Keçid linkləri

Təcili xəbərlər

Ümid göylərə qalanda...


Foto illüstrasiya
Foto illüstrasiya

-

SOSİOLOGİYA VƏ ULDUZ FALLARI...

Bu yaxınların söhbətidir. Avtobusda ön cərgələrdən birində əyləşmişdim. Birdən gözüm sürücünün oturduğu yerin arxasındakı tabloya sataşdı. Baxıb gördüm ki, tabloda hər günün ulduz falları verilir. Bu, mənə köhnə hadisələri xatırlatdı...

Ümumiyyətlə, ulduz bürcləri və ulduz falları ilə mənim «haqq-hesab»ımın uzun tarixçəsi var. Çoxdanın - 90-cı illərin əvvəllərinin söhbətidir. O vaxt institutların birində sosiologiyadan saathesabı dərs deyirdim. Açığı, bu roluma heç cür alışa bilmir, «dəqiq elmlərin adamı sosiologiyadan dərs deməz» – deyə düşünürdüm...

Amma bu elmə bir az baş vurandan sonra gördüm ki, onun banilərindən biri, Azərbaycanda daha çox Ogist Kont adıyla tanınmış Auguste Comte sosiologiyanı başdan-ayağa fizikaya uyğun qurub. Sonradan bu elmdə dəqiq elmlərdən götürülən bir xeyli analogiyayla rastlaşdım və bu, mənə, müəyyən qədər, öz aqibətimlə barışmağa kömək etdi...

O vaxtlar keçid dönəmiydi. Hara və necə keçəcəyimizi bilməsək də, o dövrü hamımız yaşayırdıq. Həmin dövr mənə elmi baxımdan da xeyli maraqlı görünürdü...

Vaxtlar həm də ulduz fallarının zirvə dövrüydü. Hara baxar, hansı qəzetə göz atardın, elə hey ulduz falları görərdin.

Qərəz, sözüm bunda deyil. O vaxtlar həm də ulduz fallarının zirvə dövrüydü. Hara baxar, hansı qəzetə göz atardın, elə hey ulduz falları görərdin. Astroloqlar publikanın və efirlərin ən sevimli qəhrəmanlarına çevrilmişdilər. Baxıcılar sensasion siyasi proqnozlar, hər mövzuda açıqlamalarverirdilər...

Bir gün qərara gəldim ki, seminarlardan birini buna həsr edim. Etdim də. Amma üstündən az keçmədən gördüm ki, bir nəfər kafedrada böyük bir hay-küy salıb ki, bəs, filankəs müəllim uşaqlara sosiologiya əvəzinə astronomiyadan dərs deyir. Nə qədər and-aman etdim, inanmadılar... Beləcə, məni həmişə dilxor edən bir məsələylə - mövhumatla ilk ciddi toqquşmam bu cür başladı...

İndi başınızı ağrıtmayacağam. Bu olaydan sonra hər fürsətdə astroloq və baxıcıların paxırını açmağa çalışırdım. Düşünürdüm ki, ən azı, öz təhsilimə görə mən bunu etməliyəm...

YUSİF SƏRRAC NECƏ ŞAH OLDU...

İndi əvvəlki «bum» bir xeyli çəkilib, amma hələ də qalıb... Və mən də daha «ezoterik təlimlər»in daşıyıcılarını əvvəlki ciddiliklə izləmirəm. Amma bu yaxınlarda başqa bir hadisə də oldu. Şah Abbasdan veriliş verdilər. Həmin verilişdən bəlli oldu ki, sən demə, Yusif Sərrac məsələsi heç də M.F.Axundovun uydurması deyilmiş və elə həqiqətən də belə bir hadisə olub -münəccimlərin təkidiylə Şah Abbas bir-iki günlüyə hakimiyyətdən çəkilib və taxt-tacını adi bir sənətkara həvalə edib...

Sən demə, Yusif Sərrac məsələsi heç də M.F.Axundovun uydurması deyilmiş və elə həqiqətən də belə bir hadisə olub -münəccimlərin təkidiylə Şah Abbas bir-iki günlüyə hakimiyyətdən çəkilib və taxt-tacını adi bir sənətkara həvalə edib...

Sonrası... Bəli, sonrasını hamı bilir... Amma o verilişin üstündən az keçməmiş bir tanışıma rast gəldim. Soruşdu ki, gördün? Dedim, bəli, gördüm... Qayıtdı ki, bəs indi inandın ki, ulduz falı boş şey deyil? Dedim, yox, inanmadım! O tanışım qayıtdı ki, qardaş, bura Şərqdir, onun o qədər tilsimləri var ki!.. Amma mən çox yaxşı bilirdim ki, bu, heç də Şərq-Qərb söhbəti deyil. Nostradamus Qərbdə olmuşdu...

SADƏCƏ, ŞƏKİL...

Qayıdaq ulduz bürclərinə. Bürclərdəki ulduzların biri-birilə heç bir maddi-fiziki əlaqəsi yoxdur. Bu, adicə şəkildir – ulduzların Göy sferasına proyeksiyasıdır...

Mən demirəm ki, astrologiyanı büsbütün tullamaq lazımdır. Yox. Düşünürəm ki, keçmişi - Şərqin tarix, ədəbiyyat və mədəniyyətini öyrənmək üçün astrologiya çox gərəkli ola bilər...

Məsələn, hansısa Şərq şairinin bir beytində gizlənən mənanı açmaq üçün ulduz fallarının, bütövlükdə astrologiyanın böyük köməyi dəyə bilər. Tarixdə bu, dəqiq xronologiyanı müəyyənləşdirmək və keçmişdəki insanların Dünya haqqındakı təsəvvürlərini öyrənmək baxımından gərəklidir...

HƏR ŞEYƏ İNANMAQ DA OLMAZ...

Çağdaş insan baxımındansa astrologiya tam mənasız bir şeydir. Biri var elm, biri də var ilkin təsəvvürlər...

Astrologiya da əlkimya kimi insanların çox ibtidai təsəvvürlərindən biri olaraq meydana çıxmışdı. Əlkimyadan kimya, astrologiyadan da astronomiya yarandı. Və astrologiyada elm üçün rasional nə varsa, götürüldü, qalanlar bir kənara tullanıldı...

İnsan ümidsizlik burulğanına düşəndə mistikaya meyllənir. İndiki sosial-siyasi və mənəvi mühit bunda heç də az rol oynamır.

Burada daha iki amilin üstündən ötməyək. İnsan ümidsizlik burulğanına düşəndə mistikaya meyllənir. İndiki sosial-siyasi və mənəvi mühit bunda heç də az rol oynamır. Hazırda keçid dövrü bitib - insanlar da özlərinə və sabaha daha ümidli olublar, amma... Amma ümidsizlik dumanı tam çəkilməyib...

Məhz Şərqə xas bir məqam da var. Şərqdə mistikaya, «gizli elmlər»ə meyl həmişə güclü olub, hətta belə hesab edilib ki, əsl elm də gizli olmalı və yalnız «seçilmiş» insanlara açılmalıdır...

Vəssalam... Başqa nə demək olardı bu xüsusda? Bir daha acizanə şəkildə yada salıram ki, indi 21-ci əsrdir, əzizlərim. Demək, inanc seçərkən, bir az düşünməyə dəyər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG