Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:59

Aslan Quliyevin 20-liyə düşməyən hekayəsi


Aslan Quliyev
Aslan Quliyev

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərinə "1-ci hekayəçi" imzasıyla təqdim edilib. Bal almayıb.

Aslan Quliyev

VƏLİNİN İLK KƏŞFİ

(hekayə)

Adamlar taxılın bol olacağını gözləyirdilər ki, hardansa sürü ilə uçub gələn çəyirtkələr zəmilərə daraşdılar.

Quşlar gəlib çəyirtkələri yeməyə başlayanda yenotlar gəlib quşları yedilər və daha çəyirtkələri yeyən olmadığından zəmilərə divan tutmağa davam elədilər.

Molla Kəlbalı adamları yığıb kəndin yuxarısındakı təpəyə apardı.

Orda molla əcnəbi dildə moizələr oxuyur, adamlar isə yenotlara, çəyirtkələrə bəla göndərsin deyə Allaha yalvarırdılar.

Allah onların dualarını eşitmədi, bəla göndərmədi, yenotlar quşların, çəyirtkələr də taxılın axırına çıxdılar. Adamlar ac qaldılar.

Qışa çörəkləri yox idi.

Dolanmaq üçün yollarda adam qabağı kəsərək oğurluq, soyğunçuluq eləməyi qərara aldılar.

Molla Kəlbalı onları bu işlərdən daşındırmağa çalışırdı: “Oğurluq günahdır, şəriət özgə malını bizə haram buyurub. Yoxsa Allah sizi cəzalandırar!”

Adamlar razılaşmadılar, dedilər: “Bəs Allah çəyirtkələrə, yenotlara heç nəyi haram buyurmayıb? İlk növbədə onları cəzalandırmalıydı, biz evimizdə oturmuşduq, onlara heç nə eləmirdik. Onlar gəlib bizim taxılımızı və quşlarımızı yedilər”.

Beləcə Vəli gedib yolun kənarındakı ağaca çıxdı. Ətrafa baxırdı ki, yoldan gələn olduğunu görən kimi kəndə xəbər versin. Adamlar gəlib yolçunu soysunlar, qarət eləsinlər.

Birinci İvan gəldi. Ağacın başında gizlənmiş Vəlini görəndə onu səslədi:

- Vəli, ağacdan düş.

- Niyə? – Vəli gözlərini bərəltdi.

- Səni oxumağa aparacağam.

Yox, mən oxumaq istəmirəm, Vəli ağacın başından qışqırdı. Kafir kitablarını oxumaq günahdır. İvan tüpürdü, tüfəngini çıxarıb Vəliyə tuşladı. “Düş aşağı, ay belə lap sənin ananı…” deyərək qəliz söyüşlər söydü.

Vəli ağacdan düşdü. İvan onu qabağına qatıb kəndə gətirdi. Vəlinin valideynlərindən onu oxumağa aparmaq üçün icazə almaq istəyirdi. Vəli göz yaşları içində İvanın onun anasını söydüyünü deyəndə kütlə qəzəblə nərildədi. İvanı yerə uzatdılar. Qəssab hülqumundan yapışıb soruşdu:

- Qibləyə kəsim?

- Fərq eləməz, - molla Kəlbalı dedi. – Əsas olan kafirin başının kəsilməsidir. Onu yemək üçün yox, cəzalandırmaq üçün kəsirik.

İvanın başını kəsdilər. Rus qanı kəndin küçəsini qırmızıya boyadı. Bundan xəbər tutan rus əsgərləri kəndə hücum elədilər. Kənd adamlarının yarısını öldürüb, İvanın meyitini öz soyuq ölkəsinə apardılar.

İvanın anası ağcaqayın meşəsinin kənarındakı çəmənlikdə ala inəyini otarırdı. Oğlunun ölüm xəbərini eşidəndə vay-şivən qopartdı. Nəhayət sakitləşib soruşdu:

- Oğlumun başını kim kəsib?

- Müsəlmanlar, - əsgərlər cavab verdilər.

- Niyə?

- Oğlun onları oxutmaq istəyirdi.

- Onları niyə oxutmaq istəyirsiniz?

Baş kəsməsinlər deyə, bığ yeri yenicə tərləyən cavan leytenant dedi. Buna onları iki yolla məcbur eləmək olar, qorxuyla və oxutmaqla. Qorxutmaq üçün orda çoxlu sayda ordu saxlamağa imkanımız olmadığından oxutmaq istəyirik. Bu qaralar onları oxutmaq istəyənlərin başlarını kəsəcəklər, biz də onları öldürəcəyik. Sonda onlar kəsməyə son qoyacaqlar, biz də öldürməyə və onlar oxumağa başlayacaqlar.

"Mənə bu tayfadan danışın", - qarı dedi.

Saçları kömür kimi qaradır, leytenant dedi, cəsur, zirək, cahil adamlardılar. Kişilər sünnətlərinin qabaq tərəfini kəsdirirlər. Qızları doqquz yaşında ərə gedə, oğlanları on dörd yaşında evlənə bilərlər. Onların bir ayı var, məhərrəmçilik, o ayda gecə-gündüz ağlaşır, xəncərlə baş yarır, sinələrinə zəncir vururlar. Onların bir ayı var, qurban, o ayda öküzləri, cöngələri, qoyun-keçiləri yan-yana uzadıb başlarını kəsirlər, hər yer qan rəngini alır. Çaylarından qan rəngli sular axır. Bir novruz ayları da var, qapılarda ocaqlar yandırır, odun, suyun üzərindən atılırlar. Bir həcc ayları da var, karvanlarla ərəb torpaqlarında olan peyğəmbərlərinin qəbrini ziyarət etməyə gedirlər. Bir ramazan ayları da var, səhərdən axşama qədər heç nə yemir, içmir, qaranlığın düşməsini gözləyirlər. Axşam oldumu, səhər açılana kimi yeyib içirlər. Bu ayda yeyib-içmək məsələsinə görə gecə ilə gündüzün yerini dəyişirlər.

Sizin onların torpaqlarında nə işiniz var? – qarı soruşdu. “Biz torpaqlarımızı genişləndirməli, xəzinəmizi doldurmalıyıq, - leytenant dedi. – Tezliklə çəkmələrimizi isti dənizlərin sularıyla yuyacağıq”. Qarı xaç çəkdi: “Qorxuram belə gedərsə, çəkmələrinizi yox, əsgərlərimizin kəsilmiş başlarını isti sularda yuyasınız”.

Əsgərlər sarı torpağı qazıb sarı İvanı dəfn elədilər. Qəbrinin üzərində üç dəfə atəş açıb, geri, müsəlmanların isti torpaqlarına qayıtdılar.

Bu dəfə də Vasya müsəlman uşaqlarını yığıb oxutmaq üçün yola düşdü. Gəlib çatdı Vəlinin ağacın təpəsinə çıxdığı yolayrıcına. Dedi:

- Vəli, ağacdan düş.

- Niyə?- Vəli soruşdu

- Səni oxumağa aparacağam.

Mən oxumaq istəmirəm, Vəli dedi, kafir kitablarını oxumaq bizə qadağandır. Oxuyarıqsa, ağlımız çaşar, günaha batarıq.

Vasya hirsləndi, Vəlinin anasına qəliz söyüşlər yağdırdı və onu qabağına qatıb kəndə gətirdi. Kənddə adamlar onun Vəlini niyə gətirdiyini, xüsusi ilə də anasını söydüyünü eşidəndə, Vasyanı da yerə yıxıb başını kəsdilər.

Rus əsgərləri yenə kəndə hücum elədilər. Əllərinə keçəni doğrayır, güllələyirdilər. Qaçıb gizlənə bilən üç-beş adam salamat qaldı. Əsgərlər də Vasyanın meyitini vətəninə apardılar.

Onlar gəlib Sibirdəki balaca qəsəbəyə çatanda artıq qış düşmüş, yollar, çaylar donmuşdu. Vasyanın anası donmuş çayın sahilindəki qətran və his qoxuyan daxmasında sobanı yandırıb, pəncərənin qabağında oturmuşdu, donmuş yollara baxırdı. Əsgərlərin gəldiyini görəndə qadının ürəyi sancdı.

Qadını Vasyanın meyitindən güclə araladılar. Onsuz da biz onu dəfn eləyə bilməyəcəyik, leytenant dedi, torpaq donub, bütün qışı səninlə qalacaq. Nə qədər istəsən qucaqlar, əzizlərsən. Yaz gələndə özünüz dəfn eləyərsiniz.

Meyiti çardağa qoydular. Qadın onları sidr arağına, suda qaynatdığı kartofa, donuz salasına qonaq elədi və elə həmən gün əsgərlər geri qayıtdılar.

Bu dəfə də Mişa Vəlini oxumağa aparmaq üçün səfərə çıxdı. Amma o, birbaşa kəndə yola düşdü. Çöllərdə zəmilər dalğalanmırdı, göylərdə quşlar uçmurdu. Kənddə səssizlik idi, viranəlik havası vururdu adamı. Qoca bir kişi çıxdı Mişanın qabağına. Mişa ondan soruşdu:

- Sizin zəmiləriniz hanı?

- Çəyirtkələr yedi, - qoca dedi.

- Göyləriniz niyə bomboşdur?

- Quşlarımızı yenotlar yeyib, ona görə.

- Adamlarınız hanı?

- Rus əsgərləri öldürdü.

Qoca tənbəki eşib qəlyanını dolduraraq yandırdı, acı tüstünü ciyərlərinə çəkib öskürdü. Gözləri yaşarmış halda dedi ki, biz Allaha yalvarıb ondan çəyirtklərə, yenotlara bəla göndərməsini xahiş elədik. Bu da Allahı qəzəbləndirdi. Rusların timsalında bizə bəla göndərdi.

Mişa hirsləndi: Bizi niyə sevmirsiz? – qocadan soruşdu.

Hələ bir soruşursan da! Torpaqlarımızı işğal eləyir, əlimizdəkiləri alır, adamlarımızı öldürürsüz. Donuz əti yeyir, həncamalarınızı divara, tayaya tutub işəyir, çölə çıxandan sonra yanınızı yumur, adamı kefləndirən içkilər içirsiz. Ona görə də sizdən iy gəlir.

“Mən lap sizin ananızı…” - Mişa da bir xeyli qəliz söyüşlər söydü. Dedi, sizin xalq qoyunları yeyir, bizim xalq da donuzları. Sizin xalq üçün qoyunlar nə qədər vacibdisə, bizim xalq üçün də donuzlar bir o qədər vacibdi. Sizlərdən vergi yığır, əvəzində sizi qoruyuruq. Siz xəyal aləmində yaşayırsınız, dünyada ədalət yoxdur. Güclülər və gücsüzlər var. Kim güclüdürsə, o da haqlıdır. Güclülər gücsüzləri basıb əzməli, əlindəkini, torpağını almalıdılar.

Adamlar səs-küyə gəldilər. İşin nə yerdə olduğunu öyrənən molla Kəlbalı dedi, kənddə cəmi on yeddi nəfər qalıb. Analarımızı yox, arvadlarımızı da söysə, bunun başını kəsə bilmərik. Yoxsa əsgərlər gəlib hamımızı öldürər, nəslimizi kəsərlər. Şimal torpaqlarında bunlardan çoxdur, hamısının başını kəsə bilmərik. Nə qədər kəssək də, bunlar bir ucdan gələcəklər.

Adamlar narazı qaldılar: “Necə yəni, bu indi bizim anamızı söysün, biz də bunun başını kəsməyək? Kim anasını bir kafirin filan eləməsinə razı olar?” “Heç kim razı olmaz, - molla dedi, - amma heç də həmişə analarımızı filan eləmək üçün razılığımızı soruşmurlar. Razı olduq, olmadıq, filan eləyirlər”.

Sonra üzünü Mişaya tutdu:

- Kafir, sənə nə lazımdır?

- Vəlini oxumağa aparmalıyam, - Mişa dedi.

- Bəs əvəzində sənə qızıl versək?

- Verin!

Toplayıb nə qızılları varsa Mişaya verdilər, Mişa getdi, ancaq altı aydan sonra qayıdıb gəldi. Vəlini oxumağa aparmaq istəyirdi.

- Axı biz sənə qızıl verdik, - molla dedi.

- Bir dəfə verdinizsə, yenə verə bilərsiniz.

- Bilmərik, - molla dedi, - daha qızılımız yoxdur.

- Yoxdursa, Vəli oxumalıdır.

Qızıl yox idi. Məcbur qalıb Vəlinin oxumağa getməsinə razılıq verdilər.

Anası Vəlinin şalvarını, köynəyini yamadı, həvəngdəstədə buğda üyüdüb qovud qovurdu, lavaş bişirdi. Atası onun üçün camış gönündən təzə çarıq tikdi, əmisi quzu dərisindən bir papaq bağışladı. Anası tiyanda su qızdırdı, Vəli tövlədə çimdi, keyinib, keçinib, xurcununu çiyninə ataraq Rusiyətə yola düşdü.

Onlar qışda gəlib Rusiyətə çıxdılar. Qırx dərəcə şaxta haqda anlayışı olmayan, havanın bunca soyuya biləcəyini təsəvvür eləməyən Vəli düşünürdü: “Demək, Allahın təkcə alovlar içində alışıb yanan isti cəhənnəmi yox, soyuq cəhənnəmi də var imiş”.

Vəli Rusiyətdə altı ay heç yerə çıxmadan rus dilini öyrəndi və ona şəhərə çıxmağa icazə verdilər. Küçədə başları açıq, sarışın saçlı, mavi gözlü qızları görəndə ağzı açıla qaldı. “Vay, anam, vay! Mən cənnətəmi gəlib düşmüşəm? Doğrudanmı indi bunlar hamısı mənimdir?”

Qarşısındakı qızın külək vurduqca donu yellənir, donunun altında nə varsa hamısı görünürdü. Vəlinin ürəyi əsir, qıçları titrəyirdi. Arxadan qıza yaxınlaşdı:

- Nataşa, - dedi və qıza parkı göstərdi, - gedək ora, ağacların arasına,

- Niyə? – qız ona tərəf döndü, mavi gözlərində heyrət var idi.

- Şəriətə görə kişi qadınla bu işi hamının gözü qarşısında eləyə bilməz. Gizlində görməliyik.

Nataşanın qoluna girdiyi cavan oğlan Vəlinin alnının ortasından necə vurdusa, gözlərindən qığılcım çıxdı. “Yandım, anam, yandım! Niyə vurursan?” – Vəli qışqırırdı. Rus isə cavab vermək əvəzinə ikincisini şapladı və Vəli səntirləyib səkiyə uzandı. Rus ayağını onun sinəsinə qoyub nifrətlə dedi:

- Qara it, mənim nişanlıma elə alçaq təklif eləyirsən, hələ bir niyə vurduğumu da soruşursan!

- Axı bizim dinimizə görə qızın sinəsini, sifətini gördünmü, sənin halalındır.

- Qara, sizin dininiz öz torpağınız üçündür, öz qaralarınız üçündür. Bizim üçün yox.

Qızla oğlan çıxıb getdi, Vəli isə bir müddət də rus günəşinin qızılı şüaları oynaşan səkidə uzanıb onların arxasınca baxdı.

Tədricən Vəli təcrübə topladı, rus qızlarına bələd oldu, sonralar bu işi bir qədər ehtiyatla gördü. Şəriətə görə bu qızların hamısı ona halal olsa da, yanında yekəpərlər olan qızlara yaxınlaşmadı.

***

Oğlum, qərib ölkədə darıxırsanmı? Qarın dolusu lavaş, təndir çörəyi yeyirsənmi? O yerlər bizim yerlərə bənzəyirmi? Göylərində quşlar uçurmu? Gündüzlər günəş doğur, gecələr ay çıxırmı? O torpaqlarda küləklər əsir, yeni sular axırmı?

Ana, elə də darıxmıram. Burda lavaş, təndir çörəyi yoxdur. Kömür kimi qara çörəkləri var, çovdar unundan bişirirlər. Bu yerlər bizim yerlərə bənzəmir, soyuq və kədərli ölkədir. Göylərində qara rəngli qarğalar, dolaşalar, sığırçınlar uçur. Günəşləri doğur, ayları çıxır, amma günəş bəzən batmağı yaddan çıxarır və aylarla gecə olmur. Küləkləri əsir, amma bizim küləklər kimi ətirli olmur. Suları axır, amma bizim sular kimi çağlamır.

***

Vəli oxumağı, yazmağı öyrənib öz ölkəsinə qayıtdı. Yay idi, günəş Azərbaycan çöllərini qovurub qarsayırdı. Qadınlar gölün kənarında çamırı vedrələrə yığır, sonra ovuclayıb günəşə tərəf atırdılar ki, günəşin üzünü suvasınlar, istisi az olsun.

Molla Kəlbalı da kəndin üç-beş adamı ilə birlikdə yuxarıdakı təpədən qayıdırdı. Yağış yağsın, istilər düşsün deyə müsəllaya çıxıblarmış.

Molla Kəlbalı onunla soyuq görüşdü. İndiyə qədər kəndin yeganə savadlısı o idi. Bu günsə yazıb oxumağı bacaran cavan bir oğlan da gəlib çıxmışdı və adamlar ona daha rəğbətlə baxırdılar.

- Sən orda nə öyrəndin, molla soruşdu.

- Çox şey, Vəli dedi, həm də bir kəşf elədim.

- Nəymiş sənin kəşfin?

- Bizim adətlərimiz, şəriətimiz öz torpaqlarımızda keçərlidir. Özgə torpaqlarında yox.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG