ki. Harda başdanxarab, dəli varsa gəlib bizi tapar.” – deyib deyilən ünvana sürətlə addımlamağa başladı. Məmməd Mahirli, Əli Fərahimov adlanan jurnalistlərdən tez çatmalı idi əraziyə. Yoxsa onlar hadisəni çəkib, hər kəsə göstərəcəkdilər. Sonra gəl böyük rəisin qurşaqdan aşağı sözlərini eşit də...

***

Uzaqda bir it hürürdü...

Bu cümlədə fəlsəfə axtarmayın, itlər hər zaman hürərlər...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG