Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:46

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Azər Məmmədov

XOFLU ADAM

...Sadəcə, ilişmişdim.

Həmin işə götürülməyim barədə bir qızın evə zəng edib xoş xəbər verməsi anamı çaşdırdı, atamı sevindiyindən qışqırtdı, məni isə “ola bilməz” deyə kresloya çökdürdü.

Gözləmirdim.

Həmin yerə 18 nəfər tərcümeyi-halını təqdim etmişdi.

Sevindiyimizdən nardançalı plov bişirdik.

Dövlət işi olduğundan az maaş veriləcəyi xəbərini dilimə gətirəndə nənəmdən başqa hamı məyusluğa qapıldı.

Nənəm nehrə küpünə bənzəyən yerişi ilə əsasını uzandığı çarpayıdan göyə qaldırıb “dövlət işi yaxşıdır” deyə şüşə kimi mənasız gözləri ilə evdəkilərdə sevinc yaratmağa çalışdı.

Evdəkilər yaşlı qadının xətrinə dəyməmək üçün dodaqlarına süni gülüş qondurdular.

Mən isə sevinirdim. Ona sevinirdim ki, səhər işə gedib axşam yorğun yabı kimi evə qayıdıb it kimi işləməyim hansısa sahibkarın varlanmasına xidmət etməyəcək.

Qoy çürük dişlərimi çıxartmaq üçün stomatoloqun kreslosunda saatlarla mürgüləyim, metronun basabasında qabırğalarımı sındırtdırım, it yalından bir dişləm alıb aclığımı yatırdım, hər çətinliyə dözüm, amma bilim ki, dövlət üçün çalışıram.

Hələ subay olduğumdan belə düşünürdüm; evlənəndə uşağın bezliyinin pulunu qazanmaq üçün əlüstü özəl şirkətə əkiləcəyim barədə hələ düşünmək istəmirdim.

Bəlkə, həyat yoldaşım da dövlətpərəst oldu, nə bilmək olar.

Onda bezlikləri yuyub dəfələrlə zivədən asıb qurudarıq, sonra körpənin altına qoyarıq ki, qənaət edək.

Təki dövlətimiz güclənsin, büdcəsi çoxalsın, inşallah, bizim də maaşımız artsın.

Nardançalı plovu yeyib üstündən limonlu çay içdik. Gecəni anamın uğur duası ilə yatıb ertəsi günü kreditə götürdüyüm bahalı kostyumumla evdən çıxıb yeni işimə yollandım.

Müdir məni qəbul edib bundan əvvəl hansı yerdə işlədiyimi soruşdu. Axşamkı plovun bir düyüsü burnumda ilişdiyindən asqırıb tək səbir gətirdim.

Buna fikir vermədim, müdürümsə eynəyinin altından mənalı-mənalı baxıb əlini çənəsinə söykədi. Sualını təkrarladı:

-Bundan əvvəl harada işləmisiz?

Halbuki dünən bu barədə ətraflı məlumat vermişdim. Hətta yadıma gəlir ki, onun otağına daxil olanda divardakı saatın kiçik əqrəbi 3 rəqəminin üstündə dayanmışdı.

Çıxanda gördüm ki, kiçik əqrəb 5 rəqəminin üstünə köklənib. O, ancaq sual verirdi. Daha deyə bilmirdim ki, axı bu sorğu-sual nəyə lazımdır. İlk iş günüm olduğundan çox dərinə getmədim.

Düşündüm ki, bura dövlət idarəsidir; yəqin bütün işçilərin kəşfiyyat məqsədilə bura göndərilməməsindən əmin olmaq istəyirlər. Yorğun yazıçıya bənzəyirdim. Buna baxmayaraq özümü qıvraq göstərirdim.

Bəlkə, qocalıb-qocalmadığımı öyrənməyə çalışır.

Avropa ölkələrinin sıravi işçiləri kimi lazım gəldi-gəlmədi ağzımı qulağımın dibinə aparıb gülümsəyir, dəyirman buğdası yeyib şeşələnən siçan kimi belimi şax tuturdum.

-Əvvəlki iş yerinizdən dalaşıb çıxmısınız, ya sizi qovublar?

-Özüm çıxmışam.

-Məvacibiniz 500 manat imiş. Burada isə maaşınız 450 manat olacaq. Məvacibi 50 manat aşağı olan təzə işə gəlməyə sizi nə vadar etdi?

-Doğrusu, son vaxtlar orada işlərin ancaq mənim belimə yüklənməsi qəlbimi incitdi.

-Belinizə yüklənməsi? Qəribə ifadədir. Demək istəyirsiz ki, uzunqulaq kimi belinizə odunu çox şəlləyirdilər?

Gülümsədim.

Özlüyümdə düşündüm ki, gülümsəməklə onun bu sualını cavablandırdım.

Beləliklə, ilk iş günümün açılışını sorğu-sualla etdilər. İş saatı səhər saat 9-da başlanırdı. Mən isə 08.55-də işdə olurdum. O, hər gün işə gələndə ilk olaraq məni görürdü.

-Sabahınız xeyir, müəllim.

-Sabahınız xeyir.

Çox qəribə idi ki, o, otağımıza girəndən sonra da tez-tez kabinetinin qapısını açıb başını ümumi otağımıza çıxarırdı.

Amma bunu elə edirdi ki, şübhələnməyim. Gah paltosunu öz kabinetində deyil, bizim otaqdakı asılqandan asırdı.

Gah xadimənin kabineti yaxşı silməməsinə deyinə-deyinə əməkdaşların otağına girirdi. Və hər dəfə də mənə şübhəli nəzərlərlə baxırdı. Nəhayət, dilləndi. Mən sadəlövh bütün bunları sonralar analiz edəndə anladım.

-Siz işə niyə tez gəlirsiz? İş vaxtı 9-da başlanır, siz isə səhərin gözü açılmamış burda olursuz. Səbəbini bilmək olar?

-Bilirsiz, uşaqlıqdan tez oyanmağa vərdiş etmişəm. Atam həmişə deyərdi ki, heç vaxt işə gecikmə.

-İndi guya sualımı cavablandırdız də. Aydındır.

Ertəsi gün həmin sual yenidən verildi:

-İstənilən halda maraqlıdır ki, siz işə niyə tez gəlirsiz?

Növbəti gün qapının ağzında dayanıb otağa girmədim. Yalnız onun gəlişindən sonra ofisə daxil oldum. Düşündüm ki, daha əlavə sual verməz. O, yenə sual verdi:

-Anlamıram ki, niyə mən otağa girəndən sonra siz daxil olursuz? Məni güdürsüz? Güdürsüz ki, işə hansı kostyumda gəlirəm, ayaqqabıma palçıq yapışıb, ya yox? Yoxsa, işə neçə saniyə gecikdiyimi öyrənib kimlərəsə xəbər vermək istəyirsiz?

Bu söhbətdən sonra işə gec gəlməyi qərara aldım, heç olmasa 5 dəqiqə gec.

Yenə kabinetinə çağırdı:

-Baxın görün, mənim alnımda nə yazılıb? Orada yazılıbmı ki, “mən qazam?”. İşə 5 dəqiqə gecikməyinizlə demək istəyirsiz ki, “mən sizi vecimə almıram?”. Ya bəyanat verirsiz ki, “sənin idarəertmən işə yaramır?”.

Qərara aldım ki, o, işə gələndə dəhlizin o biri başında gizlənim. Gizləndim. İşçilərdən 2-3 nəfər ofisə daxil olandan sonra mən də girdim.

İşçilər bu vəziyyətimi görüb uğunub gedirdilər. Nəyə güldüklərini ilk günlər anlaya bilmirdim.

Bir həftə keçdi. Otaqda əməkdaşlardan biri lətifə danışdı. Mən də güldüm. Bu vaxt müdür içəri girəndə gülməyimi gördü.

-Sizin gülməyiniz ondan xəbər verir ki, məndən kiməsə xəbər aparmısız.

Yerimdə donub qaldım. O gündən sonra daha gülmədim. Və müdürü görəndə özümü qəmli göstərdim. Lakin qəmli halımla sakitləşməyib yenə atmaca atdı:

-Özünüzü qəmli hala salırsız ki, maaşınızı qaldırım? Ya demək istəyirsiz ki, “mən pis müdirəm, bura da yas məclisidir?”.

Bilmirdim, nə edim. Başımı aşağı salıb işimlə məşğul olum, yoxsa onun fikirlərinin nəyə hesablandığını müəyyənləşdirim. O, hər gün köhnə əməkdaşları kabinetinə çağırıb nə barədəsə danışırdı.

Həftənin üçüncü günləri keçirilən iclasların biri mənsiz baş tutdu. İclasa qatılmaq istəyəndə dedi ki, “iclas sizsiz keçirilir”.

Həmin iclasda nələrin danışıldığını işçilərdən biri dilimi farağat qoymaq şərti ilə qulağıma pıçıldamışdı.

Yığıncağın yekun nəticəsi belə olmuşdu ki, kimsə ondan xəbər aparır və bu işdə məndən şübhələnir. Hər gün dərdlərini dediyi əməkdaşlardan birini otağına çağırıb saatlarla söhbət edirdi. Həmin əməkdaş məni güdürdü. Anladım ki, ona bu barədə tapşırıq verilib.

Dəhlizə çıxırdım, müdür də ardımca çıxırdı. Sürətlə irəliləyirdim, o da dalımca gəlirdi. Dayanırdım, o da dayanırdı.

Hətta bir dəfə ayaqyoluna qədər məni izlədi. Təbii ehtiyacımı ödəməyə getdiyimi biləndən sonra ordan uzaqlaşdı. Nahar fasiləsinə gedirdim, deyirdi ki, yəqin məndən xəbər aparmağa getdi.

Ona görə evdən yemək gətirib otaqda yeyirdim. İşimizə gələn qohumlarla görüşmək üçün əsas qapının yanına düşmür, elə telefonla danışırdım.

Bütün günü otaqda gözlərimi döyə-döyə qalmışdım. Maraqlı məsələlərdən biri də onun otağın ortasında nitq söyləməsi idi.

O nədənsə danışanda gərək işimi-gücümü qoyub ona yarım saat qulaq asaydım. Belə qulaq asdığım günlərin birində atmaca atdı ki, “danışığıma yaman qulaq asırsan, deyəsən haralarasa ötürürsən axı?”.

O gündən etibarən daha onun nitqinə qulaq asmadım. Və yenə atmaca atdı: “Nitqimə qulaq asmamaq məni saymamağına işarədir”.

Gündən-günə üzülürdüm. Ərizə yazıb burdan uzaqlaşmaq istəyirdim, lakin anlayırdım ki, iş tapmaq çətindir.

Düşünürdüm ki, onun belə hərəkətləri nə vaxtsa sona çatacaq, nəhayət, məni dərindən tanıyacaq.

Biləndə ki, təmiz oğlanam, şübhələrinə son qoyacaq və normal iş rejimi ilə işləməyə başlayacağam.

Amma müşahidə aparırdım ki, həmin işə girəndən bəri kollektivin çiçəyi çartlayıb.

Kim müdürün yanında hörmət qazanmaq istəyirdisə, məndən xəbər aparırdı. Kimin ixtiyarı nə idi ki, məni müdafiə etsin.

O dəqiqə həmin əməkdaş xalq düşməni elan edilirdi. Müavin hər gün onun kabinetinə girib məndən nəsə deyirdi, söhbətləri yarım saat çəkirdi. Sonra həmin müavin gülə-gülə yanıma gəlib çiynimə vururdu ki, “sən işlə a, yorulma”.

Dilimi dişimin altına sıxıb birtəhər dözürdüm. Yenə ortaya nəsə çıxdı.

Bir dəfə qəzetlərdən biri onu tənqid etmişdi. O, məni otağına çağırdı:

-Məni tənqid ediblər. Bilmirsən, nə məsələdir?

-Xeyr.

-Qəribə gələn odur ki, sən bizə işə girəndən sonra bu tənqidi məqalə dərc edilib. Çox maraqlı məsələdir. Olduqca maraqlıdır. Müəllifi şəxsən tanımırsan?

-Xeyr.

-Ancaq, ona bu faktları göndərəni mütləq tapacağam. Və onun dərisinə saman təpəcəyəm.

Nəhayət, özümə iş axtarmağa başladım. Başımı götürüb qaçmaq istəyirdim. “İş elanları” qəzetini hər gün alıb gecələr qarşıma qoyurdum.

Bu barədə ancaq nənəmə danışdım. O da heç kimə deməyəcəyinə söz verdi. Yaxşı məvacib verən elanları qırmızı rəngli qələmlə halqaya alırdım.

Axır ki, iş tapdım. Və ərizəmi yazaraq o müdürün yanından qaçdım.

İş yoldaşlarım zəng edib qayıtmağımı istəyirdilər. Yalvarıb-yaxarırdılar ki, qayıdım. “Yox” dedim və qayıtmadım. Canımı ondan qurtarmışdım.

Üç gündən sonra yeni işə gedəcəkdim. Bu günlərdə təmiz havanı sinəmə çox çəkirdim ki, viruslar canımdan çıxsın. Evə gələndə ancaq yatırdım. Nə televizora baxır, nə sosial şəbəkələrə qoşulurdum. Evdə tapşırmışdım ki, telefona çağırmasınlar. Beynim əməlli-başlı şişmişdi. İstəyirdim yeni işimə mikrobsuz daxil olum.

...Beş aydan sonra metrostansiyaların birində köhnə iş yoldaşlarımdan biri ilə rastlaşdım. Onun sifəti solmuşdu. Bu, vaxtilə mənim halıma uğunub gedənlərdən bəlkə də, birincisi idi.

-Nə olub sənə? Niyə belə əzginsən?

O, xəstəhal xırıltılı səslə üzümə baxıb köks ötürdü:

-Səndən sonra o məni hədəf seçdi.

SON

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG