Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Asiyalı şairlər Avropa dərgilərində qan ağlayırlar


-

Topumuzu götürmək istəyirik

Avropada çıxan, Asiya ədəbiyyatına həsr olunmuş jurnalları vərəqləyirəm kitabxanada. Bu jurnallarda zorlanan qızlara, başı kəsilən kişilərə şeir həsr edən nə qədər şərqli şair var. Adam bu şeirləri oxuyanda birtəhər olur.

Hindistan, Bütan, Banqladeş, Əfqanıstan, Nepal, Çin... - onlarca şair bu şeirlərdə şikayət edir, konkret lövhələr cızmaqla.

Məsələn, Shanta Acharya adlı gənc xanım “Nirvaya” adlı bir şeir göndərib jurnala. Şeir Dehlidə 2012-ci ildə avtobusda bir dəstə tərəfindən zorlanandan sonra xəstəxanda ölmüş Jyoti Pandey-in xatirəsinə həsr olunub. Uzun şeirdən əsas misraları kağıza köçürüb, qalanlarını jurnalın içində saxlayıram:

“Torpağında azad

Qorxusuz

gəzə biləcəyim bir ölkə arzulamağa cəsarət edirəm,

ancaq bilməzdim ki, bu mənə baha başa gələr...

Həyat hədiyyədir, bilməzdim ucuzdur...

Dərdimi heç bir dağ, heç bir okean daşıya bilməz,

Göz yaşlarımı heç bir külək qurutmaz..

Ürəyim açılmış nar kimi yerə səpələnir

Döyülmüşəm, sındırılmışam,

Düzələcəyinə ümid yox,

Kədərim milyon səslə danışır,

Kökü kəsilməyincə zorlamanın, zorakılığın

Kədərim susmaz

Biz nə qədər əzab çəkək

Nə qədər yanaq, ətirli şamlar kimi yanaq...

Dəyişmək arzusu?

Bütün kainatı yenidən qurmalıyq

Yüzillərdir arzulamışıq bunu

Amma indi ayılmışıq, canlanmışıq...

Ümidlərim simürq quşu kimi səmaya qalxacaq

Dünyaya sübut edəcəm ki, mənim arzularım olmadan o, mövcud deyil!"

Çinli Queenie Linin şeirlərindən Çinin dərdlərini aydın şəkildə anlamaq olar:

‘Polisin ailəsi var, yemək aparmalıdır” – mənə dedilər,

‘Onları qınamaq olmaz”

Restoranda nahar edirdik

Səsim qalxdı, iştaham küsdü.

Sakitləşərdim

əgər polisin istifadə etdiyi vasitələrə haqq qazandıra bilsəydilər

Əvəzində onlar mənə dedilər

Polisin ailəsi var yedizdirilməli

Elə bil mən tək yaşayıram bu dünyada

Elə bil mən çöldə qalıram

Başa düşmürəm ailə nə olan şeydir

‘Bu onların işidir” –

əcəb maarifləndim

Suallarım cavabsız

Yeməyim dadını itirdi...”

Bu şeir çox uzundur, davamında polisin konkret elədiyi əməllərdən, atdığı 87 gözyaşardıcı qaz balonundan söz açılır.

Tammy Ho isə ingilisdillilərin Asiyada özlərini necə yuxarıdan aparmasına işarə edərək deyir:

“South China Morning Post” – ingilis qəzeti gəlir

Qapımıza hər səhər

Biz onu uzun müddət götürmürük

Qoy qonşular bilsin bizim dil qabiliyyətlərimizi”

Chagming Yuan qadınların menstruasiyasının necə bir tabu olmasına etiraz edir:

"Bambuk ağacından asılan balaca ağız maskaları kimi parçaları görəndə düşünürdüm

O nədir, nə gülməlidir

Hər evin qabağında onlardan olur

‘Amma oğlanlar, siz narahat olmayın”

Xalam məni çimdirəndə dedi bir dəfə

Dedi onların nə olduğunu

(qadın qanı yasaqdır)...”

Başa düşürəm, pis tərcümə etmişəm, məqsədim yalnız dərdlilərin dərdini dərdlilərə çatdırmaqdır.

Reza Mohammad adlı şair Əfqanıstandan görün nə deyir başqa bir qalın dərgidə:

"Siyasət kəndləri bölən çaydır

Əsgərlər, silahlarınızı qoyun, radiolarınızın səsini salın

əlimizə dəmir taxmağa

Xəbərdarlığa ehtiyac yoxdur

Biz sizlərdən deyilik

Biz onlardan deyilik

Biz sadəcə keçib

o tərəfə düşmüş topumuzu götürmək istəyirik..."

Oxu zalı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG