Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:54

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Yeqzar Cəfərli

BİR KÜÇƏDƏ İKİ ZİBİL QUTUSU

Həmişə başıma istəmədiyim, heç ağlıma belə gətirə bilmədiyim işlər gəlir.

Yolumu salmaq istəmədiyim bir küçə var idi ki, tərslikdən hər dəfə buradan keçməli olurdum.

(Təzə ev alıb köçdüyüm bu küçə haqqında elə ilk gündən xeyli xoşagəlməz sözlər eşidirdim).

Bu çox güman ki, fikirli olmağımdan, düşüncələrin qoynunda rəqs etməyimdən irəli gəlirdi.

Beynimin çeşidli məişət qayğıları ilə məşğulliyyəti ucbatından daim fikirli gəzir, fikirlərin əsarətindən çıxanda özümü o küçədə görürdüm. Hərdən əksinə də olurdu.

Bəlkə də bu mənə Tanrı tərəfindən verilən bir cəza idi, bilmirəm. Əlamətlərə inanmadığımdan dolayısıyla bu fikri tezliklə özümdən uzaqlaşdırmışdım.

Küçənin qəribə, qəribə olduğu qədər də düşündürücü quruluşu var idi. Sağ tərəfindəki evlər, qapılar qırmızı, sol tərəfindəkilərsə göy boya ilə boyanmışdı.

Etiraf edim ki, bu küçədən keçəndə məni əməllicə qorxu basırdı. İçimdən bir sancı başlayır, baş barmağımdan başıma kimi işləyirdi. Belə hallarda tək həmdəmim siqaret olurdu.

Kim deyir ki, siqaret insana ziyandır? O bəzi vəfasız dostlarımdan mənə daha yaxın idi. Ən azından bilirdim, bir sifəti var, ancaq insanı məhv edir.

Şad günümdə də, qəmli günümdə də həmişə yanımda idi.

Fikirlərimi sağlamlığımla yoğurub içimə çəkəndə rahatlayırdım.

Bir dəfə yenə də adətim üzrə fikirli halda qoyun kimi başımı aşağı salıb həmin küçənin qırağındakı səki ilə işdən evə gəlirdim.

Bomba qaqaşlar kimi mən də özünəməxsus tərzdə, iki barmağımla əlimi cibimə atıb siqaret götürmək istədim.

İki barmaq bunun öhdəsindən gəlmədi və mən məcburən digər üç barmağımı kömək üçün verdim, amma yenə siqaret tapılmadı, qutu bom-boş idi. Allah üzümə baxmışdı ki, dükandan çox aralı deyildim.

Hər halda müəyyən bir vaxt yol qət etsəydim, istər-istəməz ağciyərim başda olmaqla əksər orqanlarım həyəcan təbili çalacaqdı. Yaxınlıqdakı dükana yaxınlaşaraq, ədəblə salam verdim.

Satıcı, çox da böyük olmayan dükanın o biri başında stolun üstünə çıxıb malların tozunu alır və uca səslə mahnı oxuyurdu.

Özünü böyük bir marketin meneceri hesab edirdi hər halda!. Həmişə insanların oxuyub oynamalarını onların keyflərinin köklüyü ilə bağlayıram.

Bu dəfə də “Bunun keyfi kökdür, deyəsən, mal ətinin qiyməti aşağı düşüb” - deyə düşündüm. Bir neçə dəfə çağırdım, eşitmədi. Əvvəl verdiyim salam da çoxdan sağollaşıb getmişdi. Bir az da gözlədim, sonra şüşəni taqqıldatdım.

- Zəhmət olmasa, bir qutu siqaret verərdiz də.

Satıcı məni başdan-ayağa qədər diqqətlə süzdü. Bu süzmə əməliyyatı hardasa bir dəqiqəyə qədər davam etdi.

O, elə hey mənə nifrətlə baxır, baxırdı. Əsgərlikdə komandirin qabağında mıx kimi duran, evdəsə atasına cavab qaytaranlar kimi bunun da dili açıldı:

(Ürəyimdə nəzir demişdim ki, bunun dili açılsa, kənddəki pirə 20 manat pul atacam. Qoy mənim 20 manatım piri işlədən iş adamının kasıb ailəsinə bir günlük çörək pulu olsun).

- Siz niyə üzbəüz dükandan gedib almırsınız, həmişə o dükana gedirdiniz ki?

- Həmişə deyəndə ki, bir neçə kərə getmişəm. Nə olub bəyəm, getmək olmaz ki?

- Daha bura niyə gəlmişsiniz?

- Heç dəxli var? Bu nə deməkdir? Məgər o dükanda işləyənlər sənin millətin, dindaşların deyilmi?

- Mənə nağıl oxuma, get işinin dalınca…

Ona nə cavab verəcəyimi gözləmədən dükanın balaca şüşə qapısını üzümə bağladı, mədəni şəkildə desək çırpdı.

Mən də suyum süzülə-süzülə qarşı səkiyə keçib üzərində “Halal market” yazılan bir balaca dükana girdim. Satıcı qapının ağzında oturub araq vururdu.

- Zəhmət olmasa, bir qutu siqaret verərdiz?!

- Siqaret yoxdu, qarşıdakı dükandan niyə almadınız?

Bu cavab məni əməlli-başlı hövsələdən çıxardı.

- Yaxşı, birdən mən burdan min manatlıq alış-veriş etsəydim yenə “o biri dükandan niyə alış-veriş etmədiniz” deyəcəkdinizmi?

- Pul mənim nəyimə gərək. Onlar düşməndir, əsas olan da düşmənçilikdir, prinisipiallıqdır. Pul bu gün var, sabah yox. Amma düşmənçilik hər zaman var və olacaq…

- Ay uşaq, qaç yanıma tez ol, - deyə yanındakı uşağı səslədi.

- Götür bu zibilləri apar yolun bizə aid olan hissəsinin başındakı qırmızı rəngli zibil qutusuna at gəl.

“İnsan da öz xalqına bu qədər düşmən olarmı” – düşüncəsinin təsiri altında idim. Artıq bu düşmənçiliyin səbəbini dükançıdan öyrənməyə çalışırdım:

- Bilirsiniz, bu mənlik deyil. Bu, ata-babadan qalma bir düşmənçilikdir. Onların sözü bizim üçün qanundur. Nə qədər bu dünya var, yer üzündə insanlar yaşayacaq, deməli, bu qan davası da olacaq. Heç zaman bitməyəcək. Mən bu düşmənçiliyi unudacaq qədər namərd ola bilmərəm.

- Axı, küçənin qarşı üzündəkilər də sənin öz millətindir, niyə onlara bu qədər nifrət bəsləyirsən?

- Siz Allah mənim beynimi qarışdırmayın. Nə olursa olsun, mən fikrmdən dönən deyiləm.

Satıcı bütün bunları mənə danışdıqca tez-tez uşağı göndərdiyi tərəfə baxırdı. Hiss edirdim ki, nəsə bərk narahatdır.

- Uşağın bu qədər gecikməsi heç də xeyir deyil. Nəslimizə qara pişik düşmür. Həmin gün ki, qarşımızdan qara pişik keçdi bəd atırıq.

Bu işin aqibəti mənimüçün maraqlı olduğundan dayanıb gözləməyi qərara aldım. Bir neçə üzücü dəqiqədən sonra uşaq gəlib çıxdı.

Üst-başı toz içində idi, dizləri də balaca qanamış kimi.

Elə bil ki, onu küçə ilə yuxarı-aşağı sürümüşdülər. Şalvar, köynək cırıq-cırıq, dodaqları da partlayıb. Kişi uşağın dodağındkı qanı görüb özündən çıxdı. Oğlunun yaxasından tutub silkələdi.

- Sənə nə olub? Kim səni bu hala salıb?

Yazıq uşaq donuxub qalmışdı. Atasının qəzəbli səsindən dili tutulmuşdu.

Daha bir neçə dəqiqə keçdi, azca özünə gələndən sonra danışmağa başladı:

- Səkimizdəki zibil qutusu dolub daşdığı üçün əlimdəki meşoku küçənin o biri üzündəki zibil qutusuna apardım. Elə bu zaman beş-altı nəfər məni dövrəyə alıb bu kökə saldılar.

Atası bunları eşidib dişlərini qıcıdı. Acığını uşaqdan çıxarcasına ona ləzzətli bir şillə ilişdirdi.

Mən məsələnin mahiyyətini artıq başa düşmüşdüm. İlahi, mən hara düşmüşəm, bu necə yerdir?!

Bu küçə sakinləri haqqında qəribə söhbətlər danışırdılar. “Qazçının varlanması” hekayəsi bunlardan ən məşhuru idi.

Bu hadisə 5-6 il öncə baş vermişdi. Küçənin hər iki tərəfinin sakinləri məhəllənin qaz pullarını yığana- qazçıya bir-birlərinin acığına (hər iki tərəf özünü qarşı tərəfdən üstün göstərmək üçün) o qədər pul verirlər ki, əvvəllər işə gəlməyə avtobus pulu tapmayan qazçı 4-5 aya bahalı bir maşın alır.

- Bəs sonra necə oldu? Mənə bu kiçik hekayəni danışan qocaman məhəllə sakinindən soruşdum:

- Necə olacaq? Özünə çörək pulu tapa bilməyən qazçı varlanıb xaricə köçdü.

Küçənin çox maraqlı quruluşa və dizayna malik olduğunu sizə demişdim. Küçə tən ortadan iki rəngə - göy və qırmızı rənglərə bölünmüşdü.

Qocanın dediyinə görə buraya boya çəkiləndə başqa bir məhəllədən adam gətirib rənglədiblər ki, arada söz-söhbət olmasın.

Toplu-tüfəngli məhəllə oğullarının əlindən küçədə gəzmək əməllicə müşkül idi. Atışma səsləri hər keçən gün xırdalanan pullar kimi çoxalır, adamın beynini aparmaqdan başqa işə yaramırdı.

Qadın xeylaqları küçədən əyilə-əyilə keçirdilər. Amma yaxşı bir hal da var idi ki, atışmalar tez-tez baş versə də ölüm-itim hallarına az-az rast gəlinirdi.

Bu da iki tayfanın bir-birinə qarşı duyduğu qorxunun, çəkingənliyinin sonucu idi. Balaca dartışma düşən kimi bu o saat atışma üçün zəmin olurdu.

Hətta bir dəfə az qalmışdı özüm də bu atışmalardan birinin qurbanına çevrilim. Amma nədənsə bəxtim gətirdi, güllə ayağımı sıyırıb keçdi.

Bir müddət sancı versə də, yara ciddi olmadığından üç-dörd gündən sonra sağaldı. Bir dəfə də evdən çıxanda əməlli-başlı yuxulu idim.

Qara şalvarımın ütüsü pozuq olduğundan sonrasını düşünmədən göy rəngli cins şalvarımı geyindim və düzəldim yola.

Məhəllədən keçəndə qırmızıların mənə niftərlə baxmasından hiss etdim ki, şalvarımın göy rəngli olmasına diqqət çəkirlər. Az çəkmədi ki, bir nəfər kənardan səsləndi:

- Sən də?

- Necə bəyəm?

- Keçdin onlara tərəf?, Nə qədər aldın?

- Bu sözlər məni çox üzürdü, özü də çox. Ancaq bu üzücü prosedur bir-iki dəqiqədən çox çəkmədi.

Heç nəyin dərdini çəkən olmadığımdan həyatın zorluqlarının öhdəsindən asanlıqla gələ bilirdim.

Düşünürdüm ki, hər hansı bir problemə görə özümü üzməyin mənə nə xeyri var? Əgər mənim üzülməyimlə iş həll olacaqsa onda oturub ağlamağa hazıram.

Çox başınızı ağrıtmayım, bir Allah bilir, necə qurtuldum o çətin durumdan. Məhəllədə tez-tez baş verən atışmalar sonucunda bir küçədə olan iki zibil qutusu da dəlik-deşik olmuşdu.

Bir müddət keçəndən sonra o zibil qutularını yeniləri ilə əvəzləmək üçün apardılar və o gedən getdilər.

Məhəllə sakinləri uzun müddət zibil tökəcək yer tapmadı və yavaş-yavaş başladı məhəllənin zibili çıxmağa…

Məhəllənin sakinlərinin ortaq nöqtəyə gəldikləri bircə məkan var idi. O da küçənin qutaracağındakı yaşıl rəngli məscid idi.

İnsanlar bu məscidə daxil olanda göy və ya qırmızı olmaqlarından asılı olmayaraq yanaşı namaza dururdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG