Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:41

Yarımçıq tablo


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Mehri Mustafa

YARIMÇIQ TABLO

İşini yarımçıq qoyub divanda əyləşdi.

Günlərdir bitirə bilmədiyi kitabı yüngülvari vərəqləyib yenidən divanın üstə atdı.

Fikirləşdi ki, mətbəxə keçib çox sevdiyi nanəli çaydan içsə, bəlkə, az da olsa rahatlayar.

Bir neçə dəqiqə sonra əlindəki bir fincan çaydan içə-içə pəncərədən ətrafı seyr etməyə başladı.

Davranışlarından, rəftar və hərəkətlərindən qəribəlik yağan, qaraqabaq, adamayovuşmaz olan bu kəs düşünürdü ki, özünü kifayət qədər gizləyə bilib.

Ətrafın fikirlərindən isə bixəbərdi. Əslində, hamı onu tanıyır, hərəkətlərinə “dahi dəliliyi” adını verir və onu elə olduğu kimi qəbul edirdi.

İnsanlarla ünsiyyətdən qaçmasını da, günlərlə mənzildən çıxmayıb rənglərlə əlləşməsini də bu “dəliliklə” əlaqələndirirdilər. Həyətdə qarışıqlıq idi.

Ehtimal ki, kimsə dünyasını dəyişmışdi. Bir anlıq gedib başsağlığı verməyi düşündü.

Elə bu fikirlə də yarıyacan içilmiş fincanı masanın üstünə qoydu, dəhlizdə paltosunu geyinərək evdən çıxdı. Hər yanda yağış qoxusu vardı.

Nə oldusa fikrini də, yolunu da dəyişdi, paltosunun yaxalığını qaldırıb küçə ilə üzüyuxarı irəliləməyə başladı.

Axşama kimi şəhərin ən iri xiybanlarından, küçələrindən tutmuş ən xırda məhəllələrinə, dalanlarına qədər hər yeri dolaşdı.

Bu şəhərdə də bütün şəhərlərdə olduğu kimi hər nə desən vardı; ən sezilməz tin-bucaqda belə insan taleləri yaşanıb bitir, yeni nəfəslər dünyaya göz açırdı. O isə heç kimə, heç nəyə əhəmiyyət vermədən yeriyirdi.

Gecədən xeyli keçmiş evdə yarımçıq rəsmlə qarşı-qarşıya durmuşdu. Ay işığı pərdələrin arasından süzülərək düz kətanın üstündə möhürlənmişdi.

Bu gecəki Ay da həmin günkü kimi çox vahiməli görünürdü. O zaman həytında ilk dəfə idi ki, Aydan qorxmuşdu. İndi də canına dolan vicvicə ilə pərdəni tam çəkdi ki, nə Ayı görsün, nə də işığını hiss etsin.

Bir vaxtlar Ayın vahiməli görünüşünü nəsə bir fəlakətin baş verəcəyi ilə əlaqələndirmişdi.

Nə isə ürəyinə damdığından saatlarla Aya tamaşa etsə də ipucu özünü qətiyyən ələ vermək istəməmişdi.

Səhəri hər şey axarında olsa da, o biri günün gecəsi düşmən qəfil ayaq açdı. Sən demə, fəlakət gəlmədən öncə özü haqqında xəbər veribmiş.

Bir neçə günün içində hər yer xarabalığa döndü. Kimisi başıaşağı asıldı, kimininsə bədəni qızmar yaba ilə dəlik-deşik edildi, kimlərsə də şaqqalanıb tonqalda yandırıldı.

O ərəfədə zərrə qədər də olsa külək əsmirdi ki, havadan asılı qalan leş qoxusunu ətrafa dağıtsın. İstidən yanıb-qovrulan təbiətdə yaşıl deyilə biləcək nə vardısa büzüşmüş, havanı təmizləmək qabiliyyətini də itirmişdi.

Çöl-çəməndə, bağ-bağatda gözə dəyən gül-çiçəklər də soluxub yerə yaslanmışdılar.

Yer göylərdən imdad diləsə də, göylərin işgəncəsi hər an bir az da artmışdı. Beləcə, təbiət öz-özü ilə səssiz, silah-sursatsız döyüşə başlamışdı. Sən demə, müharibə ayrı-ayrı fərdlərin, cəmiyyətin, ölkələrin deyil, təbiətin də nizamını dəyişməyə qadir imiş.

İndiki Ay da görüntüsü ilə o zamankı Ayı xatırladırdı. Yenə həmin qorxuları, narahatlıqları yaşayır, olub-bitənlərdə bəzən öz-özünü qınasa da, bəzən haqq da verirdi.

Divanda əyləşib ölgün Ay işığı altda gözlərini diqqətlə qarşısındakı tabloya zillədi. Sanki bu dəqiqə yarımçıq qalmış rəsm dil açıb onunla danışacaq o da ürəyindən keçənləri deyəcəkdi.

Bəli, o, uzun-uzadı danışmağa hazır idi.

Ötən hər an onlara ölümü yaxınlaşdırırdı. Sağ idilər, əgər yaşadıqlarına yaşamaq demək mümkünsə, yaşayırdılar.

Dostuna baxdı. Görkəmlərinin, simalarının eyni olduğundan əmin idi. Dostunun bədənində döyülməkdən salamat yer qalmamışdı, özünün də hər tərəfi sızıldayırdı.

Uşaqlıqlarını birgə yola salmışdılar. Yay gecələrində kolda-kosda bərq vuran işıldaböcəklərə saatlarla tamaşa edərdilər. O zamanlar Ay da bir neçə gün əvvəlki kimi vahiməli görünmürdü.

Gündüzlərsə çaydan rəngli balıqlar tutmağa yollanardılar. Nənəsi deyərdi ki, xalça toxumaq üçün istifadə edəcəyi ipləri rəngləməkdən ötrü hazırladığı boyanın artığını çaya axıdır, o boya ilə çayın suyu qarışanda isə rəngbərəng balıqlar yaranır.

O da nənəsinin bu uydurmasına inandığından dostunu da götürüb yayın az qala hər günü rəngbərəng balıqların ardıyca gedərdi. Azacıq gülümsədi. O zamanlar necə də saf imişlər.

Heç həyat da bu qədər dəhşətli deyilmiş. Nə olardı bütün qəm-kədər, əzablar, işgəncələr elə o çayın suyu ilə axıb gedərdi.

Yəqin ki, çay da insanlığın bu oyunlarına dözməz, suyunun murdarlanmasına imkan verməz, ona axıdılan çirkinliklərsə günlərin birində yağış damlalarına qarışıb yenidən üzərimizə qayıdardı.

Ya da o kiçicik çay kükrəyib daşar, balaca köksündə fırtınalar qopardı.

Öz fikirlərinə özü etiraz etdi: “Yaxşısı budur ki, təbiəti əməllərimizə qatmayaq. Yoxsa həyat mövcud olduğundan qat-qat çirkin və iyrənc görünər.”

İndiki zamanda hamının onun kimi addım atmayacağını yaxşı bilirdi. Müşahidə etmişdi ki, etiraz çox vaxt daha sadə olur- dağa yollanmaq, dəniz kənarına üz tutmaq, ya da uzaq başı bir ağac kölgəsində sevdiyin hansısa kitablardan birini vərəqləmək.

Onun aləmində seçdiyi yol daha çox cəsarət tələb edirdi və bu səbəbdən də hər kəs bu yolla getməyə ürək etməzdi.

Yarımçıq rəsm sanki cana gəlmişdi. Özünə sarı dikilən donuq baxışların ittihamından sıxıldı.

-Nədir? Niyə belə baxırsan ki? Bəlkə, məmnun deyilsən?- deyə ard-arda suallar yağdırmağa başladı. Tablo susur, o isə davam edirdi.

-Aramızda bəxti gətirən sən oldun. Ən azından bu saxtakarlıqlarla dolu dünyadan ayrıldın. Axı dünya öz ilkinliyini çoxdan itirib. Bir vaxtlar yer üzərində olan səliqə-səhman məkrli niyyətlərin, həyat ətri isə üfunətin qurbanı olub.

Sonra rəsmin düz qənşərində çömbəldi və dedi:

- Səncə, günah etdim? Yox əşşi, nə günahı? Günah nədir axı? İnsanın doğru bildiyi günah ola bilməz. Əksinə, mən sənə yeni həyat nəsib etdim. Özü də üç-beş günlük yox, sonsuza qədər olan bir həyatı bağışladım. Sənin ayrı yolun yox idi, mən də vasitəçidən başqa bir şey deyildim.

Ayağa qalxıb otaqda var-gəl etməyə başladı. Ürək bulanması başlanmışdı, gözləri bəzən qaranlıq gətirsə də, hərəkətlərinin müvazinəti hələ ki itməmişdi. Baş verənlər adi bir baş ağrısında da özünü göstərə bilirdi.

Gedib pərdələri o tərəf bu tərəfə çəkərək pəncərəni araladı və var gücü ilə bağırmağa başladı:

-Ey insanlar, eşidirsiz? Mən, sadəcə, onu əzablardan xilas etdim.

Gecənin sükutunu onun bağırtısı poza bilmədi. Hayqıraraq dediyi sözlərin əks-sədası uğultuya dönüb qulaqlarında kilidləndi.

Sürünə-sürünə gəlib kolların arxasında gizlənə bilmişdilər. Dostu zarıdıqca onun həyat haqqında, yaşamaq haqqında fikirləri də alt-üst olmuşdu.

Bu dəqiqə sağ qalmaq hər şeydən- kişilikdən də, qeyrətdən də, dostluqdan da vacib idi. Mənliyi, şərəfi ölüm qorxusunun arxasına sığınmış, məsumcasına ona sarı boylanırdı.

Əvvəl-əvvəl tərəddüd edir, qəti qərara gələ bilmirdi. Beyninə bircə fikir hakim kəsilmişdi: müharibədir və müharibədə kimin yaxşı ya pis olduğu əhəmiyyətsiz bir şeydir. Əslində, baş verənləri də heç kim heç nə ilə sübut edə bilməyəcək. Sağ qalmaq lazımdır, vəssalam.

Bir az sonra artıq zarıltı hiss olunmurdu. Qarşısında hərəkətsiz uzanan cansız cəsədin gözlərində həyat işarəsi yoxa çıxmışdı.

Uzaqdan çığırtı səsləri eşidilirdi. Az keçmiş səslər də kəsildi, sağa-sola yırğalanan zəmidən qalxan xışıltı, bir də cücülərin mənasız vızıltısından savayı heç nə eşidilmədi, əvəzində isə ətrafa qatı qara bir duman yayıldı.

“Deyəsən, kim qalmışdısa onları da yandırdılar”- deyə öz-özünə pıçıldadı.

Bir neçə saniyə lal-dinməz tablonun qarşısında durdu. Sonra kiməsə qulaq asırmışcasına krimişcə dayansa da qəfildən qəhqəhə çəkib ucadan gülərək:

-Bilirdim, bilirdim ki, elə də olacaq. Nənə-babalarımızın danışdıqları hər şey bir mif, bir uydurmadan başqa bir şey olmayıb. O dünya yoxmuş deyirsən. Məncə, heç Yaradan dedikləri də yoxdur. Yox, əgər varsa, bu dəqiqə mənə baxır və gülür,- deyə heç vaxt dilinə gətirmədiyi sözləri dedikcə özü olmaqdan çıxır, tam başqa birinə çevrilirdi. Əslində, o vaxtdan üzü bəri daim içində mənbəyi qorxudan qaynaqlanan bir səksəkə ilə yaşayırdı. Bir gün cavab verməli olduğunu düşünür, bu fikir onu rahat yaşamağa qoymurdu. İndi gecənin bu vədəsi daxili rahatlığına görə bu cür danışmaqla özü-özünə təsəlli verirdi. Amma qəlbinin dərinliklərində bilirdi ki, cavab vermək üçün nə vaxtsa bir vaxt gələcək və o, mütləq məhşər ayağına çəkiləcək. Bir də ki, yaxşı ya pis artıq əməlləri qəbul olunub, bugünkü əlavənin hansının üstə gələcəyisə müəmmalıdır. Mühakimə ediləcəyi gün, bəlkə, özünə haqq qazandıra bildi. O zaman bu dünyada deyil, cəhənnəmdə yaşadığını və cənnət arzusunda olduğunu dilə gətirəcəyini xəyal etdikcə gülümsədi və dedi: “Əminəm ki, O, məni anlayacaq.”

Yaşasa da, gələcəyi haqqında heç bir plan qurmamış, bütün həyatı keçmişə köklənmişdi. Bunula belə çox qiymətli rəsm əsərlərinə imza atmağı bacarmışdı.

İndi isə gələcəyi - o dünya ilə bağlı düşünməyə başlayırdı. İki dünya arasında həyatını başdan sona göz önünə gətirmək fürsəti var idi. Həyat axarını dəyişməmişdi, bu axarda əməlləri ilə yolunu azan bircə özü olmuş, xoşagəlməz mənzərələri yaratmışdı.

Kaş ki, dəvət olunan bütün görüşlərə gedər, əsərləri ilə bağlı ona ünvanlanan bütün sualları cavablandırar, özünü olduğu kimi təqdim edərdi. Heç kim onun həyatı haqqında heç nə bilmirdi.

Bütün olub-bitənləri danışsaydı, o zaman pərəstişkarları onu sevməkdə davam edəcəkdimi?

Rəqibləri ona üstdən yuxarı baxmayacaqdı ki? Əslində, yaratdıqlarına nəzər salanda kimliyi tamamilə özünü göstərir, amma heç kəs bu kimliyi anlamır, ya da başa düşmək istəmir. Hər şeyi açıqlasa idi, yeri, şübhəsiz, həbsxana olacaqdı.

Onsuz da həyatı bir məhbusun həyatından rəngarəng keçmirdi.

