Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

«Mənim səsimdən yalnız müharibə şəraitində istifadə etmək olar»


Şəmistan Əlizamanlıyla söhbət, 1 noyabr 2006

Şəmistan Əlizamanlıyla söhbət, 1 noyabr 2006

O, Azərbaycan adamının yaddaşına demək olar ki, müharibə yazdı. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda gedən savaşdan hər gün televiziya vasitəsilə Azərbaycan tamaşaçısına məlumat verən bu adamı ölkədə demək olar ki, tanımayan yoxdur. Həmin illərdə o, həm müharibəni məlumat şəkilində yaddaşlara ötürür, həm də həm də mahnıya çevirib duyğulara bərkidirdi. Uğursuz əməliyyatlardan məlumat verərkən nə qədər gizlətsə də çəkdiyi iztirab sifətində özünü büruzə verirdi. Sonra müharibə dayandı. Həmin adam da cəbhə xəttinin o üzündə qalan torpaqlar kimi bir müddət görünməz oldu. «Tanınmışlar»ın budəfəki qonağı Şəmistan Əlizamanlıdır.

-Uzun müddət Azərbaycanın efir məkanında görünən və cəmiyyətin kifayət qədər tanıdığı Şəmistan Əlizamanlı sonralar görünmədi. Harada idiniz?


-Mənim görünməyim də, yox olmağım da müharibəynən bağlıdır. Atəşkəs elan olunandan sonra hiss etdim ki, hərbi diktora, bu səsə hələlik ehtiyac duyulmur. Belə başa düşürəm ki, mənim səsimdən yalnız müharibə şəraitində istifadə etmək mümkündür.


-Amma, hərbi diktor olmaq haradan irəli gəldi? Yəni müharibə cəmiyyətin sizi, eyni zamanda sizin özünüzü tapmağınıza şərait yaratdı.


-Bundan əvvəl Azərbaycan Dövlət Radiosunda 1986-1992-ci illərdə diktor işləmişəm. 1986-cı ildə məni Moskvaya SSRİ radio və televiziya qurumuna ixtisas artırmaya göndərilər. Orada müsabiqə keçirildi və mən birinci yer tutdum. Bütün SSRİ miqyasında birinci olduğuma görə çox sevinirdim. Orada mənim müəllimim 1941-1945-ci illər müharibəsi zamanı məşhur diktor olmuş Levitanın tələbəsi idi. Mən həmişə Levitan haqqında maraqlanırdım. Onun haqqında hər şeyi bilmək istəyirdim.


-Sizə də bir vaxtlar «Azərbaycanın Levitanı» deyirdilər. Belə bir şeyi əvvəllər heç fikirləşirdinizmi?


-Təbii ki, hər kəs ona bənzəmək itərdi. Xüsusən də bizim kimi gənc diktorlar. 1992-ci ildə Müdafiə Nazirliyi Dövlət Teleradio Komitəsinə müraciət etdi ki, xalqı səfərbərliyi alan bir səsə ehtiyac var. Komitədən isə məni məsləhət gördülər. Qorxurdum ki, işin öhdəsindən gələ bilmərəm, çünki, bu tamamilə mənə yad bir sahə idi.


-Niyə məhz diktor olmaq istədiniz?


-Diktor olmaq həvəsi məndə sonralar yarandı. Orta məktəbi bitirəndə gəmi kapitanı olmağı arzulayırdım. 1974-cü ilə atamla Bakıya gəlib Qafur Məmmədov adına Dənizçilər Məktəbinə qəbul olunmaq istədim. Amma, yaşım az olduğundan məni götürmədilər. Atam qərara gəldi ki, məni 17 yaşım olana qədər texniki-peşə məktəbinə qoysun. Beləliklə, mən elektrik qaz qaynaqçısı peşəsinə orada yiyələndim. Peşə məktəbində oxuyanda incəsənət və teatr məni özünə cəlb etməyə başladı. Tez-tez dram dərnəklərinə gedirdim, tamaşalar baxırdım. Teatr bir sehrli aləm kimi məni özünə cəlb etməyə başladı. 1978-79-cu illərdə Moskvada hərbi xidmətdə olmuşam. O zaman bir əsgər dostumla Moskvanın Böyük Teatrının dekorasiyalarının daşınmasına kömək edirdik və bunun müqabilində onlar bizə iki stul verirdilər, üçüncü mərtəbədən teatra baxırdıq. O zaman Böyük Teatra düşmək, bilet tapmaq çox müşkül məsələ idi. Əsgərlikdən sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında çalışdım. Elə İrəvan teatrından da göndəriş aldım və İncəsənət İnstitutuna daxil oldum. Ali təhsilimi başa vuranda isə müəllimlərin dedi ki, səndən yaxşı diktor olar, bu sənətin dalınca get dedilər…


ŞƏMİSTAN ƏLİZAMANLI İLƏ SÖHBƏTİ ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG