Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:19

İşıldayan ayaqqabılar


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Ömər Məmmədli

İŞILDAYAN AYAQQABILAR

Yatağın yanına düşən yorğanı düzəldərək anasının yanına əyləşdi.

Bugünlərdə havalar çox soyumuşdu.

Qaz sobası isə nə qədər gur yansa da, otağı isidə bilmirdi. Artıq yeddi il idi ki burda yaşayırdılar.

Bu evə necə gəlməklərini bilməsə də, anasından eşitmişdi ki, ilk dəfə burda dil açmışdı.

Dözülməz şəraitin ağrısını bircə anasının xəstəliyində hiss etmişdi.

Anası deməsə də, kimdənsə eşitmişdi ki, vərəm adlı bir xəstəlik var və insanı ağrıdaraq ölümə aparır. Uşaq olaraq ne biləydi ki, ölüm nədir.

Amma hər gecə anası öskürərkən öz yerində sakitcə ağlayardı. Sanki anası ruhunu çölə çıxarırdı.

Dünəni yadına salaraq yerdən ayaqqabıları qucağına aldı və dünənki günü fikirləşdi...

-Ömər, bu gün niyə gec çıxmısan?

-Gec çıxmamışam, ayaqqabılarımı axtarırdım.

-Elə bil ki çoxlu ayaqqabın varmış kimi.

-Yox bunlar başqadı, bunlar atamdan qalmadı.

Aşağıya baxan Fuad qəribə ayaqqabılara baxaraq gülməkdən özünü saxlaya bilmədi.

-Bu nədir belə, yoxsa işildayan ayaqqabıdı? Yenə də gülərək yolunu gedirdi

-Hə, atam almışdı mənə. Anam deyirdi ki, atan alıb evə qoymuşdu ki, qoy oğlum yeriyəndə hamının gözü onda olsun

-Atan yaxşı olsaydı, çoxlu pul qoyardı senə ki bu gün küçələrdə olmayasan. Bir az da geciksək, bu gün sən də pulsuz qalacaqsan, tələs svetoforun işıqları qırmızıdı.

Uşaqlar əllərindəki şüşə silənlərlə maşınların qarşısına qaçdılar.

Hər gün gördükləri mənzərə adi hal idi. İnsanların yad baxışları uşaq qəlblərinə təsir etmirdi.

Niyə məhz uşaq yaşından bu işi görənlərin böyüyəndə də buna davam etməsi yalnız ona görə idi ki, hər gün sındırılmış uşaq qəlbi daima sınmağa öyrəşir.

Hava qaralmağa başlayırdı, uşaqlar artıq evə getmək vaxtının çatdığını hiss edərək geriyə qayıdırdılar

-Bugünkü işimiz yaxşı oldu, hə, Fuad?

-Bu gün deyəsən Allah baba səhərki dualarımı eşitdi, Ömər.

-Hə, hərdən mən də dua edirəm. Dua edirəm ki, kaş biz də evə qayıdanda çörəkdən başqa saqqız şokalad da ala biləydik. Allah bizi eşidir, səncə, Fuad?

-Əlbəttə, eşidir. Anam hər gün deyir ki, insan gərək Allaha dualarını əskik etməsin, nə qədər çox dua etsə, deməli, Allah da onu o qədər rahat eşidər.

Küçənin qarşısındakı uşaqların onlara tərəf gəldiklərini söhbətdən ayılanda gördülər. Qabaqda gedən ən iri uşaq onlara yaxınlaşaraq dostlarını da çağırdı

-Sizə deyilməmişdi ki, bir də bu küçədən keçməyin?

-Biz öz yolumuzu gedirik, sizə ki heç nə etmirik. – Ömər dilləndi

-Siz bir bunun boyuna baxın, danışığına baxın. Deyin görək nə qədər qazanmısız bu gün, dilənçilər?

-Biz dilənçi deyilik.

-Həə, ayaqqabından hiss olunur elə. Çıxart geyinim bir baxım görüm, bəlkə mənim ayağıma daha qəşəng olar.

-Yox olmaz, bunu atam alıb mənə.

-Alıb, birini də alar, sənin atana problem olmaz.

Uşağın onun üstünə gəldiyini görən Ömər dayanmadan qaçdı. Evə necə çatdığını bilməsə də qaçaraq yerinə girib ağlamağa başladı.

Gecəyarısı ayılanda təəccübləndi. İlk gecəydi ki, anasının öskürək səsini eşitmirdi.

Deyəsən, Fuadın dedikləri düz idi. Allah baba eşitmişdi onu. Tez anasının yatağının yanına gedib yanında oturdu.

Xatirəsində bircə şey qalmışdı ki, anası hər gecə yanında oturar, uzun-uzadı danışar və sonda da ağlayaraq yanından gedərdi. Bu dəfə söhbətə özü başladı:

-Ana, bu gün yaxşı qazanmışam. Evə gələndə nəsə ala bilməsəm də, səhər tezdən durub gedəcəm mağazaya, çoxlu yemək alacam. Sonra xalatlı əminin yanına gedib sənə dərman alacam. Artıq biz də yaxşı yaşayacağıq, ana. Bilmirəm atam gələcəkmi nə vaxtsa, amva gələndə artıq biz varlı olacağıq. Bu gün yolda gələndə uşaqlar ayaqqabımı istədilər, elə qaçdım ki ordan məni görsəydin fəxr edərdin oğlunla. Atam bu ayaqqabını alanda neçə yaşım vardı, ana? Hər neçə olur-olsun mən qoruyacam ayaqqabımı. Atam gələndə qoy görsün ki, mən necə yeriyirəm, qaçıram ayaqqabılarımla. Bu bizim ən şirin xatirəmizdi, hə, ana? Gecdi, daha mən gedim yatım, sabah daha çox pul gətirim? Qoy səni öpüm ki atamın ad günündə harda olsa, hiss etsin

Yatağa tərəf əyiləndə artıq anasın çox soyuq olduğunu hiss etdi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG