-
"Bir də gəlsəm dünyaya" şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş Fuad Rəsulzadədən yeni şeirlər
Fuad Rəsulzadə
Siam əkizi kimi
Vaxtında çıxıb getmək lazımdı
hər yerdən,
uzaqlaşmaq ,
yəni esistənilmiyənlə qarşılaşmamaq
üçün birdən.
Kordovadalı yəhudilərin
rekongista sonunda İspaniyadan,
müsəlmanların San Stefanodan sonra
Balkanlardan uzaqlaşdıqları kimi
dabanı deşilənəcən çarıq, başmaq
əvvəlkilərdən uzaqlaşdıqca uzaqlaşmaq.
Allah bizi ən son, altıncı gün yaratdığından
biz digər yaradılanlardan daha təcrübəsizik .
Qabil Habili basdırmağı qarğadan öyrəndiyi kimi
biz də Qondvanadan bezib ayrılan Lavrasiyadan,
təzə sabun alanda neçə gün əlimizi yuduğumuz
kirtik sabunun əlüzyuyanın içinə düşüb
ordan da kanalizasiyaya getməyindən,
müsabiqədə udulan kompyuterin evə gəlişindən
bir neçə gün əvvəl
köhnə kompyuterin çökməyindən öyrənməliyik
vaxtında getməyi.
“Sənlə tanış olduğum gün göylərə şükürlər olsun”lar
“Sənlə tanış olduğum günə min lənət olsun”lara,
“Sənlə fəxr edirəm”lər
“Sənə görə utanıram”lara dönmədən lazımdı getmək.
Nə ən gizlin görüşlərdə deyilən “ayrılsaq ölərik”lər,
Nə də ən çılğın sevişmə vaxtı “sənsiz yaşaya bilmərəm”lərin
heç biri Siam əkizlərinin
“ayrılsaq yaşaya bilmərik”ləri qədər səmimi deyil.
"Mazoxun işgəncəsi"
Planetlər saymayır
Heç biri Plutonu.
Sezar püşkünü atıb
Adladı Rubikonu.
Gəlməyincə evlənib
Sevgilisi Qodonun.
“Mülkiyyət oğurluqdur”
Fikridir Prudonun.
Hamı əla tanıdı
İrlandların Bestini.
Borciyalar gizlətdi
Hamıdan inçestini.
Tapammırdı Herakl
Hesperidin almasın
Eridaya almayla
Deyin, nifaq salmasın!
Bilmirlər nəyə gülür
Hələ də Mona Liza
Yuxuda qovalayır
Ağ dovşanı Alisa.
Zülm edəni qadınlar
Sevir Stokholmda.
Maradona dedi ki,
Əl var mənim qolumda.
Oxuduğunu bilib
Əzbər Mnemosina.
Doqquz muza doğubdu,
Cırılıbdı vagina.
Təkcə dabanındaydı
Axillesin defekti.
Dərmansız da sağaldır
Plasebo effekti.
Ərə gəlib Lyosaya
Öz xalası Urkidi.
Görən Lyosa oğluna
Xalaoğlumu dedi?!
Getdi qurban Xaraon
Cəmisi bircə oxa.
Zülm, əzab, işgəncə
Ləzzət edib Mazoxa.