Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:26

Qəşəm Nəcəfzadənin 20-liyə düşməyən hekayəsi


Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.

Qəşəm Nəcəfzadə

ELÇİLİK

(Hekayə)

Dilli-dilavər bir dostum var, Qarabağın Tuğ kəndindəndir. Buzovnada yaşayır.

Şair təbiətlidir. Şeir yazırmış. “Azərbaycan gəncləri” qəzetində Tofiq Mütəllibov şeirlərini çap eləməyib, o da küsüb ədəbiyyatdan.

Danışığı qızıldır, elə ki, qələmə alır, öldürür hamısını.

Elə bil dünyanın ən gülməli və ən ağlamalı hadisələri bu kişinin başına gəlir.

Əvvəl elə bilirdim özü bəzəyir - onların tayfalarına “çöpbəzəyənlər” deyirlər - sonra gördüm ki, yox.

Bir gün mənə dedi ki, oğluma elçi gedəcəyik, sən də gəl.

Dedim, hara gedirsiz, hara gəlim?

Dedi, sabah saat 2-də Səməd Vurğunun heykəlinin yanında ol.

Dostum, dostumun arvadı, mən, mənim arvadım, bir də dostumun dostu və onun arvadı, necə deyərlər, altı yoldaş olub gəldik Böyük Şora.

Dostum elə sevinirdi ki, lap kövrəlirdi, dostumun arvadı isə qaynana kürsüsü üçün özünə yeni bir imic düzəltməkdə idi. Elə deyirdi, nə bilim vallah, gədə qohumdan-zaddan almadı, kəndimizin gözəllərini qoyub ağzımızı dirədi Böyük Şora .Qızgilin evi Bakının “Böyük Şor” küçəsindədir.

Dostum tez-tez deyir, vallah ölmədim, bu günü gördüm, hardan ağlıma gələrdi ki, oğlum Raziyə elçi gedərəm?!

Bir yaşıl qapını döydük, daha doğrusu, dostum tələsik və özü də ədəbsiz şəkildə qapını döyəcləməyə başladı. Arvadı dostuma dedi, döymə, zəngi bas. Kişi yenə qapını döydü.

Axırda arvadı özü zəngi basdı. Bir kişi açdı qapını. Dostum o kişi ilə ikiəlli görüşdü, zənn elədim ki, qızın atasıdır. O, gözünə döndüyüm də, qucaqladı dostumun boynunu, bir demədi, iki demədi, düz 5 dəfə dedi, xoş gəlib, səfa gətirmisiz!

Arvadı dostumun sol qolundan qalın bir çimdik götürdü. Bu, o demək idi ki, təkəlli görüşdüyün yerdə sol qolunun nə işi var?

Qızın atasını da arvadı tələsik o tərəfə çəkib o ki var danladı ki, bu, iki dəfə öpüşmək nədir, sən qız atasısan, ağır otur, batman gəl, qoy o səni öpsün, qoy o sənə yalvarsın.

Gələcək qaynanaların bu “sualtı” atışmasından sonra keçdik içəri.

Dostum kövrəlirdi, ölmədim bu günü də gördüm, hardan ağlıma gələrdi ki, o boydan Tuğdan durub bu boyda Böyük Şora elçi gələrəm.

Demək, oğlum böyüyüb, bilirsən, mənim oğlum necə oğlandı? Şairdi şair! Şeirləri internet saytlarında yayılır, şəkli qəzetlərdə çıxır. Hə, o, lap balaca idi, boğazı ağrıyırdı, Allah haqqı, özümü öldürdüm - dostum danışdıqca ayağa qalxırdı – bilirsiniz, dedim, ay allah, kaş onun boğazının ağrısı mənə gələydi. Onu qollarımın arasında böyütmüşəm, canımı qurban vermişəm. İndi onun üçün elçi gəlmişəm. İlahi, mən xoşbəxtəm!

Sonra dostum balaca vaxtı oğluna qoşduğu şeiri xatırladı.

Razi yaraşıqlıdır,

Qəndə bulaşıqlıdır.

Dostum bu şeirdən sonra başladı ağlamağa. Yaxşı ki, bu zaman mobil telefonuna zəng gəldi. Telefona baxdı:

- Hə, odur! Oğlum Razi. Ölmədim bu günü də gördüm.

Səsini aydınca eşidirdim:

- Ata, mən səni ora ağlamağa göndərmişəm?

Yazıq dostum yenə kövrəldi.

Sən demə o tərəfdən qız dostumun oğluna zəng eləyibmiş ki, atan gəlib məni istəmək əvəzinə burda ağlaşma qurub.

Dostum yenə başlayırdı ki, oğlunun uşaqlıq illərindən bir hekayə danışsın, qızın atası bunu hiss edib tez o biri otağa səsləndi:

“Şirinçay gəlsin!”

Elə bu zaman qız qarşıdakı pəncərənin arxasından atasını barmaq işarəsi ilə çağırdı. Qızın dediklərini lap aydınca eşitdim: “Ata, onlar məni səndən nə vaxt istədilər ki, şirinçay gətirdirsən. Kişi qaş-qabaqla qayıdıb yerində oturdu. Əllərini çarpazladı, stolda özünü dala-qabağa yellədi. Müdrik görkəm aldı: “Gərək fikirləşək!”

Dostum başladı yenə kövrəlməyə. “Leyli və Məcnun”dan sitatlar gətirdi. Dirsəyinin altından arvadı necə vurdusa çay qaşığı qucağına düşdü. Sonra qulağına yavaşca dedi: “Qısa elə, burax bu ədəbiyyatı, özü də çayı az iç!”

Artıq dostum beşinci stəkanı boşaldırdı. Çayxor adamıydı. Həm də müxalifətçi idi. Dostumun oğlu yenə zəng elədi, qulağım səsi göydə çaldı. “Ata, ora çay içməyə gedibsən? Qurtar bu “Leyli və Məcnun”u”.

Təbii ki, qız yenə zəng edibmiş! Bu söhbət bitən kimi dostum bir də dedi ki, mənə çay gətirin. Daha dostumun arvadı dözmədi, dedi ki, biz sizin qızınızı almağa gəlmişik. Versəniz də sağ olun, verməsəniz də! Dostum bu sözə düzəliş elədi, dedi, yox, sağ olmayın, amma qızı verin! Tez dostumun telefonuna yenə zəng gəldi, ata, o nə sözdür anam deyir, bizi niyə biabır eləyirsiniz?! Qız atası fürsəti fotə vermədi, tələsik dedi: “Şirinçay gəlsin!”

Şirinçayı qız özü gətirdi, dostumu yenə ağlamaq tutdu, ölmədik, bu günü də gördük - dedi.

Şirinçay yerə qoyulan kimi dostum çəkdi başına. Qız gələcək qaynatasına təəccüb elədi, amma alt dodağını çeynəməklə məsələni yüngülcə yola verdi.

Axır ki, ayağa durduq. Təzə qudalar qaş-qabaqlıdır. Görəsən niyə? Arvadı dostumu öyrədir ki, ayrılanda əl görüşmə, dodaqucu, yüngül “sağ ol” de. Qızın anası ərini mətbəxə çəkib təlimatlandırır ki, niyə əldən-ayaqdan gedirsən? Onları soyuq yola sal. Heç əl də görüşmə.

Yüngülcə “sağ ol”la ayrılırıq. Yolda arvadı dostumu alır, nə alır: “O nə ağlamaq idi, elə belə ağlayırsınız ki, 20 ildi hakimiyyətə gələ bilmirsiniz!”

Oğlu da bir yandan zəng elədi ki, niyə onlarla ayrılanda soyuq görüşmüsüz? Dostum dedi, qızın atası soyuq salamlaşdı, ona görə. Oğlu cavabında: “Axı qız deyir, sənin atan soyuq görüşdü?”

Məsələ uzandı. Dostum lap hirsləndi. Elə bil mitinqdir. Bizi küçədə sıraya düzüb uzun bir nitq söylədi. Arvadı mitinqi beşcə dəqiqəyə dağıtdı. Dostumun son cümləsi hələ də yadımdadır:

“Axı siz insan azadlığını niyə başa düşmürsünüz?!”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG