Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:43

MM deputatları Avropa Parlamentində keçirilmiş dinləmələr ilə bağlı bəyanat verib

-

Milli Məclisinin bir qrup deputatı Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat verib. APA-nın məlumatına görə, bəyanat müəllifləri həmin dinləmələri pisləyib, qərəzli sayıb:

““Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri qurumun sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur,” bəyanatda deyilir.

Bəyanat müəllifləri Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsilə bağlı Avropa Parlamentindən səsləndirilən fikirləri “həqiqətdən uzaq” adlandırır.

“Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”.

Bəyanatı parlamentin sədr müavinləri, digər deputatlar imzalayıb.

İyunun 10-da Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. İyunun 8-də isə Avropa Parlamentinin vitse-prezidenti, Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG