Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:58

Bakılıları əcnəbilərə "geridəqalmış" kimi tanıdan kimdir?


-

“Yolu keçərkən yeraltı keçiddən istifadə edin. Yolu piyada zolağıyla keçəndə maşınların duracağını fikirləşməyin, çünki dayanmırlar. Yerli insanlar harda, necə gəldi yolu keçir, amma siz bunu etməyin, çünki təhlükəlidir”.

Bu, Bakıya gələn turistlərə edilən tövsiyələrdən biridir.

“Bakı - 2015” Avropa Oyunlarının tərəfdaşlarından olan “Fivecurrents” şirkətinin hazırladığı bildirilən "məsləhət" vərəqindəki tövsiyələrdən daha bir neçə nümunə:

· Yayda 30 dərəcədən yüksək isti havada belə yerli kişilər şortik geyinmirlər. Bu, islamla bağlı ənənədir. Şortik geyinmək sizə problem yaşatmasa da, ətrafdakıların diqqətini çəkəcəksiniz.

· Qızların tanımadıqları kişilərlə qardaşı olmadan harasa getmələri uyğun deyil. İşlə bağlı bir xanımı harasa dəvət etmədən öncə yaxşı fikirləşin. Qızın nəsə şübhəyə düşdüyünü görsəniz, yerli bir kişinin sizlə gəlməsini xahiş edin.

· Bakıda "hə" həmişə "hə" demək deyil. Çünki yerli insanlar "yox" və "bilmirəm" sözlərini işlətmək istəmir. Qarşı tərəfin sizi anladığından əmin olana qədər səbrli olun və dediklərinizi təkrar edin.

Bu "məsləhət" vərəqələrinin həqiqətən də "Fİvecurrens"in hazırladığı bəlli deyil. Amma sosial şəbəkələrdə paylaşılan vərəqələrdə həmin şirkətin və "Bakı - 2015" Avropa oyunlarının loqosu yer alır.

FiveCurrents dünyaca məşhur tədbir təşkilatçısıdır. Bu şirkət Rio - 2007, Qvadalaxara - 2011 Pan- Amerika oyunlarının, "Disneyland"in 50 illik yubiley tədbirinin, "Livecity" Vankuver - 2010, həmçinin digər tədbir və mərasimlərin təşkilatçılarından olub.

Eləcə də "Soçi - 2014" Qış Olimpiadası, "London 2012" Olimpiya və Paralimpiya oyunlarının, "Salt Lake - 2002" Qış oyunları olimpiya və paralimpiyalarının.

“BU TRAGİKOMEDİYADIR…”

Sosial şəbəkələrdə bu “məsləhət”lər müzakirə mövzusuna çevrilib. İstifadəçilərin əksəriyyəti bu deyilənlərlə Azərbaycanın və azərbaycanlıların aşağılandığını düşünürlər.

Elnur Rəşidov adlı Facebook istifadəçisi yazır:

“Xarici turistlər üçün məlumat vərəqəsində yazılanlardan sonra azərbaycanlı olmağıma görə bu qədər utanmamışdım”.

Digər bir istifadəçi Cavid Ramazanov bu məlumat vərəqəsində yazılanları belə şərh edir:

“Elə bil 17-cı əsrin Avstraliyasında xaricdən gələnlərə yerli aborigenlərlə rəftar eləməyi öyrədirlər. Tragikomediyadır”.

“BU, SUBYEKTİV FİKİRLƏRDİR VƏ…”

İş günü başa çatdığından bununla bağlı Bakı 2015” Avropa Oyunlarının Təşkilati Komitəsinin münasibətini öyrənə bilmədik. Amma Təşkilat Komitəsinin qrafik dizayn mütəxəssisi Rəşad Talıblı bu məlumatı paylaşanlardan birinin statusuna şərh yazıb:

“Dostlar, bu, əlbəttə, hansısa insanların və ya təşkilatın düzəltdiyi subyektiv maraqlarla dolu fikirlərdir. Bunun “Baku 2015” oyunları ilə heç bir əlaqəsi yoxdur. Brend mütəxəssislərini bu barədə məlumatlandırdım, onlar da hüquq şöbəsi ilə danışıb, bunu aradan qaldıracaqlar”.

Rəşad Talıblı əlavə edib ki, “Fivecurrents” “Baku 2015” Avropa Oyunlarının icraçılarından biridir. Rəsmi sponsorlar və dəstəkçilərdən başqa icraçıların nəinki “Bakı 2015”in adından, hətta loqosundan istifadə etmək hüquqları yoxdur.

Rəşad Talıblı bənzər hadisələrin bundan əvvəl də baş verdiyini və məsələnin yoluna qoyulduğunu xatırladıb

XS
SM
MD
LG