Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

«Kredit qurbanları»nın icra başçısı ilə görüşü nəticə vermədi


Aclıq keçirən sakinlər böyük fırıldaqla üzləşdiklərini deyirlər.
Aclıq keçirən sakinlər böyük fırıldaqla üzləşdiklərini deyirlər.

-

Qazax rayonunun Xanlıqlar kəndinin bir qrup sakini ötən həftədən aclıq aksiyası keçirdiklərini bildirirlər. Onlar aksiya keçirmələrini qarşılaşdıqları fırıldaq əməl və rayon rəhbərliyinin buna biganəliyi ilə izah edirlər. Aksiya iştirakçılarının iddialarına görə, 2013-cü ilin müxtəlif vaxtlarında kəndin 230-a yaxın sakininin adına külli miqdarda kreditlər götürülüb və ödənilməyib. Demələrinə görə, onlar bu hadisədən işləri məhkəməyə verildikdən sonra xəbər tutublar. Sakinlər deyirlər ki, krediti onların adina götürən bağça müdiri borcları ödəməkdən imtina etdiyindən, qərarın icrası üzərlərində qalıb. Aldanıldıqları ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət ediblər, müsbət nəticə əldə edə bilmədikdə isə aksiyaya qərar veriblər.

2014-cü ildə ilk dəfə məhkəməyə çağırılan kənd sakinləri istər hakimi, istərsə də dövlət ittihamçısını inandıra bilməyiblər ki, bu kreditdən onların xəbərləri yoxdur. Kreditlər «Zaminbank» və «Kapitalbank»ın yerli filiallarından götürülüb.

Məhkəmənin qərarı ilə kənd sakinləri həmin kreditləri maaş və təqaüdləri hesabına ödəməlidirlər. İndi ehtiyat edirlər ki, buna heç bəzilərinin ömrü çatmaya bilər.

İCRA BAŞÇISI İLƏ GÖRÜŞ...

Artıq bir həftədir aclıq aksiyası keçirdiklərini deyən sakinlər bir neçə gün öncə icra hakimiyyətinin başçısı Ayaz Əsgərovla görüşüblər. Görüşdə icra başçısı ilə yanaşı, rayon məhkəməsinin sədri, prokuroru, polis rəisi və rayonda mövcud olan bütün bankların rəhbərləri iştirak ediblər. Görüşə qatılan sakinlərin deməsinə görə, uzun müzakirələrdən sonra icra başçısı üzünü «Zaminbank» və «Kapitalbank»ın yerli rəhbərlərinə tutaraq sakinlərə necə kömək edə biləcəkləri ilə maraqlanıb. «Zaminbank»ın yerli rəhbəri faiz borclarını dayandırmağa çalışacağını, «Kapitalbank»ın nümayəndəsi isə ödəmə zamanının bir az daha uzadıla biləcəyini qeyd edib.

Aclıq aksiyası keçirən kənd sakini.
Aclıq aksiyası keçirən kənd sakini.

Kənd sakinlərinə, demələrinə görə, həmçinin bildirilib ki, Avropa Oyunları öncəsi təxribat törətmək lazım deyil.

Aclıq keçirən sakinlər isə deyirlər ki, böyük fırıldaqla üzləşiblər. Maaş kartlarında nə pul olur hamısını banklar tutur. Kənd sakinləri sual edirlər:

BƏS BİZ NECƏ DOLANAQ?

Aclıq aksiyası keçirən kənd sakini Mirvari Mustafayeva qeyd edir ki, rayon rəhbərliyinin tutduğu mövqe də onları qane etmir.

Aclıq aksiyasının başqa bir iştirakçısı Elşad Həmişəyev isə deyir ki, daha bir neçə gün də gözləyəcəklər. Aksiyalarına fikir verən olmasa, ölkə vətəndaşlığından imtina edəcəklər.

Aksiya iştirakçıları məsələnin bu həddə çatmaması üçün prezidentin bu işə müdaxilə etməsini, əsil təqsirkarların cəzalandırılmasını istəyirlər.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Alıyev isə bildirib ki, bu problem onların nəzərindədir. Məsələ ilə şəxsən icra başçısı Ayaz Əsgərovun özü maraqlanır. Ümid edir ki, problem tez bir zamanda öz həllini tapacaq.

XS
SM
MD
LG