Ürəyi şiddətlə döyünür, başı gicəllənir, bəzən əl-ayağını hiss etmirdi. Deyəsən, həblər yavaş-yavaş öz təsirini göstərməyə başlayırdı. İndi özünün iki dünyanın sərhədində olduğunu bilir və tezliklə birini adlayıb o birinə qonaq olacağını anlayırdı.

Bu ərəfədə üzr istəyib əfv diləməli olduğu bir də bir vaxtlar sevdiyi o qadın vardı.

O qadın ki, daim onun axtarışında oldu, qəlbinə girdi, sevdi, çox keçmədən digər yarıda qoyduqları kimi onu da itirdi. Sonralar bu itki əldən çıxartdıqlarının önündə durdu. Həmin qadınla körpünün yanındakı son görüşün xatirəsi də ölmüş dostunun xəyalı kimi ona heç cür rahatlıq vermiridi. Hər ikisi fərqli rəngdə kabusa dönüb yaşamağına mane olurdu.

Unutmağa çalışdı, ölkəsini tərk etdi, qarabasmalarsa kölgə kimi onun ardınca süründü.

Müəmması, eqoizmi, həyat sevgisi bütün sevgilərin üstündən xətt çəkdi. Bu xətt bəzən ən yaxın bildiklərinin həyatı bahasına çəkildi.

-Mən necə alçaq imişəm. Mən necə şərəfsiz biri imişəm, ay Allah!- deyə öz-özlüyündə deyindi.

Ayağa qalxmaq istəsə də səndələdi, ayaqları sözünə baxmadığından başını əllərinin arasına alıb evin ortasında oturdu.

Alnında soyuq tər puçurlandı, sonra bütün bədəni su içində oldu.

Rahat öləcəyini düşünməsinin səhv olmadığını dərk etdi.

Bilirdi ki, əslində, çoxdan ölüb- dostu həyatla vidalaşanda, sevdiyindən ayrılanda, Vətənini tərk edəndə ayrı-ayrı ölümlərlə rastlaşıb. İndi onun bitmək bilməyən cismani əzabları,sadəcə, ruhunu sakitləşdirməyə xidmət edirdi.

Qarnında, mədəsində kəskin ağrıları hiss etdikcə ilan çalmış kimi qıvrılmağa başladı. Ağrılarla əlləşərkən ən dəhşətli ölümün mənəvi ölüm olduğunu aşkar etdi. İndi yaşadıqları ruhunun əzabları qarşısında heç nə idi.

Etdiklərinin səbəbi bəlli idi. Hər şeyi yaşamaq xətrinə edilmişdi və o zamanlar qəti fikirləşmirdi ki, gün gələcək öz xoşu ilə bu həyatdan getmək istəyəcək.

Ölümünün nə zaman gəldiyi bəlli olmasa da, artıq qarşısında idi və bu anda dünya-aləmin mizanı heç də pozulmurdu. Kin-küdurətlə, məşəqqətlərlə dolub-daşan həyatdan da, onu buxovlayan bütün əzablardan da, nəhayətdə, qurtulacaqdı.

Sürükləyib bura qədər gətirdiyi həyatı sona yetəcəkdi. Ay buludlarla üz-gözünü örtmüşdü. Artıq gecə qınına çəkilmək üzrə idi.

Onun üçün sabah olmayacaq, dünya isə dəyişməyəcəkdi. Həyatı ilə vidalaşmaq, kimi isə cağırmaq istədi, lakin səsi çıxmadı, üzüqoylu döşəməyə yıxıldı. Artıq itirilməyə heç nəyi qalmamış, bu ana qədər dartdığı yüklər çiynindən götürülmüşdü.

Çoxları onu xoşbəxt bilsələr də, yaşamı boyu xoşbəxtliyin axtarışında olmuş, ancaq heç vaxt əldə edə bilməmişdi. İnsanlardan qaçaraq boyaları, fırçaları özünə həmdərd seçdiyindən, sözlə deyə bilmədiklərini, əsərləri ilə deməyə çalışmışdı.

Səhəri bütün qəzetlər təəssüf hissi ilə dahi rəssam M.A-nın ölümü haqqında yazdı. Xəbər bir anda bütün Yer kürəsini dolaşdı. Hər yerdə məşhur rəssamın səhərə yaxın qəfil ürək tutmasından dünyasını dəyişdiyi deyilirdi.

Özünün fikirləşdiyi kimi heç kim heç nədən agah olmadı. İntihar edə biləcəyi heç kəsin ağlının ucundan belə keçmədi.

Tablonun aşağı sol küncündə isə ikicə cümlə qeyd olunmuşdu:

“Əslində, hər birimiz rəssamıq.

Əsərlərimizi isə əməllərimizlə yaradırıq.”

Bu sözlərin həqiqətdə nə məna daşıdığını isə bir həmin yarımçıq qalmış tablo, bir də artıq dünyada olmayan o rəssamın özü bilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG