Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:20

Qırmızı saçlı qadın


-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Murad Nuriyev

Qırmızı saçlı qadın

1

Yaşlı bir qadın əlində bir dəstə güllə qəbiristanlıqda irəliləyirdi.

Məzarların arasıyla gedən ağsaçlı qadın bir qədər sonra dayandı və aşağı əyildi.

Əlindəki gülü ağ rəngli başdaşı olan qəbirin üzərinə qoydu.

Bir müddət hərəkətsizcə qəbirə baxdıqdan sonra başını məzarın üstünə qoydu. Gözündən axan yaşlar məzarın üzərinə düşdü.

Əlini məzarın üzərinə apardı. Torpağın altında yatan insanı çıxartmaq istərmişcəsinə yumruğunu sıxan qadın əlindən gələn tək şeyi edərək çarəzliyini bir daha hiss etmişdi sanki.

Keçmişdə yaşadıqları yük olub üzərinə çökmüş, müdhiş bir qüvvə ilə əzirdi onu. Soyuq bir məzara tərk etdiyi bu qadını o məzardan çıxarmaq üçün nələr etməzdi.

Qadın başını qaldırdı. Ehmalca ayağa qalxdı. Qəmgin nəzərlərlə başdaşına baxdı.

Qarşısında ayna yox idi, amma özünü görə bilirdi. Dağılmış saçları, torpağa bulaşmış ovcunda, yanaqlarında hiss etdiyi göz yaşları ona bir gerçəyi hayqırırdı: O peşman idi.

2

Qurbanovlar ailəsi böyük ailə idi. Masazırda, geniş həyətyanı sahəsi olan üçmərtəbəli evdə qalırdılar.

Bütün qonşuların qibtə etdiyi bu ailənin böyüyü, yaşı əllini keçmiş, Səidə xanım bütün məhəllədə sevilirdi.

Yoldaşını itirəndən sonra ailənin idarəsini üstlənmiş Səidə öz sadəliyi, ehtiyacı olan hamıya əl tutmağı ilə tanış-biliş arasında böyük hörmət qazanmışdı.

Səidənin iki oğlu, iki qızı var idi. Anasının yanında yaşayan böyük oğlu evli idi. Qızlarının ikisini də köçürmüşdü. Kiçik oğlu isə tələbə idi.

Avqustun sonları idi. Gecə bütün ailə evin qabağındakı besedkada oturmuşdu.

Bir həftədir ki ailəsiylə birlikdə anasının yanına gələn Səidənin böyük qızı Gülnar da burada idi.

Evin önündəki çəmənliyin düz ortasında yerləşən bu besedkanın yanında yaşı otuzu ötmüş böyük bir çinar ağacı var idi.

Yay vaxtı geniş çətiriylə günəşin qabağını alan bu ağacın kölgəsində sərinlənmək Səidə xanım üçün əvəzolunmaz bir şey idi.

Bəlkə də bu səbəbdən idi ki, Səidə yoldaşını itirəndən sonra bu ağacı özünün ən sadiq yoldaşı hesab edirdi.

Samovar çayının gözəl ətri bütün besedkanı bürümüşdü. Bu qədər adamın olmasına baxmayaraq besedkada sakitlik hökm sürürdü. Ta ki küçədən gələn dava səsləri eşidilinə qədər. Düz qapının ağzından gələn səslərdən hamı məsələnin nə yerdə olduğunu anlamışdı. Yenə qapı qonşuları kimləsə dava edirdi.

Qurbanovların evinin üzbəüzündə kiçik bir həyət evi var idi. Məhlədəkilərin adını dilinə almaq istəmədiyi otuz yaşlarında bir qadının yaşadığı bu evdə əvvəllər qoca bir qadın qalırdı.

Onun ölümündən sonra bura yaşamağa gələn qocanın qızı illərlə yaşlı anasını görməyə gəlmədiyi üçün elə ilk dəfədən xoş qarşılanmamışdı.

Vaxt keçdikcə isə məhəllədəklərin bu qadına olan nifrəti daha da artdı.

Evə istədiyi vaxt, istədiyi adamla gələn, ailələrin yaşadığı bir məhəlləyə uyğun hərəkətlər etməyən, uyğun tərzdə geyinməyən bu qadını heç kimin görməyə gözü yox idi.

Küçədən gələn səslər kəsilmədi. Özünü saxlaya bilməyən Sədiə xanım hirslə ayağa durub çölə çıxdı.

Böyük oğlu da arxasınca getdi. Küçədə o qadın, bir də Qurbanovların yan qonşusu olan Həmid kişi ilə arvadı var idi.

“Nədir, yenə nə hay-küydür?”

Qadın ürkək nəzərlərlə Səidəyə baxdı. Gur, parlaq qırmızı saçları, qara rəngli iri gözləri, ağappaq dərisi olan otuz yaşlı bu qadın bir çoxlarını qısqandıracaq cəzbediciliyə sahib idi.

“Qonşularınızdan soruşun!”

Qadının danışığından bir az sərxoş olduğu hiss olunurdu.

“Ay qız, bəsdi də! Bir gecə qoyacaqsan rahat yataq evimizdə.”

“Siz mənə imkan versəz, mən də verərəm!”

“Sənə imkan verək, hə? Bura sənin üçün haradı bəyəm?”

“Adım var mənim. Ülkər!”

“Adın batsın!” qonşu arvad dedi.

“Gülnaz, sən Allah gəlin içəri, mənası yoxdu buna söz deməyin. Qanmaz elə qanmazdır!”

“Bəli, mən qanmazam” dedi Ülkər kinayəli səs tonuyla “Və çox şadam ki sizin qandıqlarınızı mən qanmıram.

Siz öz qadınlığınızı bir məzarda unutmusunuz. Məni də o məzarda diri-diri basdırmaq istəyirsiniz, amma mən imkan verməyəcəm.”

“Əxlaqsız.” dedi Səidə dodağının altında. Sonra üzünü çevirib hirslə içəri girdi. Onun arxasınla içəri girən Gülnaz bütün olanları danışdı.

Gülnazla əri yolla gedərkən qarşılarına çıxan qızın sərxoş vəziyyətdə telefonla danışarkən işlətdiyi nalayiq ifadələrə tab gətirə bilməyib davanı çıxarıblarmış.

4

“London taksisi” Qurbanovların evinin yanında saxladı. Səidənin kiçik oğlu Əli taksidən düşdü. Evin qapısını açırdı ki, bir oğlan arxadan ona səsləndi.

Əli üzünü çevirib onu səsləyən oğlana baxdı. Üzü qorxu qarışıq əsəbi bir hal aldı. Oğlanları tanımışdı.

“Necə gedir işlər, dostum?”

“Nə işin var burda sənin?” səsindən nə qədər təlaşlı olduğu hiss olunurdu.

“Dostumu görməyə gəlmişəm də, Əli, niyə əsəbiləşirsən. Gəl gedək bir çay içək sizdə, söhbətləşək. Məni ailənlə tanış edərsən. Ya da mən səni ailənlə tanış edərəm, nə deyirsən hə?”

Oğlan qəhqəhəylə güldü. Əli qəzəblə oğlanın üzərinə şığıdı, amma oğlanın yanındakı dostu onu tutub saxladı.

“Nə istəyirsən? Dedim verəcəm də pulunu. Bir az vaxt ver! Adamlığa sığır bu elədiyin?”

“İki gündən artıq vaxt verə bilmərəm dedim, iki gün də tamam oldu. Bundan sonra pul ikiqat...”

“Eyy! Nə edirsiz orda?”

Oğlan Əlini buraxdı. Əli başını qaldırdı. Bu o qız idi. Qırmızı saçlı qadın.

“Nə istəyirsiniz uşaqdan?” Ülkər oğlanlara yaxınlaşdı.

“Əli, bu kimdi?” oğlan kinayəylə güldü “Nəyindi bu qız sən canı?”

“Bacısıyam. Nə lazımdır?”

“Bu qardaşın bizə borcu var...”

“Nə qədər?”

“Yüz əllicə manat.”

Ülkər çantasından pul qabını çıxardı. İçində düz yüz əlli manat var idi. Pulu çıxarıb oğlanlara uzatdı. Oğlan pulu götürdü.

“Çıxın gedin indi.”

“Düzü səni kimi gözəlçədən pul almaq...”

“Əgər sizi bir də buralarda görsəm, axırınız pis olacaq.”

Oğlanlar uzaqlaşdılar. Bayaqdandı baş verənləri mat-mat izləyən Əli yerində donub qalmışdı, deməyə söz tapmırdı.

“Pulunu qaytaracağam.”

“Əlbəttə.”

“Ama... evdəkilərə nəsə deməzsən də, oldu?”

“Hahaha, Əli, kefsən e.”

Qızın gülümsəməsi ilə bir az özünə gələn Əli təşəkkür edib, üzünü çevirdi. Səbəbini bilmirdi, avma çox utanmışdı. Evin qapısına çatanda Ülkər arxadan səsləndi.

“Əli. Bağışla, özümü bacın kimi qələmə verdim. O an bilmədim nə deyim, səni utandırdımsa...”

Əli gülümsədi. Sonra da üzünü çevirib getdi. Amma Ülkərin son sözləri bütün gün ağlından çıxmadı.

Ona yaxşılıq edən birinin etdiyi üzrxahlıq və bu üzrxahlığın bir növü yerinə düşmüş olması qəribə gəlirdi Əliyə.

Onu bir-iki əclafın əlindən qurtaran qadının sözünə görə o əclaflardan utanmasına anlam verə bilmirdi.

Bir müddət sonra borcunu ödəyən Əli bu qadınla yaxınlaşdığını hiss edirdi. Böyüdüləcək bir şey deyildi əslində, Əli o qadının hamının düşündüyünün əksinə normal bir insan olduğunu düşünməyə başlamışdı sadəcə.

Başqalarının görə bilmədiyini gördüyü üçünsə bir az qəribə hiss edirdi özünü.

5

Bir səhər Səidə həyətdə gülləri sulayarkən evin qapısı döyüldü. Səidə təəccüblə qapıya tərəf getdi. Qapını açdıqdan sonra isə təəccübü daha da artdı. Qapı qonşuları, Ülkər idi qapını döyən.

“Nə istəyirsən?” Səidə qəzəblə soruşdu.

“Bağışlayın, narahat etdim. İtimi itirmişəm. Gözünüzə dəyməyib heç yerdə? Qara rəngdə..”

“Görməmişəm. Get, məşğul eləmə məni.”

“Əgər iti görsəniz... köməyinizə ehtiyacı olan birinə kömək etmiş olarsınız. Sizin yardımsevər olduğunuzu bilirəm.”

“Mən, sadəcə, Allahın qullarına kömək edirəm. Sən şeytanın köləsisən!”

Ülkərin gözləri doldu. Az öncəki utancaq və möhtac baxışlarını nifrət dolu baxışlar əvəz etdi.

“Təşəkkürlər!” tirtək bir səslə dedi.

Ülkər bütün günü itini axtardı, amma axtarışlarının heç bir nəticəsi olmadı. Son zamanlar artan küçə itlərinə qarşı tədbir görülməyə başlanmışdı.

Gecə ikən itlər öldürülürdü və güllələnən itlərin səsini hər gün evindən eşidən Ülkər məhz buna görə axşam olmadan itini tapmaq istəyirdi.

Gecə olmuşdu. Səidə təkbaşına həyətdə gəzişirdi. Bu gün o qızın dedikləri ağlından çıxmırdı.

O qızı qapıdan göndərməklə Allah qarşısındakı ən önəmli vəzifəsindən boyun qaçırmış olduğunu düşünürdü.

Səidə özünə o qızın iblis olduğunu xatırlatmaqla vicdanını susdurmağa çalışır, ancaq yenə də rahatlıq tap bilmirdi.

Anidən bir səs eşitdi. Besedka tərəfdən gəlirdi. Səs gələn tərəfə gedən Səidə qara rəngli balaca bir küçüyün ağacın dalında gizləndiyini gördü. Səidə əyilib iti götürdü.

“Qaçmısan o iblisin əlindən?”

Səidə iti yerə qoydu. Ac və qorxmuş görünən itə yemək gətirdi. İt yeyərkən onu izlədi. Nə edəcəyini bilmirdi.

Beynində min cür düşüncə var idi. İtə baxarkən o qıza olan nifrəti, o qızın bütün camaata yaşatdığı əsəb yadına düşürdü. İçindən o qıza yaxşılıq etmək, onu sevindirmək gəlmirdi.

İt yeməyi yeyib Səidənin ayaqlarına sığındı. İtin bu hərəkəti Səidənin qəlbinə rəhm saldı sanki. İti götürüb çölə çıxdı.

Ülkərin evinin qapısına çatdı. Əlini qaldırıb qapını döymək istədi, lakin edə bilmədi. Sanki bir qüvvə saxlayırdı onu.

Bu hərəkəti etməyi qüruruna sığışdıra bilmirdi. Əyilib iti yerə qoydu. İtin ürkək gözlərinə son dəfə baxarkən içindən “Əgər istəsən, özün gedə bilərsən.” dedi.

Bütün gecə çarpayısında gözləri açıq halda uzanan Ülkər düz iki dəfə güllə səsi eşitdi bütün gecə boyu. Hər dəfə də yerindən dik atıldı, güllə özünə dəyirmiş kimi hiss etdi.

6

Ülkər betonun üzərinə uzadılmış itinin cansız bədəni üzərində dayanmışdı. Güllələnən itlərin hara aparıldığını bilirdi. Səhər olan kimi bura gəlmişdi, amma itini burada tapacağını düşünmürdü.

Ülkər başını qaldırıb başı üstə duran kişiyə baxdı. Hər ikisi də bir-birini nifrət dolu nəzərlərlə süzdü.

“Bu itin sahibiyəm. Onu yandırmayın!”

“Onda itini də götür get!”

Ülkər iti əlinə götürüb ayağa qalxdı.

“Bu itə sahiblənəndə iki həftəlik idi. Xəstə idi. Sağ qalması mümkün deyildi demək olar ki. Amma gözlərində hələ də yaşamaq üçün can atan baxışlar var idi.

O baxışlar mənə baxaraq yalvarır, sanki yaşamaq üçün kömək dilənirdi. Gələn dəfə bir canlını öldürərkən düz gözlərinin içinə baxarsınız. Əmin olun, o anda hiss edəcəklərinizi ömrünüz boyu unutmazsınız.”

Ülkər iti evinin həyətində basdırdı. Həyatındakı heç nəyin yolunda getmədiyi bu altı ay ərzində bağlandığı bu itin ölümü ilə,əvvəlkindən də yalnız və köməksiz hiss edirdi.

7

Beş ay keçmişdi bu hadisənin üstündən. Bir səhər Ülkərgilin həyətindən qışqırıq səsləri eşidildi.

Bir qız kömək istəyirdi. Səsi eşidən ətrafdakı adamlar təlaşla həyətin qapısından içəri girdilər.

Daxmanın qapısında bir qız oturub ağlayırdı. Adamları görən qız ayağa qalxıb ağlaya-ağlaya dedi:

“Kömək eləyin, nolar. Dostum içəridədir. Kömək edin ona.”

“A qızım, nə olub?” qadınlardan biri dilləndi.

“Nə qədər döyürəm, açmır qapını. Ürəyi xəstədi onun. Qorxuram nəsə olsun. Kömək edin, açım qapını, yalvarıram”

Kişilərdən biri qapına yaxınlaşdı. Onsuz da möhkəm olmayan qapını rahatlıqla qırdı.

Qapı açılan kimi içəri cuman qızın arxasınca adamlar da içəri girdi. Az sonra otaqdan qızın qışqırtısı eşidildi. Otağa girən qadınlar dəhşətli bir mənzərə ilə qarşılaşdılar.

Ülkərin cansız bədəni çarpayıda uzanmışdı. Qız da başını çarpayıya qoyub ağlayırdı. Qadınlardan biri Ülkərin nəbzini yoxladı. Döyünmürdü.

Günortaya kimi xəbər bütün məhəlləyə yayıldı. Hamı Ülkərin həyətinə yığışmışdı. Səidə də burada idi.

Bu müddət ərzində, Ülkərin dostları da hadisədən xəbər tutmuşdular. Bu kiçik həyətdə müdhiş bir çeşidlilik müşahidə olunurdu.

Bir tərəfdə donuq vəziyyətdə dayanıb ətrafdakıları izləyən məhəllə sakinləri, digər tərəfdə Ülkər üçün ağlayan, aralarında hər cür tipdə adamın olduğu dostlar.

Kənardan baxan Ülkərin ölümünün tamam fərqli dünyalara aid iki insan qrupunu birləşdirdiyini deyərdi. Məhəllə sakinləri özləri kimi olmayan bu qədər insana həyatları boyu göstərmədikləri dözümü göstərirdilər.

Onları sakitcə dinləyirdilər.

Hamı ölü maşınının gəlib meyiti məscidə aparmasını gözləyirdi. Məhlədəkilər sağlığında bir qaşıq suda boğmaq istədikləri bu qıza qarşı olan son qonşuluq vəzifələrini yerinə yetirmək istəyirdilər.

Düzdür Ülkərə qarşı olan nifrətləri azalmamışdı, hətta bəlkə də, içdən-içə sevinirdilər bu qızdan qurtulduqlarına, amma adətə uyğun şəkildə ölü dəfn etmək işində olduqca səriştəsiz olduğu bəlli olan dostlarından başqa heç kəsi olmayan bu qızı ortalıqda qoymağı özlərinə sığışdıra bilmirdilər.

Səidə camaatın arasından ayrılıb kənara çəkildi. Badam ağacının altındakı skamyada təkbaşına oturan qızın yanına oturdu. Bir az keçəndən sonra qız yaşlı gözlərini Səidəyə dikib soruşdu.

“Anasını tanıyırdınız?”

Səidə qəribə nəzərlərlə qıza baxdı. İstəksiz bir şəkildə dedi.

“Bəli.”

“Necə qadın idi, sizcə.”

“Güclü qadın idi. O yaşında, heç kimə möhtac olmadan ömrünü başa vurdu.”

“Ülkər heyran idi ona. Anası böyütmüşdü Ülkəri.”

“Ona görə qoca qadını tək başına qoymuşdu?”

“Məcbur idi. Ülkər böyüdükcə anası ona, onun seçimlərinə dözə bilmirdi. Ona görə də ondan arılıb bura gəlmişdi.

Ülkər çox yalvardı, amma geri döndərə bilmədi onu. Ən sonda ölüm xəbərini aldı. Anasını itirməyi heç cür qəbul edə bilmirdi, özünü günahlandırırdı. Onu anlaya bilmədiyi üçün.

Bura da ona görə gəlmişdi əslində. Anasının mühitində yaşasa, bəlkə anlaya bilərdi onu - deyə düşünürdü.

Ya da özünü anasının mühitinə qəbul etdirmək, bir orta yol tapmaq istəyirdi. Amva absurd idi etdikləri. Anası ilə onu ancaq ölüm birləşdirə bildi.”

Qız yenə ağlamağa başladı. Səidə təsirlənmiş halda qıza baxdı. Sonra isə ayağa durub getdi.

Az sonra maşın gəldi. Səidə qəbirüstünə getmədi. Onsuz çox az adam getmişdi məhlədən.

O gecə yata bilmədi Səidə. Özünə etiraf etməsə də, vicdanı sızlayırdı. Heç nə də olmasa ölən it məsələsində özünü günahlandırdı. Amma bir itə görə vicdan əzabı çəkməyin mənasız olduğunu düşünürdü.

Ülkərin yaşadıqlarına bu qədər yaxınlaşmasına rəğmən, dərinlərə getməkdən qorxdu.

Ona haqq verməsinə çox az qalmışkən əvvəlki düşüncələrinə döndü yenidən.

Dərinə getməyəcəkdi çünki, sağlığında hamının gününü qara etmiş bu qızın ruhuna borcu olduğunu düşünmürdü. Peşman deyildi heç nəyə görə. Olmayacaqdı da.

O qızı ağlından çıxarıb, daha önəmli məsələlərə yönəltdi fikrini. Əli və onun ailə ilə tanış etməyə gətirdiyi yeni sevgilisi kimi onu narahat edən daha önəmli şeylərə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG